• cümə, 19 Aprel, 08:14
  • Baku Bakı 13°C

Nə yazdığımı, necə yazdığımı yaxşı bilirəm

26.04.20 13:45 1706
Nə yazdığımı, necə yazdığımı yaxşı bilirəm
Cavid Zeynallı: "Bədii səviyyəsi, gözəl dili olmayan əsərdə yalnız intonasiya yeniliyi formabazlıq deməkdir”
Gənc yazıçı, dramaturq Cavid Zeynallının müsahibəsini təqdim edirik.

– Cavid, karantin günlərini necə keçirirsən?
– Hamı kimi. Daha doğrusu, hamı kimi demək, bəlkə də, doğru olmaz. Yaxın-uzaq həmkarlarımız, oxuyub-öyrənmək istəyən insanlar kimi. Oxuyuram, yazıram, filmlərə baxıram. Evdən teatrın və universitetin işlərini onlayn görürəm. Başqa nə edirəm? Oğlumla şahmat oynayıram, SMS yazıb marketə, aptekə gedirəm və s. Ən vacibi saat üçə dördə qədər yatmayıb oxuyub-yazmaq, 12-ə qədər yatmaq avantajımı yaşayıram. Bax, belə. "Odu qoruyan” adlı hekayələr kitabımı çıxarmaq istəyirdim, məlum karantin səbəbinə görə saxladım. Yəqin ki, yayda kitab çap etdirmək doğru olmaz, ona görə sentyabr-oktyabr aylarına saxlayacam. Əslində, oktyabr ayına daha başqa planım var idi. Pyeslərimi və səhnələşdirdiyim əsərləri kitab şəklində çap etdirmək niyyətim var. Hələ ki, ertələndi, sağlıq olsun, ilin sonuna da olsa, bunu edəcəm. Çünki son vaxtlar hiss etdim ki, özümü daha çox işə sərf elədim, özümlə məşğul olmaq ikinci plana keçdi. Sonuncu kitabın 7 il əvvəl çıxıb. Uzun zaman, məsuliyyətsiz rəqəmdir. Ona görə, yaradıcılıq məsələlərində disiplinli olmaq vacibdir. Xüsusən nasirlər üçün. Mən Dillər Universitetinin doktorantıyam. Bu yaxınlarda "Müstəqillik dövrü Azərbaycan hekayəsində zaman və məkan” adlı elmi işim AMEA-nın Koordinasiya Şurasının təsdiqindən keçdi. Elmi işimi yazıb üç il ərzində müdafiə etmək qarşımda duran çox vacib məsələdir.
– Hansı kitabları oxudun? Hansı filmlərə baxdın?
– "İncil”i oxuyuram. Daha sonra "Qurani-Kərim”i oxuyacam. Əslində, hər ikisini uzun illər əvvəl oxumuşam. Amma buna həm də oxumaq demək olmaz. Mənə dini motivli mətnlər lazımdır. Şərq əhvalatlarını, qorxulu nağıllarımızı, dünya xalqlarının əfsanələrini oxumalıyam. Bir mövzum var, roman yazmaq istəyirəm. Şərti olaraq "Və yenə şər...” adlandıra bilərik. İnsan təkcə xeyir, şəfqət, mərhəmət deyil, həm də şərin bütün dağıdıcı imkanlarını içində qoruyan varlıqdır. Məni həmin şər maraqlandırır. Burada hər kəs öz içindəki şəri ifadə etmək imkanı qazanacaq. Məşhur polyak ədibi var: Tadeuş Rujeviç. Onsuz sözüdür: şər hardan peyda olur? İnsandan, insandan, əlbəttə, insandan. Çətin mövzudur, amma altına girməyə, qaldırmağa dəyər. Danil Kelmanın "Dünyanın ölçülməsi” romanını Cəlil Cavanşirin orijinaldan tərcüməsində oxuyuram. Sənə deyim ki, Cəlilin alman dilindən tərcümələr etməsi çox böyük üstünlükdür. Məncə, müasir alman ədəbiyyatının dilimizə çevrilməsi bizim üçün qazanc olar. Başqa nə oxudum? Rasim Qaracanın "Mənim həyatımı yaz” hekayələr kitabını. Açığı, bilmirəm nə deyim. Nə deyə bilirəm pisdir, nə deyə bilirəm yaxşı. Bizim dilimizdə belə vəziyyətləri ifadə etmək üçün bir neçə söz var: babat, miyanə, kəmşirin. Rasim Qaraca naşirdir, təşkilatçıdır, şairdir, tərcüməçidir, amma... yazıçı deyil. Bəlkə də, mənim yazıçım deyil. Bəlkə, belə demək daha ədalətli çıxar. Bu hekayələr, bu ədəbi detallar naşı əkinçi əlində ora bura səpələnən toxum kimidir. Təəssüflənirsən, xəyal qırıqlığına tuş gəlirsən. Və ən dəhşətlisi nədir: oxudun, bir