• şənbə, 20 Aprel, 20:29
  • Baku Bakı 24°C

“Poeziya yeganə “xəstəlik”dir ki, ondan sağalmaq istəmirsən”

13.01.20 11:30 1632
“Poeziya yeganə “xəstəlik”dir ki, ondan sağalmaq istəmirsən”
Afaq Şıxlı: "Hər kəs özü öz daxilində kim olduğunu yaxşı bilir"
Bugünkü müsahibim şair, tərcüməçi Afaq Şıxlıdır. Afaq xanım ixtisasca həkimdir. Azərbaycan Yazıçılar birliyinin və Avrasiya Yazarlar Birliyinin üzvü, Azərbaycan Yazıçlar Birliyinin Moskva bölməsinin katibidir. Müxtəlif şeir və tərcümə kitablarının müəllifidir.
– Həkimlik və şairlik bir xanımın ürəyinə necə sığışıb?
– Şeir yazmağa kiçik yaşlarımdan başlasam da, Tibb İnstitutunda oxuduğum dövrlərdə yazmırdım. Düşünürəm ki, təbabət də elə ədəbiyyat qədər böyük bir qüvvədir. O da insanı özünə elə cəlb edir ki, diqqətini ondan başqa heç nəyə yönəldə bilmirsən. İnstitutu bitirəndən sonra Bakıda on il həkim-terapevt kimi çalışdım. Poeziya dalğası məni bir də 2000-ci ildə Rusiyaya köçdükdən sonra yaxaladı. Və ilk şeir kitabım da 2003-cü ildə çap olundu. İnstitutda bir professor vardı – Qəhrəman Qəhrəmanov, deyirdi ki, həkimin əli – zərgər əli, ürəyisə şair ürəyi olmalıdır. Bu sözlər o zamandan yaddaşıma həkk olub. Ümumiyyətlə, mənə elə gəlir ki, həyatımı iki hissəyə ayırsam, birinci dönəmi təbabət, ikinci dönəmi isə ədəbiyyatdır. Amma ədəbiyyat o qədər cazibədardır ki, ona gəliş var, dönüş yoxdur. Poeziya yeganə "xəstəlik”dir ki, ondan sağalmaq istəmirsən. Hətta şiddətlənməsini arzulayarsan. Ədəbiyyat ana qucağı kimidir. Necə ki ana qucağı doğmadır, əzizdir, ədəbiyyat da elədir. Ordan ayrılmaq, uzaqlaşmaq, həmişəlik soyumaq olmur.
– Siz şeir yazırdınız. Bəs tərcümə etmək zərurəti hardan yarandı?
– Mənə sual versəniz ki, "həyatınızı necə təsvir edərdiniz?”, mən cavab verərdim: poeziya, musiqi, rəssamlıq və, böyük hərflərlə, tərcümə! Tərcümə mənim həyatımda elə bil yer tutub ki, artıq ondan uzaqlaşa bilmirəm. Bu bəlkə də, xoşbəxtlikdir. Ən kədərli anımda belə yadıma düşsə ki, yarımçıq bir tərcüməm var, onun üzərinə qayıtmalıyam, dərhal canlanıram, qəmli fikirlər məndən uzaqlaşır. İlk tərcümə etdiyim kitabsa institut illərində olub. Qrupumuzda rus dilini bilməyən rayon uşaqları da vardı. Azərbaycan dilində tibbi ədəbiyyatsa o dövrdə demək olar ki, yox dərəcəsində idi. Ədəbiyyat azlığından vəsait tapmaq zərurəti yarandı. İmtahan sessiyasına 3 aya yaxın vaxt qalmışdı və tələbə yoldaşlarım kitabı tərcümə etmək üçün mənə müraciət etdilər. Rus dili təmayüllü məktəbi bitirdiyim üçün bu, mənə çətin gəlmədi. Beləliklə, ilk tərcümə etdiyim kitab "Endikronologiya” oldu. Hardasa üç yüz səhifəlik kitab idi. O zaman da nə kompüterimiz, nə də çap makinamız vardı. Əlyazmayla bu kitab yazıldı və yayıldı. Çox təəssüf edirəm ki, o əlyazmaları Moskvaya köçdüyüm ərəfələrdə itdi. Tərcümə etdiyim ikinci kitabsa altı yüz səhifəyə yaxın böyük bir kitab – "Operativ cərrahiyyə” oldu. Amma o da itib-batdı. Bəlkə də, tələbələrdən kimdəsə qaldı, bilmirəm. Onların taleyindən xəbərsizəm. İlk bədii tərcüməm isə çox sevdiyim, qəribə ömür yaşamış Marina Svetayevanın şeirləri olub. Sonralar Anna Axmatovanı və demək olar ki, əksər rus klassiklərini tərcümə etdim. Bu yaxınlarda, saxa türklərinin ünlü şairi Natalya Xarlampyevanın şeirlərini çevirdim. O çox güclü insandır. Əsl qıpçaq qızıdır!
