Dünyada ikinci belə ölkə yoxdur
Prezident İlham Əliyev: “İstər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”.
Prezident İlham Əliyev Rusiyanın “RİA Novosti” Agentliyi üçün tanınmış jurnalist Dmitri Kiselyova son müsahibəsində Cənubi Qafqaz regionunda baş verən proseslərə, Ermənistanla sülh danışıqlarındakı son durumla bağlı ümumi mənzərəyə detallı şəkildə aydınlıq gətirib. Dövlət başçısının müsahibəsində vurğuladığı bir çox məqamlar bölgənin gələcəkdə yaşaya biləcəyi proseslərin yol xəritəsi kimi də qiymətləndirilə bilər. Bu gün Azərbaycan dövləti və cəmiyyəti üçün ölkəmizin təhlükəsizliyinin təmini, bu istiqamətdə İrəvanla aparılan danışıqların mahiyyəti, Ermənistanın sürətlə silahlanmasının yaratdığı təhdidlər daha həssas mövzular sayılır. Məhz bu amilləri nəzərə alan Azərbaycan Prezidenti son müsahibəsində bir daha İrəvana xəbərdarlıq edib.
“Ermənistanın silahlanması prosesi sıçrayışla gedir”
Dövlət başçısı bildirib ki, təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır: “Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir”.
Prezident bu təhdidə qarşı ölkəmizin qabaqlayıcı addımlarını da açıqlayıb. Onun sözlərinə görə, 2025-ci il üçün hərbi büdcəmiz rekord məbləğdə olacaq. Bu, təxminən beş milyard dollardır. Dövlət başçısı bildirib ki, baş verənlər Ermənistanı fəlakətə aparır. “Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək”, - deyə İlham Əliyev bildirib. Qeyd edib ki, onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar.
Razılaşdırılmayan iki maddədən biri...
Sülh danışıqlarına gəldikdə isə, Bakının mövqeyi və şərtləri hər kəsə məlumdur. Bu məsələdə dəyişən hansısa ciddi məqam yoxdur. Detalları yenə də Prezident İlham Əliyev açıqlayır:
“Biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam”.
Dövlət başçısı son zamanlar haqqında müxtəlif fikirlər səsləndirilən razılaşdırılmamış qalan iki maddəni də açıqlayıb. Prezidentin sözlərinə görə, onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır: “Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir”.
Sözdə müşahidə missiyası
Razılaşdırılmayan digər maddə isə Ermənistanda Qərbin casus yuvasına çevrilmiş, məskən olaraq da özlərinə sərhədlərimizin qarşı tərəfini seçən Avropa İttifaqının sözdə müşahidə missiyasıdır. Azərbaycan Prezidenti də bildirir ki, sözdə Avropa müşahidəçiləri pərdəsi altında Ermənistanla sərhədimizdə NATO tərəfindən infrastruktur yaradılıb. “Bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz”, - Prezident bildirib.
Konstitusiya dəyişməli, Minsk Qrupu buraxılmalıdır
Bölgədə davamlı sülh üçün Ermənistan tərəfindən həyata keçirilməli olan daha iki məqam var. Bunlardan ən başlıcası Ermənistanın konstitusiyasını dəyişməsidir. Dövlət başçısı bildirib ki, konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də konstitusiyanın dəyişdirilməsi obyektiv şərtdir. “Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”, - İlham Əliyev deyib.
Prezidentin fikirlərindən də göründüyü kimi, iki ölkə arasında sülh danışıqları bu gün xarici müdaxilələr, xüsusilə də Qərbin pozucu fəaliyyətinin nəticəsi olaraq uzanır. Bu müdaxilə isə hazırda dünyada yaşanan beynəlxalq gərginlik zəncirində əsas halqalardan sayılır. Bununla belə, Bakı yerləşdiyi çox çətin geosiyasi məkana, ətrafında münaqişələrin mövcudluğuna baxmayaraq özünün müstəqil, suveren siyasətini uğurla davam etdirir. Prezidentin də vurğuladığı kimi, istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir: “Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”.
Azad Əliyev