Tam nəzarət vətəndaşda olacaq
Hazırda vətəndaşın fərdi məlumatlarının istifadəsinə nəzarət mexanizmi əsasən özəl sektorun - banklar, sığorta şirkətləri, mobil operatorlar və digər kommersiya qurumlarının sorğularına şamil olunur. Gələcəkdə isə bu sistem dövlət qurumlarının məlumat sorğularına da tətbiq ediləcək.
Gələn ildən etibarən Azərbaycan vətəndaşları şəxsi məlumatlarının istifadəsinə daha şəffaf və nəzarətli şəkildə baxa biləcəklər. Rəqəmsal islahatların yeni mərhələsi çərçivəsində vətəndaşlar “mygov” platforması üzərindən onların məlumatlarına kimin, nə zaman və hansı məqsədlə daxil olduğunu izləyə, həmçinin bu prosesə razılıq verə və ya qadağa qoya biləcəklər. Bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) sədr müavini Şahin Əliyev “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda məlumat verib. Bəs yeniliklər vətəndaşa nə verəcək?
“Məqsəd vətəndaşlara tam idarəetmə imkanı yaratmaqdır”
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, bununla Azərbaycan vətəndaşları fərdi məlumatlarının istifadəsinə nəzarət imkanı əldə edirlər. Bu funksionallıq “mygov” platforması vasitəsilə təqdim olunur və məqsəd vətəndaşlara öz məlumatlarının paylaşılması və istifadəsi üzərində tam idarəetmə imkanı yaratmaqdır: “mygov” platforması vətəndaşlara məlumat paylaşımı və istifadəsini izləmək imkanı təqdim edir. Vətəndaşlar “mygov”da dövlət və özəl müəssisələrlə paylaşdıqları məlumatları “Paylaşılan məlumatlarım” bölməsində görə bilirlər. Bu bölmə vasitəsilə paylaşılan məlumatların tarixçəsi, hansı qurum və müəssisə ilə, eləcə də nə zaman paylaşma aparıldığı barədə tam məlumat əldə etmək mümkündür. Vətəndaşlar “icazələrin idarə edilməsi” bölməsində özəl şirkətlər tərəfindən aparılan məlumat sorğularını izləyə, verdikləri razılıqları idarə edə, bu razılıqların qüvvədə qalma müddətini təyin edə, istədikdə onları dayandıra və ya yenidən aktivləşdirə bilirlər. Sorğulama baş verdiyi anda sistem avtomatik olaraq “mygov” tətbiqi vasitəsilə vətəndaşa bildiriş göndərir. Əgər vətəndaş sorğulamanı təsdiq etmək istəmirsə, eyni bölmədən icazəni ləğv edə bilir. İlin sonuna qədər vətəndaşlar yalnız ilkin sorğular deyil, həm də bağladıqları icazələr üzrə təkrar sorğulama cəhdlərinə dair bildirişlər də alacaqlar”.
Dövlət qurumlarına da tətbiqi gündəmdədir
Qurumdan bildirildi ki, hazırda bu imkan əsasən özəl sektor qurumlarının sorğulama proseslərinə şamil olunur. Gələcəkdə isə sistemin dövlət qurumlarının məlumat sorğularına da tətbiqi nəzərdə tutulur: “Bu mərhələdə vətəndaşlara platforma üzərindən dövlət tərəfindən sorğulanan məlumatlarla bağlı informativ xarakterli bildirişlər təqdim ediləcək. Yəni dövlət qurumları üçün “icazələrin idarə olunması” deyil, artıq həyata keçirilmiş sorğular barədə məlumatlandırma mexanizmi fəaliyyət göstərəcək. Bu istiqamətdə işlər görülür və gələn ildən etibarən funksionallıq vətəndaşlara təqdim olunacaq. “mygov” tətbiqindəki “icazələrin idarə edilməsi” bölməsində məlumatlar aydın şəkildə kateqoriyalara ayrılıb və hər bir kateqoriyanın izahı təqdim olunub ki, vətəndaş sorğulanan məlumatın növü və məqsədi barədə məlumatlı olsun. Hazırkı mərhələdə məlumat sorğularını həyata keçirən tərəflər əsasən özəl şirkətlərdir və onlar bu prosesi yalnız vətəndaşın yazılı və ya rəqəmsal razılığı əsasında həyata keçirə bilirlər.
Özəl sektorun - o cümlədən banklar, sığorta şirkətləri, mobil operatorlar və digər kommersiya qurumlarının sistemə inteqrasiyası mərhələli şəkildə aparılır. Artıq bir sıra qurumlar “Digital Finans” sistemi vasitəsilə platformaya qoşulub. Nəticədə vətəndaşlar bu qurumlar tərəfindən həyata keçirilən məlumat sorğuları barədə real vaxt rejimində “mygov” mobil tətbiqi üzərindən məlumat əldə edirlər”.
“Hüquq-mühafizə orqanları məlumatlara çıxış tələb edə bilərlər”
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyevin sözlərinə görə, belə bir modelin reallaşması üçün sistem və hüquqi baza birlikdə addımlamalıdır: “mygov” portalı vətəndaşların hansı qurumlara, hansı məlumatların verilməsinə razılıq verdiyini izləyə və bu razılığı zamanla idarə edə bilmək imkanı nəzərdə tutur. Məsələn, vətəndaşlar öz razılıqlarına müəyyən limit qoya biləcəklər. Hansı ki, hazırda da “mygov”da vətəndaşların məlumatlarına çatmaq istəyənlərin siyahısına baxmaq və onlara məhdudiyyət qoymaq imkanı vətəndaşa verilib. Vətəndaş özünə aid fərdi məlumatları “mygov” şəxsi kabinetindən görə bilər. Hansı qurumun, onun hansı məlumatlarına çıxış verildiyini izləyə və razılığı ləğv edə bilər. Portal üzərindən yanlış və ya köhnəlmiş məlumatların düzəldilməsi üçün müvafiq quruma müraciət imkanı da var və inkişaf etdirilməsi gözlənilir. Məlumatlarda dəyişikliklər, qurumların sorğuları və s. barədə xəbərdarlıqlar (SMS, e-mail, mobil tətbiq, portal bildirişi) almaq arzu etdiyim və gözlədiyim funksiyalardandır. Beləliklə, sistemin inkişafı ilə, vətəndaşlar öz məlumatları üzərində nəzarət imkanlarını daha aktiv şəkildə həyata keçirə biləcəyini gözləmək olar”.
B.Əliyevin fikrincə, hüquq-mühafizə orqanları cinayət işi, istintaq, məhkəmə tələbi kimi məlumatlara çıxış tələb edə bilərlər: “Bu hallarda da hüquqi nəzarət və şəffaflıq üçün, çıxışın hansı səbəblə, kim tərəfindən və hansı vaxtda edildiyi barədə iz (audit logları) saxlanılması beynəlxalq təcrübədə mövcuddur”.
Ekspert bildirdi ki, bildiriş mexanizmi hazırda da mövcuddur. Amma bu mexanizmlərin çoxalması və seçim imkanının verilməsi təqdirəlayiq addım olardı: “Təklif üçün deyərdim ki, SMS - vacib xəbərlər üçün, e-mail (elektron poçt) - daha detallı məlumatlar, Tətbiq push notification — mobil tətbiqdə aktiv ola bilər. Lakin yüz faizlik təhlükəsizlik olmadığı qənaətindəyəm”.
Zərif Salmanlı