Cənubi Koreyada gərginlik yaradan faktorlar
Böhranın yaranmasına səbəb olan amillər arasında prezident Yun Sok Yolun bir sıra qərarlarını qeyd etmək lazımdır. Hər şey onun ölkəni “dövlət əleyhinə elementlərdən” - müxalifət və mediadan qorumaq zərurəti barədə bəyanatı ilə başlayıb.
Cənubi Koreya Prezidenti Yun Sok Yolun ölkədə hərbi vəziyyət elan etməsi ilə bu Asiya ölkəsi bütün dünyanın diqqət mərkəzinə düşüb. Bu addım ictimai narazılıq və etirazlara səbəb olub, həmçinin müxalif deputatlar tərəfindən prezidentə qarşı impiçment cəhdlərinə gətirib çıxarıb. Hüquq-mühafizə orqanları prezidentin ofisinə basqın edib, axtarışlar həyata keçirib. Axtarışlar hərbi vəziyyətin elan edilməsi ilə bağlı verilən qərarın araşdırılması üçün yaradılmış xüsusi istintaq qrupu tərəfindən aparılıb. Milli Polis Agentliyinin baş komissarı Ço Çji Ho və paytaxt polisinin rəisi Kim Bon Siki həbs edilib.
Ölkə mediası yazır ki, Cənubi Koreyanın bu qalmaqaldan sonra istefa verməyə məcbur olan, istefadan sonra vətənə xəyanətdə şübhəli bilinərək həbs edilən keçmiş müdafiə naziri Kim Yong-Hyun həbsxanada intihara cəhd edib. Məlumata görə, Yun Sok Yola ölkədə hərbi vəziyyət elan etməyi məhz Kim tövsiyə edib.
Böhranın yaranmasına səbəb olan amillər
Böhranın yaranmasına səbəb olan amillər arasında prezident Yun Sok Yolun şəxsiyyəti və siyasəti ilə sıx bağlı olan bir sıra faktorları qeyd etmək lazımdır. Hər şey onun “dövlət əleyhinə elementlərdən” (müxalifət və media nəzərdə tutulur) konstitusiya qaydasını qorumaq zərurəti barədə bəyanatı ilə başlasa da, bu hadisənin arxasında bir çox yığılmış problemlər durur. Yun 2022-ci ildə seçkilərdə minimal fərqlə hakimiyyətə gəlib. Onun idarəçiliyi dərhal tənqidlərlə üzləşib və dekabrın 3-nə qədər Yunun əhali arasında reytinqi bir sıra korrupsiya qalmaqalları, o cümlədən həyat yoldaşının bahalı hədiyyə ilə bağlı araşdırmanın mərkəzində olması səbəbindən 19%-ə düşüb. Bundan əlavə, onun Şimali Koreyaya qarşı siyasəti və müxalifətlə kompromisə getmək istəməməsi də narazılığın artması üçün münbit şərait yaradıb.
Dövlət başçılarının həbsinə dair “zəngin təcrübə”
Ölkədə hərbi vəziyyət elan edən prezident impiçmentdən qurtula bilib. Halbuki bunun üçün hakim partiyadan olan deputatların bir neçəsinin səsi kifayət edirdi. Hakim partiyanın bütün üzvləri müzakirələr zamanı parlamentin iclas zalını tərk ediblər. Bəziləri hesab edir ki, prezident kürsüsündə qalmaq üçün Yun Şimalla münaqişəyə girə bilər. Digər variant isə odur ki, ölkədəki siyasi böhran hələ uzun müddət davam edəcək, hər həftə impiçment təşəbbüsləri olacaq. Əgər müxalifət hakim partiyadan heç olmasa beş deputatı ələ ala bilsə, onda Yun Sok Yol prezident kürsüsündən düşürüləcək. O zaman onun həbsi də mümkün ola bilər - qiyamda ittiham olunacaq.
Cənubi Koreyanın keçmiş dövlət başçılarını həbs cəzasına məhkum etməkdə “zəngin” təcrübəsi var. Ən son nümunələr - korrupsiyaya görə 15 il həbs cəzasına məhkum edilmiş Li Myong Bak, rüşvət və səlahiyyətdən sui-istifadəyə görə 20 il həbs cəzasına məhkum edilmiş (sonradan əfv edilmiş) Pak Kın Hedir.
Hər iki tərəf çaşqınlıq içindədir
Cənubi Koreyada faktiki olaraq ikipartiyalı sistem mövcuddur: parlamentdə kiçik partiyalar təmsil olunsa da, onların təsiri əhəmiyyətsizdir. Şərti olaraq sağ yönümlü Yun Sok Yolun prezident seçkiləri ərəfəsində qoşulduğu "Xalq Gücü", şərti sol partiya isə KXDR ilə məsələlərin diplomatiya yolu ilə həllinin tərəfdarı olan Demokratik Partiyadır. Həm prezident, həm də müxalifət tərəfindən çaşqınlıq içində qəbul edilmiş qərarlar hər iki tərəfin çaşqınlıq içində olmasını göstərir.
Beynəlxalq ictimaiyyət baş verənləri izləməklə kifayətlənir
Beynəlxalq ictimaiyyət Cənubi Koreyadakı hadisələrə zəif reaksiya verib. Hərbi vəziyyət elan etmək cəhdinin uğursuzluğuna baxmayaraq, hamı başa düşür ki, böhran hələ bitməyib. Təsadüfi deyil ki, Koreyanın müttəfiqi olan ABŞ-nin müdafiə naziri Seula səfərini ləğv edib. Çin qonşu ölkədəki vəziyyətlə bağlı şərh verməkdən imtina edib. KXDR də hələlik susur, baxmayaraq ki, Pxenyanın qeyri-sabitlikdən istifadə edərək Cənubi Koreyaya hücum edə biləcəyi barədə şayiələr gəzir. "Toburo" blokunun sədri Li Ce Myong bildirmişdi ki, hərbi vəziyyətin tətbiqi və ləğvi KXDR-i "təhrik edə", silahlı toqquşmalara səbəb ola bilər.
Kreml Cənubi Koreyadakı vəziyyəti "narahatedici" adlandırıb. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova Qərbin diqqətini hərbi vəziyyətə cəlb edib. Qeyd edib ki, Baltikyanı ölkələr Gürcüstana qarşı sanksiyalardan çəkinməsələr də, Cənubi Koreyaya qarşı çətin ki, sanksiyalar tətbiq edilsin. Rusiyadakı bir sıra ekspertlər prezident Yun Sok Yolun pisləşən vəziyyətini ədalətin təntənəsi hesab edirlər, çünki o, Koreyadan Ukraynaya silah tədarükünü dəstəkləyirdi. Qeyd edək ki, ölkə əhalisinin əksəriyyəti bu niyyəti pisləyib.
Beləliklə, Cənubi Koreyada mürəkkəb vəziyyət hökm sürür və çox güman ki, bu proses uzun müddət davam edəcək. İkinci Koreya müharibəsi ehtimalı da son 30 ildə heç vaxt olmadığı qədər yüksək görünür.
Azər Nuriyev