O əsər ilk sevgimin qara qutusudu

Əlabbas
mənim üçün ilk növbədə tələbəlik illərində ünsiyyət bağladığım, ürəyimdən
keçənləri ərklə deyə bildiyim sirdaşdır. Onun ikinci-üçüncü kursda oxuduğu
vaxtlar indiki kimi gözümün qabağındadır. Yaddaşımda onun qapqara qıvrım saçı,
gülümsər çöhrəsi qalıb. Universiteti
bitirib təyinat yerinə gedəndən sonra bir neçə il Əlabbası görmədim. Sonralar
eşitdim ki, öz rayonunda – Şahbuzda, Nursda müəllim işləyir...
Maraqlıdı ki, illər sonra da məndən o povestin davamını gözləyənlər var.
– Sonradan oxuyub, özün demiş, gərək bunu elə yox, belə yazaydım, deyə düşündüyün başqa əsərlərin də olub?
– Elə şeydi ki, onsuz olmur. Məsələn, "Qiyamçı" ilk variantda bir yağışlı payız səhəri Əyriqara varid olan müsafirləri qadının qarşılaması ilə bitirdi. Əslində, onu o qonaqlardan da çox, oxucuların qarşısına çıxarmışdım, özü də kimsənin ağla gətirmədiyi bir əlbisədə – hamilə libasında. Amma çap ərəfəsində onu ixtisar elədim. Sonradan baxdım ki, onu da düz eləməmişəm. O daha yaddaqalan sonluq olardı. Çünki bir il idi oxucular ondan xəbərsiz idilər və səssiz-ünsüz ötüb keçən zaman ayrılığının yerini doldurmaq üçün bundan da sürpriz xəbər kimsənin ağlına belə gəlməzdi. Təkrar nəşrdə, çox güman, onu yenidən bərpa edəcəm. Bu kimi hallar başqa yazılarımda da olub.
Arabanı aparan at deyil ki, arpadı, qardaş! Nə qədər steril mühit olur-olsun, altmışdan sonranın əmmasıdı bu!
Söhbətləşdi: Səməd Məlikzadə
Əlabbas 50
yaşını qarşılamağa hazırlaşanda kənddən paytaxta döndüyü o günləri belə kağıza
köçürüb: "...81-in sentyabrında sevdiyim müəllimlik işindən ayrılıb
Şahbuzdan Bakıya üz tutanda yazı-pozu ilə bərabər, ordan özümlə iki yara da
gətirmişdim: biri mədəmdə, o biri ürəyimdə... Günü bu gün, əlli yaşın kürəyini
yerə qoyduğum bir vaxtda da o yara öz yerindədi və kiminsə ona çarə edəcəyinə
ümidim çoxdan itib. sağalan idisə bu otuz ildə niyə sağalmırdı?.. Üstəlik,
ortaya gözləmədiyim başqa bir şey də çıxıb. Üzüm Allahda qalıb ki, gələ o yara
heç sağalmaya: sən demə, qələmimdən çıxan yaxşı-pis nə varsa, hamısını o
"yara" yazdırıb mənə..."
Hə, bu cümlələri oxuyandan sonra başa düşdüm ki,
Əlabbasın ürəyinin kükrəməsinə, sağalmasına onu daim yandırıb-yaxan, yetə
bilmədiyi sevda lazımmış.
Əlabbas indi
çağdaş ədəbiyyatımızın ən istedadlı yazarlarından biridir. Çünki onun hekayə,
povest və romanları, eləcə də publisistik yazıları təkcə mövzu aktuallığı və
süjet quruluşuna görə deyil, daha çox el-obanın dil çeşməsindən qədərincə su
içdiyinə görə də dəyərlidir. Onun əsərlərində dil duru, lirik və ətirlidir. O,
sözü sevdirən, ona yeni nəfəs verən qələm sahibidir. Müəllimi rəhmətlik
professor Tofiq Hacıyev deyirdi ki, mən əvvəlcə Əlabbasın dilini sevmişəm. Bir
də o var ki, yazıçı Nəriman Əbdülrəhmanlı kimi mən də o fikirdəyəm ki, nə yaxşı
Əlabbas yazıçı kimi zamanın sınaqlarından üzü ağ çıxdı, simasını qorudu. Bəlkə,
ona görə ki, Əlabbas qələmə yazıçı olmaq, şöhrət qazanmaq istəyilə sarılmayıb.
