Ədəbiyyatla cənnəti tapmışam
Ülvi Babasoy: "Qızıl
ortanı isə həyatda da, ədəbiyyat da tapmaq istərdim”
– Ülvi, sualları üç qrupa bölmüşəm; Kundera, İsa Muğanna və kitabın haqqında. Hansından başlayaq?
– Necə istəyirsən... Lap istəyirsən sonuncu sualdan başla...
– Kitabın Kundera haqqında esselərlə başlayır.
Demək olar ki, ən önəmli romanlarının hamısına toxunmusan. Kunderanı sənin üçün
maraqlı edən nədir?
– Əslində, bir romanı üzərində
qurulub o esselər – "Kimlik” romanı. Daha sonra "Ölümsüzlük”, "Var olmağın
dözülməz xəfifliyi”, "Zarafat” və digər kitabları essenin estetik miqyasını
genişləndirir. "Kimlik” romanını da, esselərimi də maraqlı edən də alma
estetikası idi. Bilinən alma estetikası nədir? Tanrı Adəm və Həvvaya meyvəni
qadağan etdi, Adəm və Həvva qadağan olunmuş meyvəni yedi, sonra Tanrı onları
cəzalandırdı, cənnətdən qovdu. Ancaq mən o əhvalata və Kunderanın romanına
başqa aspektdən baxıram. Almanı yedilər və onlarda cinsi istək yarandı. Bir
sərbəstlik, asudəlik əldə etdilər. Və bu sərbəstlik, azadlıq dəqiqə belə çəksə, ömürlük köləlikdən,
tabularla yaşamaqdan daha gözəldir.
Hətta əbədilikdən də. Bir də Bodlerin "Səyahət” şeiri bu esselərin
yazılmasına təsir etdi. "Ey ölüm, qoca kapitan, vaxt yetişdi” misrası ilə
başladım yazmağa. Yəhya Kamalı da xatırladım. "Səssiz gəmi” şeirindəki "Artık
demir alma günü gelmişse zamandan Meçhule giden bir gemi kalkar bu limandan”.
Ölüm, səyahət və metafor "Sevişin və çoxalın”, "İnsan öləridir. Bəs söz?” və
"Bircə toxunuşun məni də ölümsüz edərdi, İrena” esselərini yazmağım üçün
estetik açara çevrildi. Kitabın yazılmasını Nərmin Kamala borcluyam. Məni bu
esseləri yazmağa təşviq etdi və daha sonra da çap etməsi sayəsində "Ədəbiyyatla
cənnəti tapmaq” kitabı yarandı. – Kundera deyəndə roman və ironiya anlayışı
yan-yana dayanır. Həmçinin digər çağdaş müəlliflərin də əsərlərində sarkazm
əsas silaha çevrilib. İroniyanın, yumorun roman sənətinə bu qədər
doğmalaşmasının səbəbi nə oldu?
– Kundera özü bu fikri yəhudi
atalar sözü ilə ifadə edir: "İnsan düşünər, Tanrı gülər”. Kunderanın "Roman
sənəti” kitabı bu fikrə əsaslanır. "İnsan düşünər, Tanrı gülər!” Kundera yazır
ki, mən Rablenin bu atalar sözünü eşitdiyini hiss edirəm. Tanrının gülüşünü
duyan Rable roman sənətində yumoru kəşf etdi. "Qarqantua və Pantagruel”
romanında kilsə ağalığına qarşı ironiya var idi. Kilsənin insanları gülüşdən
məhrum etməsinə qarşı. Gülüş olmayan bir yerdə özünə ironiya olmayacaq,
demokratiya olmayacaq, festivallar, karnavallar olmayacaq. Baxtinə göndərmə də
etdik. "Qızılgülün adı” romanında "Poetika”nın ikinci cildi, komediya, gülüş
haqqında yazılan kitab əbəs yerə qadağan edilmir. Yumor hissi olan bir fərddə
və cəmiyyətdə azadlıq və demokratiya da labüddür. – Bu günün romanı Servantesdən daha çox,
Rablenin ənənələrini yaşadır...
– Servantesdə yumor daha da
təkmilləşdi. Ümumiyyətlə, böyük romanlar həm də
eksperimental xarakter daşıyır. Bəzən bizim çağdaş romançılarımızı lağa
qoyurlar ki, bu imitasiyalar nəyə lazımdı. Elə deyil. Olmalıdır. Bu mərhələni
ədəbiyyatımız da keçməlidir. Vacib olan köhnənin gözəlliyini yaşatmaq,
göstərmək deyil, yeniliyin gözəlliyini kəşf etməkdi. Rable özünəməxsus
yeniliyin gözəlliyini kəşf etdi, Servantes də həmçinin. Və bu romanlar həm də
cəsarətli eksperiment kimi böyük sənət nümunələri idi. Ədəbiyyatımızın hədsiz
dərəcədə təəssübkeşiyəm. Bizdə də yeni roman standartları formalaşır.