saat sonra heç nəyi xatırlaya bilmirsən. Yalnız adda-budda nələrsə ilişib qalır yaddaşda. Heyrət edirsən ki, axı bu hekayədə həqiqi ədəbiyyat elə "nələrsə” dediyimiz o detallardır, niyə onları donuz ayağı altında zay olan mirvari kimi heyf edirsən? Kitabdan yaddaşımda bir lətifə ilişib qalıb. Bir oğlan telefon ustasına yaxınlaşıb ki, bəs, ay usta, siz telefon suya düşəndə düzəldə bilirsiniz? Usta deyib, gətir baxaq. Oğlan da qayıdıb deyib ki, telefon hələ quyudadır, düzəldə biləcəksənsə, çıxardaq. Bax, belə. O ki qaldı filmlərə... Bir neçə filmə baxdım, o cümlədən, macar rejissoru Bela Tarrın "Turin atı” filminə. Gözəl filmdir. Bununla bağlı feysbukda da qısa qeydlər elədim. Ümumiyyətlə, mənim film izləmək tərzim indiyə qədər pərakəndə olub. Dünyanın 20 böyük rejissorunun adını yazmışam, fikrim var ki, hərəsindən ən azı beş-altı filmə baxım. Onların içində bəzilərinin 3-4 filmini izləmişəm, amma bu, bəs eləmir. Çünki gələcəkdə Rusiya, Türkiyə, yaxud İranda ssenari təhsili almaq fikrim var. Nəsib olsa, şərait yaradılsa bu istəyimi reallaşdırmaq istərdim.
– Necə düşünürsən, koronavirus ədəbiyyatda vəba xəstəliyi kimi ölməz əsərlərə mövzu olacaq?
– Bilmirəm. Bunu gələcək göstərər. Tarix boyu belə xəstəliklər çox yayılıb. Vəba, İspan qripi, Kolera epidemiyası, Rus qripi... Bu yaxınlarda oxudum ki, 1918-20-ci illərdə İspan qripindən 100 milyona yaxın insan ölüb. Bu, o vaxt üçün dünya əhalisinin 5 faizi demək idi. İndi bu qədər böyük panikanın yaramasının səbəblərindən biri heç şübhəsiz informasiya mənbələridir. Bir daha təsdiqləndi ki, dünyada informasiyadan böyük silah yoxdur. Əlbəttə, bunları koronovirus epidemiyasını şübhə altına alaraq demirəm. Bütün dünyanın həyatı iflic olubsa, deməli, təhlükə böyükdür və hər kəs özünü qorumalıdır. Yaxşı yazıçı üçün təkcə epidemiya yox, hər şey mövzudur.
– Bu yaxınlarda Mədəniyyət Nazirliyi və AYB birgə virusla bağlı proza müsabiqəsi elan etdi. Qatılacaqsanmı? Ümumiyyətlə, koronavirus haqqında nəsə yazmısan?
– Yaxşı təşəbbüsdür. Ədəbiyyatın ritmi həyatın ritmi ilə bərabər olmalıdır. Qatılacağammı? Bilmirəm. Mövzum var, yaza bilərəm. Amma tərəddüd edirəm. Hələ vaxta var, düşünərik. Amma yazıçı dostlarımı müsabiqəyə qoşulmağa çağırıram. Mükafat fondu da indiki vəziyyət üçün normal məbləğdir. Burada əsas iş münsiflərin üzərinə düşəcək. Çünki Mədəniyyət Nazirliyinin və Yazıçılar Birliyinin təşkil etdiyi müsabiqənin ictimai rəydəki müsbət imicinin formalaşdırılması, yaddaşda yaxşı iş kimi qalması onlardan asılıdır. İnanaq, gözləyək, ümid edək.
– Cavid, son hekayən dərc olunandan bəzi yazarlarımız mövzularının 60-cı illər nəsrinə oxşadığını dedi. Razısanmı bu fikirlərlə? Sənin fikrincə, hekayələrin nə qədər bu çağın mətnləridir?
– Mənim bütün tənqidi fikirlərlə bağlı qəribə rahatlığım var. Pedro Almodovarın bir fikri var: "Rejissorun heç zaman tənqidçi haqda pis danışmağa ixtiyarı yoxdur”. Məncə, bunu ədəbiyyata da aid edə bilərik. Nə yazdığımı, necə yazdığımı yaxşı bilirəm. Harda uğurlu, harda uğursuz olduğumu da bilirəm. Vacib olan budur. Əgər "Harada uğursuzsan?” sualını versən, deyəcəm ki, daha çox oxuyub, daha çox yazıb o uğursuzluqları dəf edəndən sonra cavab verəcəm.
– Ən çox haqqında danışılan hekayən "Coğrafiya müəlliminin pencəyi" olmuşdu. Son hekayən də müəllim obrazının hekayəsidi. Müəllim xarakterinin səni bu qədər məşğul etməsinin xüsusi səbəbləri var?