Əlabbasın özü də belə deyir: "... O vaxt yuxuma da girməzdi ki, özümü
bütünlüklə ədəbiyyata həsr edə biləm. Heç sonralar da o fikirdə olmadım. Mən
böyük ədəbiyyata həmişə, elə indinin özündə də səcdə gözü ilə baxanlardanam. Allah
şahiddir ki, o illər çap barədə düşünmək ağlıma belə gəlmirdi. Bir dəli
sevdanın vəsfi idi o yazılar..."Bilmirəm bəxtdəndi, ya qarğışa tuş gəlmişdi, o,
ədəbiyyata gələndə dünya yaman qarışmış, düşmən üstümüzə ayaq açmışdı. İçimizdə
də çaxnaşmalar bitib-tükənmək bilmirdi, hər günümüz ölüm-itim xəbərləri ilə
açılırdı. Belə bir vaxtda yazıçı sözünü eşidən, sözə qiymət verən hardaydı. Hər
şeyi, elə sözü də bazar qiyməti ilə ölçürdülər. Amma nə yaxşı ki, Əlabbas o
çağlarda duruş gətirdi və ürəyinin sözünə baxdı, düşündüklərini, həqiqət
bildiklərini Torpaq və Vətən sevgisi ilə isidib kağıza köçürdü. İndi bu günün
işığı ilə geriyə boylanıb baxanda onun bir-birindən dəyərli əsərləri –
"Gəlin ayaqqabısı", "Mərənd ölüsü", "Halal qan",
"Şəhər", "Doğma ocaq", "Baş daşı", "Başsağlığı",
"Muştuluq" və digər hekayələri, "Köhnə kişi",
"Gözmuncuğu", "Güdaz, "Gümüşü gecələr", "İkinci
oğul" povestləri, "Qiyamçı", "Qaraqovaq çölləri"
romanları sıralanır. Bu əsərlərdə müstəqillik yolunda inamlı addımlarını atan
Vətənimizin yaxın tarixi və hər birimizin həyatının bir parçası yaşayır.
Əlabbasın qəhrəmanları hər gün üz-üzə gəldiyimiz insanların arasında
addımlayır. Onların çoxu halallıqla yaşamağı, alın təri ilə çörək qazanmağı hər
şeydən üstün tuturlar...
Bir müddət vardı ki, Əlabbasın səs-sorağı gəlmirdi.
Bir gün zəng elədim, dedi ki, kəndimizə getmişdim, nə vaxt istəsən görüşə
bilərik.
İlk payız yağışının düşdüyü gündə sakit bir yerə
çəkilib söhbətləşdik. Söhbət zamanı Əlabbasa ilk sualım bu oldu:– Kənddə nə
var-nə yox? Uşaqlığın keçən yollarda nələr dəyişib?
– Dəyişməyən nəsə qalıb ki... Düzü çox mütəəssir
oldum. Bir sinif yoldaşımı, həmdəmimi tapa bilmədim. Bir parça çörək qazanmaq istəyi
adamları dünyaya səpəliyib. Uşaqlıqda gəzib-dolandığım yerlər mənə bir az
qəribə gəldi. Bəlkə də, bu, bir az yaşla
bağlı idi... Çöl, düz bütün relyefinəcən dəyişilib. Bu haqda düzü danışmaq indi
mənim üçün heç xoş deyil. – Əlabbas, son söhbətimizdən təqribən üç il arxada
qalıb... Sualı verirəm, bilirsənmi yadıma nə düşür? Uşaqlıqda kəndimizdən harasa gedəndə hökmən uca bir yerdə ayaq saxlayıb
pay-piyada keçib gəldiyim yola nəzər salıb, hər dəfə də mat qalardım ki, bu
qədər məsafəni haçan və necə qət etdim?
Bir də öz-özümə deyirdim, görən, dünyada
bizim kənddən gözəl kənd varmı? Çünki onun adamı candan eləyən o qədər
mənzərəsi, insanları vardı ki, onu yalnız müəyyən uzaqlıqdan seyr etməklə görə
bilərdin. Onda yatsam da yuxuma girməzdi ki, sən dəmə, ömrün də belə
"stansiyalar"ı olurmuş, vaxt gələcək geridə qalan bütün
olub-olmuşlara, illərə, hadisələrə yenə o cür ucalıqdan və oxşar heyrət hissi
ilə nəzər salacağıq...
