Süfrəmizdəki balın yeni "pasportu"
Bal bazarında həm istehsalçıları, həm də istehlakçıları yaxından maraqlandıran yeni sanitariya norma və qaydaları hazırlanır. Sektoru hazırda ən çox düşündürən məsələ isə ölkəyə kənardan gətirilən keyfiyyətsiz balın yerli arıçılığı məhvetmə təhlükəsidir.
Azərbaycanda bala dair sanitariya norma və qaydaları təsdiq ediləcək. Bununla bağlı müvafiq texniki normativ hüquqi akt layihəsi artıq hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Layihəyə əsasən, filtrlənmiş və bişirmə bal istisna olmaqla bal istehsal edildiyi bölgənin bitki örtüyünə xas xüsusiyyətləri daşıyırsa, məhsulun adının həmin bölgənin coğrafi və ya topoqrafik adı ilə birgə yazılmasına yol veriləcək. Bəs yeni qaydalar daha hansı məqamları ehtiva edəcək?
“Sənəd balın təhlükəsizliyini və minimum keyfiyyət göstəricilərini müəyyən edir”
AQTA-dan sorğumuza cavab olaraq bildirildi ki, yeni texniki normativ hüquqi akt layihəsi aidiyyəti qurumlarla razılaşdırılması, o cümlədən ictimai müzakirə üçün "Lisenziyalar və icazələr" portalına yerləşdirilib: “Yeni sənəd balın təhlükəsizliyi və minimum keyfiyyət göstəricilərini müəyyən edir və bu sahədə mövcud tənzimləmələri daha da təkmilləşdirir. Qaydalar Avropa İttifaqının müvafiq direktivləri və Kodeks Alimentarius Komissiyasının "bal standartı" sənədləri əsasında formalaşdırılıb. Qaydalar balın bütün növlərinə - çiçək balı, gəzəngi (şirə) balı, şan balı, süzmə bal və digər formalarına şamil olunur. Sənəddə məhsulun tərkibi, istehsal üsulları, saxlanma şəraiti, daşınma qaydaları və etiketləmə tələbləri müəyyən edilib”.
Həmçinin bildirildi ki, yeni tələblərə əsasən, bala hər hansı kənar maddənin əlavə olunmasına yol verilmir. Balın təbii xüsusiyyətləri qorunmalı və süni müdaxilələrə məruz qalmamalıdır. Məhsulun saxlanması və daşınması zamanı temperatur və gigiyena qaydalarına ciddi riayət olunmalıdır, etiketləmə zamanı istehlakçılara düzgün və tam məlumat təqdim edilməlidir: “Etiketlərdə "Bir yaşına qədər körpələrə bal verilməməlidir" xəbərdarlığı mütləq qeyd olunmalıdır. Sənəddə botanik mənşəyi məlum olan ballar üçün çiçək tozcuğu tərkibinə dair minimum göstəricilər müəyyən edilib ki, bu da məhsulun mənşəyinin müəyyən edilməsinə imkan verir. Qaydaların tətbiqi bal istehsalında keyfiyyətin yüksəldilməsinə, saxta bal məhsullarının dövriyyəsinin qarşısının alınmasına, eləcə də istehlakçı hüquqlarının qorunmasına xidmət edəcək”.