– Mənim müəllimə həsr olunan iki hekayəm var. Bu yaxınlarda yayımlanan "Tarix müəlliminin kədəri” hekayəsini "Coğrafiya müəlliminin pencəyi” hekayəsinin davamı kimi qəbul etmək olar. Birində müəllim pul itirir, o birində pul tapır. Mənə sentimental, duğusal məqamları irad tuturlar. Bilmirəm, bəlkə qədərindən artıqdır. Hər halda, o yerləri xırda redaktə ilə təmizləmək iki vur ikidir. Amma bir şeyi yadda saxlayaq: biz soyuqqanlı skandinav insanı deyilik. Biz şərqliyik. Emosionalıq, duyğusalıq, sentimantalıq, qanımız həmişə qaynayır, tez kövrələ bilirik, tez özümüzdən çıxa bilirik... Mən öz qəhrəmanımı qondarma soyuqqanlı göstərib ruhsuz, hissiyyatsız mətn yarada bilmərəm. Ayda, bəlkə, onlarla belə uğursuz hekayələr yazılır. Və saytlarda, jurnallarda, qəzetlərdə çap olunurlar. Görün, birinin səsi-sorağı çıxır?
– Necə düşünürsən, həm sənin, həm də gənc həmkarlarının hekayələri dövrümüzün tələblərinə uyğun gəlirmi?
– Bilmirəm. Dövrümüzün tələblərini öyrənib gələn müsahibədə cavab verərəm.
– Günümüzdə bəzi əsərlərdə hadisə və təsvir uzlaşması pozulur. Yəni, yeni hadisələr köhnə təsvirlərlə, bənzətmələrlə ifadə olunur. Səncə, ədəbiyyatımızda yeni intonasiya varmı?
– Var, əlbəttə. Məsələn, Kamal Abdullanın "Sirlərin sərgüzəşti” romanı. Mövzu dərinliyi, obrazları, mətnin ustalıqla qurulması həm yenidir, həm də bundan əvvəlki "Sehrbazlar dərəsi”, "Unutmağa kimsə yox”, "Yarımçıq əlyazma” romanlarına işarələr, lağımlar var. AMEA-da "Sirlərin sərgüzəşti”nin müzakirəsi keçirilirdi. Ədəbiyyatşünas Maral Yaqubova romanın həm dilçilik, həm də ədəbiyyatşünaslıq nöqteyi-nəzərdən çox gözəl təhlilini verdi. Daha sonra Etimad Başkeçidin "Min yol mənə söylər”, Elçin Hüseynbəylinin "Balıq adam”, Zahid Sarıtorpağın "Dərdin sarı çəpkəni”, Həmid Herisçinin "Solaxay”, Mübariz Örənin "Ağ buludlar” romanlarının adını çəkə bilərəm. Əlbəttə, biz peşəkar ədəbiyyat müstəvisindən danışırıq. Bilirsən, təkcə intonasiya hər şeyi həll etmir. Bədii səviyyəsi, gözəl dili olmayan əsərdə yalnız intonasiya yeniliyi formabazlıq deməkdir.
– Akademik Teatr tamaşaların video görüntülərini canlı paylaşdı. Necə reaksiya doğurdu bu addım? Yeni tamaşalar hazırlanırmı?
– Tamaşalar koronovirus pandemiyası ilə bağlı Akademik Milli Dram Teatrının virtual repertuarı əsasında yayımlanır. Tamaşaçılar teatrın həm feysbuk səhifəsindən, həm youtube kanalından, həm də saytı üzərindən səhnə əsərlərinə baxa bilər. Yaxşı haldır ki ,bu tamaşalar təkcə ölkə daxilində yox, xaricdəki həmvətənlərimiz tərəfindən də izlənilir. Məsələn, mənə dedilər ki, İsraildən, Almaniyadan, Türkiyədən tamaşalara baxanlar var. İnşallah, bütün bu çətinliklərdən itkisiz, sağlam çıxaq, teatrın yeni tamaşaları çox olacaq. Böyük italyan dramaturqu Eduardo de Filipponun "Filumena Marturano” tamaşasının məşqləri demək olar ki, bitmişdi. Teatr açılandan sonra ilk premyeramız bu tamaşa olacaq. Repertuar planında olan tamaşaların sayı çoxdur, ona görə də gözləməyə dəyər.
– Karantin şəraiti ilə bağlı oxuculara hansı çağırışı etmək istəyirsən?
– Azərbaycan dövləti koronovirusla mübarizədə vaxtında çox vacib addımlar atdı. Bəs, biz dövlətə necə kömək edə bilərik? Məsuliyyətli olmaq, qaydalara əməl etmək, özümüzü və ətrafımızı qorumaqla.

Söhbətləşdi: Rəvan Cavid
banner

Oxşar Xəbərlər