– Mən artıq
o "stansiyalar"dan ikisində ayaq saxlamışam. Birinci dəfə bu,
əlli yaşda olub. Bir də on il ondan sonra. Amma indi az qala gündə olur o cür
nəfəsdərmələr. Kəsəsi, nə qənaətə gəlmişəm? İyirmi yaşda, hələ bir az da əvvəl
elə bilirdim, dünyanın ən nakəs, namərd adamları türmədə olur. Onları
ora ona görə salırlar ki, ağlı aşıb-daşan, gecə-gündüz xeyirxah işlər görən,
xalq üçün vuruşub-əlləşən insanlara xətər yetirməsinlər. Səhvimi təxminən otuz
yaşda bildim. Demə, dünyanın o yeri yoxmuş ki, orda əclaf, oğru, quldur,
başkəsən olmasın. Çox demişəm, bir də deyim, qırx yaş başın əlhəd daşıdı,
fikrinə qırx yaşın özü ilə bir yerdə gəlib çıxdım. Əlli yaşın hikməti o oldu
ki, ən kamil qələm sahibinin Qədəri yazanın özü olduğunu başa düşdüm. O ayrı
söhbətdir onu alına yazırsan, ya kağıza... Qaldı altmış yaşa, bu yaşda payız havası var. Bu, tək,
günün dağdan aşan yox, eyni zamanda ağlın başa yığılan, ilhamın öləziyən,
xatirələrin dil açan, həm də həqiqəti demiş olsaq, sevginin sona varan çağı
imiş. O vaxt nəyi necə eləyə bilərdim, filan addımı niyə atmadım, yaxud
onu elə yox, belə eləsəydim, nə olardı
kimi yüzlərlə sual! Bir sözlə,
haqq-hesab dəmi! Hərdən fikirləşirəm ki, Muradı ("Köhnə kişi"
povestinin qəhrəmanı – red.) damdan məhz altmış yaşda qurtarmağım da bir səhvim
olub. – Söz ki, "Köhnə kişi"nin üstünə gəldi,
deyəsən, özünün də o əsərə xüsusi rəğbətin var. Yəqin buna görə tez-tez
xatırlayırsan o povesti...
– Sən arif adamsan axı, Səməd, səbəbi var onun. Bir
dəfə yazmışdım ki, o əsər ilk sevgimin qara qutusudu. Hansı cümləsini, hətta
hansı kəlməsini hansı şəraitdə, hansı hissin təsiri ilə yazdığım da yadımdadı.
O biri tərəfdən də, mən ağır yazıçı qılıncının altından "Köhnə kişi" ilə
keçmişəm.. Bəlalar çəksəm də, axıracan onu taleyin ümidinə buraxmadım. O əsərin
ucbatından mən ədəbiyyata da qoca gəldim, heç gənclik üzü də görmədim. Uzun
illər adım heç yerdə çəkilmədi, almanaxlarda hamıya yer tapıldı, məndən başqa.
Adımın yer ala bilmədiyi o siyahılara baxmağın ancaq həsrəti qaldı mənə. Nə
gizlədim, çap olunan qələm dostlarım yanında o illər özümü çörəyi əlindən
alınmış uşaq kimi hiss eləyirdim. Dərd tək onun dərdi deyildi ki, əlimdən
qapılan tikəni hər kəsin bərabər haqlara sahib olduğu ədəbi meydanda bizim
hamımızdan güclü yox, həm də o vaxt söz və səlahiyyət sahib olandan geri ala
bilmirdim, həm də onda idi ki, zəhrimar qisas eşqi də o müdhiş varlığı qoyub
getməyə imkan vermirdi. Sənə dünyanın olmazın həzzini yaşadan o "qara
qutunu" necə, sahibsiz qoyub getmək
belə asan işdi, bəyəm? O gözləyən, bu
gözləyən, otuz yaşı tamam elədim. Şükür Allaha, özün söz adamısan, boş-boşuna
itirilmiş on ilin, özü də yaradıcılıq təbinin çaylar kimi çağladığı, insan
ömrünün hər mənada ən əlahiddə dövrü saydığım iyirmi-otuz yaş arasının nə demək
olduğunu məndən yaxşı bilirsən. Bir dəfə bu mövzuda çox qızdığımı görən
dostlardan biri irad tutdu ki, o, boş şeydi, çap eləmirlər, eləməsinlər, sən
yazmağında ol, xalqı yeni əsərlərlə sevindir. Gör ha, əsərlərlə xalqı
sevindirmək! Məncə, yenicə közərən atəşin üstə su əndərməyin nə demək olduğunu
bilməyənlər belə danışa bilərlər. Elə belə şeyləri nəzərdə tutub yazmışdım ki,
istedad dediyin şey nazəndə qız kimidi, nazını çəkməsən, həmişəlik küsüb gedir.