“Dünyada yalnız etiketli bal satılması kimi tələb yoxdur”
Azərbaycan Arıçılar Assosiasiyasının idarə heyətinin üzvü, “Balçı” MMC-nin əməkdaşı Elvin Bayramlının sözlərinə görə, hazırda müxtəlif ölkələrdən Azərbaycana külli miqdarda keyfiyyətsiz arı məhsulları idxal olunur və bunun qarşısı mütləq alınmalıdır: “Eyni zamanda, arı məhsullarının istehsalı və saxlanması barədə düzgün təbliğat aparılmalı, sosial şəbəkələrdə arıçı olmayan bəzi şəxslərin laboratoriya yoxlamalarına qarşı çıxışlarının qarşısı alınmalıdır. Digər tərəfdən, verilən rəsmi sənədlərə qarşı cəmiyyətdə etibar formalaşmalıdır. Hazırda alıcılar bu sənədlərə çox vaxt inanmırlar. Bundan əlavə, mövcud laboratoriyalar bəzi göstəriciləri yoxlasa da, fruktoza, qlükoza və kimyəvi qalıqları tam aşkarlaya bilmir. Həmçinin yeni qaydalara əsasən yalnız etiketli balların yoxlanılması tələbi yolverilməzdir. Dünyanın heç bir yerində bütün arıçıların yalnız etiketli bal satması kimi bir tələb yoxdur. Əgər bir vətəndaş aldığı balı gətirib yoxlatmaq istəyirsə, bu, təmin edilməlidir. Yeni qaydalar beynəlxalq standartlara cavab verməklə yanaşı, həm də işlək olmalıdır”.
Saxta bal problemi
E.Bayramlının fikrincə, bəziləri tam saxta, bəziləri isə şəkər qarışdırılmış ballar istehsal edərək satırlar: “Bu, dürüst arıçıların işinə mane olmaqla yanaşı, cəmiyyətdə ümumi şübhə yaradır. Saxta məhsul bazardakı bütün təbii ballara qarşı inamsızlığa səbəb olur. Digər bir məsələ filtrlənmiş baldır. Təbii balın tərkibindəki çiçək tozluqları insan üçün çox faydalıdır, lakin onlar bəzən balın xarlanmasına və çöküntü verməsinə səbəb olur. Aparatda süzülmüş və çöküntüsü alınmış bal xam bal adlanır. Lakin bal xüsusi incə filtrlərdən keçirildikdə, tərkibindəki tozcuqlar tamamilə təmizlənir, məhsul şəffaflaşır, lakin bu zaman məhsul öz orijinallığını və xamlığını itirir”.
“Qeydiyyatsız fəaliyyət göstərənlər cərimədən kənarda qalır”
Mütəxəssis bildirdi ki, dövlət nəzarəti vacibdir, amma ədalətli olmalıdır: “Problem ondadır ki, iş görmək istəyən cərimələnir. Heç bir infrastruktur qurmayan, qeydiyyatsız fəaliyyət göstərənlər isə yoxlamadan kənarda qalır, çünki onlar görünmürlər. Belə olan halda heç bir arıçı dövlətlə müqavilə bağlamaq və rəsmi sənədləşmə işlərinə getmək istəmir. Kənd şəraitində fəaliyyət göstərən arıçıdan ən yüksək standartları tam şəkildə tələb etmək yanlış yanaşmadır. Nəzarət elə qurulmalıdır ki, istehsalçıları tədricən inkişafa təşviq etsin”.
E.Bayramlının sözlərinə görə, sənədlər reallığa uyğun işləməlidir: “Qanunlar qəbul edilərkən arıçılarla məsləhətləşmələr aparılmalı, ictimai müzakirələr təşkil olunmalıdır. Arıçılar üçün ən böyük risk xəstəliklərdir. Saxta bal problemi, müəyyən şərtlər daxilində arıçıların öz təşəbbüsü ilə də həll oluna bilər. Lakin xəstəliklərə qarşı mübarizədə heç bir dövlət qurumu arıçının yanında deyil. Əksinə, yalnız maneələr yaradılır. Bundan əlavə, xaricdən keyfiyyətsiz, virusa yoluxmuş və sənədləri saxta olan arılar gətirilir. Məsələn, idxal olunan arının sənədində "Karnika" cinsi yazılsa da, qurumlar bizə onun "Karpat" olduğunu deyirlər. Ortada belə ciddi problemlər var. Arılar ölürsə, xəstəlik yayılırsa və dövlət müalicə işində dəstək olmursa, nəticədə arıçılıq məhv olur. Belə olan halda balın təbii və ya saxta olmasının da heç bir önəmi qalmır, çünki ortada bal olmayacaq. Bizə ilk növbədə sağlam arı lazımdır”.
Zərif Salmanlı