• cümə axşamı, 25 aprel, 12:41
  • Baku Bakı 23°C

İdmanın cəmiyyətə qazandırdığı qəhrəmanlar

04.09.21 12:00 669
İdmanın cəmiyyətə qazandırdığı qəhrəmanlar
Sizinlə qürur duyuruq, iradəsi sərhədsiz olanlar. Bu dövlətdən, bu xalqdan alacağınız alqış, dua və mükafat halal haqqınızdır!
2019-cu ildə "Kaspi” qəzetinin "Gənclik” əlavəsində Sahib Əsədbəylinin "Qəzaya düşdü, əlil arabasına oturdu, qazax idmançının məsləhətini dinlədi və...” başlıqlı yazıdan sitat: "2007-ci ildə ağır yol qəzası keçirir. Nəticədə, bel sümüyü sınır. İki il davam edən müalicə-bərpa prosedurlarından sonra məlum olur ki, 28 yaşlı Astanov ömrünün qalan hissəsini əlil arabası ilə keçirməli olacaq... "Müalicə üçün Ukraynada yerləşən onurğa sınıqları üzrə ixtisaslaşmış, dünyanın dörd bir tərəfindən xəstələrin üz tutduğu sanatoriyaya getmişdim, orada qazaxıstanlı paralimpiyaçılarla həmsöhbət oldum. Onlar mənə idmanla məşğul olmağı məsləhət gördülər. Ölkəyə dönəndən sonra araşdırdım, Milli Paralimpiya Komitəsinə müraciət elədim. Beləcə, artıq 8-ci ildir ki, paralimpiyadaçıyam”
İradənin sərhədi hansı ölçüdə olmalıdır ki...
İdmanla məşğul olmaq olduqca möhkəm iradə tələb edir. Çünki peşəkar idmançı hamı kimi həyat tərzi sürməməlidir. Rejimə, nizam-intizama əməl etməsə, heç bir uğur qazana bilməz peşəkar idmançı. Ona görə də, qidalanma da, istirahət də, hətta yuxu rejimi də fərqli olmalıdır. Buna hər adam əməl edə bilməz. Elə ona görə də, hər idmançı dünya, olimpiya çempionu ola bilmir. Və indi düşünün ki, bütün bu sərhədli həyat tərzinə fiziki məhdudiyyətli şəxs - paralimpiyaçı əməl etməlidir. İnsanda iradənin sərhədi hansı ölçüdə olmalıdır ki, bunun öhdəsindən gələsən? Bəlkə də bu iradənin heç sərhədi də yoxdur.
Qızıl var, qızıl var ey...
Paralimpiyaçılar bir yox, bir neçə baryeri aşmaq məcburiyyətində olurlar axı. Əvvəlcə, o baryeri aşmalısan, inanmalısan ki, idman sənin cəmiyyətə adaptasiya olunmağın, həyat eşqini qaytarmağın üçün yardım edəcək. Bundan sonra isə idmançı həyatının çətinlikləri ilə mübarizə aparmalısan. Belə möhkəm iradəyə qibtə etməmək mümkünsüzdür. İki il əvvəl "Kaspi” qəzetində haqqında yazdığımız Elvin Astanov da belə iradəyə sahibdir. O, Tokioda keçirilən Paralimpiya oyunlarında Azərbaycana qızıl medal qazandırıb. Qızıl var, qızıl var ey... Bu qızılın dəyəri yoxdur. Həm ölkəyə qazandırılan şöhrət, həm cəmiyyətə verilən mesaj, həm də fiziki məhdudiyyətli insanlara ötürülən motivasiya baxımından.
Min qat artıq sərmayə kimi qayıdır
Deməli, idmanın insan həyatındakı önəmini xüsusi qeyd etməliyik. Fiziki məhdudiyyətli insanların cəmiyyətə adaptasiyası, onların özlərini sübut etməsi baxımından əvəzsiz bir vasitədir idman. Paralimpiya hərəkatına yatırılan vəsait yüz yox, min qat artıq sərmayə kimi qayıdır Vətənə. Vətən onlar üçün şərait yaradır, onlar da Vətənə uğur gətirirlər, cəmiyyətə həyat eşqi aşılayırlar. Deyirlər ki, ay insanlar, fiziki məhdudiyyətli olmaq əngəl sayılmamalıdır.
İngilis jurnalistə himnimizi əzbərlətmək
Tokioda Azərbaycan paralimpiyaçıları tarix yazırlar. Elə bir tarix ki, bütün dünyanı heyrətləndirməyə vadar edirlər. İngilis jurnalist Drev Lilley "tvitter” səhifəsində yazıb: "Azərbaycanı növbəti medal münasibətilə təbrik edirəm. Siz öz idmançılarınız və ölkənizlə fəxr etməlisiniz. Azərbaycanın himnini əzbərləməyə başladım. Artıq 5 dəfə eşitmişəm və hər dəfə qulağa daha xoş gəlir. Sona doğru dəyişən akkord möhtəşəmdir”.
Lilley Azərbaycanın himnini Tokioda daha sonra 7 dəfə də dinləməli oldu. Bizə isə o qalır ki, ingilis jurnalisti himnimizi öyrənməyə sövq edən idmançılarımızla – paralimpiyaçılarımızla fəxr edək. Sizinlə qürur duyuruq, iradəsi sərhədsiz olanlar. Bu dövlətdən, bu xalqdan alacağınız alqış, dua və mükafat halal haqqınızdır!
Kaspi.az
banner

Oxşar Xəbərlər