“Hamıya qulaq asıram, ancaq öz bildiyimi edirəm”
1481
12 sentyabr 2020 | 18:30
Yazıçı Şamxal Həsənov: "Azərbaycan dilində yazmaq məsuliyyətli
işdir”
Şamxal Həsənov Cəlilabadda
doğulub. Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinə qəbul
olunub və hüquqşünaslıq üzrə bakalavr dərəcəsinə yiyələnib. Növbəti iki il ərzində
Fransanın l’Universite de Bordeaux və l’Universite Toulouse Capitol
univerisitetlərində fransız dilində magistratura təhsili alıb. İngilis, fransız
və türk dillərində sərbəst mütaliə edən müəllifin ilk romanı Fransada fəaliyyət
göstərən "Editoins Kapaz” nəşriyyatında da çap olunub.Son günlər
Şamxal Həsənovun "Səs və ya Qırmızı” romanını oxuyurdum. Dörd yüz səhifəlik
roman haqqında fikirlər birmənalı deyildi. Bir kəsim həddən artıq tərifləyir,
onu Azərbaycan ədəbiyyatının dünyaya açılan pəncərəsi hesab edirdilər. Digər kəsim
isə romanın dili haqqında mənfi fikirlərlə silahlanmışdılar: "Romanın dili qəlizdir”,
"Onun Azərbaycan ədəbiyyatından xəbəri yoxdur” və s. Məsələni polemikalaşdırmayacağam.
Ortada Azərbaycan ədəbiyyatının xeyrinə bir həqiqət var. Sözügedən roman yaxın
günlərdə Fransada da çap olunacaq.
- Mən müəlliflərin beyninə girməyi, romanda gerçək həyat
detallarından qopub gələn və xəyal məhsulu olan səhnələri, obrazları
xırdalamağı, saf-çürük eləməyi sevirəm. Bunu bir oyuna çevirməyi, yazıçının da
bunu bir oyun kimi görüb oxucunu aldatmağı ədəbiyyatın əyləncəli tərəflərindən
biridir. Ramiz ədəbiyyatımızdakı digər ata obrazlarına bənzəmir...
– Yəqin,
düşünürsən ki, Ramiz mənim atamın prototipidir. Yanılırsan (gülür). Ramizin heç
bir prototipi yoxdur. Hər obrazı müəllifin şəxsi həyatında və ya onun çevrəsində
axtarmaq düzgün deyil. Nə də romanlarda təkcə öz həyatından, özündən yazmaq. Sənətin
öz reallığı var. Amma yenə də deyim ki, Ramizin yatdığı klinika, yəni romanı
yazdığım əvvəlki ofisim buralara yaxındır. Romanla həyat arasında belə pəncərələrin
açılmağı məni də sevindirən şeylərdir. Üstəlik, özüm də atayam!
– Ata olduğunu bilmirdim.
– Hə, roman
yeni qayğıların içində və bu qayğılara rəğmən yazılıb. Gəzdiyimiz küçələr, əslində
yazı prosesində tək dolaşdığım, zehnimdə düyün düşən səhnələri, cümlələri çözməyə
çalışdığım məkanlardır. Yasamalın qaranlıq məhəllələrində məni qorxusuz gəzdirən
şey romanı yaxşıca işləmək arzusu olub. Məsələn, axşamlar işdən qayıdıb, yorğun
bədənimi masaya çəkirdim. Yeməkdən sonra vücudum daha da ağırlaşırdı. On-on beş
dəqiqə evdə Səmədlə oynayıb, tez-tələsik ofisə çıxırdım. Asan deyildi!
– Səməd?
- Oğlumun
adıdır. Romanın ilk epiqrafının müəllifi odur. Fevralda üç yaşı olacaq (gülür).
– "Üzüm ikiqapılı ayna imiş”?
– Bəli!
– Ofis buralara yaxın idi, hə?
– Hə. Dayımın,
təxmin edirəm, 2007-ci ildə tikdirdiyi hündürmərtəbəli binada idi. Tikilinin
altında əvvəllər özlərinin istifadə etdiyi geniş bir ofis vardı. Çoxdan istifadə
olunmurdu. Sağ olsun, açarlarını verdi. Dedi, necə istəyirsən, elə də istifadə
et. Mənim bəxtimdən, bir il sonra on iki ildir icarəyə verilməyən ofisə müştəri
çıxdı. Bir il ərzində romanın ciddi hissəsini orda yazdım. İndi həmin yer uşaq
bağçasıdır və Səməd bir neçə aydan sonra təhsil həyatına o bağçada
başlayacaq...
