Güləşçilərimizdən möhtəşəm nəticələr

Azərbaycan Zaqrebdəki güləş üzrə dünya çempionatında 23 güləşçi ilə təmsil olundu. Həm sərbəst, həm də yunan-Roma güləşində sevindirici nəticələr qeydə alındı. İdmançılarımız turnirdən yeddi medalla qayıtdılar.
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı keçirildi. Müxtəlif çəki dərəcələrində xalça üzərinə çıxan idmançılarımız azarkeşlərə həm gərgin qarşılaşmalar təqdim etdilər, həm də medal sevinci yaşatdılar.
23 pəhləvanın mübarizəsi
Azərbaycanı Zaqrebdə 23 güləşçi təmsil etdi. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşində təmsilçilərimiz uğur qazanmağa çalışdılar.
Sərbəst güləşdə İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Qadjiyev (79 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxdılar.
Qadın güləşi üzrə yarışlarda Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq) və Birgül Soltanova (62 kq) güclərini sınadılar.
Yunan-Roma güləşində isə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) mübarizə apardılar.
Sərbəst güləşçilərimizdən üç medal
Mübarizəyə ilk olaraq sərbəst güləşçilər başladılar. Xalça üzərinə çıxan pəhləvanlarımız azarkeşlərə həm möhtəşəm qələbələr, həm də medal sevinci yaşatdılar.
Əvvəlcə Nürəddin Novruzov gücünü nümayiş etdirdi. O, təsəlliverici görüşlərdə ekvadorlu Coşua Krameri 10:0, ardınca isə ukraynalı Kamil Kərimovu 12:2 hesabı ilə üstələdi. Bürünc medal uğrunda görüşdə isə Şimali Koreya idmançısı Kum Kimi “xalçadan sildi”. Rəqibini “tuş”la məğlub edən Nürəddin dünya çempionatının bürünc medalını qazandı.
86 kq-da Arseniy Djioyev də yarışı uğurlu nəticə ilə başa vurdu. O, təsəlliverici görüşdə ukraynalı Muxammed Aliyevi 7:2 hesabı ilə üstələdikdən sonra həlledici görüşdə fransalı Raxim Maqamadova heç bir şans tanımadı – 7:0.
Sərbəst güləşdə ən yaxşı nəticəni Giorgi Meşvildişvili qazandı. Finala qədər inamla irəliləyən pəhləvanımız burada dəfələrlə dünya və Olimpiya çempionu olmuş iranlı Amir Zare ilə üz-üzə gəldi. Gərgin mübarizədə titullu rəqibinə 0:5 hesabı ilə uduzan Meşvildişvili gümüş medalla kifayətləndi.
Son olaraq 92 kq çəki dərəcəsində xalça üzərinə çıxan Osman Nurmaqomedov azarkeşlərə medal sevinci yaşatdı. Bürünc medal uğrunda həlledici qarşılaşmada təmsilçimiz gürcüstanlı Miriani Maysuradze ilə üz-üzə gəldi. Görüş boyu rəqibinə imkan verməyən Nurmaqomedov 5:1 hesablı qələbə qazandı və dünya üçüncülüyünə yüksəldi. Digər güləşçilərimiz arasında da bir neçə medal qazanmaq şansı olsa da, yekunda kiçik səhvlər həlledici oldu və onlar yarışı medalsız başa vurdular.
Eldəniz Əzizlidən rekord
Qadın güləşində uğursuzluq yaşansa da, Azərbaycanın yunan-Roma güləşçiləri Zaqrebdə daha uğurlu nəticə ilə yadda qaldılar. İlk olaraq 55 kq çəki dərəcəsində xalça üzərinə çıxan təcrübəli pəhləvan Eldəniz Əzizli medalçılar sırasına düşdü. Bürünc uğrunda qırğızıstanlı Ulan Uulu ilə qarşılaşan təcrübəli pəhləvan görüşün ilk hissəsində öz sözünü deməyi bacardı. Tam üstünlüklə – 9:0 hesabı ilə qələbə qazanan kapitanımız dünya üçüncülüyünə yüksəldi. Bu nəticə ilə Eldəniz Əzizli karyerasında yeddinci dəfə böyüklər arasında medal qazandı. Onun hesabında artıq dörd dünya çempionluğu və üç bürünc var. Bu göstərici ilə o, Azərbaycan güləşinin yeni rekordçusuna çevrilərək idman tariximizə öz adını qızıl hərflərlə yazdırdı.
Ülvidən ardıcıl ikinci çempionluq
Mundialda ən yaxşı nəticəmizi Ülvi Qənizadə əldə etdi. 72 kq çəki dərəcəsində xalça üzərinə çıxan pəhləvanımız finala qədər rəqiblərinə heç bir şans vermədi. Həlledici qarşılaşmada o, ötənilki finaldan tanıdığı fransalı İbrahim Qanemlə üz-üzə gəldi. Son dərəcə gərgin və taktiki mübarizə şəraitində keçən döyüşdə həmyerlimiz soyuqqanlılığını qoruyaraq 4:2 hesablı qələbə qazandı. Bununla da, Qənizadə dünya çempionu titulunu qorudu və ikinci dəfə planetin ən güclüsü adına yiyələndi.
97 kq çəki dərəcəsində çıxış edən Murad Əhmədiyev isə mundialdakı debütünü möhtəşəm uğurla tamamladı. Bürünc medal uğrunda macarıstanlı Aleks Soke ilə gərgin görüşdə təmsilçimizin ilk hissədə tətbiq etdiyi dörd xallıq fənd görüşün taleyini həll etdi. Döyüş 5:5 hesabı ilə bitsə də, xalların keyfiyyətinə görə üstün olan tərəf Murad oldu.
Zaqrebdə son medalımızı Həsrət Cəfərov qazandı. Finala qədər itkisiz irəliləyən idmançı burada iranlı Səid Esmaili ilə münasibətlərə aydınlıq gətirdi. Rəqibinə minimal fərqlə məğlub olan Həsrət gümüş medalla kifayətləndi.
Yekunda mötəbər yarışda bir qızıl, bir gümüş və iki bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz 89 xalla komanda hesabında dünya ikincisi oldu. İran (180) birinci, Özbəkistan (72) isə üçüncü yeri tutdu. Ümumilikdə isə güləşçilərimiz Zaqrebdən Vətənə yeddi medalla qayıtdılar.
