Cüdoçularımızın Budapeşt sınağı

İyunun 13-dən 20-nə qədər davam edən mundialı Azərbaycan idmançıları üç bürünc medalla başa vurdular. Xüsusən, son Olimpiya çempionu Hidayət Heydərovun ilk görüşdə uduzaraq dünya çempionatı ilə erkən vidalaşması cüdosevərlərin əhvalını korladı.
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına yekun vuruldu. İyunun 13-dən 20-nə qədər davam edən mundialı Azərbaycan idmançıları üç bürünc medalla başa vurdular. Xüsusən, son Olimpiya çempionu Hidayət Heydərovun ilk görüşdə uduzaraq dünya çempionatı ilə erkən vidalaşması cüdosevərlərin əhvalını korladı. Bəs reallıqda idmançılarımızın Macarıstan paytaxtındakı nəticələrini necə qiymətləndirmək olar?
10 çəkidə 13 cüdoçu
Azərbaycan komandası Budapeştdə 13 idmançı ilə təmsil olundu. Kişi cüdoçulardan Əhməd Yusifov (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (+100 kq), qadınlardan Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) mübarizə apardılar.
Əhməd Yusifov 1/16 finalda yaponiyalı Ryuju Naqayamaya, Ruslan Paşayev 1/8 finalda digər yaponiyalı Takeşi Takeokaya, Rəşid Məmmədəliyev ¼ finalda Serbiya idmançısı Baysanqur Baqayevə, Vüqar Talıbov 1/32 finalda gürcüstanlı Luka Maysuradzeyə uduzaraq yarışı medalsız başa vurdular.
Uşanqi Kokauri (+100 kq) fərdi yarışın 1/32 finalında Serbiya təmsilçisi İqor Vraçarla üz-üzə gəldi və onu məğlub etdi. İdmançımız daha sonra isə kubalı Endi Qrandanı məğlub etməyi bacardı. 1/8 finalda türkiyəli Munir Ertuğu da üstələyən Kokauri, 1/4 finalda gürcüstanlı Quram Tuşişviliyə uduzdu.
Təsəlliverici görüşdə çexiyalı Lukaş Krpalek üzərində qələbə qazanan Uşanqi bürünc medal uğrunda qarşılaşmada tacikistanlı Temur Rəhimova məğlub olaraq mükafatdan kənar qaldı.
Qadınların yarışında isə təkcə Leyla Əliyeva bir mərhələ keçməyi bacardı. O, 1/16 finalda sonradan dünya üçüncüsü olacaq Laura Martinez Abelendaya (İspaniya) məğlub olaraq mundialla vidalaşdı. Könül Əliyeva 1/32 finalda ABŞ-li Mariya Selia Labordeyə, Gültac Məmmədəliyeva eyni mərhələdə kiprli Sofia Asvestaya, Fidan Əlizadə isə 1/16 finalda Maritsa Perişiçə yenildi.
İlk dəfə fəxri kürsüdə
Bürünc medalçılarımızdan ikisi - Zelim Tçkayev və Elcan Hacıyev ilk dəfə dünya çempionatında uğur qazanmağı bacardılar. 81 kq çəki dərəcəsində yarışan Zelim ilk görüşündə çinli Tsyanqnan Vanı cəmi 32 saniyə ərzində ipponla məğlub etdikdən sonra 1/8 finalda braziliyalı Luam Almeydanı, ardınca cənubi koreyalı Çunxvan Lini üstələdi. Lakin yarımfinalda üçqat dünya çempionu gürcü Tato Qriqalaşvilini məğlub etmək mümkün olmadı. Bununla belə, idmançımız bürünc medal uğrunda döyüşdə BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilidən güclü olaraq Avropa üçüncülüyündən sonra dünya çempionatında da fəxri kürsüyə çıxmağı bacardı.