– Romanı oxuduqca Prustvari detalları görməmək mümkün
deyildi. Məsələn, "İtirilmiş zamanın sorağında” bu cümlə ilə başlayır: "Uzun
zaman gecələri erkən yatdım”. "Səs və ya Qırmızı” romanı da oxucunu, təxminən,
bu ruha yaxın bir cümlə ilə salamlayır: "Uzun müddət həftə sonları doyunca yata
bilmədim”...
– Fransada
fransız dilində hüquq oxumaq olduqca çətindir. İlk vaxtlar mühazirələrdə müəllimlərin
sözlərinin əksəriyyətini başa düşsəm də, birləşdirib bir cümlədə anlamağa gecikirdim,
hələ çox çalışmalı idim. Buna görə də, həftəiçi hər gün, hardasa on saat
kitabxanada oturur, fransızcamı təkmilləşdirmək üçün çalışırdım. Əlbəttə, o
günlərin zəhməti sonradan məndə xarakterə çevrildi. Çətin işlərin altından
çıxacağıma məni inandırdı.Bunlardan biri də Prustu oxumaq idi. Prustu oxumağa
ilk dəfə Fransada başladım. Hələ də vaxtaşırı olaraq zövqlə oxuyuram. Ancaq
romanı yazarkən yalnız özüm olmaq idi niyyətim. Oxumaq istədiyim bir kitabı
yazırdım və bu, məni istənilən məsuliyyətdən xilas edirdi. Yazıçının bu
azadlığa ehtiyacı var. Əlbəttə, Prustun uzun, səbirlə və incəliklə işlənmiş
cümlələrinin təsiri olurdu. Sevdiyim digər yazarlar kimi! Məsələn, Samuel
Bekkettin yeri, mənə təsir edən yazıçılar arasında xüsusidir. Qısa və sadə cümlələri
ilə bu qədər dərin anlayışlar və hisslər yaratması, məni heyrətləndirib və
narahat edib.
– Romanda hər hissənin öz epiqrafı var. Epiqraf gətirdiklərindən
çoxu xarici yazıçılardır... Bəs Azərbaycan ədəbiyyatında özünə estetik mənada
yaxın hiss etdiyin hansı müəlliflərin adını çəkə bilərsən? Mənə görə sənin
romanın modernist texnikaları ilə Saday Budaqlı yaradıcılığını bir daha aktual
etdi!
– Təəssüf ki,
milli ədəbiyyatdan mütaliəm geniş deyil. Özümə yaxın bildiyim yerli müəllif də
yoxdur.Roman çap olunandan sonra yeni insanlar tanıdım.
Çoxu da ədəbiyyat adamları idi. Mənə milli və xarici müəlliflər arasından ədəbi
əcdadlarım haqqında suallar verirdilər. Həm onlara, həm də oxuculara demək istəyirəm
ki, bu fikri qəbul etmirəm. "Ədəbi əcdad” bir az sərt ifadədir. Mənimsə, sadəcə
dostlarım var. Onları oxuyuram, həzm edirəm və zamanla hafizəmdə gizlənən
detalları, mətndə özüm də bilmədən qarşıma çıxır. Saday Budaqlının əsərlərini
isə mütləq oxuyacağam.Oxuyanlar bilər, romanın birinci hissəsində balıq,
qatıq, xlor satanların səslərinə oyanan əsas obrazlardan biri İdrisdir. Məhz o
pəncərədən eşidir səsləri (barmağını üçüncü mərtəbəyə tuşlayır). Həmin mənzilə
2006-cı ilin yayında köçmüşdük. Zaman keçdi, mən Fransaya getdim, sonra
qayıtdım, başqa evə köçdük, romana başladım. Amma səyyar satıcıların səsini
unutmadım.
– Məkanları gəzdikcə, əslində, romanın içində
dolaşdığımızı hiss edirəm. Düzdür, romanda bu söylədiklərin dekor və vasitə
kimi iştirak edir. Yəni səslər, məkanlar, xatirələr, sadəcə obrazların daxili
dünyalarını açmaq, bu dünyanı bənzərsiz formada göstərmək niyyətindədirlər.
Ətrafdakı hər şey bu obrazların daxilində ulduz kimi axır... Mən hiss edirəm
ki, sən dilin bədiiliyindən çox, hisslərin və anlayışların dərinliyində üzürsən.
