Yolumuza işıq salan dahi lider
Azərbaycanı məhv olmaqdan xilas edən, həqiqi müstəqil dövlətə çevirən Heydər Əliyev fəlsəfəsi daim bizim zəfər yolumuza mayak kimi işıq salacaq. Çünki bu yol güclü, müstəqil, suveren, ərazi bütövlüyü, sərhədləri tam bərpa edilmiş Azərbaycan dövlətinin yoludur.
Müstəqil, güclü, ərazi bütövlüyü, suverenliyi bərpa edilmiş Azərbaycan... Bu, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin əsas amalı, qayəsi idi. Ömrünü tamamilə xalqına, dövlətinə həsr edən Ümummilli Liderin vəfatından bizi artıq 21 il ayırır. Hər il dekabrın 12-də - anım günündə Azərbaycan xalqı dahi şəxsiyyətə olan ehtiramını, sevgisini bildirmək üçün Fəxri Xiyabana üz tutur. Bəli, müasir Azərbaycan onun əsəridir. Xalqına həsr edilən dərin mənalı bir ömrün şah əsəri...
Müstəqil, güclü Azərbaycanın təməl daşları
Bu gün qalib dövlətin vətəndaşıyıqsa, bizləri zəfərə aparan yolun başlanğıcını bilmək, bu yolun fəlsəfəsini yaradan, istiqamətini müəyyənləşdirən Ulu Öndərin həyat və fəaliyyətini öyrənmək hər birimizin mənəvi borcu, vəzifəsidir. Çünki sahib olduğumuz qalib dövlət fəlsəfəsinin təməli məhz Ümummilli Liderin ideyalarına əsaslanır. Bəs nədir müstəqil, güclü Azərbaycanın təməl daşları?
Əgər 44 gün ərzində biz öz gücümüzlə 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişiksə, bu, görkəmli dövlət xadimi olan Heydər Əliyevin vaxtilə bütün xarici səfərlərində beynəlxalq aləmə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını anlatması sayəsindədir. Məhz onun gərgin və yorulmaz fəaliyyətinin nəticəsidir ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdı. ATƏT-in tarixi Lissabon sammitində separatizmin kökünü laxladan məşhur sənəd qəbul edildi.
Lakin bu yolda Ulu Öndərin tək diplomatik yox, eləcə də iqtisadi, hərbi, sosial siyasət sahəsində atdığı addımlar da mühüm əhəmiyyət daşıyır. Bu gün iqtisadi inkişafımızın əsasını təşkil edən neft strategiyası, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, ölkəmizə yatırılan milyardlarla dollar həcmində xarici sərmayələr Azərbaycanın haqq səsinin dünyaya duyurulmasında istisnasız olaraq mühüm amil kimi dəyərləndirilməlidir. Uğurlu iqtisadi inkişafın ölkəmizə güclü maliyyə axınını təmin etməsi iqtisadiyyatın şaxələndirilməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına zəmin yaratdı.
Görkəmli dövlət xadimi, əsl lider
Ən nəhayət, güclü ordu quruculuğu, peşəkar hərbçilərin hazırlanması, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi üçün münbit şərait formalaşdı. Ulu Öndərin Ali Baş Komandan olaraq daim ön cəbhədə hərbçilərlə görüşməsi, gənclərlə keçirdiyi görüşlərdə dövlətinə, vətəninə sevginin hər şeyin üstündə durduğunu anlatması bugünkü qalib Azərbaycan Ordusunun vətənpərvər qəhrəman nəfərlərinin yetişməsində əvəzsiz rol oynadı.
Ulu Öndər ölkədə daxili hərc-mərcliyə son qoyaraq, bütün vətəndaşların bir amal uğrunda birləşməsini təmin etdi. Parçalanma, məhvolma, vətəndaş müharibəsi, qardaş qırğını ilə üzləşən bir dövləti yenidən toparladı. Düşdüyü yerdən qaldıraraq daha möhkəm addımlarla irəliləməsinə yardımçı oldu. Bu səbəbdən əminliklə deyirik ki, müstəqil Azərbaycan Ulu Öndərin əsəridir. Çünki o, xalqının, dövlətinin ən çətin anında millətinin bir çağırışı ilə onun yardımına yürüdü. Görkəmli dövlət xadimi, əsl lider, rəhbər olduğunu bütün dünyaya göstərdi. Azərbaycanı müstəqil dövlət kimi qəbul etmək istəməyənlər məhz Heydər Əliyevin dəmir siyasi iradəsi və zəngin təcrübəsi qarşısında geri çəkilmək məcburiyyətində qaldılar.
Bu yol Ulu Öndər yoludur
Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri şübhəsiz ki, İlham Əliyev kimi müzəffər Ali Baş Komandan, lider yetişdirməsi idi. Məhz onun bizlərə miras qoyduğu, yaratdığı müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün dünyada çox az sayda ölkələrin əldə etdiyi nailiyyətlərə, zəfərlərə imza atıb.
Torpaqlarımızın, göz bəbəyimiz olan Şuşamızın 30 illik işğaldan azad edilməsi, sərhədlərimizin bütövlüyünün təmini Ulu Öndər olaraq Heydər Əliyevin Azərbaycan xalqına, layiqli davamçısı Prezident İlham Əliyevə vəsiyyəti idi. Sağlam təməllər üzərində bizlərə miras qalan güclü Azərbaycana sahib olmağımız isə bu vəsiyyətin qeyd-şərtsiz yerinə yetirilməsini bizlər üçün ən başlıca vəzifə, məqsəd edirdi. Bəli, Şuşanın azad olunduğu gün Prezident İlham Əliyevin Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı qarşısında vəsiyyətinin yerinə yetirildiyini qürurla səsləndirməsi hər birimiz üçün unudulmaz, bəlkə də həyatımızın ən xoşbəxt anlarından biri idi. Bu gün biz xalq olaraq, dövlət olaraq Ulu Öndərin arzuladığı Azərbaycana sahibik. Bu çıxdığımız yolda onun ideyaları ilə sabaha doğru inamla addımlayırıq. Bilirik ki, Azərbaycanı məhv olmaqdan xilas edən, əsl müstəqil dövlətə çevirən Heydər Əliyev fəlsəfəsi, Ulu Öndər düşüncəsi daim bizim zəfər yolumuza mayak kimi işıq salacaq. Çünki bu yol güclü, müstəqil, suveren, ərazi bütövlüyü, sərhədləri tam bərpa edilmiş Azərbaycan dövlətinin yoludur...
Azad Əliyev