İki maddəlik Ermənistan - TƏHLİL
Nə qədər ki, Ermənistan xaricdən gələn siqnalların qurbanıdır, Mirzoyanın arzuladığı sülh müqaviləsi barədə danışmaq əbəs olacaq. Müharibədə məğlub olan Paşinyan sülhü də uduzub.
Ermənistan rəsmilərinin sülh prosesi ilə bağlı açıqlamaları xarab olmuş qrammofon effekti verməyə başlayıb. Baş nazir Nikol Paşinyan və XİN rəhbəri Ararat Mirzoyanın səsləndirdikləri eyni məzmunlu bəyanatlar bu tezislərə əsaslanır: “mümkün sülh sazişinin əksər bəndləri razılaşdırılıb”, “iradə nümayiş etdirilərsə, tezliklə yekun müqaviləni imzalamaq olar”, “Ermənistan bölgədə çoxillik ədavətə son qoyulmasında maraqlıdır” və sair. Bu bəyanatlarda məzmun fərqlənməsə də, rəqəmlər dəyişikliyə uğrayır. Əgər COP29 ərəfəsində 15 bənddən 13-nün razılaşdırıldığı vurğulanırdısa, indi 17 və 15 rəqəmləri səsləndirilir.
Rəqəmlər dəyişir, fərq isə qalır
Başa çatan həftə Ermənistanın xarici işlər naziri mahiyyətcə fərqlənməyən növbəti açıqlamasında tərəflərin 17 bənddən 15-nə dair razılığa gəldiklərini bildirdi. Mirzoyanın sözlərinə görə, “əgər kifayət qədər siyasi iradə olarsa, danışıqlar tezliklə başa çata və sülh müqaviləsi imzalana bilər”.
Mirzoyanın avazı yaxşı gəlir, ancaq COP29-dan əvvəl olduğu kimi, indi də açıb demir ki, həmin razılaşdırılmamış iki bənd nədən ibarətdir. Düzdür, bəndlərin ümumi sayı artır və bu artıma nisbətdə də razılaşdırılmış maddələr çoxalır. Ancaq iki uzlaşdırılmayan məqam qalır ki, yekun sülhün ləngiməsi səbəbi də məhz bununla bağlıdır. Rəsmi İrəvan pasifist məzmunlu bəyanatlarını hər əlverişli imkanda təkrarlamaqla özünün sülh tərəfdarı olduğunu, ancaq “nədənsə” yekun müqavilənin hələ də imzalanmadığını göstərməyə çalışır. Hər dəfə “iradə” ifadəsinin üzərində dayanılmasında əsas məqsəd ondan ibarətdir ki, beynəlxalq ictimaiyyətə özlərinin sülh naminə məsuliyyət altına girəcək qətiyyətə sahib olduqlarını nümayiş etdirsinlər. Bu halda məntiqi sual çıxa bilər ki, əgər Ermənistanda bu iradə varsa, bəs kimdə yoxdur? Başqa sözlə, İrəvan topla Bakının sahəsində oynamağa cəhd edir.
Bakının konstitusiya israrı
Ermənistandan fərqli olaraq, Azərbaycan rəsmiləri açıq şəkildə bildirirlər ki, yekun sülhün imzalanmasını əngəlləyən əsas səbəb Ermənistan konstitusiyasında ərazi iddialarının olmasıdır. Həmin o razılaşdırılmamış maddələrdən biri Ermənistanın konstitusiyası ilə bağlıdır. Mirzoyanla təqribən eyni vaxtda Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov da sülh sazişi ilə bağlı prosesin hazırki vəziyyətinə aydınlıq gətirdi. Erməni nazirdən fərqli olaraq, azərbaycanlı diplomat sülh müqaviləsinin önündə duran əsas maneə kimi İrəvanın konstitusion səviyyədə hələ də Azərbaycan torpaqlarına iddialı olmasına işarə edir: “Qarabağ Ermənistanın bir hissəsidir” müddəası Ermənistan konstitusiyasında əsas kimi qəbul olunur”. O ki qaldı razılaşdırılmamış ikinci maddəyə, Azərbaycan tərəfi bunun da nədən ibarət olduğunu gizlətmir. “30 ildən çoxdur Ermənistan hökuməti öz sərhədlərini dəqiq olaraq müəyyən etməyib. Bizim sualımız odur ki, hazırda danışıq naminə danışıqlar aparırıq, ya yox?” - deyə E.Məmmədov vurğulayıb.
Ermənistan niyə tələsir?
