• bazar, 04 May, 05:23
  • Baku Bakı 15°C

Cüdoçularımızın Avropa sınağı

03.05.25 02:22 225
Cüdoçularımızın Avropa sınağı

Azərbaycan medalların əyarına görə 47 ölkə arasında ümumi komanda hesabında 10-cu, kişilər arasında isə beşinci yeri tutdu. Zelim Kotsoyevdən başqa, digər mükafatçılar karyeralarında ilk dəfə böyüklər arasında Avropa çempionatında medal qazanmağın sevincini yaşadılar.

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatına yekun vuruldu. “Köhnə dünya”nın aparıcı tatami ustalarının mübarizəsinə Azərbaycan cüdoçuları da qatılmışdılar. Ölkəmizi 12 çəki dərəcəsində təmsil edən 15 cüdoçu (doqquz kişi, altı qadın) Podqoritsanı fərqli nəticələr və əhval-ruhiyyədə tərk etdilər.

47 ölkə arasında 10-cu

Qitə birinciliyində Azərbaycan millisinin qazancı beş medal (bir gümüş və dörd bürünc) oldu. Təmsilçilərimizdən yalnız biri - Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi Zelim Kotsoyev finala vəsiqə qazanmağı bacardı. Amma 100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsində yer almaq şansından istifadə edə bilmədi. Gürcüstanlı rəqibinə uduzan Kotsoyev gümüş medalla kifayətləndi. Yığmanın hesabına dörd bürünc medalı isə Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) yazdırdılar. Azərbaycan medalların əyarına görə 47 ölkə arasında ümumi komanda hesabında 10-cu, kişilər arasında isə beşinci yeri tutdu. 

Maraqlıdır ki, Zelim Kotsoyevdən başqa, digər mükafatçılar karyeralarında ilk dəfə böyüklər arasında Avropa çempionatında medal qazanmağın sevincini yaşadılar. Bununla yanaşı, Azərbaycan cüdo tarixində milli üzvləri ilk dəfə qitə birinciliyində beş fərqli çəki dərəcəsində fəxri kürsüyə yüksəldilər. 

Qadın cüdoçularımız təəccübləndirə bilmədilər

Etiraf edək ki, kişilərdən fərqli olaraq, ölkəmizdə qadın cüdosu hələ ki lazımi səviyyədə deyil. Bunun təsdiqi kimi müxtəlif nüfuzlu yarışlarda qeydə alınan nəticələrə baxmaq kifayət edir. Podqoritsa səfəri də istisna olmadı. Belə ki, məşqçilər korpusunun etimad göstərdiyi altı milli üzvündən heç biri fəxri kürsüdə yer ala bilmədi. Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq) və Nigar Süleymanova (+78 kq) ilkin raundlarda mübarizəni dayandırdılar.

 

Qitə birinciliyinin sonuncu günündə isə Azərbaycan yığması qarışıq komanda yarışında gücünü sınadı. Gürcüstan millisinə qarşı 1/8 final görüşü rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşdı. Günel Həsənli (70 kq), Zelim Kotsoyev (100 kq), Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyevin (73 kq) rəqiblərinə uduzması millinin mübarizəni erkən dayandırması ilə nəticələndi. 

Nəticələr daha yüksək ola bilərdi

Hazırda milli komandanın iki aşkar lideri var - Zelim Kotsoyev (100 kq) və Hidayət Heydərov (73 kq). Qitə birinciliyinin startından öncə də məhz bu ikilidən qızıl medal gözlənilirdi. Amma təəssüf ki, Avropa çempionatının startı ərəfəsində Paris-2024-də parlaq çıxışı ilə Azərbaycana böyük sevinc bəxş edən Heydərovun səhhətində problem yaşandı. Bu üzdən də məşqçilər korpusu onu heyətdən çıxartmaq məcburiyyətində qaldılar. Düzdür, onun əvəzinə komandaya cəlb edilən Rəşid Məmmədəliyev (73 kq) yarışı bürünc medalla başa vurdu. Bununla belə, çempionluğa əsas namizəd sayılan Heydərovun qazanacağı qızıl medal Azərbaycan yığmasının ümumi sıralamada daha yuxarı pillələrdə qərarlaşmasını təmin edəcəkdi. Ötənilki Avropa çempionu Elcan Hacıyevin (90 kq) zədə səbəbindən Podqoritsaya aparılmaması da unudulmamalıdır. Bir sözlə, sadaladığımız problemlər və hakimlərin bəzi görüşlərdə ədalətsiz qərarları olmasaydı, böyük ehtimalla nəticələr daha yüksək olacaqdı.

2024-cü ilin ən yaxşıları 

Podqoritsada təşkil edilən qala-gecə də Azərbaycan cüdosu üçün yaddaqalan oldu. 2024-cü ilin yekunlarına əsasən Hidayət Heydərov (73 kq) Avropada "İlin ən yaxşı kişi cüdoçusu" adına layiq görüldü. Millimizin üzvünə mükafatı Avropa Cüdo İttifaqının prezidenti Laslo Tot təqdim etdi. "İlin ən yaxşı kişi məşqçisi" üçün nəzərdə tutulan mükafat isə Azərbaycan millisinin baş məşqçisi və performans direktoru Rixard Trautmana verildi. Maraq üçün onu da əlavə edək ki, bu ilin fevralında Parisdə keçirilən tədbirdə həm Heydərov, həm də Trautman dünya üzrə ilin ən yaxşıları seçilmişdilər.

Əsas hədəf – Los-Anceles-2028 

Avropa çempionatının ilin ilk ciddi sınağı olduğunu, eyni zamanda yuxarıda sadaladığımız obyektiv səbəbləri nəzərə alsaq, Podqoritsada qeydə alınan nəticələri normal, hətta yaxşı qiymətləndirmək olar. Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinin sistemli iş və uzunmüddətli layihə əsasında fəaliyyət göstərməsi də bu idman növünün gələcəyinin daha da parlaq olacağından xəbər verir. Müəyyən qüsurlar, çatışmazlıqlar var ki, məşqçilər korpusu onları qarşıdakı təlim-məşq toplanışlarında aradan qaldıracaq. 

Qitə birinciliyinin yekunları ilə bağlı Avropa Cüdo Birliyinin rəsmi saytına açıqlama verən Rixard Trautman da nikbin fikirlər səsləndirib. Almaniyalı mütəxəssis həmçinin hədəfləri açıqlayıb: "Sevindirci haldır ki, budəfəki yarışda fəxri kürsüyə əvvəllər yüksəlməyən idmançılar qalxdılar. Əsas hədəfimiz ən mötəbər yarışlar - dünya çempionatı, Yay Olimpiya Oyunları zamanı tam gücümüzdə olmaqdır. Builki dünya çempionatından yaxşı nəticələr gözləyirik. Amma əsas böyük hədəf gələn il Bakıda keçiriləcək dünya çempionatıdır. Orada parlaq çıxış etmək bizim üçün çox vacibdir. Əlbəttə ki, əsas uzunmüddətli hədəfimiz 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarıdır. Unutmayaq ki, dünya çempionu olmaq böyük uğurdur, amma cəmiyyətin diqqətini daha çox Olimpiya medalları çəkir".

banner

Oxşar Xəbərlər