Zirvədən aşağı baxanda...

Vəfa Musayeva sadəcə bir ad deyil, o, iradənin, inadın və milli qürurun simvoluna çevrildi. Bir neçə gün əvvəl o, Azərbaycanın adını səma ilə yer arasında, 8848 metrlik yüksəkliyə - Everestə yazdı.
Bəzən bir qadının addımı bir millətin tarixində iz qoyur. Bu dəfə o addım dünyanın ən yüksək nöqtəsinə - buludların toxunmadığı zirvəyə doğru idi. Vəfa Musayeva sadəcə bir ad deyil, o, iradənin, inadın və milli qürurun simvoluna çevrildi. Bir neçə gün əvvəl o, Azərbaycanın adını səma ilə yer arasında, 8848 metrlik yüksəkliyə - Everestə yazdı. Bu, həm də Azərbaycanın alpinizm tarixində qadın imzası ilə yazılan ən parlaq səhifədir.
Ölümcül səfər
Yer kürəsinin ən yüksək zirvəsi sayılan Everest əsrlər boyu insan ruhunun sınaq meydanı olub. Himalay dağ silsiləsinə aid olan bu zirvə Nepal və Çin sərhədində yerləşir və 8848 metrlik hündürlüyü ilə dünyadakı ən ekstremal coğrafi nöqtə hesab olunur. Hər il yüzlərlə alpinist bu zirvəyə çatmaq üçün cəhd edir. Lakin bir çox hallarda bu, onların sonuncu ekspedisiyası olur. Çünki sərt iqlim, oksigen çatışmazlığı, şaxtalı fırtınalar və buzlaq uçqunları səbəbilə bu yol həm fiziki, həm də psixoloji baxımdan ölüm-dirim mübarizəsinə çevrilir.
Everestə qalxmaq sadəcə bir dağa dırmaşmaq deyil. Bu, insanın öz fiziki gücünə, ruhuna və təbiətin qüdrətinə qarşı göstərdiyi dözümlülük imtahanıdır. Ona görə də Everestin hər bir uğurlu fəthi, idmandan çox, bir həyat fəlsəfəsi, iradənin və inamın qələbəsi kimi qiymətləndirilir.
İsrafil Aşurlının açdığı cığır
Everesti ilk fəth edənlər 1953-cü ilin 29 mayında yeni zelandiyalı Edmund Hillari və nepallı Tensinq Norgey olublar. Azərbaycanlılar üçün bu zirvəyə gedən yol isə İsrafil Aşurlı ilə başlayıb. O, 2007-ci ildə Everestə qalxaraq, ölkəmizin adını bu nəhəng zirvədə yazan ilk azərbaycanlı olub. Onun ardınca Murad Aşurlı (Rusiya və ABŞ vətəndaşı kimi) 2013-cü ildə, Vadim Vokryaçko isə 2019-cu ildə zirvəyə çatmağı bacarıb.
2023-cü ildə Ukrayna vətəndaşı olan azərbaycanəsilli Elmira Aslanova Everest zirvəsinə qalxaraq, Azərbaycan mənşəli ilk qadın kimi tarixə düşüb. Lakin o, başqa bir ölkənin vətəndaşı kimi ekspedisiyada iştirak etmişdi.
İlk azərbaycanlı qadın
Vəfa Musayeva dünyanın ən hündür zirvəsini fəth edən ilk Azərbaycan vətəndaşı qadın kimi tarixə düşdü. O, mayın 15-də Everestə qalxmaq missiyasını uğurla tamamladı. Bununla kifayətlənməyən qadın alpinist 48 saat sonra planetin dördüncü yüksək zirvəsi sayılan Lhotseni fəth etməyi bacardı. Vəfa Musayevanı Elmira Aslanovadan fərqləndirən məqam isə onun məhz Azərbaycan alpinizmini təmsil etməsidir.
Vəfa Musayeva uzun illərdir alpinizmlə məşğuldur. Onun izləri Qafqazın sərt qayalarından tutmuş Asiyanın çətin dağlarına qədər uzanır. Lakin Everest hər bir alpinistin ən böyük arzusudur. Buz fırtınaları, oksigen çatışmazlığı, yorğunluq və təhlükəli yamaclara baxmayaraq, o, bu zirvədə Azərbaycanın adını ucaltmağı bacardı.
“Bu zirvələrə xəyallarımda milyon dəfə çıxıb-düşmüşəm”
Everesti necə fəth etdiyini ən yaxşı şəkildə alpinistin özü izah edir. Vəfa Musayeva hətta orada olarkən belə özünü xəyallarda hiss etdiyini söyləyir: “Bəlkə də çalışmalarım ona görə bəhrə verdi ki, bu zirvələrə xəyallarımda milyon dəfə çıxıb-düşmüşəm. Yolları təhlil etmişəm, necə gedəcəyimi, özümü hansı şəkildə aparmalı olduğumu planlaşdırmışam. Fikrimdə o qədər canlandırmışdım ki, Everestə çatanda elə bildim yenə xəyallardayam. Real olduğunu anlayandan sonra məndə emosional partlayış baş verdi. Hətta yanımdakı xarici vətəndaşdan soruşdum ki, “bu, Everestdir?” O da əli ilə gözümün yaşını silib dedi ki, “bəli, bura Everestdir”. Zirvəyə fiziki şəkildə çıxmadan öncə dəfələrlə mənəvi baxımdan oraya gedib-gəlirdim. Ona görə də Everest ekspedisiyasına yollananda zirvəni görəcəyimə əmin idim”.
Vəfanın bu sözləri göstərir ki, bəzən ən böyük zəfərlər öncə xəyallarda başlanır. Qalanı iradə və inamın üzərinə düşür.
Zirvəni yaxınlaşdıran qadın
Bu nailiyyətin arxasında böyük bir zəhmət, fiziki və mənəvi dözümlülük dayanır. Onun Everestə dırmanması sadəcə bir idman hadisəsi deyil, həm də qadınların istənilən sahədə uğur qazana biləcəyini sübut edən simvolik addımdır. Everest zirvəsi uzaq və əlçatmaz görünə bilər. Lakin Vəfa Musayeva bu məsafəni azaldıb, zirvəni bir az daha yaxınlaşdırdı. O göstərdi ki, azərbaycanlılar dünyanın ən çətin coğrafiyalarında belə iz buraxa bilirlər. Vəfa Musayevanın uğuru gənclərə, xüsusilə qızlara yeni hədəflər seçmək üçün stimul olacaq. Bəlkə də illər sonra başqa bir azərbaycanlı qız Vəfanın iziylə gedib yeni zirvələri fəth edəcək. Vəfa Musayeva zirvələri yaxınlaşdırdı. Bu, bir insanın uğuru yox, bir millətin gücünün dağlara həkk olunmuş simvoludur.