Yüksək bədii göstəricilərlə haşiyələnmiş dil bu anlayışları özündə daşıya bilərdimi?
Müzakirəlidir. Bəlkə də, buna görə romanı bütöv oxuyanlar onu sevir, ancaq
romandan hissələr oxuyanlara "dili zəifdir, demək, pis yazıçıdır” təsəvvürü
hakimdir.
– Romanın dilinə
güvənirəm. Əsas tənqidi fikir romanın dil qatı ilə bağlı idi. Şərif Ağayar
roman haqqında yazdığı essedə də bunu "uşaq ayaqqabısında ilişib qalan və daim
ona narahatlıq verən daşa” bənzətmişdi.
Şərif Ağayar kitabın redaktordur. Ümumiyyətlə, redaktə prosesi ağrılı keçdi.
Əsas müzakirələrimizdən biri xarici dillərdə oxuduğum kitabların mənə hər
addımbaşı təlqin etdiyi anlayışları Azərbaycan dilinə uyğunlaşdırmaqdakı çətinliyim
idi.Üstəlik, mənə elə gəlir, bu günün dili daha səmimi,
daha zövqlü bir dil olmalıdır. Bəzən olduqca yersiz, yaxud bayağı görünən
axar-baxarlı, lirik ifadələrlə yazan müəlliflər modern cəmiyyətdə çoxdan öz
aktuallığını itiriblər. Mətn modern göstəricilərə cavab verməlidir, çünki mətnin
təqdim olunduğu cəmiyyət modern bir cəmiyyətdir. İkinci bir tərəfdən, mən
inanmıram ki, adlarını çəkdiyimiz müəlliflər bizim bədii dili göstərici kimi qəbul
edən müəlliflərin etdikləri ilə müqayisəyə gələ.Ədəbiyyat da dil ilə "başlayır”. Prustun insanı sərxoş
edən bədiiliyi, uzunçuluğu ilə yanaşı, yüksək zəkası və incə zövqü var. Yaxud
nisbətən sadə cümlələrlə böyük enerji ötürən, dərin anlayışlar arasında üzməyi
öyrədən başqaları. Buna görə dil ilə bağlı tənqidləri, təxminən, "hamıya qulaq
asıram, ancaq öz bildiyimi edirəm” yanaşması ilə qəbul edirəm. Çünki indi
dünyada hansı ədəbi proseslərin getdiyindən xəbərdaram.Mən "yuxusu ərşə çəkildi” ifadəsini heç vaxt
romanımda istifadə etmərəm. Belə ifadələr, nədənsə, mətndən itələyir məni. Kim
bəyənirsə, ürəyinə yatırsa, istifadə etsin. Təsəvvür elə, tərcüməçilər belə
ifadələri çevirərkən necə əziyyət çəkirlər. Ədəbiyyat büsbütün zövq məsələsidir.
Sadəcə qərəzli münasibətlərə dözümüm yoxdur. Oxuculara romanı bütöv oxumağı məsləhət
görürəm. Hərdən fikirləşirəm ki, görəsən, bu romanı həmin axar-baxarlı dildə
yazmaq olardımı?
– Məncə, olardı. Dilin qaldıra bilməyəcəyi yük
yoxdur.
– Bəlkə də, hə!
Ancaq mənim sevmədiyim, qara siyahıma saldığım sözlər, ifadələr, deyimlər var
ki, onları hamı rahat istifadə edir. Mən isə hansınısa istifadə etməmək üçün, bəzən
onun istiliyini verməyən, məsələn, daha "soyuq” bir söz tapıram. Mənim ədəbi dilim bir tərəfdən Azərbaycan
dilində az oxumağım, ədəbi enerjimi daha çox xarici müəlliflərdən almağım ilə məhdudlaşırsa,
bir tərəfdən də qara siyahımda olan ifadələrin çoxluğu ilə məhdudlaşır. Buna
görə də, yeganə bir yol qalırdı: romanın yükünü qaldıra biləcək öz modern
dilimi yaratmaq.
– Romanın Orxan Pamukun düsturu ilə desək, saf və
düşüncəli tərəfləri var. Xüsusən, Ramizin nostalji hissi ilə xatırladığı Z
obrazı. Gəzdikləri küçələr, məşhur məkanlar. Bu hissələrdə gülümsəyən
emosionallıq, romanın skeletində şirəli meyvələr kimi görünür. Romanın
strukturu, üslubu, süjeti sənin üçün əvvəldən təyin olunmuşdu, yoxsa yazı
prosesində yarandı?
