Otuz illik susqunluğu pozanlar
Prezident İlham Əliyev: “Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Azərbaycan-Aİ əməkdaşlığında geriləmə olarsa, bu, təəssüf hissi doğurar. Ümidvaram ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər Ermənistan-Azərbaycan gündəliyindən asılı olmayaraq inkişaf edəcək".
Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi 30 illik işğal dövründə etinasız davranan, özünü dünya siyasətinin məhək daşı sayan bir çox siyasi mərkəzlərin susqunluğunu da pozmuş oldu. Dəfələrlə ədalətin bərpası, işğal faktına son qoyulması və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinə dair Bakının ünvanladığı müraciətlərə susqunluqla cavab verən həmin mərkəzlər indi fəallıq nümayiş etdirməyə başlayıblar. Lakin bu fəallıq daha çox birtərəfli, haqqın və ədalətin önünə sipər çəkmək və söndürülən separatizm ocağını yenidən alovlandırmaq məqsədinə xidmət edir. Bu ikili standartlar özünü Avropa İttifaqının (Aİ) bəzi siyasi liderlərinin və alt qurumlarının fəaliyyətində də büruzə verir. Artıq rəsmi Bakı ortaya qoyulan bu mövqenin yanlış olduğunu açıq şəkildə bildirir, xoşagəlməz nəticələr doğuracağına dair xəbərdarlıq da edir.
Brüssel üçün yaxşı olmayan nümunə
Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bu məsələyə xüsusi olaraq toxunub.
Dövlət başçısı bildirib ki, Aİ əvvəllər olduğu kimi, Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır. Belə ki, Aİ torpaqlarımızın işğalı dövründə bu məsələdə heç vaxt fəal olmayıb. O dövrdə Azərbaycanın Aİ-yə və Avropa institutlarına xeyli sayda müraciətlərinə “bu məsələ ilə Minsk qrupu məşğul olur, Avropa İttifaqının bu məsələyə aidiyyəti yoxdur” cavabı verilib. Hazırda isə Aİ-nin bu məsələyə fəal cəlb olunduğu görünür. Lakin əfsuslar olsun ki, Brüsseldə, Aİ-nin mənzil-qərargahında bəziləri tərəfkeşlik edirlər. Bu, qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir: "Əgər mümkündürsə, mən belə bir tövsiyə edərdim ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar. Çünki Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və tamamilə bu cür də qalmaqdadır".
Prezidentin bəyanatından da göründüyü kimi, rəsmi Bakı Aİ daxilində anti-Azərbaycan fəaliyyətin əsas mənbəyinin kim, yaxud hansı dövlət olduğunu yaxşı bilir. Artıq minimum səviyyəyə enən Azərbaycan-Fransa ikitərəfli əlaqələrini Brüsselə nümunə göstərir. Təbii ki, bu çağırışdan doğru nəticəni çıxarıb-çıxarmamaq Brüsselin biləcəyi işdir.
Aİ-yə etimadı heçə endirən missiya
Aİ-nin Azərbaycanın tarixi zəfərindən dərhal sonra Cənubi Qafqazla bağlı fəallığını heçə endirən, onun ambisiyalarını çılpaqlığı ilə ortaya qoyan və etimadına güclü zərbə vuran digər bir amil Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, “binokl diplomatiyası”dır. Söhbət ilkin mərhələdə say və müddət baxımından Azərbaycanla da razılaşdırılan, daha sonra isə bu razılaşmaları heçə sayaraq Qərbin agentura şəbəkəsinə çevrilmiş sözdə müşahidə missiyasından gedir. Belçika səfiri ilə görüşdə dövlət başçısı bu məsələyə də toxunub. "Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi", - Prezident bildirib.
Fransız və psevdofransızlar
Qeyd edək ki, Azərbaycan hazırda dünyada baş verən kataklizmlər fonunda Aİ üçün alternativ enerji mənbəyidir. Həm də Qərbdən Şərqə uzanan dəhlizin açarıdır. Məhz bu səbəbdən Brüsseldə Azərbaycanı etibarlı, strateji tərəfdaş adlandırırlar. Hətta energetika sahəsində strateji tərəfdaşlıq haqqında saziş də imzalanıb. Lakin bu gün müşahidə etdiklərimiz Aİ adına strateji tərəfdaşlıqdan doğan öhdəliklərə sığmır. Necə deyərlər, hər şey yalnız sözdə gözəldir. Başda Fransa olmaqla, Niderland, Lüksemburq kimi psevdofransız olan dövlətlər, Avropa Parlamenti elə ay yoxdur ki, anti-Azərbaycan qətnaməsi qəbul etməsin, müzakirələr aparmasın, Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü və suverenliyi şübhə altına alınmasın.
Brüsselin nəzərə almalı olduğu vacib məqam
Lakin rəsmi Bakı istər 30 illik işğal dövründə, istərsə də Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə nümayiş etdirdiyi siyasi soyuqqanlılığını qoruyur. Hər bir məqama nəticəyönümlü yanaşaraq hər şeydən əvvəl özünün milli maraqlarını önə çəkir, müstəqil siyasətini davam etdirir. Azərbaycan Aİ-nin tək Fransa, Lüksemburq, yaxud Niderland olmadığını gözəl bilir. Təsadüfi deyil ki, Bakı ilə Aİ-nin aparıcı üzvləri arasında ayrı-ayrılıqda strateji tərəfdaşlıq haqqında sazişlər imzalanıb. Brüssellə ikitərəfli münasibətlərdə fransız amili ürək bulandırsa da, bundan artığına qadir deyil. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı geniş gündəliyə malikdir və enerji, nəqliyyat, yaşıl enerji, ticarət sahələrini əhatə edir. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Lakin Brüsselin nəzərə almalı olduğu çox vacib bir məqam var. Onu da Azərbaycan Prezidenti qarşı tərəfin diqqətinə çatdırıb.
"Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Azərbaycan-Aİ əməkdaşlığında geriləmə olarsa, bu, təəssüf hissi doğurar. Ümidvaram ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər Ermənistan-Azərbaycan gündəliyindən asılı olmayaraq inkişaf edəcək", - deyə Prezident İlham Əliyev bildirib.
Azad Əliyev