Aydındır ki, Ermənistan konstitusiyasında sözügedən müddəa aradan qaldırılmasa, Azərbaycan yekun sülhə imza atmayacaq. O da bəllidir ki, ana qanun dəyişikliyi müəyyən vaxt hesabına başa gələ bilər. Paşinyan ölkə konstitusiyasının dəyişilməsinin vacibliyini vurğulayıb və bunun aylar, hətta ildən çox müddət hesabına başa gələcəyini bildirib. Hazırda vəziyyət belədir ki, ərazi bütövlüyünü təmin edən Azərbaycan tələsmir. 30 il işğalın bitməsini gözləmişik, bir-iki il də Ermənistanın qanuni səviyyədə ağıllanmasını gözləyə bilərik. Paşinyan hökuməti isə həm tələsir, həm də konstitusiya islahatlarına start vermir.
Paşinyanı tələsdirən səbəblər çoxdur. Daxili siyasət müstəvisində seçkilər yaxınlaşır və elektorata cavab vermək lazım olacaq ki, müharibə uduzulubsa, bu vaxta qədər sülh niyə qazanılmayıb? Rəsmi İrəvanın Qərbdən gələn aldadıcı vədlərə şirnikləşib üç il əvvəl etməli olduğunu bu günə saxlaması Paşinyana baha başa gəlir. Müharibənin bitməsindən bir neçə ay sonra keçirilən parlament seçkilərində qalib olmuş baş nazir XİN rəhbərinin söylədiyi ədavətə nöqtə qoya bilərdi. Xalqın hakim partiyaya göstərdiyi etimad əslində konstitusiya dəyişikliyinin reallaşdırılması üçün bir mandat idi. Ancaq Qərbdən gələn yanlış impulslar Paşinyanın tarixi addım atmasının önünə sədd çəkmiş oldu.
İrəvanın vaxt itkisi tək konstitusion dəyişikliklərin ləngiməsilə kifayətlənmir. Fransa və İranın dumanlı vədlərinə aldanan Paşinyan “Orta dəhliz” kimi qlobal logistika layihəsinin bir hissəsi olmaq fürsətini də əldən verib. Tehranın Hindistandan Avropaya Ermənistan üzərindən yol çəkilişi planları, yaxud plan imitasiyası İrəvanın təcridinin davam etməsi deməkdir. İran Cənubi Qafqazda mövcudluğunu qorumaq istəyir, Fransa isə burada möhkəmlənmək niyyətindədir. Ermənistan nəyin yiyəsidir? Seçkilərdə bunu Paşinyandan mütləq soruşacaqlar.
Paşinyanın yetkinlik sindromu
Nə qədər ki, Ermənistan xaricdən gələn siqnalların qurbanıdır, Mirzoyanın arzuladığı sülh müqaviləsi barədə danışmaq əbəs olacaq. Müharibədə məğlub olan Paşinyan sülhü də uduzub. Saziş imzalanmayıb, sərhədlər qapalıdır, iqtisadiyyat isə staqnasiyada. İrəvan rəsmiləri yekun müqavilə xəyalındadırlar, Fransanın avantürist səfiri isə növbəti dəfə Azərbaycanla sərhədə baş çəkib və bununla da dövlətinin hazırki gedişata münasibətini sərgiləyib. Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı verdiyi açıqlama bu baxımdan ciddi maraq doğurur. Narışkin sanki Paşinyana nə etmək lazım olduğunu işarə edir: “ABŞ bütün cəbhələrdə təşəbbüsü itirir. Vaşinqton postsovet məkanında da uğursuzluğa düçar olmağa başlayıb”. Diplomatik dildən tərcümədə bu bəyanat belə bir məna alır: Qərbdən yapışan düzdə qalar. Nə qədər ki Ermənistan Qərbin diktəsi ilə oturub durur, milli maraqları arxa planda qalacaq. Regional və bir qədər genişmiqyaslı geosiyasi konyunktur da Ermənistanın xeyrinə deyil. Yeni konfiqurasiya Zəngəzur dəhlizinin aktuallığını nəinki artırır, hətta onun tezliklə reallaşmasını labüd edir. İranın “qırmızı cizgilər”inin rəngi solub, itirə-itirə gedən Tehranın dəhliz dirənişində nə qədər tab gətirəcəyi bəlli deyil. Odur ki, Paşinyan-Mirzoyan cütlüyü bəndlərin sayının artımı deyil, çözümü ləngidən maddələr barədə düşünsə, daha yaxşı olar.
Rüstəm Qaraxanlı