“Bütün yazdıqlarımda mən varam, sevgimdən bir zərrə var”

– Şairlər, adətən, dövlət işlərində çalışanda
yazmağa o qədər də vaxtları qalmır. Nazirlik sistemində işləməyiniz
yaradıcılığınıza mane olmur ki?
– Əslində, işimlə əlaqədar
olaraq kino sahəsi ilə daha çox maraqlanıram, buna görə də ədəbiyyatla məşğul
olmağa çox az vaxtım qalır. Amma həmişə düşünürdüm ki, maddi baxımdan həyatımı
təmin edəcək bir sahədə işləyim və şeirlərimi qazanc mənbəyinə çevirməyə məcbur
olmayım. Onsuz da bizdə ancaq yaradıcılıqla məşğul olub, maddi ehtiyaclarını
qarşılamaq çətin məsələdir. Şükürlər olsun ki, işlədiyim sahə incəsənətlə
bağlıdır. Kinonun da, ədəbiyyatın da mayasında söz dayanır. Kinoda ədəbiyyat da
var, teatr da, musiqi də, rəssamlıq da. Ona görə də özümü kino sahəsində çox
rahat hiss edirəm.
– İllər əvvəl mətbuatda şair kimi təmsil
olunsanız da, son illərdə daha çox kino sahəsi ilə bağlı çıxış edirsiniz. Kino
adamı kimi kimliyiniz şair kimliyinizi kölgədə qoymur ki?
– Xeyr, kölgədə qoymur. Hətta deyə bilərəm ki,
bu mənə müəyyən mənada üstünlük də qazandırır. Hər halda, kinoda şairlərin, ədəbiyyatda
isə kino adamlarının sayı çox azdır. Amma ədəbiyyatın 20 ilə yaxın bir
doğmalığını da inkar edə bilmərəm.
– Şeirlərinizdə ölümə ironiya ilə yanaşırsınız...
– Bəli. Mənə elə gəlir, ölüm bizim qəbul etdiyimiz kimi qorxulu deyil.
Ölüm, sadəcə, bizə ayrılan vaxtın bitməsi və gəldiyimiz yerə yenidən qayıtmağımızdır.
Ölümü bu qədər ciddiyə alıb, ona qorxulu məfhum kimi nifrətlə, ənənəvi
sentimental yanaşmanın tərəfdarı deyiləm.
– AYB-nin Gənclər Şurasının sədrisiniz. Orada işlərinizi hansı istiqamətdə
qurubsunuz və konkret olaraq sizin öhdənizə hansı vəzifələrin icrası düşür?
– AYB-dəki işim ştatla deyil,
ictimai əsaslarladır. Gənclər üçün layihələr, tədbirlər təşkil edirik. Əsasən,
Mədəniyyət və Turizm Nazirliyindəki gənclərlə bağlı layihələrdə yazarların da
iştirakına kömək etməyə, bir növ gənc yazarların nazirlikdəki təmsilçisi olmağa
çalışıram.
– Şeirlərinizdə ənənəvi üslub var, yəqin özünüifadə sizə bu cür daha
rahatdır. Ancaq zaman və müasirlik baxımından bu sualı sizə ünvanlayıram:
Müasir şeirin istiqamətini necə görürsünüz?
– Düzü, şeirdə forma mənim üçün əsas deyil:
orijinal, maraqlı fikir varsa, formasının elə də önəmi yoxdur. Mənim fikrimcə, ədəbiyyat
4 pillədən ibarətdir: Birincisi, ancaq oxumaq üçün olan ədəbiyyat. Bu qismə
vaxt keçirmək məqsədilə mütaliə etdiyimiz detektiv, belletristika aiddir.
İkincisi, əzbərləmək üçün olan ədəbiyyatdır. Buraya standart qəliblərə və müəyyən
qafiyə sisteminə malik, heç bir yeni fikir, məzmun daşıyıcısı olmayan mətnlər
daxildir. Üçüncüsü, dərk olunmaq üçün olan düşüncə ədəbiyyatıdır. Ən üst –
dördüncü qat isə hiss etmək üçün olan ədəbiyyatdır. Məncə, bu, ədəbiyyatın ən
ali, ruhani qatıdır. Məsələn, Vaqif Bayatlı Odərin "Ağlaya-ağlaya top-top
oynayan qardaşımın üzü köməyim olsun” misrasını ağılla tam dərk etmək, təhlil
etmək mümkün deyil, bu cür misraları ancaq ruhunla hiss etməlisən.
– Müsahibələrinizdən birində sərbəst şeiri
ard-arda misraları yazmaq kimi anlayanlardan gileylənibsiniz. Necə
düşünürsünüz, sizin bu formada yazdığınız şeirlər digərlərindən nə ilə fərqlənir?
– Bilirsiniz, sərbəst şeirin
özündə belə daxili ritm, ahəngdarlıq olmalıdır. Sadəcə, qafiyə məsələsi belədir
ki, onun sayəsində şeirin yadda saxlanılması asanlaşır, insanlar daha tez qəbul
edir.
