“Məişət zorakılığı ilə bağlı məlumat bankı gələn il hazır ola bilər

“Məişət zorakılığı ilə bağlı məlumat bankı gələn il hazır ola bilər"

Cəmiyyət
07 Dekabr 2019, 17:38 330
"Məişət zorakılığı ilə bağlı məlumat bankının 2020-ci ildə hazır olacağı gözlənilir”.
Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib. Onun sözlərinə görə, bank yaransa da, hələ tam formalaşmayıb:
"Biz yerli icra hakimiyyətləri ilə işləyirik. Respublikanın bütün yerli icra hakimiyyətlərində icra hakiminin müvafiq müavininin sədrliyi ilə monitorinqlər qrupu yaranıb. Bu monitorinq qrupları öz bölgələrində olan sosial zəif ailələri təhlil edir və həmin qrupların baş vermiş zorakılıq faktı ilə bağlı toplantıları keçirilir. İlin yekununda həmin monitorinq qrupları bizim Komitəyə məlumat verirlər ki, onların ərazisində neçə zorakılıq hadisəsi baş verib, qurbanlar kimlərdir və sosial zəif ailələrin sayı nə qədərdir. Sistemi bu qaydada qurmağa çalışırıq ki, hər şey nəzarətdə olsun və həmin təbəqə ilə konkret olaraq maarifləndirmə işləri aparılsın”.
Komitə sədrinin müavini deyib ki, bu bankın yaradılması bütün rayonlarla bağlı olan şəbəkədir: "Bu şəbəkə də tam hazır olmalıdır. Onlara proseslə bağlı seminarlar keçirilir, öyrədilir”. 
Sədaqət Qəhrəmanovanın sözlərinə görə, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun Milli Məclisdə 2010-cu ildə qəbul olunub və Prezident İlham Əliyev Qanunu imzalayıb:
"Qanun layihəsi 2 il geniş ictimaiyyətin müzakirəsində olub. Milli Məclisdə bu qanunun qəbul olunması ilə bağlı böyük mühabisələr gedib. Düşünürdülər ki, bu qanun bizə lazım deyil. Məişət zorakılığı deyəndə elə bilirlər ki, təkcə kişi həyat yoldaşını döyürsə, bu, zorakılıqdır. Amma zorakılıq təkcə kişinin qadına fiziki zorakılığı deyil, bu, mənəvi, psixoloji, iqtisadi, cinsi, sonda isə fiziki zorakılıqdır. Bu qanun Mehriban Əliyevanın təkidi ilə qəbul olunub. Qanunun icrası ilə bağlı müvafiq dövlət qurumlarının üzərinə müəyyən vəzifələr qoyulub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə düşən vəzifələrdən biri məişət zorakılığına məruz qalan insanların bankını toplamaq, onu təhlil etmək və gələcəkdə hansı addımlar atmaq, zorakılığa məruz qalmış insanların sonrakı taleyi ilə bağlı təhlillər aparıb qərar qəbul etməkdir”.
S.Qəhrəmanova onu da bildirib ki, bu il ölkədə neçə qadının məişət zorakılığına məruz qalması ilə bağlı təhlillər aparılır.