– Sizin fikrinizcə, şair kimdir?
– Son illər şair sözü çox hallanır. Konstantin Stanislavskinin bir deyimi var: "Özünü incəsəntdə deyil, incəsənəti özündə sevmək lazımdır!” Mən, şair dedikdə, ədəbiyyatı özündə sevən adamı nəzərdə tuturam. Özünü şair kimi təqdim etməkdən həzz alan, şöhrət ardınca qaçan, dünyanı gəzmək və ya tədbirlərdə görünmək məqsədilə şair olmağa can atan adamdan heç vaxt şair olmaz. Özünü ədəbiyyatsız təsəvvür etməyən, onunla yaşayan, onunla nəfəs alan insandır şair. Yazdıqlarından daha çox, oxucularını sevən adamdır şair.
– Şairlərə münasibət bizdə – Azərbaycanda və orada – Rusiyada necədir?
– Mənə elə gəlir ki, şairlərin ən yaxşı, eyni zamanda ən çətin günləri sovet dövrünə təsadüf edib. Qonorar, hörmət, yaşayış baxımından sovet dönəmi əvəzsiz olub. Amma senzura çox ağır olduğundan həm də əzablı illər yaşayıblar. O zaman tənqid vardı. İnsanların çoxu həmin o tənqiddən çəkinərək özlərini islah edirdilər. Tənqiddən incisələr də, çox zaman bunu büruzə verməzdilər. Pis odur ki, bu gün ədəbiyyat adamlarının əksəriyyəti bu sahədən gəlirlə özlərini dolandıra bilmir. Tənqid kimisə alçaltmaq, ədəbi mühitdən uzaqlaşdırmaq məqsədilə olmamalıdır. Bizdəsə yerində deyilən ədəbi tənqiddən də inciyirlər, qərəzlidən də. Ümumiyyətlə, mənə elə gəlir ki, indi Azərbaycanda ədəbi tənqid məktəbi zəifdir. Tənqid olmadığı yerdə isə kimin ürəyi nə istəsə yazır. Ən pisi də budur ki, indi dostlar da bir-birini tənqid etmirlər. Dəbdə olan tərif prosesi gəncləri geri salır. İndi yaşlı nəsil gənc nəslə söz deməkdən çəkinir. Onları yönlədirmək istəmir. Gənclərin onları dinləməyəcəyi, sözlərinin yerə düşəcəyi qorxusu var.
– 2019-cu ilin iyun ayında sizin əlli yaşınız tamam oldu. Necə qeyd etdiniz?
– Bildiyiniz kimi 20 ildir Rusiyada yaşayıram. Ruslarsa dəbdəbəni bizim kimi sevmirlər. Orada Mərkəzi Ədəbiyyatçıların Evi, Millətlər evi və bir sıra başqa yerlər var ki, təntənəli yubiley şənlikləri və s... tədbirlər keçirmək mümkündür. Dostlar yubileyimi o yerlərdən birində qeyd etməyi təklif etdilər. İmtina etdim. Yalnız dekabr ayında Moskva bölməmizin rəhbərliyinin və üzvlərinin təkidi ilə dekabrın 6-da 30-a yaxın qələm dostumun və bir neçə diaspor üzvlərinin iştirak etdiyi toplantımız oldu, bir şeir gecəsi kimi... Mən səhnədə oturub öz ünvanıma səslənən tərifləri eşitmək istəmirəm. Hər kəs özü öz daxilində kim olduğunu yaxşı bilir. Dostlarım da, qələm yoldaşlarım da məni çox yaxşı tanıyırlar. Belə olduğu zamanda əlavə tərifə ehtiyac yoxdur.
– Kimləri oxuyursunuz?
– 2010-ci ildə ilk oxuduğum kitab Azərbaycan ədəbiyyatından Elçin Hüseynbəylinin "Şah Abbas” əsəri olub. Klassik ədəbiyyatısa, öyünmək kimi olmasın, çoxunu artıq təkrar oxuyuram. Sonuncular Frensis Skott Fitceraldın "Böyük Getsbi” və Semuel Riçardsonun "Klarissa” romanları olub. Amma bunu da qeyd edim ki, Kafkanı daha çox sevirəm. Kafka üslubunda yazan gənclərimiz var və onlara uğurlar diləməyi özümə borc bilirəm.
– 50 yaş... qürbət... nisgil...
