Süleymanov Gəncədə futbol ictimaiyyətinin nümayəndələri ilə görüşdü

Süleymanov Gəncədə futbol ictimaiyyətinin nümayəndələri ilə görüşdü

İdman
23 May 2019, 14:30 324
Futbol ictimaiyyətinin nümayəndələrinin Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqını təsis etdiyi barədə məlumat vermişdik. 
 
Təsis yığıncağı keçirən nümayəndələr Azərbaycan futbolunun məşhur siması Nazim Süleymanovu təşkilata sədr seçmişdilər. Nazim Süleymanov bildirmişdi ki, təşkilatla bağlı maarifləndirici işlər  görmək üçün Azərbaycanın regionlarında futbol ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırırlar. 
 
Artıq ilk belə görüş baş tutub. Nazim Süleymanovla Əfqan Talıbov Gəncədə futbol ictimaiyyətinin nümayəndələri ilə görüşərək müzakirələr aparıblar. 
 
Bu barədə məlumatı Kaspi.az-a Nazim Süleymanov verdi. O, bildirdi ki, görüşdə Gəncə futbolunun adlı-sanlı isimləri – Vidadi Rzayev, Tofiq Məmmədov, Fazil Pərvərov, Rövşən Əhmədov, Cavid Əhmədov, Firuz Qulami, Xaliq Qafarov, Həsən Abdullayev iştirak ediblər: "Müzakirələr zamanı yeni yaradılan təşkilatın fəaliyyət prinsipləri barədə məlumat verildi. Gəncə, ümumiyyətlə, Azərbaycan futbolunda böyük xidmətləri olan bu şəxslərin fikir və təkliflərini öyrənmək bizim üçün olduqca vacib idi. 
 
Müzakirələr zamanı təşkilatın məqsədi, məramı barədə geniş söhbət etdik. Bildirdik ki, bu təşkilatın əsas məramı Azərbaycan futbolunun inkişafına xidmət etmək, hüququ pozulan hər bir futbol adamının yanında olmaqdır. Bu şəxslərin fikirləri təşkilatın strukturunun qurulması, iş fəaliyyətinin formalaşması yönündə bizim üçün dəyərli məqamlardır. 
Sözsüz, onların hər birinin təklif və iradları nəzərə alınacaq”.  

Nazim Süleymanov bildirdi ki, belə görüşlər Azərbaycanın bütün regionlarında təşkil ediləcək: "Çalışacağıq ki, Azərbaycan futbolunda xidmətləri olan, bu sahəyə aid olan hər bir şəxsin fikrini alaq, təklifini dinləyək. Bizim təşkilata üzvlük könüllülük əsasındadır. Heç kimi bu təşkilata məcbur üz qəbul edə bilmərik. Ancaq məqsədimiz odur ki, təşkilatımıza üzv olmayanların da yanında olaq, hüquqları pozulacağı təqdirdə, onların da müdafiəsində dura bilək. Azərbaycanın futbol ictimaiyyətinin müzakirələr aparmaq, təklif və iradlarını bildirmək, futbolun inkişafına töhfə vermək üçün hansısa bir birliyə, təşkilata ehtiyacı var”.