• bazar, 09 Noyabr, 04:32
  • Baku Bakı 12°C

Ədəbi dilin qorunması milli məsələ kimi

09.11.25 01:39 75
Ədəbi dilin qorunması milli məsələ kimi

Prezident İlham Əliyevin AMEA Rəyasət Heyətinin üzvləri ilə görüşündə dilimizin qorunması ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə yol açıb. Qloballaşma, rəqəmsal kommunikasiya, sosial media trendləri və sürətlə dəyişən informasiya mühiti fonunda dilin ədəbi normalarının qorunması strateji əhəmiyyət daşıyır.

Noyabrın 3-də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyanın (AMEA) Rəyasət Heyətinin üzvləri ilə görüşündə bir sıra aktual məsələlərə toxundu. O qeyd etdi ki, Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Prezident bəzi hallarda Azərbaycan dilinə xaricdən müdaxilələr edildiyini və bu müdaxilələrin Azərbaycanda da dəstək qazandığını görəndə çox narahat olduğunu qeyd edib:

“Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər”.

Ölkənin tanınmış elm adamları qarşısında çıxış edən dövlət başçısının Azərbaycan dilinin qorunması ilə bağlı söylədiyi bu fikirlər geniş müzakirələrə səbəb oldu. Bu fikirlər mediada ədəbi dilin qorunması məsələsini də yenidən gündəmə gətirdi. 

Problemlərin olduğu zaman-zaman dilə gətirilir

Ümumiyyətlə, bu sahədə problemlərin olduğu zaman-zaman dilə gətirilir. Biz özümüz də iş prosesində mediada ədəbi dilin qorunması ilə bağlı çətinliklərin olduğunu müşahidə edirik. Bunu televiziya aparıcılarının nitqlərində də, yazılı medianın mətnlərində də asanlıqla görmək olur. Zaman keçdikcə bu səhvlərin adiləşməsi də müşahidə edilir. İnsanlar artıq bu mövzuda mediaya etimad göstərmirlər. Təbii ki, bu, çox acınacaqlı bir durumdur və təcili müdaxilə tələb edir. 

Qloballaşma, rəqəmsal kommunikasiya, sosial media trendləri

Ədəbi dilin normalarının qorunması ilə bağlı institusional  çətinliklər də göz qabağındadır. Təəssüf ki, elə AMEA-nın Dilçilik İnstitutunun elmi şərhləri, qəbul etdiyi qərarlar da ciddi qəbul edilmir, etirazlara səbəb olur, bəzən isə hətta ironiya obyektinə çevrilir. Nəticədə xaotik bir durum yaranır. 

Prezident İlham Əliyevin AMEA Rəyasət Heyətinin üzvləri ilə görüşündə bu mövzuya toxunması yaşanan problemlərin ən ali səviyyədə də hiss olunduğunu göstərir. Hamı yekdilliklə qəbul edir ki, qloballaşma, rəqəmsal kommunikasiya, sosial media trendləri və sürətlə dəyişən informasiya mühiti fonunda Azərbaycan dilinin ədəbi normalarının qorunması strateji əhəmiyyət daşıyır. Efir məkanında, çap mediası və rəqəmsal media platformalarında ədəbi dil normalarına əməl olunması milli-mədəni dəyərlərin qorunması və dilin saflığının təmin edilməsi baxımından da müstəsna əhəmiyyətə malikdir. 

Bu baxımdan, elm ictimaiyyətinin media nümayəndələri ilə birgə operativ qaydada bir araya gəlməsi təsadüfi deyil. Noyabrın 7-də AMEA-da Medianın İnkişafı Agentliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda keçirilən konfrans da bu reallıqdan doğan zərurət idi. Media təmsilçilərinin dilçi alimlərlə birgə mövcud duruma tənqidçi nöqteyi-nəzərindən yanaşması problemlərin aşkarlanması və həll yollarının tapılması baxımından vacib əhəmiyyət kəsb edir. 

Əsas problemlərdən biri dilimizə kənar təsirlərin artmasıdır

Bəli, hər iki tərəf bu sahədə problemlərin olduğunu səmimi şəkildə etiraf edir. Əsas problemlərdən biri kimi dilimizə kənar təsirlərin artması göstərilir. Bütün tərəflər etiraf edirlər ki, mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını pozaraq gənclərin dil mühitinə mənfi təsir edir. 

Digər məsələ TV aparıcıların, çıxış edən qonaqların nitqində heca vurğusuna, fonetik, leksik və qrammatik normalara bəzən kifayət qədər diqqət yetirilməməsidir. Gələcəkdə bu kimi məqamlara diqqət artırılmalıdır. Diqqəti cəlb edən digər bir problem sosial media dili ilə efir dili arasında sərhədlərin demək olar ki, itməsidir. İş o yerə çatıb ki, klassik efir dilində danışanda bu günün gənc nəsli, tamaşaçı bunu köhnəlmiş üslub kimi qəbul edir. 

Peşəkarları narahat edən digər bir problem son illərdə orfoqrafiya və orfoepiya lüğətlərinin çap olunmaması, dil korpusu üzərində sistemli işin yekunlaşdırılmamasıdır. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli bu istiqamətdə ciddi iş aparıldığını və yaxın vaxtlarda problemin həll olunacağını vəd etdi. 

Cəmiyyətin mədəni səviyyəsini formalaşdıran əsas amil

Gəlinən yekun qənaət budur ki, yaranmış durumda media nümayəndələrinin müvafiq istiqamətdə məsuliyyətinin artırılması, metodoloji yanaşmaların təkmilləşdirilməsi, dil monitorinq mexanizmlərinin genişləndirilməsi, təlim və maarifləndirmə təşəbbüslərinin gücləndirilməsi olduqca vacibdir. Media məkanında dil keyfiyyəti yalnız media peşəkarlığının göstəricisi deyil, eyni zamanda cəmiyyətin mədəni səviyyəsini və intellektual potensialını formalaşdıran əsas amillərdəndir. Azərbaycan Televiziyasının veteran diktoru, jurnalist Gülşən Əkbərovanın dediyi kimi, ana dilimiz bizim kimliyimiz, düşüncə tərzimiz, ruhumuzun ifadəsidir. Onu qorumaq, saflığını saxlamaq isə hər birimizin borcudur.

F.ABASOĞLU 

 

banner

Oxşar Xəbərlər