• çərşənbə axşamı, 16 aprel, 13:58
  • Baku Bakı 19°C

Tomas Bax BOK prezidenti olan ilk Olimpiya çempionudur

31.12.19 12:45 598
Tomas Bax BOK prezidenti olan ilk Olimpiya çempionudur
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti və qılıncoynatma üzrə Olimpiya çempionu Tomas Bax bu günlərdə ad gününü qeyd edib. O, 1953-cü il dekabrın 29-da Almaniyanın Vürsburq şəhərində anadan olub, hüquq elmləri doktorudur.
AZƏRTACBOK-un rəsmi saytına istinadla xəbər verir ki, T.Bax beş yaşından idmanın qılıncoynatma növü ilə peşəkar məşğul olmağa başlayıb. 1976-cı ildə Monreal (Kanada) şəhərində keçirilən XXI Olimpiya Oyunlarında qılıncoynatma üzrə komanda yarışlarında iştirak ona uğur gətirib. Olimpiya çempionu tituluna layiq görülən almaniyalı idmançı haradan bilərdi ki, vaxt gələcək və o, mötəbər idman qurumu olan Beynəlxalq Olimpiya Komitəsinə rəhbərlik edəcək.
Lakin bu vaxtadək o, bir sıra mərhələlərdən keçəcəkdi. T.Bax çox böyük həvəslə "Moskva 1980” Olimpiadasına hazırlaşır və ikinci dəfə də fərqlənəcəyinə ümid edirdi. Amma ümidləri puça çıxdı. Almaniya Federativ Respublikası XXII Yay Olimpiadasını boykot edərək, öz komandasını Moskvaya göndərmədi.
Olimpiya çempionu karyerasını başa vurduqdan sonra idman funksioneri kimi fəaliyyətə başlamağa qərar verib. 1981-ci ildə Baden-Badendə keçirilən XI Olimpiya Konqresində idmançıların nümayəndəsi kimi iştirak edib və Vladislav Tretyak, Sebastian Koe və o dövrün digər tanınmış idmançıları ilə birlikdə BOK-un Atletlər Komissiyasının tərkibinə daxil edilib.
Almaniya İdman Konfederasiyasının prezidenti olan T.Bax 1991-ci ildə 37 yaşında BOK-a üzv seçilib. 1996-2000-ci illərdə BOK İcraiyyə Komitəsinin üzvü, 2000-2004-cü illərdə BOK-un vitse-prezidenti vəzifəsinə təyin olunub. Almaniyalı mütəxəssis 2006-cı ildə yenidən vitse-prezident vəzifəsinə seçilib.
Tomas 2013-cü sentyabrın 10-da Tomas Bax BOK-a prezident seçkilərində qalib gəlib və beləliklə, tarixdə ilk alman və Beynəlxalq Olimpiya Komitəsinə rəhbərlik edən ilk Olimpiya çempionu kimi tarixə düşüb.
banner

Oxşar Xəbərlər