Gənc güləşçilərimizdən möhtəşəm nəticələr

Güləşçilərimiz Avropa çempionatında növbəti uğurlu nəticəyə imza atıb. Millimizin üzvləri çempionatda dörd qızıl, beş gümüş və dörd bürünc medal qazanıblar.
Azərbaycan güləşi növbəti ciddi sınaqdan da uğurla - üzüağ, alnıaçıq çıxdı. Belə ki, iyunun 30-dan iyulun 6-dək İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatı milli komanda üzvlərinin parlaq çıxışı ilə yadda qaldı.
Yunan-Roma güləşçilərinin uğuru
Ənənəvi olaraq qitə birinciliyində açılışı yunan-Roma güləşçiləri etdilər. Ölkəmiz yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında geniş heyətlə təmsil olunurdu. Turan Daşdəmirov (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Seymur Qasımov (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) etimadı doğrultmalı idi. Xalça üzərinə çıxan on pəhləvandan altısı yekunda fəxri kürsüdə yer almağı bacardı ki, bunu da yetərincə yüksək göstərici saymaq mümkündür. Düzdür, milli üzvlərindən yalnız Ayxan Cavadov (60 kq) qızıl medal qazanmaqla himnimizi səsləndirməyə müvəffəq oldu. Bununla belə, Turan Daşdəmirov (55 kq), Tural Əhmədov (63 kq) və Davud Məmmədovun (77 kq), finalda məğlub olsalar da, həlledici görüşə yüksəlmələri artıq ciddi nəticə idi. Fəraim Mustafayevlə (67 kq) Elmin Əliyev (82 kq) də bürünc medal uğrunda görüşdən üzüağ çıxmaqla yığmanın yekun sıralamada yüksək yer tutmasında pay sahibi oldular. Millimiz bir qızıl, üç gümüş və iki bürünc medal sayəsində 129 xal qazanaraq Avropa ikincisi oldu.
Əlbəttə, yunan-Roma güləşi yığmamız Avropa çempionatını zirvədə də bitirə bilərdi. Komandanın potensialı və yüksək səviyyədə hazırlığı buna əsas verirdi. Amma təəssüf ki, obyektiv və subyektiv səbəblər üzündən komanda ikinciliklə kifayətləndi. Millinin böyük məşqçisi Nurəddin Rəcəbovun açıqlamasından da bunu sezmək mümkündür:
“Yarışda Avropanın ən güclü güləşçiləri iştirak edirdi. Gürcüstan komandasından cüzi xalla geri qaldıq. Ölkədaxili və xarici təlim-məşq toplanışlarımızı təşkil edən federasiyamıza təşəkkür edirəm. Qazandığımız medallar da bunun nəticəsidir. Bu uğurlarda payı olan hər kəsə minnətdaram. Güləşçilərimizin 30 faizi zədəli idi. Düzdür, daha çox qızıl medal qazana bilərdik. Düşünürəm ki, yüksək nəticə göstərdik. Əsas məqsədimiz güləşçiləri düzgün formada hazırlamaqdır. İnanıram ki, bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq”.
Qadın pəhləvanlarımızdan iki qızıl medal
Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Azərbaycanı qitə birinciliyində beş qadın pəhləvan - Elvina Kərimzadə (50 kq), Gülər Həbibova (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) təmsil edirdi. Yekunda onlardan ikisinin fəxri kürsünün ən yüksək pilləsində yer alması kifayət qədər yüksək göstəricidir. Öncə Günay Qurbanova (59 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionatının qızıl medalına yiyələndi. Ardınca gərgin keçən final görüşündə almaniyalı rəqibini məğlub edən Ruzanna Məmmədova (62 kq) azərbaycanlı güləşsevərləri sevindirdi. Özü də o, ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu oldu. Beləliklə, xanım pəhləvanlarımız qitə birinciliyini iki qızıl medalla başa vurdular ki, bu da gələcək adına ümidverici məqamdır.
Baş məşqçi Toğrul Əsgərov da nəticələri dəyərləndirərkən komandanın gələcəyinin parlaq olduğunu vurğulayıb: “Yolumuz Olimpiada yoludur. Bu yolda dayanmaq yoxdur. Qarşıda bizi növbəti ciddi yarışlar gözləyir. Əlimizdən nə gəlirsə, onu artıqlaması ilə etməyə çalışacağıq”.
Sərbəst güləşçilər son nöqtəni qoydular
Yarışın son günlərində sərbəst güləşçilər son nöqtəni qoydular. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Kaorledə Vasif Bağırov (57 kq), Bəşir Verdiyev (61 kq), Hacı Kərimov (65 kq), İsmayıl Rəhimli (70 kq), Omar Gülməmmədov (74 kq), Muradxan Omarov (79 kq), Məhəmməd Abbaszadə (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaqdı. Sonluq yetərincə yaxşı alındı. Sərbəst güləş millimizin qitə birinciliyində qazancı beş medal oldu. Vasif Bağırov (57 kq) bütün rəqiblərini üstələyərək qızıl medala yiyələndisə, Muradxan Omarovla (79 kq) Yusif Dursunov (125 kq) yalnız finalda uduzaraq gümüş medal qazandılar. Omar Gülməmmədovla (74 kq) Anar Cəfərli (92 kq) isə bürünc medalla kifayətləndilər. Finiş xəttini bir qızıl, iki gümüş və iki bürünc medalla adlayan yığmamız 133 xalla Avropa ikincisi oldu.
Azərbaycanın sərbəst güləş millisinin böyük məşqçisi Arif Abdullayev də nəticələri yüksək dəyərləndirib. O, səhvlərin olduğunu da etiraf edib: “Güləşçilərimiz Avropa çempionatında ikinci oldular. Amma nəticə daha yaxşı ola bilərdi. Səhvlərin üzərində işləyəcəyik. Qarşıda bizi dünya çempionatı gözləyir. Düşünürəm ki, idmançılarımız bu yarışa qədər səhvlərini düzəldəcəklər".
I dərəcəli beynəlxalq hakim Tural Əliyevin ədaləti qoruduğu Avropa çempionatı Azərbaycan güləşinin sabahının etibarlı əllərdə olduğunu göstərdi. Güləş Federasiyasının sistemli fəaliyyəti yeni-yeni ulduzların üzə çıxmasına təkan verir.
