• cümə, 27 Iyun, 08:50
  • Baku Bakı 20°C

İkisi sevindirdi, biri uduzdu 

26.06.25 02:55 159
İkisi sevindirdi, biri uduzdu 

UFC kimi mötəbər turnirin Bakıda təşkili təsadüfi deyil. İndiyədək ölkəmizdə çox sayda nüfuzlu beynəlxalq idman yarışı ən yüksək standartlara cavab verməklə keçirilib. Bu da istisna olmadı və növbətisi kimi tarixə düşdü. 

İyunun 21-də Bakı Kristal Zalında Azərbaycanda ilk dəfə UFC turniri keçirilib. Bu hadisəni yerli idman üçün tarixi bir an hesab etmək olar. Daha əvvəl postsovet məkanında UFC turnirləri yalnız Rusiyada keçirilmişdi. Bunlardan sonuncusu 2019-cu ildə baş tutmuşdu. İndi isə Bakı planetin ən böyük idman brendlərindən birinin, dünya üzrə 1,1 milyarddan çox izləyicisi olan UFC turnirinə ev sahibliyi etdi.

İki kartda 12 döyüş

Bakıdakı döyüş gecəsində ümumilikdə 24 idmançı qüvvəsini sınadı. Müxtəlif çəkili idmançılar ilkin və əsas kartlarda mübarizə apardılar. İlkin kartın döyüşlərində qadınlar arasında polşalı Klaudiya Siqula və rusiyalı Darya Jeleznyakova, kişilər arasında isə cənubi koreyalılar - Sok Hyön Ko ilə Pak Çun Yon, nigeriyalı Muhammad Usman, eləcə də rusiyalı Taqir Ulanbekov qələbə qazandılar.

Əsas kartın döyüşləri daha maraqlı və diqqətçəkən oldu. Burada üç Azərbaycan təmsilçisi də qüvvəsini sınadı. Eyni zamanda gecənin əsas qarşılaşmasında iki amerikalı döyüşçü - Camaal Hill və Xalil Rauntri üz-üzə gəldilər. UFC xüsusilə Amerika auditoriyasına yönəldiyindən gecənin əsas döyüşündə məhz ABŞ təmsilçilərinin iştirak etməsi təbiidir. Üstəlik, bu döyüş yarım-yüngül çəkidə iddiaçı döyüşü idi. Yarım-ağır çəkidəki bu qarşılaşmada hakimlərin qərarı ilə Xalil Rauntri qalib elan olundu. Əsas kartın digər döyüşlərində tacikistanlı Muhammad Nayimov və ABŞ-li Körtis Bleyds qalibiyyətə sevindilər.

Uğursuz debüt

UFC ilə 4 döyüşlük müqavilə imzalayan Tofiq Musayevin debütü Azərbaycan paytaxtında baş tutdu. İndiyə qədər UFC-dən kənarda ən yaxşı yüngül çəkili döyüşçülərdən biri kimi tanınan, “Rizin” və “Bellator”un ulduzu olan Musayev bu səviyyədə Azərbaycanı təmsil edən üçüncü idmançı kimi tarixə düşdü. O, Qırğızıstandan olan Mıktıbek Oralbay ilə qarşılaşdı. Yüksək dözümlülüyü və sərtliyi ilə tanınan rəqibə qarşı Tofiqin əsas çətinliyi çəki problemi idi. Belə ki, Oralbay çəkisini normaya sala bilməmiş, bu səbəbdən Azərbaycan idmançısı döyüşün baş tutması üçün çəki artırmağa məcbur olmuşdu. Digər tərəfdən, 36 yaşlı Tofiq Musayev rəqibindən 9 yaş böyükdür. Təcrübə baxımından bu, üstünlük versə də, cəldlik, dözümlülük kimi aspektlərdə Qırğızıstan idmançısının işinə yarıyırdı. Döyüş gözlənilən kimi rəqibin üstünlüyü ilə keçdi. Musayev debüt görüşünün birinci raundunda ağrıdıcı fəndə düşərək UFC-yə uğursuz başlanğıc etdi. Onun vəziyyəti düzəltmək üçün qarşıda hələ üç döyüşü var.

