• şənbə, 05 Iyul, 18:46
  • Baku Bakı 26°C

Basketbol tariximizdə ilk

05.07.25 01:47 138
Basketbol tariximizdə ilk

“Sabah”ın bəxtinə çox güclü komandalar düşüb. Püşkatmaya 3-cü səbətdən qatılan komanda təsnifat mərhələsinin qalibi, Çexiyanın “Nimburk” və Almaniya təmsilçisi “Alba Berlin”lə üz-üzə gələcək.

Növbəti mövsüm Azərbaycan basketbolu tarixinə düşəcək. Belə ki, son ölkə çempionu “Sabah” FIBA bayrağı altında Avropada keçirilən klublar arasında ən yüksək yarış olan Çempionlar Liqasında iştirak edəcək. Bu, Azərbaycan basketbolu tarixində ilkdir.

Azərbaycanda basketbolun dirçəlişi

Son illər ölkəmizdə basketbol inkişaf dövrünü yaşayır. 2022/23 mövsümündə bir neçə illik fasilədən sonra Azərbaycan çempionatı bərpa olundu. Bundan sonra həm aşağı yaş komandalarında, həm əsas millidə, eləcə də qadın yığmasında və 3x3 basketbol komandalarında dirçəliş başladı. Təkcə onu qeyd etmək kifayətdir ki, 3x3 qadın basketbol millimiz keçən il Paris Yay Olimpiya Oyunlarında iştirak etdi. Ölkə çempionatında isə “Sabah” fırtınası əsir. Son 3 mövsümün çempionu olan paytaxt təmsilçisi Azərbaycanı avrokuboklarda da layiqincə təmsil edir.

18 illik həsrətin sonu

“Sabah” Basketbol Klubu olduqca gəncdir. Lakin artıq kifayət qədər nailiyyət əldə etməyi bacarıb. Klub 2022-ci ilin sentyabrında yaradılıb. Həmin ildən Azərbaycan Basketbol Liqasında çıxış etməyə başlayan bakılılar ilk mövsümündə çempion olaraq 18 illik fasilədən sonra ilk dəfə ölkəmizi FIBA Avropa Kubokunun təsnifat mərhələsində təmsil etmək hüququ qazanıb. Əsas missiyası ölkəmizdə basketbol idman növünə olan marağın artırılması və ölkəmizin beynəlxalq arenalarda uğurla təmsil olunması olan klub turnirin təsnifat mərhələsində bütün oyunlarda qalib gələrək sözügedən yarışın müntəzəm mövsümündə iştirak etmək hüququ əldə edib.

2023/2024 mövsümündə də Azərbaycan Basketbol Liqasının qalibi olan “Sabah” Azərbaycan basketbolu tarixində ilk dəfə ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edib.

Ən güclülərin arasında

2024/25 mövsümünün yekunlarına görə, Azərbaycan çempionu olan “Sabah” bu dəfə də ölkəmizi Avropada təmsil etmək hüququ qazandı. Ancaq əvvəliklərdən fərqli olaraq, “futuristlər” indi birbaşa Çempionlar Liqasının müntəzəm mövsümündə yarışacaqlar. Bu, çox böyük nailiyyətdir. Turnirdə İspaniyanın “Qran-Kanariya”, “Unisay”, Almaniyanın “Alba Berlin”, Türkiyənin “Qalatasaray”, “Tofaş” kimi böyük klubları yarışır. İyulun 2-də müntəzəm mövsümün püşkü atılıb. Burada “Sabah”ın bəxtinə çox güclü komandalar düşüb. Püşkatmaya üçüncü səbətdən qatılan komanda təsnifat mərhələsinin qalibi, Çexiya “Nimburk”u və Almaniya təmsilçisi “Alba Berlin”lə üz-üzə gələcək. Azərbaycan təmsilçisi təcrübə cəhətdən dəqiqləşən hər iki rəqibindən geri qalır. “Nimburk” 20 qat Çexiya çempionu və 15 qat Çexiya Kubokunun sahibidir. Komanda müntəzəm olaraq avrokuboklarda çıxış edir. Hətta dəfələrlə basketbol üzrə Avropanın ən yüksək statuslu yarışı hesab olunan Avroliqada yarışıb.

