• şənbə, 20 Sentyabr, 12:21
  • Baku Bakı 20°C

“Estadio da Luz”da tarixi qələbə 

20.09.25 02:07 111
“Estadio da Luz”da tarixi qələbə 

“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsində ilk qələbəsini qazanıb. Özü də ağdamlılar bu nəticəyə səfərdə “Benfika” qarşısında oyunun əvvəlində 0:2 hesabı ilə geri düşdükdən sonra imza atıblar.   

Azərbaycanın qüruru Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasında liqa mərhələsinin oyunlarına sensasiyaya imza atmaqla start verdi. Qurban Qurbanovun komandası “Benfika”nın qonağı oldu. Lissabondakı “Estadio da Luz”da keçirilən görüş "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşdı. Özü də Ağdam klubu bu nəticəyə oyunun başlanğıcında 0:2 hesabı ilə geriyə düşdükdən sonra imza atdı. 90 dəqiqə cəsarətli və ağıllı oyun göstərən komanda sonunda rəqib qapısına üç qol vurmağı bacardı. Bu nəticə Çempionlar Liqasında əsas mərhələnin birinci turunun birinci oyun gününə damğa vurdu. Dünya idman mediası “Qarabağ”ın tarixi zəfərindən yazdı. 

“Böyük bir qələbə qazandıq”

Qələbənin memarı Qurban Qurbanov bu dəfə də oyundan sonrakı mətbuat konfransında təmkinli açıqlamalarla yadda qalıb. O, həmişə olduğu kimi, qələbəyə görə əvvəlcə futbolçulara təşəkkür edib: “Onlar yaxşı oyunla yaxşı qalibiyyət əldə etdilər. Biz məğlub da ola bilərik. Oyun başlayanda üstünlük rəqib tərəfdə idi. 0:2-dən sonra oyunu çevirmək heç də asan görünmürdü. Vurduğumuz ilk qol qələbə qazanmağımıza kömək oldu. Amma bu o demək deyil ki, “Benfika” bizdən zəif idi. Böyük bir qələbə qazandıq”. 

Nəticə Portuqaliyada şok effekti yaradıb

“Benfika”nın baş məşqçisi Bruno Lage isə nəticəyə görə məyus olduqlarını bildirib: “İstədiyimiz nəticə bu deyildi. Oyuna çox yaxşı başladıq, ilk 30 dəqiqədə mükəmməl futbol oynadıq. Amma rəqibin ilk qolu bizi oyundan saldı. Bundan sonra komandaya özünü tapmaq və oyunda qalmaq çətin oldu. Buraxdığımız iki qol bizə çox baha başa gəldi. Bizim kimliyimizə - necə müdafiə olunduğumuza, sıx oynamağımıza baxanda, bu səhvlər ağır nəticə verdi. Nəticə arzuladığımız kimi olmadı, bu da uğursuz bir axşam deməkdir. Əslində belə səhvlər olmamalı idi, amma oldu”.

“Estadio da Luz”da qeydə alınan nəticə Portuqaliyada şok effekti yaradıb. Oyunu stadionda izləyən azarkeşlər “Qarabağ”ın qələbə qolundan sonra əllərindəki ağ dəsmallarını yellədərək komandalarına etirazlarını bildiriblər. Oyun başa çatdıqdan sonra azarkeşlər xeyli müddət stadionu tərk etməyərək baş məşqçini və futbolçuları fitə basıblar. 

Klub rəhbərliyi də qeydə alınan nəticəni həzm edə bilməyib. Oyundan dərhal sonra Portuqaliya klubunun prezidenti Ruy Koşta baş məşqçi Bruno Lage ilə yolları ayırdıqlarını bəyan edib. Lage ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Bu gün Bruno Lage ilə "Benfika"nı tərk etməsi barədə razılığa gəldik. Mən ona klubumuz üçün etdiyi hər şeyə görə təşəkkür edirəm, amma inanırıq ki, dəyişiklik vaxtıdır" - deyə Ruy Koşta bildirib.

"Benfika"da baş məşqçi vəzifəsinə portuqaliyalı mütəxəssis Joze Mourinyo gətirilib. Onunla 1+1 illik müqavilə imzalanıb. 

Reytinq cədvəlində irəliləyiş və 2.1 milyon avro bonus

Təbii ki, Çempionlar Liqasının liqa mərhələsində qazanılan qələbə “Qarabağ”ın klub reytinqi ilə bərabər Azərbaycanın UEFA-nın əmsallar cədvəlindəki yerinə də müsbət təsir edib. Ölkəmiz bu cədvəldə daha bir pillə irəliləyib. Bu qələbə Azərbaycanın reytinqinə daha 0,500 əmsal əlavə edib. Nəticədə ölkəmizin əmsal ehtiyatı 21,500-ə çatıb. Azərbaycan Slovakiyanı keçərək 26-cı yerdən 25-ci pilləyə yüksəlib.

Qeyd edək ki, hazırda reytinqdə bizdən öndə - 24-cü pillədə qərarlaşan Serbiyanın 22,125 əmsalı var.

Liqa mərhələsində qazanılan qələbə həm də maddi baxımdan böyük qazanc deməkdir. Bu qələbəyə görə Ağdam klubu UEFA-dan 2.1 milyon avro bonus alacaq.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində daha yeddi matç keçirəcək ki, bunlardan dördü evdə, üçü səfərdə olacaq. “Kəhər atlar” “Atletik” (İspaniya), “Napoli” (İtaliya) və “Liverpul”la (İngiltərə) da səfərdə qarşılaşacaq. “Kopenhagen” (Danirmarka), “Çelsi” (İngiltərə), “Ayaks” (Niderland) və “Aytraxt”la (Almaniya) oyunlar isə Bakıda keçiriləcək. Komandamızın növbəti oyunu Bakıda - Tofiq Bayramov adına Respublika stadionunda Danimarka “Kopenhagen”inə qarşı olacaq. 

16 sentyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 2:3
Qollar: Barreneçea, 6 (1:0); Pavlidis, 16 (2:0); Leandro Andrade, 30 (2:1); Kamilo Duran, 49 (2:2), Aleksey Kaşuk, 87 (2:3)
Haimlər: Erik Lambrexts, Co De Veird və Kevin Monteni (Belçika) 
Lissabon. “Estadio da Luz”

 

 

 

banner

Oxşar Xəbərlər