UFC-nin yüksələn ulduzu

Karyerasının yüksəlişində olan Nazim Sadıxov Bakıya son döyüşündə güclü braziliyalı İsmail Bonfimi məğlub etməklə gəlmişdi. Burada onu digər braziliyalı Nikolaz Motta ilə qarşılaşma gözləyirdi. Hər zamankı kimi özünəinamlı və baxımlı döyüş sərgiləyən Nazim üçün qələbə qazanmaq elə də çətin olmadı. O, Mottanı 2-ci raundda nokaut etdi. İndi UFC-nin parlayan ulduzu yüngül çəkidə ilk “15-liy”ə daxil olmağa çox yaxındır.

Nazim Sadıxovun Nikolas Mottanı məğlub etdiyi görüş gecənin həm ən yaxşı döyüşü, həm də ən yaxşı nokautu nominasiyasında birinci oldu. Bununla da, təmsilçimiz qələbədən əlavə 100 min dollar bonus qazandı.

“Bura Azərbaycandır. Məni burada məğlub etmək istəyən tapança ilə gəlməlidir. Vətəndə yalnız qələbə qazanmaq haqqında düşünürdüm. Mənim ürəyim Azərbaycanla döyünür”, – deyə Sadıxov qələbədən sonra təəssüratlarını ifadə etdi.

 

Fiziyevin geridönüşü

UFC-nin azərbaycanlı “üçlüy”ü arasında ən məşhuru Rafael Fiziyevdir. Burada ən baxımlı döyüşçülərdən biri olan idmançımız Bakıya ardıcıl üç məğlubiyyətlə gəlmişdi. Lakin o, çilili İqnasio Bahamondesə qarşı favorit sayılırdı. Fiziyev qələbə sayəsində həm son məğlubiyyətləri unutdurmaq, həm də qalibiyyət yoluna qayıtmaq istəyirdi. O, məqsədinə nail olmağı bacardı.

Bahamondeslə döyüş ağır keçsə də, Fiziyev yekunda hakimlərin qərarı ilə qalib elan olundu. Doğma azarkeşlər qarşısında əldə edilən qələbə Rafael üçün yüngül çəkidə iddialarını yenidən alovlandırmaq üçün başlanğıc olmalıdır.

“Ataman” ləqəbli idmançı qələbədən sonra Azərbaycanda döyüşməyin ona əlavə güc verdiyini söylədi: “Azərbaycanlılar daha xoşbəxt yaşamağa layiqdirlər. Burada uduza bilməzdim”.

Mükəmməl təşkilatçılıq

UFC-nin döyüş gecəsi Azərbaycandakı digər böyük idman tədbiri kimi əla təşkilatçılığı ilə diqqət çəkdi. UFC prezidenti Deyna Uayt iyunun 20-də Prezident İlham Əliyevlə görüşdə bu turnirə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğulayaraq, göstərilmiş dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdi.

Turnirdən sonra isə o, Bakı haqqında təəssüratlarını dilə gətirib: “Bakı mükəmməldir. Şəhər çox gözəldir. İnsanlar qonaqpərvərdirlər. Azərbaycandan çox gözəl hisslərlə qayıdacağam”.

Turnirin Bakıda bu cür təşkili təsadüfi deyil. İndiyədək ölkəmizdə çox sayda nüfuzlu beynəlxalq idman yarışı ən yüksək standartlara cavab verməklə keçirilib. Bu da istisna olmadı və növbətisi kimi tarixə düşdü. UFC kimi mötəbər turnirin Bakıda təşkil olunması Azərbaycanın idman ölkəsi kimi dünyada artan nüfuzunun daha bir göstəricisidir.

 

banner

Oxşar Xəbərlər