Ya ümumiyyətlə qayıtmır, ya da qayıdırsa, qarımış qız kimi qayıdır. Oğulsansa,
on ildən sonra gəl qaldığın yerdən başla görüm, necə başlayırsan. – Yaxşı, "Köhnə kişi"ni təzədən
yazsaydın, nəsə çıxara və ya nə əlavə edərdin?
– Maraqlı olan o deyil, odu ki, o vaxt o yazını
yazanda Qaratellə bir yaşda idim, indi bu müsahibəni verəndə isə Muradla bir
yaşdayam. Qırx il zarafatdı bəyəm? Nə bir müəllif kimi məndən yarıdı o qız, nə
də yar kimi Muraddan. Niyə belə oldu, heç özüm də bilmirəm. Mən gəncliyimdə o qızın prototipinə
vurulmuşdum – ənlik-kirşansız bir kənd gözəlinə... Murada gələndə, kaş bir az
cavan təsvir edəydim onu, ya da dama gec saldırardım. Kolxoz söhbətini isə
birdəfəlik yığışdırardım.Maraqlıdı ki, illər sonra da məndən o povestin davamını gözləyənlər var.
– Sonradan oxuyub, özün demiş, gərək bunu elə yox, belə yazaydım, deyə düşündüyün başqa əsərlərin də olub?
– Elə şeydi ki, onsuz olmur. Məsələn, "Qiyamçı" ilk variantda bir yağışlı payız səhəri Əyriqara varid olan müsafirləri qadının qarşılaması ilə bitirdi. Əslində, onu o qonaqlardan da çox, oxucuların qarşısına çıxarmışdım, özü də kimsənin ağla gətirmədiyi bir əlbisədə – hamilə libasında. Amma çap ərəfəsində onu ixtisar elədim. Sonradan baxdım ki, onu da düz eləməmişəm. O daha yaddaqalan sonluq olardı. Çünki bir il idi oxucular ondan xəbərsiz idilər və səssiz-ünsüz ötüb keçən zaman ayrılığının yerini doldurmaq üçün bundan da sürpriz xəbər kimsənin ağlına belə gəlməzdi. Təkrar nəşrdə, çox güman, onu yenidən bərpa edəcəm. Bu kimi hallar başqa yazılarımda da olub.
– Sevginin sona varmağı ilə bağlı fikrin, çox
kəskin səslənmir ki? Çünki sevgi dediyin
o şey ki, var, bəzən bu yaşdan sonra da pöhrə verə bilər...
– İstedadı altmışdan sonra çağlayan, eşqi bu yaşdan
sonra topuğuna vuran, nəyinsə xatirinə hətta özündən iyirmi yaş balaca
qızla evlənən, yaxud onun əksi olan qəribə
hadisələrlə azmı rastlaşmışıq həyatda? Amma buna həmişə istisna kimi baxmışam.
Və bu gün belə bir fikir səsləndirirəmsə, bu o demək deyil ki, mütləq həqiqət
elə mən deyəndi. Dursam sevginin yaşla dialektik vəhdətinin
qanunauyğunluqlarından qəzəl oxumağa, məni qınamağa tam haqqın olardı. Amma bu,
şəxsi mülahizədi və sadəcə hər şeyin bir zamanı olduğuna işarədi.– Belə başa düşdüm ki, Qaratel qəziyyəsini bitmiş
hesab eləyə bilərik. Amma, nədənsə, mənim bu fikrə inamım tam deyil.
– Doğrudan da,
o sevgi bir qəziyyə idi !... O da bir qismət idi başıma gəldi, zamanı
çatanda da səssiz-səmirsiz keçib getdi. Kim bilir, bəlkə də, son işartıları
yetmişəcən gedib çıxa, amma daha o sevgi mənə, çətin, kitab yazdıra – demək
istədiyim budu.– Əlabbas, bu gün ətrafımızda çox şey öz rəngini, biçimini
dəyişir. Bir vaxt bizim üçün qiymətli, müqəddəs olan şeylər dəyərsizləşir. Bu
gün sənin nədən çox zəhlən gedir?