– Sonuncu hissəni
2018-ci ilin sonlarına yaxın bitirmişdim. Əvvəl hər üç personajı bərabər yazmaq
istəyirdim, sonra bunun çətinliyini duydum. Çünki bir tərəfdən İdrislə Səmanın
bir-birinə qarşı hekayəsi, digər tərəfdən Ramiz, onun xəstəliyi, keçmişi,
indisi, ailə həyatı, evlənməzdən öncə və evləndikdən sonra Z ilə münasibəti.
Hamısını eyni anda düşünmək və şüur axını və daxili monoloq fəndlərilə yazmaq məni
yorurdu. Odur ki, bir yerdən sonra ancaq Ramiz xəttini davam etdirdim və
2018-ci ilin axırlarına yaxın romanın son hissəsini bitirdim. Ramiz xətti bitəndən
sonra Səma və İdris xəttini davam etdirdim. Əlbəttə, hər dəfə Ramizi
xatırlayırdım, ona qayıdırdım, dəfələrlə düzəliş edirdim. Balansı qorumaq şərtilə!
Romanın üzərində çox işləmişəm. Hətta deyim ki, əksər fəsillərin, cümlələrin
iyirmiyə yaxın variantı var.
– Roman yazılarkən stolüstü kitabların hansılar idi?
– Madam, hər
şeyi "öyrənmək” istəyirsən, mən də ümumi cavablarla davam edim: Dəyişirdi.
Nabokov, Hesse, Mann romanları da olurdu, başqaları da. Beckettin trilogiyası
kimi, məni xüsusən diri saxlayan əsərlər
vardı.
– 400 səhifəlik bir roman yazıbsan. 2 il yarımlıq bir
zamanın bir kitaba həsr olunub. Yorulduğun, bezdiyin vaxtlar, əmiməm ki,
çoxdur. Belə vaxtlarda özündə nə ilə motivasiya tapırdın?
– Əlbəttə, belə
anları yaşamışam. Birincisi, onu deyim ki, yazmaq mənim üçün əsas iş deyildi.
Əsas işim məni zehni cəhətdən yorurdu. Bəzən günlərlə romana qayıda bilmirdim.
Ancaq zamanla orta bir yol tapdım. Motivasiyam isə həmişə olub. Necə deyim,
motivasiyamı elə bu maneələr və özümə inamım saxlayırdı. Bilirdim ki, gün ərzində
enerjimin 70 faizini işdə qoyub gəldiyim üçün, o ofisə getməli və yazmalıyam.
Başqa seçimim yox idi. Bu həyata məhkum olmuşdum. Nə qədər yorğun
oluramsa-olum, yollar məni o ofisə aparırdı. Yazdığım romana güvənirdim.İndi uşaq bağçasının bir hissəsi olan keçmiş ofisimin
divarları fotolarla dolu idi. Baxıb nələrisə xatırlayaram deyə, Avropada gəzdiyim
şəhərlərin və muzeylərin xəritələrini də asmışdım. Kitablarım da yanımda idi.
İkinci bir həyat kimi idi. Bəzən o ofisin də mənə motivasiya verdiyini düşünürəm.
– İndi də bir roman üzərində işləyirsən. "Səs və ya
Qırmızı” çap olunandan sonra müsbət və ya mənfi reaksiyalar gəldi. Bu
reaksiyaların yeni roman yazmağına təsir etdiyini düşünürsən?
– Təsirlər
olur, ancaq mən yenə öz bildiyimi edirəm. Yəni oxumaq istədiyim romanı yazıram.
Yəqin, dil məsələsində daha diqqətli
olmağa çalışaram. "Səs və ya Qırmızı”nın redaktə prosesi mənə çox şey öyrətdi.
Şərif Ağayar tez-tez "filan-filan sözləri çox istifadə edirsən” deyirdi. Mətnə
onun gözləri ilə baxanda artıq sözləri tuta bilirdim. Həm də, onu anladım ki,
Azərbaycan dilində yazmaq məsuliyyətli işdir. Hər xəta insanın eqosuna toxunur,
ancaq zaman keçir və əslində, belə şeylərlə öyrəndiyini, inkişaf etdiyini bilib
sevinirsən. Həyatda olduğu kimi, ədəbiyyatda da bircə düstur var, axtarmaq,
axtarmaq, daim axtarmaq.
Söhbətləşdi: Orxan Həsəni