Heyəti ulduz basketbolçularla dolu olan “Alba Berlin”

Digər rəqib “Alba Berlin” barədə ayrıca bəhs etməyə ehtiyac var. Klub Avropanın ən nəhəng komandalarından biridir. 11 dəfə Almaniya çempionu, bir o qədər də ölkə kubokunun qalibi adını qazanan klub avrokuboklarda ciddi nəticələr əldə edib. Təkcə onu qeyd etmək kifayətdir ki, berlinlilər son 6 mövsümdə Avroliqanın müntəzəm mövsümündə yarışıblar, hətta bir dəfə ən güclü 16 komanda arasına düşməyi bacarıblar. Tarixi ərzində FIBA Korats Kubokunu qazanan Almaniya təmsilçisi iki dəfə də Avropa Kubokunun gümüş medallarını əldə edib. Heyəti ulduz basketbolçularla dolu olan “Alba Berlin” növbəti mövsüm üçün Çempionlar Liqasının əsas favoritlərindən hesab olunur.

“Mübarizə apara bilərik”

FIBA Çempionlar Liqasında müntəzəm mövsüm oktyabrın 7-də start götürəcək. Ona qədər komandamızın qrupdakı sonuncu – üçüncü rəqibinin kimliyi də dəqiqləşəcək. Hələlik o bəllidir ki, “Sabah” xüsusən təcrübə baxımından qrupdakı rəqiblərindən geri qalır. Lakin komandanın Rimas Kurtinaytis kimi təcrübəli və bacarıqlı məşqçisi var. Litvalı çalışdırıcı hesab edir ki, rəqiblər nə qədər güclü olsalar da, “Sabah” onlarla mübarizə aparmaq gücündədir: “Alba Berlin” 24 illik fasilədən sonra yenidən FIBA bayrağı altında çıxış edəcək. Bu komanda uzun illər boyunca Avroliqanın daimi sakini olub. Səviyyəsi bəllidir. Məncə, turnirin favorit komandalarından biridir. “Nimburk”a gəlincə, bu komanda daha öncə FIBA Avropa Kubokunda “Sabah”ın rəqibi olub. İntizamlı, heyəti keyfiyyətli basketbolçulardan ibarət komandadır. Ötən mövsüm Çempionlar Liqasında 1/4 finala kimi irəliləyiblər. Təsnifat mərhələsində yer alan potensial rəqiblərimiz arasında da yaxşı komandalar var. Mən Fransa təmsilçisi “Elan Şalon”da oyunçu kimi çıxış etmişəm. Bir sözlə, Çempionlar Liqasında zəif rəqib yoxdur. Bizim rəqabətə davamlı heyətimiz formalaşır. Bu komandalarla mübarizə apara bilərik”.

Həqiqətən, “Sabah”ın Endər Poladxanlı, Hassani Qravett, Klavs Kavars kimi təcrübəli və özlərini sübut etmiş basketbolçuları var. Lakin Çempionlar Liqasının müntəzəm mövsümü tamam yeni səviyyədir. Orada uğurlu çıxış etmək üçün heyətin gücləndirilməsinə ehtiyac olduğu dəqiqdir. Klub artıq transfer fəaliyyətinə başlayıb. Oktyabra qədər daha güclü “Sabah” formalaşacaq. İstənilən halda, bu, ilk mövsümdür və komandadan gözləntiləri çox yüksək etməyin faydası yoxdur. Hələlik “Sabah” təcrübə qazanmalı, yaxşı oyunla özünü göstərməyə çalışmalıdır. 

banner

Oxşar Xəbərlər