Hər qəlbdə bir qələbə

Azərbaycan bu dəfə III MDB Oyunlarına ev sahibliyi edir. Oyunlar 2025-ci ildə “Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” elan edilən Gəncədə və ölkənin daha altı şəhərində keçirilir.
Azərbaycan növbəti dəfə böyük multiidman yarışına ev sahibliyi edir. Bu dəfə III MDB Oyunları ölkəmizdə keçirilir. Daha əvvəl dəfələrlə mötəbər beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi etmiş Odlar Yurdu bu dəfə də zəngin təcrübəsini, qonaqpərvərliyini və təşkilatçılıq bacarığını ortaya qoyaraq dünyanın diqqətini yenidən özünə yönəldir. Azərbaycan bir daha sübut edir ki, beynəlxalq tədbirlərin keçirilməsində etibarlı mərkəzə çevrilib.
III MDB Oyunları 2025-ci ildə “Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” elan edilən Gəncədə və ölkənin daha altı şəhərində keçirilir. Bu möhtəşəm idman bayramı sentyabrın 28-də start götürüb və oktyabrın 8-dək davam edəcək. Oyunlar 23 müxtəlif idman növünü əhatə edir. Yarışların coğrafiyası olduqca genişdir: qədim mədəniyyət beşiyi Gəncədə səkkiz, su idmanı mərkəzi Mingəçevirdə dörd, turizm incisi Qəbələdə dörd, memarlığı ilə seçilən Şəkidə üç, təbiət gözəlliyi ilə tanınan Göygöldə iki, ölkəmizin coğrafi mərkəzi Yevlaxda və Qarabağın ürəyi olan Xankəndidə bir idman növü üzrə yarışlar təşkil olunur. Bu, həm Azərbaycanın idman imkanlarını, həm də bölgələrin tarixi və mədəni potensialını dünyaya nümayiş etdirən mühüm hadisədir.
III MDB Oyunlarının maskotları və şüarı da xüsusi diqqət çəkir. Gücün və cəsarətin simvolu “Bəbir” ilə incəliyin və saflığın təcəssümü olan “Leyla” bu idman bayramının rəmzləri kimi təqdim olunur. Yarışlar dərin məna daşıyan “Hər qəlbdə bir qələbə” şüarı altında keçirilir. Bu şüar həm idmançılara, həm də tamaşaçılara xatırladır ki, hər bir zəfər yalnız medal qazanmaqla ölçülmür, insanın özünü aşması və mübarizə ruhunu qoruması da bir qələbədir.
Turnir miqyası ilə də diqqət çəkir. Ümumilikdə 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə bu oyunlarda iştirak edir. Azərbaycan 340 idmançı ilə ən böyük heyətlə mübarizə aparır. Rusiya 262, Özbəkistan 254, Belarus 240, Qazaxıstan 147, Tacikistan 144, Qırğızıstan 126, Türkmənistan 48, Türkiyə 38, Kuba 11, Küveyt 6, Pakistan 4 və Oman 4 idmançı ilə təmsil olunur. Bu rəqəmlər sadəcə statistik göstərici deyil, həm də ortaq mədəniyyətlərarası dialoqun rəmzidir.
Regionların inkişafına ciddi yatırım
III MDB Oyunlarının əsas özəlliklərindən biri onun ölkəmizin bölgələrini əhatə etməsidir. İnfrastruktur və idarəetməyə yönələn böyük yatırımlar bu çoxşaxəli idman yarışını təkcə beynəlxalq səviyyəli tədbir yox, həm də regionların inkişafı və modernləşməsi üçün mühüm vasitəyə çevirir.
Bu qərar beynəlxalq turnirlərdə adət olunmuş paytaxtmərkəzli modeldən fərqli olaraq, regionları əsas hadisələrin səhnəsinə çıxarır. Şəhərlər üçün oyunlar sadəcə medal uğrunda yarış deyil, həm də uzunmüddətli inkişaf proqramının mühüm mərhələsidir.
Yarışların bölgələrə paylanması yalnız stadion və idman arenalarının tikintisi və təmiri ilə məhdudlaşmır. Bu proses nəqliyyat sistemlərinin müasirləşməsini, hotellərin say və keyfiyyət baxımından artımını, tibbi xidmətlərin gücləndirilməsini, könüllülük hərəkatının genişlənməsini və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqini də zəruri edir.
Ən önəmlisi isə budur ki, turnirdən sonra bu imkanlar yalnız böyük yarışlara deyil, həm də yerli əhalinin gündəlik həyatına, gənclərin idmana marağının artmasına xidmət edəcək.
Xankəndidəki oyunların mənəvi əhəmiyyəti
Xüsusilə, Xankəndidə yarışların təşkili III MDB Oyunlarına həm idman, həm də mənəvi baxımdan böyük rəmzi məna qazandırır. Bu addım yalnız bir yarışın keçirilməsi deyil, həm də Azərbaycanın bərpa olunan suverenliyinin, ərazi bütövlüyünün və milli həmrəyliyinin parlaq nümayişidir. Orada idman alovunun yanması bütün dünyaya sülhün, birliyin və yeni başlanğıcların mesajını verir.
Gənc idmançılar üçün bu yarışlar təkcə peşəkar arenaya çıxmaq imkanı deyil, həm də öz doğma torpaqlarında karyera yolunun açıldığını görmək, gələcəyin üfüqlərini daha aydın təsəvvür etmək deməkdir. Burada qazanılan hər medal, hər qələbə təkcə fərdi nailiyyət yox, həm də tarixi bir zəfərin davamıdır.
Möhtəşəm açılışla davam edən oyunlar
Sentyabrın 28-də Gəncənin yeni tikilən şəhər stadionunda III MDB Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Açılış öncəsi dövlət başçısı və xanımı Vətən müharibəsi zamanı Gəncədə raket hücumlarından zərər çəkmiş uşaqlarla görüşüblər. Mərasimdə əvvəlcə Azərbaycan Bayrağı arenaya gətirilib və Dövlət Himni səsləndirilib. Daha sonra Prezident İlham Əliyev oyunları rəsmi olaraq açıq elan edib. Tədbir zəngin bədii proqramla davam edib və sonda Gəncə səması möhtəşəm atəşfəşanlıqla işıqlanıb. Elə Azərbaycanın idman, iqtisadi, sosial və siyasi gələcəyi kimi...