Elcan Hacıyev isə cüdomuzun 20-ci dünya çempionatı medalçısı kimi tarixə düşdü. 90 kq çəki dərəcəsində yarışan idmançı ardıcıl olaraq özbəkistanlı Nurbek Murtozoyev, Çin Taypeyindən olan Pen-Yu Çen və çexiyalı Adam Kopetskinı məğlub edərək yarımfinala yüksəldi. Burada yaponiyalı Goki Tacimaya uduzan Elcan bürünc medal görüşündə eston Klen Kristofer Kaljulaidu üstələməyi bacardı.
Olimpiya çempionlarımızdan fərqli nəticələr
Keçən il Parisdə keçirilən Olimpiya Oyunlarında Azərbaycan cüdoçuları tarixi nailiyyətə imza atmışdılar. Hidayət Heydərov və Zelim Kotsoyev bütün rəqiblərini üstələyərək ölkəmizə iki Olimpiada qızılı gətirdilər. Həmin uğurdan sonra hər yarışda bu idmançılardan gözləntilər ən yüksək pillədir.
Dünya çempionatında onların çıxışı fərqli alındı. Zelim Kotsoyev mundialın bürünc medalını əldə etməyi bacardı. 100 kq çəkidə yarışan cüdoçu ¼ finala qədər italiyalı Cennaro Pirelli və qazaxıstanlı Marat Baykamurovu ipponla üstələdi. Lakin burada o, neytral statusda çıxış edən Arman Adamyana məğlub oldu. Təsəlliverici görüşlərdə isə Zelim Kotsoyev İspaniya təmsilçisi Nikoloz Sardazaşvili və koreyalı Seheon Kimə qalib gələrək medalı boynundan asdı.
Hidayət Heydərova gəlincə, o, 1/16 finalda gözlənilmədən Portuqaliya təmsilçisi Otari Kvantidzeyə məğlub olaraq, dünya çempionatı ilə erkən vidalaşdı. Əksəriyyət titullu idmançımızdan daha yaxşı nəticə gözləyirdi, lakin Olimpiya Oyunlarından sonra ilk dəfə yarışa qatılan cüdoçumuzun ideal formasından uzaq olması buna imkan vermədi. Bu, Hidayət üçün son deyil. Təcrübəli idmançı özü də yenidən zirvəyə qalxacağına inanır: “Məqsədim aydındır: yenə zirvəyə qalxmaq. Uduzmaq da bu yolun bir hissəsidir. Amma unutmayın: mən buradayam və qələbə yenə gələcək. Sözlə yox, əməllə danışacağam”.
Nəticə qənaətbəxşdir
Düzdür, idmançılarımızın çıxışı daha yaxşı ola bilərdi. Kiçik detallar, bəzi anlarda tələskənlik məğlubiyyətə səbəb oldu. Bir neçə görüşdə cüdoçularımız hesabda öndə olduqları halda uduzdular. Ümumiyyətlə, yarış çox ağır keçdi. Kişilərin mübarizəsində yeddi çəkinin beşində son Olimpiya çempionları mübarizəyə qatılmışdı ki, onlardan cəmi ikisi – yaponiyalı Hifumi Abe və təmsilçimiz Zelim Kotsoyev bürünc medal qazana bildi. Qalan üç Olimpiada qalibi - ikiqat Olimpiya çempionları olan Laşa Bekauri ilə Takanori Naqase və artıq qeyd etdiyimiz kimi, Hidayət Heydərov yer tuta bilmədilər. Əhməd Yusifov və Ruslan Paşayevin məğlub olduqları yaponiyalı idmançılar isə dünya çempionu oldular. Bu məqam cüdoçularımızın güclü rəqiblərlə çox erkən qarşılaşmalarının medal şanslarını azaltması anlamına gəlir. Mundialın ümumi gedişatını nəzərə alsaq, nəticələri qənaətbəxş hesab etmək olar. Dünya çempionatı cüdoçularımızın yaxşı potensialının olduğunu üzə çıxardı. Ən azı, iki yeni medalçımızın olması bunu deməyə əsas verir.
Bir məqamı qeyd edək ki, budəfəki mundial Azərbaycan cüdosu üçün başqa məqamla da əlamətdar oldu. Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer almışdı. Beləliklə, cüdo tariximizdə ilk dəfə azərbaycanlı referi böyüklər arasında dünya çempionatında iştirak etdi.