Müstəqillik illəri Azərbaycan romanını Avropa və Amerika ədəbiyyatı ilə
müqayisə etmişəm. Avropada maraqla qarşılandı. Kitab şəklində çap olundu.
Dünyanın bütün kitab bazalarında var. Avropanın nüfuzlu bir universitetindən
mühazirə demək üçün təklif aldım. Şadam, ona görə ki, ölkəmin ədəbiyyatını
təqdim etmişəm. Xoşbəxtəm, ona görə ki, xalqımı tanıyıram. Əlbəttə ki,
ədəbiyyat sayəsində.– Qayıdaq Kunderaya. Belə bir fikri var idi ki,
sənət öz dövründə populyarlaşmırsa, uduzmuş sənətdi.
– Kunderanın bütün külliyyatını
oxusam da, bu fikrinə rast gəlməmişəm. Ola bilər müsahibədə desin. Amma yenə də
bu fikri ifadə edəcəyinə inanmıram. Kundera, əksinə, ötəri, gündəlik məsələləri
qəbul etmir. Məsələn, Corc Oruel haqqında deyir ki, onun roman sənətinə dəxli
yoxdur. Və bunu ciddi arqumentlərlə izah edir.– Həm də kütləvi və ciddi ədəbiyyat hesab
edəcəyimiz romanlar var. Həm bestsellerdi, həm də ciddi ədəbi hadisədi...
– Ooo... Umberto Eko. Və
"Təhkiyə meşələrində altı gəzinti”. Kitab narratologiya, təhkiyə sənəti, emprik
təhkiyə sənəti barədə unikal əsərdir.
Nerval, Düma, Edqar Po, Tolstoy, Aqata Kristi və Coysun yaratdığı
təhkiyə sənətinə səyahət maraq doğurur. Ekonun ölümü barədə
yazdığım essedə "Təhkiyə
meşələrinə əbədi səyahət başladı”, - deyirəm. Çünki Eko da həmin təhkiyə
sənətinin yaradıcılarındandır. Ədəbiyyat
Düma ilə Coys arasındakı qızıl ortadır. Bu cür əsərlər bestseller də ola bilər.
Coysda olan ağırlıq, ciddilik, Dümada olan əyləncəli kütləvilik. Dünya
ədəbiyyatında bunun ən gözəl nümunəsi Orhan Pamukdu. Orhan Pamuk bu iki yazıçı
arasında qala bilir. Ekonun təbiri ilə desək, "Həyat "Üç muşketyor"dan daha çox
"Uliss"ə bənzəyir. Halbuki, biz həyatı Coysun bir təhkiyəsi, nəql
etməsi kimi deyil, Dümanın təhkiyə forması, əhvalatı kimi qəbul edir və
yaşayırıq". Qızıl ortanı isə həyatda da, ədəbiyyat da tapmaq istərdim.
Nigaran olmağa dəyməz. Ən azından ədəbiyyatla cənnəti tapmışam (Gülür).– Kundera həm də böyük esseistdi. Qocaman
esseistin bu janra gətirdiyi fərqlilik nə idi?
– İndiyə qədər oxuduğum
nəzəriyyə kitablarından, məqalələrdən, akademik yazılardan gəldiyim qənaət
budur ki, Kundera böyük filosofların, ədəbiyyatşünasların, esseistlərin edə
bilmədiyini etdi: Ədəbiyyatşünaslığı, esseistikanı oxucuya yaxınlaşdırdı.
Tolstoyu bir səhifə ilə ifadə edə bildi. – Ülvi, ən vacib Azərbaycan romanı hansını hesab
edirsən?
– Mən klassik yazıçılarımızın
adını çəkə bilərəm. Ancaq istərdim çağdaş ədəbiyyatımızdan danışım. Klassiklər
haqqında çox deyilib. Səfər Alışarlının "Maestro” romanı son otuz ilin ən yaxşı
ədəbi hadisələrindən biridir. İlk dəfə "Zəng” hekayələr kitabını oxuyub heyran
olmuşdum. Saday Budaqlının "Zədə” romanı zövq aldığım əsərlərdəndir. Nərmin
Kamal "Aç, mənəm”də maraqlı struktur estetikası yaratdı. Etimad Başkeçidin "Min
yol mənə söylər”, Əlabbasın "Qaraqovaq çölləri” əsərlərindəki həqiqət duyğusu
əvəzsizdir. Seymur Baycanın romanları.