– Arvad paltarında şəbeh çıxaran kişidən, yalan
danışdığını bilə-bilə yenə qırıldatmağından qalmayan yaramazdan, haqqı danan
nakəsdən, çörəyi dizinin üstə olandan, "Qudalar" mahnısından... Ta
nəyi deyim? Yaşın bu çağı üçün bu qədər
neqativ bəs deyil ki? Onsuz da dərd çox, həmdərd yox...– Yaxşı, sən
sosial şəbəkələrdə yox kimisən. Niyə belə? Adam var ki, ora onunçün əsl cənnət
seyrangahıdı, gecə-gündüz ordadı, yazır, şəkil qoyur, fikir paylaşır, münasibət
bildirir. Hətta elələri var, deyir, əməlli-başlı yazıçı olub gedib...
– Bu,
virtual dostlar ailəsi, "ali"
maarifçilik məktəbi və ən operativ informasiya mənbəyidi. Respublikanın az qala
bütün ədəbi-elmi ictimaiyyəti, yaradıcı insanları ordadı. Maşallah!
Özünütəbliğ, reklam, bir araya gəlmək, fikir formalaşdırmaq baxımından da bu
şəbəkələrin yayım sürətini əvəz edən ikinci bir rabitə vasitəsi yoxdu. Məncə, yaradılışda hər şey elə buna hesablanıb. İndi belə yerdə istəsən
də, olmaya bilməzsən. Xüsusən də smartfonların bu qədər geniş intişar tapdığı
bir zamanda. Amma bəla ondadı ki, əksəriyyətdən fərqli olaraq, özümü bu
şəbəkədə heç rahat hiss eləmirəm. Heç nə
enerjimi ordakı qədər tükətmir, vaxtımı ordakı qədər aparmır. Hərdən elə bilirəm,
təzə dərd tapmışam, xəbərim yoxdu, çünki bu yaşda məni lüzumsuz informasiyanın
bolluğu qədər yoran, üzən, əldən salan ikinci bir şey ağlına gəlməsin. Ona görə
də sosial şəbəkədə ən zəif bənd mənəm. – Ad çəkmək şərti ilə, ən çox xoşladığın roman, povest,
hekayə...
– Roman birmənalı
olaraq "Gün var əsrə bərabər"di. Buna söhbət ola bilməz.
Povest, "Mirvari", hekayə "Həyat eşqi"... Amma təbii ki, müəyyən şərtiliklər var burda. "Səfillər"i, "Anna
Karenina"nı, "Sakit Don"u, "Əlvida, silahı"ı,
"Qılınc və qələm"i, "Sonuncu möhlət"i, "Hacı
Murad"ı, "Yad"ı, "Ağır əlcəklər"i, "Qoca və
dəniz"i "Qasırğa"nı, "Mən, nənəm, İliko və İllarion"u,
"Ağ Arvana"nı, "Gözlənilən birqətlin tarixçəsi"ni,
"Dəniz kənarı ilə qaçan Alabaş"ı, "Qumluqdakı qadın"ı,
"Prussiyalı əsgər"i, "Boyunbağı"nı, "Ay işığı"nı,
"6 nömrəli palata"nı, "Son yarpağ"ı, "Zərifliy"i,
"Əyilməz qadın"ı və bu kimi yüzlərlə əsəri necə yaddan çıxara
bilərsən? Sevgidəndi, nədəndi, onları
sadaladıqca hardansa üzümə işıq düşür. – Hazırda kimləri oxuyursan?
– Təkrar klassikləri... – Bu səni yormur? Həmişə eyni şey...
– Folknerin maraqlı fikri var. Adətən hər il
"Don-Kixot"u təzədən oxuyuram, deyirdi, "Mobi-Dik", "Madam
Bovari" və "Karamazov qardaşları"nı dörd-beş ildən bir təkrar
oxuyuram... Dikkens və Konradın, demək olar ki, hər il bir əsərini mütaliə
edirəm. – Sənin də belə müəlliflərin var?
– Onların kimliyini əslində dolayı yolla
xatırlatmış oldum. Nə var, onlarda var. Olsun ki, bu, daha çox yaşla bağlıdı.
