Ədəbiyyatı taleyim kimi duyuram
Orxan Həsəni: "Ədəbiyyat
sevgimi çiynimdə günah kimi daşıdığımı etiraf eləməyiləm”
Bu günlərdə hərbi xidmətdə olan gənc yazar Orxan Həsəni məzuniyyətə gəlib.
Onu redaksiyamıza dəvət edib yaradıcılığı haqqında söhbət etdik:
– Hərbi xidmətdə 5 ay necə keçdi?
– İlk günlər ta uşaqlığımdan bu yaşımacan hər şeyin, bütün
yaşadıqlarımın, çətinliklərimin məni ora, oradakı mühitə hazırladığını
düşünürdüm, yeniyetmə vaxtı sevdiyim qız da, universitet həyatımın dərsə tələsmək
cəhdləri də, qırmızı işıqlarda, liftlərdə, dayanacaqlarda darıxmaq da,
yağışlarda islanmaq, qarda üşümək, istidən təri topuğundan çıxa-çıxa Bakı küçələrini
"köhnəltmək də” məni o mühitə hazırlayırdı. Dünyada hər şey ordan, səhər altıda
oyanmaqdan, yüz əlli nəfərlə eyni həyatı yaşamaqdan ibarətdir. Əvvəl belə
düşünürdüm düşünməyinə, ancaq gün-günü qovduqca, hisslərim laylandıqca, palaz
kimi üst-üstə qalaqlandıqca hər şey mənə bir yuxu kimi gəlirdi və elə bilirdim
keçmiş deyilən şey yoxdu. Penalopenin şərfiymiş ömür, yuxarıdan hörüldükcə,
aşağıdan sökülən. Nə yaşamışamsa, canımdan ağrı kimi nə sovrulub çıxıbsa, hansı
küçələri addımlamışamsa, o küçələrdə hansı əllərdən tutmuşamsa və o küçələrdə
hansı əlləri buraxmışamsa, sən demə, oxuduğum bir kitab imiş, baxdığım bir film
imiş və hər şey mənə bilavasitə yaxınmış. Keçmişimlə aramdakı məsafənin səhra
kimi genişlənməyi ilk günlərin çətinlikləriydi. Siqaret fasiləsində əsgər
yoldaşım qolumdan tutub bu sözləri elə dedi ki, özümü inanmağa məcbur hiss elədim:
"Bilirsən, indi bizə niyə çətindi? Çünki, çevrilib arxaya baxanda ancaq mülki
günlərini görürük. Elə bir zaman gələcək ki, bura təkcə bədənimizlə deyil, həm
də xatirələrimizlə aid olacağıq, o vaxt hər şey gözəl olacaq”. Həmin gün içimdə
birdən "Günəşli günlər görəcəyik, cocuqlar” deyən Nazim Hikmət səsi canlandı və
o səsin arxasında hər şey görünməz oldu. İlk beş ayın çətinliyi əvəzsiz idi. Hərbi
dağınıq bir ömrə çəkilmiş xətkeş zərbəsiydi. Sistemli olmağa başladım və ən çox
bu sistemlilik yazı vərdişlərimə təsir elədi. Artıq hər gün balaca, qara
blaknotuma mütəmadi nələrsə yazır, gecələr yazdıqlarımı oxuyur, əsgər
yoldaşlarımdan müsahibələr alır, onları xarakter kimi açmağa, obraz kimi görməyə
çalışırdım. Hərftəyə bir bloknot tamam dolurdu. Suallar isə dəyişmirdi:- Sən canın, nə yazırsan?
- Sən yazıçısan?- Məndən də yaz da!
- Axşam həyatımı danışım yaz, bəyənəcəksən, kino kimidi!- Həyatımı danışsam oturub ağlayarsan, özüm danışmıram!
Hər
günü romantik yaşamağa çalışırdım, ancaq ədəbiyyat sevgimi çiynimdə günah kimi
daşıdığımı, bu yükün ağırlığında büküldüyümü də etiraf eləməyiləm. İçimi güvə
kimi yeyən hislərin əhatəsində, dostlardan, doğmalardan uzaqda olmaq, hamıdan tədric
alternativ dünya yaratmaq, gün boyu o dünyanın içində səkkiz yazmaq, yaddaşına
ləpir izləri kimi hopan xatirələrdən dinclik tapa bilməmək. İlk günlər hislərini
paltar kimi soyunub başlamaq istərdim günə.Zaman ilğım kimiydi, yaxınlaşdıqca uzaqlaşdırdı. İş elə gətirdi ki, üç ay bu hislərin əhatəsində tamam oldu və bölündük. Sonra yenə bölündük və Sərhəd Zastavasında xidmət etməyə başladım.
