Ərazi bütövlüyümüzün qətiyyətli müdafiəçisi - YADDAŞ
27 yaşında IV Dövlət Dumasına deputat seçilən Məmməd Yusif Cəfərov Azərbaycan Xalq Cümhuriyyəti hökumətlərində də nazir vəzifəsində çalışıb. O, Azərbaycan Müstəqillik Bəyannaməsini imzalamış 26 görkəmli ictimai-siyasi xadimdən biridir.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tanınmış ictimai-siyasi və dövlət xadimlərindən biri də Məmməd Yusif Cəfərovdur. O, 1885-ci il martın 14-də Bakı şəhərində anadan olub. İxtisasca hüquqşünas olan 27 yaşlı Məmməd 1912-ci ildə Bakı, Yelizavetpol və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət Dumasına deputat seçilib. 1912-1917-ci illərdə Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərmiş IV Dövlət Dumasının deputatı olub. O, dumadakı çıxışlarında çar hökumətinin Azərbaycanda yürütdüyü müstəmləkəçilik siyasətini tənqid edib.
1917-ci ilin fevralında Rusiyada burjua-demokratik inqilabı baş verərkən, müvəqqəti hökumətin təşəbbüsü ilə IV Dövlət Dumasının Zaqafqaziyadan olan deputatlarından ibarət Xüsusi Zaqafqaziya Komitəsi yaradılır. Onun tərkibinə V.Xarlamov (rus), A.Çxenkeli (gürcü), K.Abaşidze (gürcü), M.Papacanovla (erməni) yanaşı azərbaycanlı M.Y.Cəfərov da daxil edilir. Həmyerlimizə yeni yaradılmış komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək tapşırılır.
Camalyana ünvanladığı nota
M.Y.Cəfərov AXC-nin fəaliyyətində də xüsusi rol oynayıb. O, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Müstəqillik Bəyannaməsini imzalamış 26 görkəmli ictimai-siyasi şəxsdən biri olub. Azərbaycan müstəqil dövlət kimi dünyaya bəyan edildikdən sonra M.Y.Cəfərov cümhuriyyətin Gürcüstan Respublikasındakı diplomatik nümayəndəsi təyin edilib. Bu postdakı fəaliyyətində o, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsiplərinə xüsusi diqqət yetirib. M.Y.Cəfərovun 1918-ci il avqustun 15-də Ermənistanın Gürcüstandakı müvəkkili A.Camalyana ünvanladığı notada qeyd edilirdi: “Mənim hökumətimin tapşırığı ilə sizə bildirirəm ki, Azərbaycan hökumətində olan məlumata görə, Andranikin dəstəsindən ibarət olan erməni hərbi hissələri Ermənistan ərazisindən keçib Azərbaycan ərazisinə daxil olaraq Şuşa şəhərinə gedən yolu və Zəngilan qəzasının bir hissəsi olan Gorusu işğal etmişlər. Erməni hərbi hissələrinin bu hərəkəti Azərbaycan Respublikasına qarşı düşmən aktıdır və bu, gələcəkdə iki respublika arasında dostluq əlaqələrinin saxlanılmasını qeyri-mümkün edir. Erməni qoşunlarının Azərbaycan ərazisinə soxulmasına qarşı hökumətimin adından qətiyyətlə etiraz edərək, xoş qonşuluq əlaqələrinin qorunub saxlanılması naminə həmin hərbi hissələrin təcili olaraq Azərbaycan ərazisindən geri çıxarılması üzrə təcili tədbirlərin görülməsini xahiş edirəm. Əks halda, baş verə biləcək sonrakı hadisələrə görə Azərbaycan hökuməti məsuliyyət daşımır və bütün məsuliyyət məhz yalnız Ermənistan Respublikası hökumətinin üzərinə düşəcəkdir”.
Əvvəl ticarət, sonra xarici işlər naziri
M.Y.Cəfərov müxtəlif məsul vəzifələrdə çalışıb. AXC dövründə 28 may 1918-17 iyun 1918-ci il tarixlərində fəaliyyət göstərmiş I hökumət kabinetində sənaye və ticarət naziri, 14 aprel-22 dekabr 1919-cu il tarixdə fəaliyyət göstərmiş IV hökumət kabinetində isə xarici işlər naziri vəzifəsini tutub. Onun xarici işlər naziri kimi fəaliyyəti dövründə Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Bu dövrdə onun azərbaycanlılara qarşı soyqırımı siyasəti əleyhinə Ermənistan Xarici İşlər Nazirliyinə, müsəlman əhalisinin mənafeyinin, əmlakının müdafiə edilməsi haqqında Böyük Britaniyanın Cənubi Qafqazdakı və Bakıdakı qoşunlarının komandanlıqlarına göndərdiyi notalar diqqəti cəlb edir. Onun dövründə - 1919-cu il martın 8-də Azərbaycan ilə Gürcüstan arasında dəmiryolu əlaqələri haqqında müqavilə imzalanıb. Həmin tarixi dövrdə bu müqavilə hər iki dövlət üçün böyük iqtisadi və siyasi əhəmiyyət daşıyırdı.
Parlamentin son iclasına sədrlik edib
Cümhuriyyət dövründə M.Y.Cəfərovun imzaladığı sərəncamla çar Rusiyasının Cənubi Qafqazda yürütdüyü siyasətə dair sənədlər toplusunun hazırlanması üçün xüsusi komissiya yaradılıb. O, 1920-ci il fevralın 2-də Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə parlament sədrinin birinci müavini seçilib və AXC-nin süqutuna kimi həmin vəzifədə çalışıb. Arxiv sənədləri təsdiq edir ki, parlamentin sonuncu iclası məhz onun sədrliyi və Rza bəy Qaraşarlının katibliyi ilə keçirilib.
Beş illik həbsxana həyatı
Sirr deyil ki, aprelin 28-də Bakıya soxulmuş işğalçı rus ordusu görünməmiş cinayətlər törədib. Nəticədə Azərbaycanın müstəqilliyinə son qoyulub, cümhuriyyətin timsalında milli dövlət süquta uğradılıb. O dövrdə Azərbaycanın dövlət və hökumət rəhbərlərinin, o cümlədən, M.Y.Cəfərovun həyatında ən ağır və məşəqqətli günlər başlayıb. Müstəqillik yolunda az-çox xidmətləri olmuş ictimai xadimlərimiz, vətənpərvər qüvvələr bolşevik terrorunun qurbanına çevriliblər. Bu siyahıda M.Y.Cəfərov da olub. O, ömrünün beş ilini həbsxana divarları arasında keçirib. Həbsxanadan çıxdıqdan sonra Azərbaycanın pambıqçılıq və şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində çalışıb. 1938-ci il mayın 15-də Bakının Şağan kəndində vəfat edib.
RAFİQ SƏFƏROV- Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin baş məsləhətçisi