Onun fərqli hadisə tapıntıları var, heç kimə bənzəmir. Zahid Sarıtorpağın
romanları. Xüsusən sonuncu romanı – "Quşların intiharına ağlamayın”. Şərif
Ağayarın "Ağ göl” romanı da ən uğurlu
əsərlərdən biridir. Şərif bu romanda Pamukun dediyi saf və düşüncəli romançını
göstərə bilib. Meta-təhkiyə ilə yazılıb. Müzakirəsi mütləq keçirilməlidir bu
romanın. Mirmehdi Ağaoğlunun "Küləyi dişləyən”, Cavid Zeynallının "Günəşi
gözləyənlər” romanları da qiymətli mətnlərdir. Mübariz Örən isə "Ağ buludlar”
romanı ilə yeni hadisədir.– İsa Muğannadan danışaq. Ömrünün son illərində
etdiyi redaktələrdən sonra yazdığı əsərlərdə nə dəyişdi?
– Mənim şəxsi qənaətim belədir
ki, bizim nəsrin ustadları İsa Muğanna və Əkrəm Əylislidir. Böyük poetik
istedada malik olan yazıçılarımızdı. Mən kitabda da qeyd etmişəm, İsa Muğanna
estetik səviyyədə nə Tolstoydan, nə də mənim müqayisə etdiyim Fuentesdən geri
qalmır. Yaradıcılığının ikinci mərhələsində istifadə etdiyi dili postmodern
kateqoriyaya daxil edirəm. Postmodern
dil kateqoriyası bizim ədəbiyyatşünaslıqda tədqiq edilməyib. Ancaq "İdeal”
romanı da önəmli bir nümunədir. Önəmli və böyük. Çingiz Hüseynovun "Fətəli
fəthi”, Yusif Səmədoğlunun "Qət günü” romanları da fərqli ədəbi
hadisələrdir. İsa Hüseynovun sevdiyim
romanı "Məhşər”di. Geniş ideyası və estetik planı olan "Məhşər” romanını tərcümə edib dünyaya
çıxarmaq olar. – İsa Muğanna ilə ədəbiyyatımızda nə dəyişdi?
– Ədəbiyyatımıza Mirzə Cəlil,
Sabir, Cavid və Hadidən sonra sosrealizm gəldi. Boşluq yarandı. Nəsillərarası
məntiqsizlik, rabitəsizlik. İsa Hüseynov bu boşluğu doldura bildi. Stalinin
ölümündən sonra "Yanar ürək” əsərini yazması hadisə olmuşdu. Yeni xətti
başladan nəsr əsərləri "Yanar ürək” və "Dəli Kür”ün birinci hissəsi oldu. İsa
Muğanna nə qədər qəribə səslənsə də, ədəbiyyatımıza real adamlar gətirdi. İsa
Hüseynov nəsrində yenilik nədir? O, təhkiyə ilə təsviri bütövləşdirdi.
Təhkiyənin gücü ilə monoloq və dialoqların dinamikasi iç-içə keçdi. Artıq
profesional nəsr yarandı. Mirzə Cəlil dərdləri ifadə etməsi baxımdan nasir
deyildi. Daha çox ideoloq, publisist idi. Haqverdiyev bu baxımdan daha çox
yazıçı idi. Peşəkar yazıçı qələmi, manevrlər Haqverdiyev də daha çox nəzərə
çarpır. İsa Hüseynov yazı mədəniyyətini
gətirdi ədəbiyyatımıza. – Rulfo və Muğanna. Bu qarşılaşdırma
düzgündürmü?
– İstənilən halda qarşılaşdırma,
müqayisə qüsurlu olur. Kitabımda demək olar ki, müəllifləri tez-tez müqayisə
edirəm. İstədim çox səsli bir kitab olsun. İntermediallıq, sənətlərarası əlaqə
də öz yerində. – İspan dilli ədəbiyyatla Şərq mətnləri
arasındakı oxşarlıq var. Bizə doğma görünür o mətnlər. Sanki genetik bir əlaqə
var mətnlər arasında...
