Tez parlayıb tez sönənlər

Əgər peşəkarlığı önə çəkər, təvazökarlıq və əzmlə çalışarsa, Amin Rzayev nəinki Premyer Liqada, hətta beynəlxalq səviyyədə də Azərbaycan futbolunun yeni simasına çevrilə bilər. Əks halda, o da adı keçmişlər sırasında xatırlananlardan biri olacaq.
Azərbaycan Premyer Liqasının 33-cü turu maraqlı hadisə ilə yadda qaldı: artıq çempionluğu təmin etmiş “Qarabağ”ın heyətində 15 yaş 204 günlük Amin Rzayev debüt etdi. Bu, son 12 mövsümün rekord göstəricisidir. O, 16 yaşı tamam olmadan Premyer Liqada oynayan son 15 mövsümdəki altıncı futbolçudur. Rzayevdən daha gənc yaşda yalnız Budaq Nəsirov və Anar Həsənov debüt edib. Digər adlar - Orxan Əliyev, Elnur Cəfərov və Səbuhi Abdullazadə də vaxtilə “çox ümidverici” sayılırdılar. Bəs onların taleyi necə oldu? Yazıda bu suala cavab axtaracaq, Amin üçün nəyin düzgün, nəyin yanlış “yol xəritəsi” ola biləcəyinə nəzər salacağıq.
60 milyonluq Budaq
Rekordçu Budaq Nəsirov 2011/12 mövsümündə, 15 yaş 128 gündə “Turan”ın heyətində debüt etdi. Daha sonra, o, özünü “Kəpəz”də göstərdi. Budaq 2016-cı ildə Portuqaliyanın “Sportinq” klubu ilə müqavilə bağladı. “Ulduz ovçusu” kimi tanınan Lissabon klubu onun potensialına o qədər inanırdı ki, gənc futbolçuya 60 milyon avroluq təzminat məbləği təyin edilmişdi. “Sportinq”in B komandasında başlanğıc yaxşı olsa da, Budaq sonradan formadan düşdü. İkinci ilində demək olar ki, şans qazanmayan yarımmüdafiəçi, icarə ilə “Zirə”yə gəldi, ardınca yenidən Pireney yarımadasına qayıtdı və tezliklə demək olar ki, futbol dünyasından silindi. Hətta bir müddət onun Türkiyədə xidmət sahəsində çalışdığı belə iddia olunurdu. “Turan Tovuz” 2023-cü ildə Nəsirova ikinci şansı verdi, lakin intizamsızlıq səbəbindən bundan da yararlana bilmədi. Qısamüddətli “Karvan” karyerasının ardınca Budaq yenidən “yoxa çıxıb”.
Siyahının ikinci adı Anar Həsənov 15 yaş 202 gündə “Rəvan”da debüt etsə də, karyerası uğurlu alınmadı.
Əldən verilən fürsət
2011-ci ildə “Sumqayıt”da debüt edən Orxan Əliyev uğurlu çıxışı ilə diqqət çəkməyi bacarmışdı. Bir il sonra artıq Portuqaliyanın köklü klublarından “Portu”nun diqqətini çəkən gənc oyunçu komandanın baxışına dəvət aldı. Klub onu əvəzedici heyətə götürmək istəsə də, Orxanın planları başqa idi. O, yalnız əsas komandada oynamaq istədiyi üçün bu transfer baş tutmadı. Sonradan “Xəzər Lənkəran”dan tutmuş “Araz-Naxçıvan”a qədər bir çox komandalarda oynasa da, heç cür arzuladığı zirvəyə çata bilmədi. Hazırda 29 yaşında olan hücumçu “Turan Tovuz”un formasını geyinir. Bir o qədər də şans qazanmayan forvard yenicə I Liqaya yüksələn “Şəfa” klubunun transfer hədəfidir. Güman ki, növbəti mövsümü məhz Bakı klubunda keçirəcək.
Daha bir uğursuz Portuqaliya sərgüzəşti
15 yaş 320 günündə “Xəzər Lənkəran”da debüt edən Elnur Cəfərov siyahımızda Budaq Nəsirovla birgə gələcəyinə ən çox ümid bəslənən ad idi. O, 2016-cı ildə Portuqaliyanın “Tondela” klubuna keçdi. Lakin bir neçə ay sonra baş məşqçi ilə yaşadığı konflikt səbəbindən komandadan ayrıldı. Düzdür, Elnur dərhal Azərbaycana qayıtmadı. O, “Tondela”dan sonra Xorvatiyanın “Duqopolye” klubunda çıxış etdi. Lakin orada da möhkəmlənmək mümkün olmadı. Ardınca ölkə daxilində həm Premyer Liqa, həm I Liqada şans qazanan Cəfərov tam mənada özünü göstərə bilmədi və heç vaxt potensialını tam açması mümkün olmadı. Hazırda o, “Şəfa”nın heyətində çıxış edir.
Siyahının ən stabil inkişaf göstərən üzvü Səbuhi Abdullazadədir. 15 yaş 349 günlüyündə “Sumqayıt”da debüt edən yarımmüdafiəçi hazırda 23 yaşındadır və yetirməsi olduğu klubun liderlərindəndir. Ondan fərqli olaraq digərləri üçün fürsətlər ötüb keçmiş olsa da, Səbuhi üçün hələ də hər şey mümkündür. Sadəcə, artıq daha bir pillə adlamağın vaxtıdır.
Amin Rzayev üçün dərs: istedad yetərli deyil
Amin Rzayev üçün isə hər şey indi başlayır. Qurban Qurbanov kimi ciddi və sistemli məşqçinin rəhbərliyi altında formalaşmaq, onun üçün böyük şansdır. Belə bir mütəxəssis ona şans verirsə, deməli, həqiqətən, böyük potensiala malik oyunçudur. Amma sadəcə istedad kifayət deyil. Budaq, Elnur, Orxan kimi adlar bacarıq baxımından zəif deyildi, lakin xarakter, mental hazırlıq və peşəkarlıqda axsadılar. Mahir Emreli, Ramil Şeydayev, Araz Abdullayev və digər bir neçə ad da buna nümunədir.
Amin düzgün yol seçməli, həm intizamlı, həm də məqsədyönlü olmalıdır. Təkcə debüt etməklə yox, davamlı inkişafla fərqlənmək, real karyera qurmaq onun əsl uğuru olacaq. O, gənc yaşda Azərbaycan futbolunda nadir rast gəlinən fürsəti qazanıb. İndi bu fürsəti dəyərləndirmək növbəsi özündədir. Əgər peşəkarlığı önə çəkər, təvazökarlıq və əzmlə çalışarsa, nəinki Premyer Liqada, hətta beynəlxalq səviyyədə də Azərbaycan futbolunun yeni simasına çevrilə bilər. Əks halda, o da adı keçmişlər sırasında xatırlananlardan biri olacaq. Aminin daha yaxşı nümunə olması diləyi ilə...