Amma danmaq nəyə lazım, istər oxucu, istər də yazıçı kimi bədii zövqüm o
kitablarla formalaşıb, mən onları oxuya-oxuya pis-yaxşı yazıçı olmuşam. O fikrə
xüsusən bu yaşda heç şübhəm yoxdu ki, oxuduğun kitab sənin kim olduğunu deyir.
Bu yerdə Borxesin bir kəlamını yada salsam, söhbətimizə də vəsilə olar:
"Bəziləri yazdığı hər kitabla, mən isə oxuduğum hər hansı əsərlə fəxr
edirəm".– Kimlərlə həmsöhbət olmuşamsa, bunu həmişə
müşahidə eləmişəm. Özümüzünkülər unudulur. Yaxşı ki, siyahında bir nəfər də
bizdən var.
– Mizan var, tərəzi var, bu işi başladan kişilər
var. Axundovu, Mirzə Cəlili, Nərimanovu, Süleyman Sanini, Haqverdiyevi, Seyid
Hüseyni, Qantəmiri, Tağı Şahbazini, Divanbəyoğlunu, Ordubadini bu gün sən
unudarsan, mən unudaram, haqq ki unutmaz!– Söhbət ki bu yerə gəldi, bu günün mənzərəsini
necə rəsm edərdin?
– Deyim ki, son iyirmi ildə Azərbaycan nəsri,
xüsusən də roman janrı böyük təkamül yolu keçib. Zay və ortabablarla bərabər,
yaxşılar da var. Amma bu haqda danışmayacam. Hamı hər şeyi səndən-məndən
yaxşı bilir. Məsələn, Vaqif Nəsibin,
Seyran Səxavətin, Nəmməd Orucun, Kamal Abdullanın Koelyodan nəyi zəifdi? Aqil
Abbas, Aslan Quliyev, Azad Qaradərəli, Eyvaz Zeynalov, Vaqif Sultanlı, Kamran
Nəzirli, İlqar Fəhmi, Elçin Qaraçuxa, Mübariz Cəfərli, Kənan Hacı Xalid Hüseynidən nədə geri qalır? Nəriman
Əbdürrəhmanlının, Səfər Alışarlının Kafkadan, Üzeyir bəy demiş, nəyi və harası
pisdi? Doğrudan, elə fikirləşirsən ki, Afaq Məsud Pamukun və ya Murakaminin
kölgəsində qalar? Əksinə! Mənim nəzərimdə Natiq Rəsulzadə ismini sadaladığım
əcnəbi müəlliflərin hər birindən daha üstündü. Hələ adlarını çəkdiyim
sənətkarlarımızı qoyuram bir kənara,
bəzi ortabab yazıçılarımıza yaxşı demirəm, elə ala-babat qonorar versən,
Xalidi-Malidi yalan elərlər.– Bəli,
reallıqdı ki, indi çoxlarının sevmədiyi Karl Marksın sözləri ilə desək,
insanlar elm, din və incəsənətlə məşğul olmazdan əvvəl, yeyib-içməli, paltar və
mənzillə təmin olunmalıdırlar. Amma, problem tək qonorardımı?
– Təbii ki, yox. Ondan da vacibi tərcümə
məsələsidi. Reklam və təbliğatdan isə, ümumiyyətlə, söhbət gedə bilməz. İndi
mən çox səbirsizliklə gözləyirəm, görək Şərif Ağayarın fransız dilinə çevrilən
romanının bir xoş sədası gələcəkmi? Böyük bir baryeri aşmış olarıq onunla.– Yaxşı,
necə deyərlər, "keçək Arazın o tayına". Uzun müddət şəhər icra
hakimiyyətində işlədin. Qazancın nə oldu?
– Tərslikdən indiyəcən harda işlədimsə, biri də
ürəyimdən olmadı. İntəhası ya qismətdən, ya məcburiyyətdən heç vaxt layiq
olduğum yerdə ola bilmədim. Ordakı işimə gəldikdə isə, iyirmi iləcən can
qoyduğum dövlət qulluğundan öz ərizəmlə getməyim bu sualın cavabı deyil. İnsaf
hissini itirmədən deyim ki, qapısını arxadan bağlayıb təkliyə çəkilməyə xudmani
bir otağım olub orda və o otaqdan
"Qiyamçı", "Qaraqovaq çölləri", "İkinci
oğul", iyirmiyə qədər hekayə və bir xeyli publisist yazı yadigar qalıb
mənə. Dostlar durub-oturub qınasalar da
ki, özümə bir gün ağlamadım, nə mənəviyyatdan dəm vururam, peşman da deyiləm.