– Fuentes deyirdi ki, bizim həm
müsəlman kimliyimiz var, həm də xristian. Və biz bu kimliklərimizdən heç vaxt
ayrıla bilmərik. "Romanın tərifi” essesində yazır: "Biz son sözümüzü demədən
tarix də bitməyəcək”. Kunderanın məşhur "Roman sənəti və nəslin davamı”
essesində də bu haqda fikirlər var. Əsasən, böyük roman qəhrəmanlarının
uşaqları olmur. Markesdə isə əksinədi. Adları bir-birinin eynisi olan uşaqlar
gəlir dünyaya. Xose Arkadio, İkinci Arkadio, Buendia, İkinci Buendia. Və
Kundera yazır ki, insan nəsli bu qədər inadkarlıqla çoxalırsa, roman sənəti
niyə davam etməsin. Ancaq necə davam edəcək, bu, zamanın hökmündədi. Yeni
metodlar, fərqli üslublar tapacaq. Bizdə isə hələ də dil müzakirə olunur.
"Filankəsin dili pintidi, o yazıçı deyil”. Dil roman üçün on böyük faktordan
biridir. Amma hər şey deyil. Bayaq dediyim kimi, yeniliyin gözəlliyini
göstərməlidir. "Koloritli dil” bəlkə də, ən çox
istifadə olunan ifadədir bizim tənqiddə. Çağdaş ədəbiyyatda dil bəlkə də
heç onuncu yox, iyirminci yerdə dayanır. – Standartları bir az da tərcümə prosesi dəyişir
– Əlbəttə. Bu da başqa bir
mövzudur artıq. Devid Damroşun iki mühüm kitabı var bu haqda. Mən indi onun
kitabını tərcümə edirəm. "Dünya ədəbiyyatı nədir?” və "Dünya ədəbiyyatı necə oxunmalıdır?” – Ülvi, "Ədəbi tənqidin birinci missiyası zövq
formalaşdırmaqdır” yazırsan. Nədir ədəbi zövqü formalaşdırmaq?
– Əslində, o da deyil. Bizdə
tənqidə bir qədər qeyri-ciddi yanaşırlar. Düşünürük ki, yazıçı, şair ola
bilməyən tənqidçi olur (gülür). Amma tənqidçilik yaradıcılıq sahəsidir. Ən ağır
yaradıcılıq sahələrindən biridir həm də. Psixologiya, sosiologiya, publisistika
məntiq və estetik zövq. Bu sıranı uzatmaq olar. Tənqid bir mətn haqqında
resenziya yazmaq deyil. Öz mətnini yaratmaqdır. Ən vacibi budur. İstər təhlil
et, istər tənqid et, ancaq öz mətnini ortaya qoymalısan. Bir dəfə bir roman
haqqında yazmışdım. Dedilər, esse romandan daha yaxşı alınıb. Mənim haqqımda
deyiblər deyə demirəm, sadəcə esseyə, tənqidə yaradıcı yanaşmalı olduğumuzu
çatdırmaq istəyirəm. Mənim məqsədim Orxan haqqında, Şərif haqqında yazı yazmaq
olmur, o müəllif və mətni oxucuya təqdim etmək, öz mətnimi yaratmaqdır. – Kitabının üz qabığında Pol Qogenin məşhur
"Haradan gəlirik? Kimik? Hara gedirik?” rəsm əsəri var. Ədəbiyyat bu üç sualdan
daha çox hansıdır?
– Sənət və Kimik? Haradan
gəlirik, hara gedirik? sualları yanaşı dayanır. Sənət yaradıcı adamlarla Tanrı
arasındakı dialoqdur. Bəzən isə savaşdır.
Lyosa "Cənnət başqa yerdədir” romanında deyir ki, bu ərazidə Tanrı
tanımaz və tanrıyla savaşan bir adam yaşadı. Pol Qogeni nəzərdə tutur. Qogen
də, Lyosa da yarı tanrıdır. Lyosa da, Qogen də kimik sualına fərqli bucaqlardan
cavab tapır. Həmişə belə düşünmüşəm. Həmişə düşünmüşəm ki, Tanrı öz yaratdığını
göstərmək üçün insanı yaradıb. İnsanla bölüşüb. Biz də beləyik. Özümüz
yaratdıqdan sonra təqdim edirik. Başqasının ixtiyarına veririk. Tənqid sənəti
məhz buna görə zövq formalaşdırır. Tənqidçinin susmağı, mütaliəsi də bir
seçimdir, zövqdür və yaradıcılıq prosesidir.– Hadi haqqında bir yazı yazdın. Şeir haqqında
yazılan esse və məqalələr bizdə həmişə az olub və ya eyni səciyyə daşıyıb. Şeir
hansı müstəvidə təhlil olunmalıdır?
