• cümə, 29 Mart, 15:59
  • Baku Bakı 14°C

Onun kimisi bir daha olmayacaq

25.09.21 12:30 367
Onun kimisi bir daha olmayacaq
Adamın inanmağı gəlmir, amma faktdır, Fenomen artıq 45 yaşındadır. Sentyabrın 22-də "Yekədiş” ləqəbli Ronaldonun doğum günü idi
O, artıq 11 ildir ki, futbol oynamır. Bir dəfə az qala futbola qayıdacaqdı. 2015-ci ildə ABŞ-da klub alanda bu ideya yaranmışdı. Əlbəttə, bütün bunlar yeni kluba diqqəti cəlb etmək, reklam və sponsorlar tapmaq üçün yaranmış ideya idi.
Uğurlu biznesmen
İndiki Ronaldo, şöhrətindən ideal şəkildə yararlanan uğurlu biznesmendir. Onun simasını bütün böyük futbol tədbirlərində, brend markaların reklam çarxlarında görəcəksiniz. O indi həyatdan zövq alır, hərdən səs-küylü müsahibələr verir. Amma bu Ronaldo1998-ci ildə rəğbət bəslədiyimiz gənc, 2002-ci ildə heyran qaldığımız futbolçu deyil.
Bəlkə də çoxları xatırlamır ki...
1994-cü ildə keçirilən dünya çempionatında bir dəqiqə də olsun oynamadı. Amma əlində dünya kubokunu tutdu. Bu, bütün braziliyalı uşaqların arzusu idi. 4 il sonra isə Fransaya yığmanın əsas ulduzu kimi yollanmışdı. Artıq klub karyerasında xeyli titul qazanmışdı. Amma həmin çempionat onun yox, Zidanın benefisi oldu. Bəlkə də, çoxları xatırlamır ki, finaldan əvvəl Ronaldo epilepsiyaya görə xəstəxanaya yerləşdirilmişdi. Bütün hallarda meydana çıxdı, amma özünə bənzəmədi.
Ağır zədə və möhtəşəm qayıdış
Bir ildən sonra isə futbolçu karyerasını bitirə bilərdi. Dizindən ağır zədə aldı. Ancaq qayıtdı və 2002-ci ildə dünya kubokunu başı üzərinə qaldırdı. Üstəlik, bu uğurda onun payı çox böyük idi – yarımfinalda qol, finalda isə dubl.
Kapello bütün dünyaya bəyan etdi ki...
Bundan sonra Madrid "Real”ında daha iki möhtəşəm mövsüm və... bitdi. Fabio Kapello bütün dünyaya bəyan etdi ki, ona superulduz lazım deyil. Ola bilsin ki, başqa heç bir mütəxəssis bu riski etməzdi. Həmin vaxt Ronaldonun nüfuzu çox yüksək idi. Onun gedişindən sonra Kapello da Madriddə çox qalmadı.
Qəhrəman və büt kimi getdi
Sonrakı klub "Milan” oldu. Amma orada qatil instinkti olan hücumçunun solğun kölgəsi vardı. Artıq çəki, məşqçilərlə problem və yeni həyata başlamaq istəyi. O həyat ki, orada iş az, ləzzət çox olacaqdı. Ronaldo bu addımı daha tez atmalı idi. Amma nədənsə, 34 yaşa qədər yubatdı. Karyerasını doğma vətənində - Braziliyada bitirməyi arzulayırdı. O, qəhrəman və büt kimi getdi. Hətta DÇ-2002-də saxladığı məzəli saç düzümü də ona qarşı ümumxalq sevgisini azaltmadı. Yerli gəlmişkən, bu yaxınlarda o saç düzümünə görə üzr də istədi.
O, yeganə idi
İndi təkcə şöhrətini qorumaqla məşğul deyil, həm də klub funksioneridir. Bir neçə il əvvəl İspaniyanın "Valyadolid” klubunun əsas səhmdarı və həm də prezidenti oldu. Amma aydın görünür ki, qazandığı bütün vəsaiti bu kluba yatırmayacaq. O, buna biznes layihəsi kimi yanaşır. Bəli, braziliyalı dahi qazandığını futbola sərf etməyə hazır deyil. Amma o, vaxtilə futbolun inkişafına çox şey verib. Ronaldo kimisi bir daha olmayacaq. O, yeganə idi.
Kaspi.az
banner

Oxşar Xəbərlər