– Kim nə işlə məşğul olub?
– Taksi işləmişəm.– Qəssab olmuşam.
– İşləməmişəm.
– Marketdə satıcı olmuşam.
– Yazıçıyam.
– Yazıçı?
– Bəli.
Zabit, gizirlərimiz sağ olsunlar, ilk gündən xoş münasibət göstərdilər, ədəbiyyat yaratmaq üçün normal şəraitim oldu.
Bir də gördüm, avqustdu, bir də gördüm sentyabrdı, bir də gördüm oktyabrdı, bir də gördüm noyabrdı, bir də gördüm doğmalarımı qucaqlayıb "darıxdım” deyirəm. Beş ay keçdi.
– Ədəbi mühit üçün darıxırsanmı?
– Əlbəttə, burnumun ucu göynəyirdi. Həyatımı kitab kimi oxuduğum
zamanlar yazmağın xatırlamaq olduğunu dərk elədim və yaddaşımın künc-dalanlarında
ilişib qalan xatirələrimiz məni silkələdi. "Gözəl bir həyat yaşamışam” –
deyirdim və bu həyatı şərikli çörək kimi siz ədəbiyyat adamları ilə bölmüşdüm.
Başqa yöndən orda operativlik yoxdu, əvvəl bir mətn yazırdımsa, xatırlayarsan,
isti-isti sizlərlə bölüşüb fikirlərinizi alardım. Zövqünə güvəndiyim insanların
düşüncəsi mənim üçün çox önəmliydi. Ordaysa, hər həftədə, ya on gündən bir
telefon əlaqəsində olardıq, adamların
bir-bir adlarını çəkib xəbər alardım, yaxşıdılarmı, nə yeniliklər var və s.
Danışıq bitərdi və "bu dəfə də oxuya bilmədim” – deyərdim – "cəhənnəm, başqa
vaxta qalsın”. Başqa vaxt da başqa yazılar olardı və mən heç o yazıları sənə
oxuya bilməzdim. Kortasarı oxuduğum zamanlarda içimdə dəhşətli bir həssaslıq
yaranmışdı. Məsələn, Kortasar yazırdı "Sibilla, mən səni tam görə bilmək üçün əvvəlcə
gözlərimi yummalıydım” beş dəqiqə sonra Şərif Ağayarla, Fərid Hüseynlə,
Ayxanla, sənlə danışardım və deyərdim "İlahi, bu necə intəhasız bir sevgidir,
bu nə nüvəydi vücudi-canım içrə dolaşmaqda”. Ancaq bu işin sentimentalist tərəfləridir.
Mənə elə gəlir ki, xüsusən, bizim kimi ölkələrdə ədəbi mühit zərərlidir. Yazmaq
tənhalıq, sistem, nizam məsələsidir. Ayxan ağıllı addım atdı, evləndi, mühitdən
uzaqlaşdı, köçdü Xaçmaza. Yəqin, hərbi xidmətdən sonra xaricdə təhsilə
hazırlaşacam. Şair demiş, intellektual axsaqlığım yolların hamı görkəmini pozur
(Gülür). Mühit üçün çox, sizlər üçün darıxdım. – Orda kitabxanan var. Kortasar
haqqında danışdın . Zamanın və məkanın çərçivəli olduğu bir situasiyada ağır
deyilmi?
– Ağırdı. Ədəbiyyat sərhədsiz
düşüncə imkanları yaradır insanda, ancaq bir yerdə ruhunla vücudun yolları kəsişir.
Tutaq ki, Parisdə bohem sənətkar həyatından, mühitindən bəhs eləyən Kortasarı
Ceyrançöldə, nəhayətsiz bir sarılıq içində oxuyursan və birdən elə bilirsən
ordasan, onların içdiyi içkiləri dadırsan, onların elədiyi zarafatlara gülürsən,
Sibillaya sən də aşıq olursan, Rokamaduru sən də qucaqlayırsan, birdən içində
elə bir sevinc, elə bir xoşbəxtlik buxarı yüksəlir ki, tez bir siqaret
yandırmaq, taleyin hədiyyəsi olan bu xırda xoşbəxtliyi ovcunda şam işığı kimi
qorumaq, sönməyə qoymamaq üçün yerindən götürülürsən. Yolun yarısında, o xoşbəxtlik
əşya kimi əlindən düşüb sınır, fərq və genişlik duyğusu özünü pessimizmə verir.