– Şeir sənəti ilə bağlı ən
fundamental nümunələrdən biri Oktavia Paza aiddir. Şeir və modernliklə bağlı
məqaləsi şeir sənəti haqqında unikal əsərdir. Şeiri təhlil etmək üçün ona aid
parametrləri bilmək lazımdır. Yoxsa "Şair burda bunu demək istəyib” tipli
təhlillər artıq aktual deyil və bizə heç nə vermir. Avropada bu cür təhlillər
Andre Suaresin şeir haqqında fikirlərindən sonra bitdi. İndi mən çox sevdiyim
bir şair – Faiq İsmayılov haqqında kitab
hazırlayıram. Qısa ömür yaşamasına baxmayaraq çox ciddi yaradıcılığı olub.
Yaxın zamanlarda o kitab çap olunacaq. Kitabda bir konsepsiya var. Faiqin
şeirləri iki xətt üzrə təhlil olunur. Həm Faiqə aid parametrlərlə, həm də dünya
şeirində gedən tendensiyalarla. Kitab həm esseistik, həm də akademik xarakter
daşıyır. Üçüncü bir xətt kimi istədim ki, təsviri sənətdəki vizuallıq da olsun.
Dünyada şeirin təhlilləri bu cür aparılır. Höte tələbəsi Ekkermana deyir ki,
Şekspir bizə gümüş boşqablarda qızıl
almalar təqdim edir, təəssüf ki, bizim o qaba qoyacağımız sadəcə kartofumuz
var. Bu bizim poeziyaya da aiddir. O demək deyil ki, bizdə qızıl almalar yoxdu,
var, ancaq onları təqdim etmək də lazımdır. – Çağdaş poeziyamızda və nəsrimizdə ən son
diqqətini çəkən mətnlər hansılardır?
– Şeirdə də, nəsrdə də imzalar
var. Mən öncə Müşfiq Şükürlünün son yazdığı iki tənqidi məqaləyə toxunum, sonra
cavab verim. Bu yazılar, əlbəttə ki, yüngül yazılar idi. Ancaq həqiqəti də
ifadə edirdi. Müşfiqin adını çəkdiyi imzaların içində də istadadlı imzalar da
var. Çağdaş poeziyamızda ciddi imza hesab etdiyim Fərid Hüseyn, özünəməxsus
tempramenti olan və sevdiyim şair Aqşin Evrən.
Qismət, Səlim Babullaoğlu, Rasim
Qaraca. Bu üç imza poeziyanı bilən və
konseptual şeirlərin müəllifləridir. Çağdaş poeziyada gedən yeni
tendensiyaları nəzəri və praktiki cəhətdən ifadə edirlər. Yeninin gözəlliyini
yaradırlar. Yaxşı ki, varlar. Onlarla istənilən poeziya söhbətinə, festivalına
qatıla bilərik. Qızıl almalar təqdim edirlər. Səxavət Sahil "Nar ağacının
nəğmələri” ilə yaxşı bir iş qoydu ortaya.
İsmael... İsmael isə ədəbi mühitin kəşf etmədiyi istedadlı şairdir.
Doxsanıncı illərin, keçid dövrünün hadisəsi olan şair-publisist Səhər Əhməd,
Sevinc Çılğın, Günel Şamilqızı. Aysel Əlizadə intellektual nəsr və
publissitikada uğurlu imzadır. Cavidanın "Məhsəti” romanı tarix və alternativ
tarix yaradan maraqlı bir mətndir. Bu adları uzatmaq olar. Nəsrdə, təəssüf ki,
2000-lərin əvvəlində gələn dalğadan sonra yeni imzalar çıxmadı. Elə onlar davam
edir. Şərif Ağayar, Seymur Baycan, Mirmehdi Ağaoğlu, Cavid Zeynallı və o
nəsildən olan başqaları. Bir də Cəlil Cavanşirin yenicə nəşr edilən "Azğın”
romanı fərqli strukturu və cəsarətli eksperimentləri ilə diqqəti cəlb edir.
Müşfiq Şükürlünün nəsr potensialı var, ancaq hələ də potensial olaraq qalıb.
Yazmır. Esseistikada isə Ramil Əhmədi və səni zövqlə oxuyuram. Son olaraq
Ramilin Orhan Pamukla müsahibəsini xatırlamaq istəyirəm. Pamukla söhbət 2018-ci
ilin ədəbi hadisəsidir.Söhbətləşdi: Rəvan Cavid