Futbolçularımız niyə qol vura bilmirlər?

Premyer Liqa klublarının irəli xətt oyunçularına baxdıqda, bir qayda olaraq legioner futbolçuları görürük. Hücumçuların az qala hamısı əcnəbilərdir.
Futbolun bəzəyi qoldur. Azarkeşləri oyuna bağlayan da məhz budur. Gözəl bir ötürmə və ya taktiki quruluş nə qədər vacib olsa da, onları dəyərli edən nəticə qoldur. Bu səbəbdən hücumçular, qol vuran oyunçular daha çox ön plana çıxır. “Qızıl top” kimi nüfuzlu fərdi mükafatların əksəriyyəti məhz hücum xəttində çıxış edən, məhsuldar futbolçulara verilir. Bir qədər klassik olan bu girişdən aydın olduğu kimi bu dəfə qoleadorlardan bəhs edəcəyik. Daha doğrusu, azərbaycanlı futbolçuların qol vura bilməmə problemindən.
Premyer Liqada acınacaqlı mənzərə
Azərbaycan çempionatının oyunları, adətən, bir o qədər də məhsuldar keçmir. Bu səbəbdən yekun bombardirlik sıralamasında da gözqamaşdıran rəqəmlər olmur. 30 turdan sonra Premyer Liqamızda ən məhsuldar futbolçu Leandro Andradedir. “Qarabağ”ın kabo-verdeli yarımmüdafiəçisi 14 dəfə topu tora qovuşdurmağı bacarıb. Onu “Sabah”dan Jesse Sekidika və “Zirə”dən Davit Volkov izləyir - hərəyə 10 qol. Peşəkar Futbol Liqasının rəsmi saytında yer alan bombardirlik sıralamasında ilk 14 futbolçu arasında cəmi bir yerli var. “Qarabağ”ın futbolçusu Nəriman Axundzadə səkkiz qolla 8-ci yerdədir. İlk 25 futbolçu arasına isə hərəyə beş qolla Toral Bayramovla Rüfət Abdullazadə də daxil olmağı bacarıblar.
Keçən mövsümün yekun sıralamasında da oxşar durum olub. O zaman da Nəriman Axundzadə əcnəbilərin bombardirlik mübarizəsində varlıq göstərməyə çalışıb. Cəmi iki mövsüm əvvəl isə tam fərqli mənzərə olub. Ramil Şeydayev 22 qolla bombardir adını qazanıb. Ən yaxın izləyicisi Musa Qurbanlı 21 dəfə fərqlənib. Sıralamada Emin Mahmudov üst pillələrdə olub. İndi isə vəziyyət 180 dərəcə dəyişib.
Hücumçu tapılmır
Premyer Liqa klublarının irəli xətt oyunçularına baxdıqda, bir qayda olaraq legioner futbolçuları görürük. Hücumçuların az qala hamısı əcnəbilərdir. Burada yalnız Nəriman Axundzadəni istisna edə bilərik. O da Juninyonun “Qarabağ”ı tərk etməsindən sonra hücumun sivri ucunda yer almağa başlayıb. Gənc futbolçu cinahda daha effektivdir. “Neftçi”də Ağadadaş Salyanski ara-sıra şans qazanır, “Qarabağ”ın iki il öncə bombardirlər siyahısında olan hücumçusu Musa Qurbanlı isə formasından çox uzaqdır.
Təkcə hücumun mərkəzi deyil, vinger, oyunqurucu kimi mövqelərdə də klublar bir qayda olaraq əcnəbilərdən yararlanırlar. Burada Rüfət Abdullazadə, gənc oyunçulardan Xəyal Əliyev, Murad Musayevi istisna edə bilərik. Beləliklə, futbolumuzda təkcə hücumçu deyil, ümumilikdə yaradıcılıq problemi var.
Yaş limitinin fəsadı
Uzun illər çempionatımızda klubların start heyətdə yaşı 21-dən az olan azı bir yerli futbolçunu meydana buraxması qaydası tətbiq olunub. İlk baxışdan bunun gənc oyunçuların inkişafına təkan verəcəyi təəssüratı yaranır. Həqiqətən, bəzi futbolçular məhz limitin sayəsində üzə çıxdılar. Düzdür, limitə görə oynayanların bir çoxu yaşları artdıqca, heyətə düşməkdə çətinlik çəkdilər. Ancaq bəzi oyunçuların diqqət çəkməsində bunun rolu oldu.
Limitin fəsadı isə daha böyükdür. Klubların baş məşqçiləri gənc futbolçuları əsasən iki mövqedə oynadırdılar. Bunlardan biri yarımmüdafiənin dayaq zonası, digəri müdafiənin cinahları idi. Müdafiənin mərkəzində mümkün səhvlər, irəli xətdə isə qeyri-effektiv olmaları çalışdırıcların bu mövqelərdə gənc futbolçulara şans verməməsinə səbəb oldu. Beləliklə, akademiyalar üzərində dayaq yarımmüdafiəçisi və cinah müdafiəçisi tələbləri artdı. Akademiyaların məhz bu istiqamətlərə fokuslanması, eyni zamanda bu mövqelərə tələbatın artması ilə gənc oyunçular həmin istiqamətə üz tutdular. Hazırda futbolumuzda hücumçu, vinger, hətta mərkəz müdafiəçisi mövqelərində ciddi defisit olmasının səbəblərindən biri də məhz tətbiq olunan limitin kor-koranəliyi idi.
Problemin milli komandaya təsiri
Azərbaycan yığmasının əsas hücumçuları ölkə xaricində çıxış edirlər. Mahir Emreli Almaniyanın “Nürnberq”, Renat Dadaşov Polşanın “Radomyak” klubunun formasını geyinir. Bu mövsüm Emreli dörd, Dadaşov isə iki qolun müəllifi olmağı bacarıb.
Futbolumuzdakı ümumi qeyri-məhsuldarlıq milli komandaya da təsirsiz ötüşməyib. Yığma son altı rəsmi oyunda cəmi üç qol vura bilib. Halbuki həmin zaman Estoniya kimi zəif rəqiblə iki oyun keçirmişik. Son iki yoxlama matçında isə komandamız Bakıda nə Haitiyə, nə də Belarusa qol vura bilib. Görünür ki, futbolumuzdakı yaradıcı oyunçu çatışmazlığı milli komandaya da mənfi mənada təsirini göstərir. Düzdür, yığmamız heç də hər zaman məhsuldarlığı ilə seçilməyib, lakin indiki situasiya da olduqca acınacaqlıdır.
Limitin ləğvi necə təsir edəcək?
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olunacaq. Əgər indi komandalar start heyətdə maksimum 8 əcnəbi oyunçuya yer verə bilirsə, artıq 11 xarici ilə oynamaq mümkün olacaq. Bu isə bəzən məcburiyyətdən oynadılan yerli futbolçuların da şans almağını çətinləşdirəcək.
Əlbəttə, qərar yenidir və futbolumuza təsirlərinin necə olacağını yalnız praktikadan keçdikdən sonra müəyyənləşdirmək olar. Lakin sadə məntiq onu deməyə əsas verir ki, hətta limit olduğu dövrdə az qala heç nə ilə diqqət çəkməyən yerli futbolçular üçün limitin ləğvindən sonra vəziyyət daha da çətinləşəcək. Əgər indi qol vurmaq problemindən bəhs ediriksə, bu gedişlə azərbaycanlı futbolçuların niyə oynamadığı və ya niyə heyətə düşə bilmədiyi mövzusu gündəmə gələcək.