Siqaretə baxa-baxa "Heyif” deyirsən "Az qalmışdım ki, çatam”. Ancaq çərçivə təkcə
bizdən kənarda deyil, həm öz içimizdədir. İnsan xislətində buqələmunluq var.
Zamanla düşdüyün mühitin rənginə bürünürsən, məsələn, birdən çevrilib olursan
Ceyrançöl, çölün ruhuyla qarışırsan, xəmir kimi yoğurulursan. Belə zamanlarda
ağzında qum xırçıltısı duyursan, elə bilirsən qulaqlarından qum axır, içindən
canavar ulartısı eşidilir, o canavar ulatrısının əksində it hürür, qoyun mələşir,
sən Ceyrançölün içində olduğun kimi, sənin də içində nəhəng bir Ceyrançöl
genişlənir. Beləcə, hislərin quru çörək kimi ovxalanıb tökülür üstünə. – Orada sənin yazarlığına
münasibət necədi?
– Müsbətdir. İlk getdiyim gündən həm əsgər heyəti, həm də zabit-gizir
heyəti üçün maraqlı gəldi. Gözəl insanlarla bir yerdəyəm. Zastavaya o qədər öyrəşmişəm
ki, xidmətdən qayıdanda elə bilirəm, evə dönürəm. Doğrudan, müvəqqəti də olsa,
ora bizim evimizdi. Cənab leytenantımız rahat yaza, oxuya bilməyim üçün "Dəftərxana”da
şərait yaradıb. Cənab polkovniklərimiz də elədir, ədəbiyyatdan danışdıq, onlara
kitab hədiyyə elədim və Zastavadan müsbət bir formada ayrıldılar. Onlar da
yazmağımın lehinədirlər.– Əsgərlərə şeir oxuyursan...
– Şeirsiz günümüz olmur. Salam Sarvandan, Eldar Baxışdan, Aqşin
Yeniseydən, Fərid Hüseyndən, Həmid Herisçidən, səndən bloknotumda yazdığım şeirləri
oxuyuram. Birdən içimizdə XIX əsr hüznü dolaşır. Ən çox Nazim Hikməti sevirlər.
"Ümidli şairdi” – deyirlər. – Daha kimləri xatırlayırsan?
– Ailəmi, sevdiyin xanımı, dostları. Hamısı insan əhvalının bir
tonudur. Hava buludlu olanda köhnə sevgililərimi xatırlayırdım, yağış
yağırdısa, dostlarımı, günəşli günlərdə ailəmi.. Məsələn, kilisədəki o müdhiş
günü xatırlasam, hə, sonra "28 May” metrosuna çatanacan yağışda islanmışdıq, mənim
cibimdə axşamkı teatra bilet vardı, "Ölülər” əsəriydi, yaxşı yadımdadır. Sonra
qucaqlaşdıq, yağış kirpiklərindən damcı-damcı düşürdü. Günlərin bir günündə hərbi
hissədən bayırda qırmızı bir balon yüksəldi. Çox yəqin hansısa uşağın əlindən
çıxmışdı. Birdən o balonun timsalında zamanı gördüm, zaman qırmızı-qırmızı
qalxdı, siqaret əlimdə cazibəyə düşdüm. Eləcə, baxdım, baxdım, baxdım. Birdən
"Zastava, düzül”! əmri. Və dörd saatda qurduğun planlar puç. Dəhşət günüydü, Rəvan.
O günü heç vaxt unutmaram. (Gülür). – Növbəti 7 ay necə keçəcək?
– Yaxşı mətnlər yazmaq, oxumaq, ingilis dilini öyrənmək və xidməti
ideal şəkildə təşkil eləmək. İyirmi iki yaşımdayam və ədəbiyyatı taleyim kimi
duyuram, duyuramsa, taleyimi realizə eləməliyəm. Həyatda heç nə boşuna deyil. Söhbətləşdi: Rəvan Cavid