– Əlli yaşda özünü qəribə hiss edirsən. Sanki səyyahsan və ekvator xəttini keçirsən. Əlli yaşa qədər düşünürsən ki, zaman hələ üst-üstə gəlir. 50-dən sonrasa zaman elə bil çıxıla-çıxıla gedir. Və insan ikinci dəfə start götürür və təzədən nəsə eləməyə çalışır. Düşünür ki, zamanım az qalıb və bu zaman çərçivəsində nəsə etməyə çalışır. Bu baxımdan əlli yaş dövrü çox yaxşıdır. Çünki sıxlaşmış formada, artıq dərəcədə çalışırsan. Təbii ki, bundan sonra nə qədər ömrüm var, bilmirəm. Amma onu şərəflə yaşamaq istəyirəm. Hər bir yazarın içində unudulmaq qorxusu var. Bu, əslində, hər bir insanın ürəyində var. Amma ədəbiyyat adamlarında bu qorxu daha böyükdür. Mən unudulmamağa nə qədər müyəssər ola biləcəyəm, bilmirəm. Amma artıq mən dünyada olmayanda kimlərsə mənim yazılarıma, tərcümələrimə müraciət edib "nə gözəldir, nə yaxşıdır” deyərsə, bu elə ölümsüzlüyün özüdür.
Nisgil... Qərib olan insan nisgilsiz olmaz ki. Bəzən qəfildən, bir anlıq – bir nəfəs uzunluğu qədər zaman kəsiyində bir boşluğa düşürəm. Və nədənsə həmişə tələbəlik illərimə düşürəm. Birdən anamın qoxusu gəlir burnuma, atamın səsini duyuram, birdən Bakının küləyi vurur üzümə. Həmin anda hansı hissləri keçirdiyimi deməyə sözlər acizdir. O hisslər çox nostalji hisslərdir. Mən ümumiyyətlə, irəli baxan insanam. Amma keçmiş də həmişə bizimlədir.

– Ömrünüzün bu dönəmində sizin üçün insan amilinin əsasında nə dayanrı?
– Bir dövrün insanlarının başqa bir dövr insanlarla əvəz olunması üçün hardasa 20-30 ilə yaxın vaxt keçir. Həmin 20 ili mən Moskvada yaşamışam. Və mənə elə gəlir ki, insanlar çox dəyişib. Deyirlər dövr dəyişib. Xeyir, dövr və insanlar birlikdə dəyişiblər. Biz elə bilirdik ki, bizim dövrün uşaqları bizdən əvvəlkilərdən zəif, acizdirlər. Amma zaman, müharibə, yaşadıqlarımız onu göstərdi ki, bu belə deyil. Dünyagörüşlərin dəyişməsi insanların düşüncə tərzini də dəyişib. Məsələn, bəzən gənclər deyir ki, biz niyə kiməsə metroda yer verməliyik? Biz də yorulmuşuq. Amma düşünmürlər ki, onlar 20 yaşında artıq yorulublarsa, 60 yaşında yorulanı daha yaxşı anlamalıdırlar. Bir dostumuz var, deyir ki, indi insanlar bir-birinin ardınca o qədər danışırlar ki, üz-üzə gələndə danışmağa söz tapmırlar. Bizim başlıca problemimiz – birinci olmaq istəyi deyil, yeganə olmaq istəyidir. Bax bu yeganə olmaq istəyi bizi çox geri çəkir. Məncə, birlik olaraq irəli getmək daha gözəldir. Təklik insanı əldən salır. Məni xalqımın 30 ildən sonra necə olacağı düşündürür. Ümid edirəm ki, yaxşı olacaq.
– Siz böyük bir nəslin – Şixlinskilər nəslinin davamçılarındansınız.
– Şixlinksilər nəsli Azərbaycana Rus-Yapon müharibəsinin qəhrəmanı, dahi artilleriyaçı qenerel-leytenant Əli ağa Şıxlinski, 18-ci əsrin görkəmli şairi, M.P.Vaqifdən sonra ünlü qoşma ustası kimi tanınan Kazım ağa Saleh (Şıxlinski), şair, alim və hərbçi mayor Mustafa Ağa Arif Şıxlinski, 20 əsrin əvvəllərinin məşhur ziyalılarından biri, böyük maarifçi, tərcüməçi – Şərif bəy Şıxlinski, Azərbaycan ədəbiyyatının unudulmaz siması – İsmayıl Şıxlı, Azərbaycan geologiyasının banilərindən biri, Azərbaycanın baş geoloqu olmuş görkəmli alim Arif Şıxlinski və s... kimi tanınmış şəxsiyyətlər bəxş etmişdir. Bu cür gözəl nəslin nümayəndəsi olmaq həm şərəflidir, həm də məsuliyyətli.
– Gənclər sizi çox sevirlər. Sizə doğma, əziz adamlarıı kimi münasibət bəsləyirlər.
