• cümə, 29 Mart, 01:18
  • Baku Bakı 7°C

Futbolun eynək qalereyası

25.06.22 06:00 673
Futbolun eynək qalereyası

Futbolçular və məşqçilər var ki, azarkeşlərin yaddaşında, həm də eynəklərinə görə qalırlar. Futbol dünyasının məşhurları bu imicdən yararlanaraq özlərinə məxsus eynək brendi də yaradıblar. Satış da pis getmir. Futbolçulara məxsus brendlərə maraq böyükdür.

Kloppun eynəkləri üçün darıxırlar

Bir il əvvəl futbol dünyası eynək taxan əsas simalarından birini itirdi. Məşqçilik karyerasının əvvəlindən bəri eynək taxan Yurgen Klopp əməliyyat olundu. Kloppun eynəkləri onun məşhur imicinin əsas elementi hesab olunurdu. O, qarşılaşmalar zamanı eynəklərini bir neçə dəfə sındırıb. Bəziləri isə “Liverpul” və “Borussiya” klublarının muzeylərində eksponatlara çevrilib  (bir eynəyi qol sevinci yaşayarkən Nuri Şahin tərəfindən sındırılıb). Ancaq Klopp əməliyyat olunmaqla bağlı qərar verdi. Ola bilsin ki, məşqçi hər dəfə oyunçuları qucaqlayarkən eynəyini qorumaqdan bezmişdi. “Mənim ehtiyat eynəyim vardı. Amma onu hara qoyduğumu bilmirdim. Eynəksiz eynək axtarmaq isə çox çətindir” – deyə Klopp eynəyi qırılandan sonra demişdi.

İndi futbol dünyası Kloppun eynəkləri üçün darıxır. Amma Yurgendən savayı da dəbli eynəklərdən istifadə edənlər var. 

Bekhemlər nəslinin kolleksiyası 

Devid Bekhemin 2001-ci ildə göz əməliyyatı keçirdiyi güman edilir. O vaxtdan bəri o, tez-tez eynəklərdə görünür. Amma David günəş eynəyi taxmağı da çox sevir. O, 2020-ci ildə  İtaliyanın “Safilo” şirkəti ilə birlikdə Milan Moda Həftəsində özünə məxsus “DB Eyewear” çərçivələrini təqdim etdi.

“Eynəklər həmişə maraq göstərdiyim bir kateqoriya olub” – deyir Bekhem: “Həyat yoldaşımla biznesin bütün aspektlərini müzakirə edirəm və kolleksiyanı Viktoriyaya göstərəndə onun xoşuna gəldi. Oğullarım da eynəyi sevirlər, o cümlədən atam da. Bu, bir neçə nəslin kolleksiyasıdır”.

Eynəyini poçt qutusunda gizlədirmiş 

Eynək kolleksiyası olan başqa bir futbolçu Jerom Boatenqdir.  O, 2016-cı ildə JB brendi altında eynəkləri bazara çıxartdı. Uzun müddətdir ki, onun gözündə miyopiya var. Jerom buna görə meydana linzalarla çıxır. Amma uşaq vaxtı eynək taxmağa utanırmış: “Olduqca eybəcər eynəklər taxmalı olurdum. Ona görə də, məktəbə gedəndə onları poçt qutusunda gizlədirdim ki, evə qayıdanda götürüm. Amma indi Boatenqin şirkəti hər zövqə uyğun eynək buraxır. Həm adi, həm də günəşdən qoruyan. 

Evində yüzdən çox eynək növü var

Dani Alves təkcə ən çox titul qazanmış futbolçu deyil, həm də ən dəbli eynəklərdən istifadə edən oyunçudur. “Barsa”ya  qayıtdıqdan sonra keçirdiyi ilk mətbuat konfransına qeyri-adi eynəklə gəlmişdi. Alvesin eynək sevgisi çoxdan başlayıb. 2017-ci ildə verdiyi açıqlamada bildirmişdi ki, evində yüzdən çox eynək növü var: adi və gün eynəklərindən tutmuş taxta çərçivəli modellərə qədər. 

Brendin siması Ronaldodursa... 

Kriştiano Ronaldonun öz eynək kolleksiyasını yaratmayacağını düşündünüz? Əlbəttə, o, bunu etdi (CR7 markalı). Portuqaliyalı linzalarla oynayır və ictimaiyyət qarşısına da tez-tez eynəklə çıxır. Keçən il isə Ronaldo CR7 eynəklərinin yeni kolleksiyasını təqdim etdi. Satışla bağlı hər hansı problemin olacağı isə gözlənilmir. Bir halda ki, brendin siması Ronaldo özüdürsə. 

 

banner

Oxşar Xəbərlər