Kimsə bu dünyadan bir şey aparmaz. – O otaqdan nə xəbər?
– Yoxluğuna yoxdu o otaq, amma ondan da əvvəl o
dəli, məni havalandıran istək yoxdu daha. Hər şeydən bezdim, yoruldum daha. Arabanı aparan at deyil ki, arpadı, qardaş! Nə qədər steril mühit olur-olsun, altmışdan sonranın əmmasıdı bu!
– Yeri gəlmişkən bu yaxınlarda Əsgər Rəsulovun
təqdimatında "Qaraqovaq
çölləri" bir daha gündəmə gəldi.
– Əvvəla onu deyim ki, Əsgər müəllim bütün ömrünü
sözə, sənətə həsr etmiş üstün zəka sahibi olan çox ciddi bir insandı və bizdə
türk ədəbiyyatının ən mahir tədqiqatçılarından, eyni zamanda o dil üzrə ən
kamil mütəxəssislərdən sayılır. İmzasına son dərəcə hörməti olan kəs çətin ki, nəyəsə xatir qələminə xəyanət
edə. Özü də harda, harda, "Ən çox sevdiyim əsər" rubrikasında! Bu məsələnin hələ bir tərəfidi. O biri yandan
Əsgər müəllimin o roman haqda dəyərləndirmələri hələ doqquz-on il əvvəl,
əsərin çapından bir-iki ay sonra işıq üzü görmüşdü. Ola bilər hələ indən belə
də nəsə demiş olsun. Amma hiss etdiyim
qədər onu bu mövzuya bir daha qaytaran "Qaraqovaq çölləri"nin gerizəkalı,
əski zehniyyətli adamların xörəyi olmadığı fikrini ədəbi ictimaiyyətə çatdırmaq
istəyi olub. Bir müəllif olaraq bu günün ən kardinal mövzusuna həsr olunmuş
yazı ilə verdiyim mesajı və mətnin altqatında yerləşdirilən mətləbi mərhum
akademik Bəkir Nəbiyev və fədakar elm xadimi Vaqif Yusifli xaric, Əsgər Rəsulov
qədər duyan olmadı. Necə deyərlər, bilən bilir, qarlı dağın ardını! – Hansısa müsahibəndən daha çox razı qaldığın
olubmu, ya hamısı ürəyindəndi?
– Çingiz Aytmatovla bağlı "Qartallar yüksək
uçar" sorğusu və sənnən olan ilk "gaplaşma"ğımız. – Nəyi görən
gözün yoxdu?
– Boksa, qaydasız döyüşə axırıncı dəfə haçan baxdığımı çoxdan
unutmuşam. Yəqin bilirsən, onu tarix boyu dəfələrlə olimpiadaların proqramından çıxarıb sonradan təkrar bərpa
eləyiblər. Bu cür yarışlar həmişə ibtidai təfəkkürlü insanların qazanc mənbəyi
olub, indi də o cürdü. Yadına saliram, gör Məhəmməd Əlidən, Co Frezerdən,
Taysondan, Holifilddən tutmuş üzü beləsinə ömrünü insan kimi başa vuran bir
boksçu xatırlaya bilirsən heç? – Bir oxucu
kimi yazıçı Əlabbasın yaradıcılığını necə qiymətləndirərdin?
– Nəyi də olmasa, "Qiyamçı"nı oxusunlar.
İtirdikləri vaxta təəssüflənsələr, babalı
müəllifin boynuna. – Əlabbas Bağırov nə etmək istəyirdi ədəbiyyatda?
Eləyə bildimi onu?
– Azərbaycan ədəbiyyatının ərazisini bircə kvadrat
santimetr də olsa, böyüdə bildimsə,
qəhrəmanam ki! Bizdə belə şeylər, əfsus ki, yazıçı başını yerə qoyandan
sonra bilinir, onacan yox.– Ona görə bir də 70-də görüşüb, sonrasına baxarıq,
inşallah!
– Qismət olsa. Artıq o sənin-mənim yox, Allahın
işidi! Arzulayaq! Söhbətləşdi: Səməd Məlikzadə