– İndiki gəncləri aldatmaq mümkün deyil. Onlar çox ağıllıdırlar. Onlar sevgini də, səmimiyyəti də yaxşı hiss edirlər. Bu yaxınlarda "Vətən, millət, bayraq” adlı kitabın təqdimatında oldum. O qədər gənc mənə yaxınlaşdı ki... Qucaqlaşdıq, söhbətləşdik, mənə övlad-ana sevgilərini etiraf etdilər. Mən bu sevgiyə inanıram. Onların məndən heç bir asılacaqları yoxdur. Hiss edirəm ki, mən onları sevdiyim qədər də, onlar məni sevir. Bu məni sevindirir. Hesab edirəm ki, biz hər zaman gənclərə dəstək olmalıyıq. Ədəbi mühiti nəyinki ölməyə, heç zəifləməyə də qoymaq olmaz. Bu bizim üzərimizə düşən ən ümdə vəzifədir!
– Ən çox sevdiyiniz şeiriniz hansıdır?
– "Bayraq” şeirimi çox sevirəm. Mən o şeirə, ananın öz övladına necə xeyir-dua verərsə, eləcə xeyir-dua vermişəm. Onu xüsusi bir enerji ilə yükləmişəm. Heç bir şeirə bənzəmədiyinə də əminəm, taleyi də inşaallah parlaq olacaq, bilirəm. Onu məktəbli balalarımızın, əsgərlərimizin dilindən eşitmək istəyirəm!
– Ötən ilin uğurları? Bu ilin planları?
– Ötən ilin ən böyük uğurlarından biri – "Həkimlərin söz dünyası” adlı, həkim-yazarların əsərlərindən ibarət kitabımızın ikinci cildinin nəşri oldu. Kitabın layihə müəllifi olaraq onu deyə bilərəm ki, bu kitab qeyri-adi bir kitabdır. Zaman-zaman çox insan bu kitaba müraciət edəcək və özü üçün yeni ədəbi kəşflər edəcək. Bundan başqa, Türkiyədə, Ankaranın "Akıl-fikir yayınları” nəşriyyatında yubileyim münasibətilə "Qurbet rüzgarları” adlı kitabımı nəşr etdilər. Bu kitabı ikinci dəfə nəşr etmək təklifi də aldım onlardan.
Macar şairi Attila Balaşın, Ukrayna şairi Dmitro Çistyakın şeirlərini, başqırd şairi Gülnaz Kutuyevanın "Azərbaycan dəftəri” adlı 16 şeirdən ibarət toplusunu tərcümə etdim.
Tuva şairi Saylıkmaa Kombunun şeirlərindən ibarət bir kitab hazırlamışam, bu məncə, Azərbaycan oxucusunun Tuva poeziyası ilə ilk tanışlığı olacaq.
Bundan əlavə Bakıda "Bəzən olur”, Tuvada "Çırıtkı” ("İşıq”), Tatarstanda "Ak konemnen bizəkləre” ("Xoş günümün bəzəkləri”) adlı şeir kitablarım hazırlanır. İnşaAalah bu il oxucularımı bu kitablarla sevindirərəm.
– Xanım olaraq bütün bu işləri görmək çətin deyil ki?
– Bir şeyi dəqiq bilirəm ki, çox şeyə nail olmaq istəyirsənsə yuxundan kəsəcəksən! Başqa çıxış yolu yoxdur. Sutkanı uzada bilmərik. Əlimizdə deyil. Bir qadın, iki övlad anası, maşallah, üç nəvənin nənəsi üçün, əlbəttə, həm də yaradıcılıqla məşğul olmaq, ev işlərinə lazımınca diqqət vermək, bu arada özünü də unutmamaq, baxımlı qalmaq – şübhəsiz ki, çətindir. Mən həyat yoldaşıma da, uşaqlarıma da, nəvələrimə də, evimə də vaxt ayırmalıyam. Məişət qayğılarından qaça bilmərik. Biz qadınlar evimizin həm xanımıyıq, həm də qulluqçusu. Bu bizi heç alçaltmır da. Çünki öz evimizdir, öz əzizlərimizdir. İnsanın içində nəyisə etmək hissi, arzusu varsa, mütləq bunu edəcək. Mənim aləmimdə əgər bir işi başladınsa, mütləq sona çatdır, mütləq qalib gəl!
– Qalib qadınsızmı?
– Özümü zəif qadın hesab etmirəm. Kövrəyəm, lakin güclüyəm də! Qalibəmmi? – siz bu sualı mənə on beş ildən sonra verin, sağlıq olsun, o zaman deyərəm. Amma bir şeirimdən iki misranı indi demək istəyirəm:
Həyat məni vurma yerə,
Sürünməyi bacarmıram!

Söhbətləşdi: Xanım Aydın


banner

Oxşar Xəbərlər