– Müasir poeziyada iki əsas istiqamət var: lirik
şeir və antilirik şeir. Şeirlərinizdən görünür ki, siz antilirik şeirin təmsilçisi
deyilsiniz. Ancaq bir tendensiya kimi antilirik, sosial şeirə münasibətiniz necədir?
– Qayəsində sözün həqiqi mənasında poeziya
olan hər fikrə münasibətim yaxşıdır. Düşünürəm ki, təkcə ədəbiyyatın yox, incəsənətin
bütün sahələrinin ictimai, sosial məzmunu, yükü olmalıdır.
– Bildiyim qədər ilə çoxlu ssenarilər oxuyursunuz, şeirinizdə
oxuduqlarınızdan təsir varmı, yəni yazdıqlarınızda kino müşahidələri, "ekran
gözü” yaranıbmı, yaxud təfəkkürcə hansısa şeirinizdə ssenari sxematikliyi duyubsunuzmu?
– Bu mənada ədəbiyyat kino fəaliyyətimə
daha çox təsir edib, hətta bu təsir nəticəsində ssenarilər də yazmağa
başlamışam. Amma kinonun şeirlərimə təsirinə tam olaraq nail ola bilməmişəm.
– Şeirlərinizdə tez-tez fonetik dialektlərə rast gəlirik. Bu sizin üçün
şeiri səmimi edən vasitələrdən biridirmi?
– Mənim üçün istənilən sahədə, xüsusən də, sənətdə
səmimilik vacib məsələdir. Hesab
edirəm ki, bəzi məqamlarda dialektlər şeirlərimin "can”ını quruluqdan,
sxematiklikdən uzaqlaşdırır. Bu mənada, bəli, səmimi edən vasitələrdəndir.
– Şeirlərinizdən birində "Çevirirəm sözə
sevgimi, Gücüm buna çatır mənim” misralarına rast gəldim. Ümumiyyətlə,
lirikanızın böyük bir hissəsi bu hiss üzərində qurulub. Bəs Elşad Ərşadoğlu necə
düşünür, hansı misrası sevgini ifadə etməyə
tam qadir olub?
– Düzü, bu məqamda konkret olaraq hansısa misramı göstərə bilmərəm.
Ancaq onu deyə bilərəm ki, bütün yazdıqlarımda mən varam, mənim sevgimdən bir zərrə
var.
– "Eşqə doğru”dakı bir şeirdə "Ölsəm, yenə əyilmərəm dərdə mən” misraları
düşündürdü məni. Kitabın adı və əvvəlində bizi qarşılayan Yunis Əmrə, Mövlanə
misraları kitab barədə çox şey deyir. Bəs dərdə əyilmədən eşqə qovuşmaq
mümkündürmü?
– Əlbəttə. Məncə, eşqə qovuşmaq
heç vaxt dərd ola bilməz. Bu qovuşma sevgi ilə olmalıdır. Ümumiyyətlə, bir halda ki, söhbət qovuşmadan gedir, demək burada dərd
artıqdır.
– "Nə dərdim var, ürək açıq, əl
açıq,
Sevgi böyük, vüsal sonsuz, yol açıq...
İlk dəfədir, nabələdəm, yola çıx,
30 ildir Sənə tərəf gəlirəm...”
"İlk dəfədir” deyirsiniz. Bir də dünyaya gələcəyinizə
inanırsınız?
– Əlbəttə. Bu
dünya birdəfəlik istifadə üçün ola bilməz. Hökmən gələcəyəm, buna bütün
varlığımla inanıram. "Bu dünyaya gələcəyəm bir də mən, bir sevginin ətəyindən
yapışıb...”
– Şeirlərinizdən birində
"Azala-azala yox olur adam” misralarına rast gəldim. Bu misralar Ramiz Rövşənin
məşhur "Başını dik tutub gəzdiyi yerdə içindən yıxılır adam”ı xatırladır.
Deyəsən, az da olsa, şairdən təsirlənmə
var...
– Bəli var.
Sadəcə, mənim misram Ramiz Rövşən ifadəsinin bir növ əvvəli səciyyəsini
daşıyır. Öz içində azala-azala yox olan insan günlərin bir günü tükənir və
qəfil yıxılır... Şeirlərdən birində yazmışdım ki, "Çoxusu ömrünün sonuna
qalmır, içində çürüyüb gedir adamlar...” Əslində, ətrafımızda o qədər içində
çürüyüb getmiş, müqəvvası qalan adamlar var ki. Biz onların yoxluğundan ancaq
qəfil yıxılanda xəbər tuturuq...
– Bəs
hansı ağırdır? Qəfil yıxılmaq, yoxsa azala-azala yox olmaq?
– Yəqin ki,
azala-azala yox olmaq. Qəfil yıxılmaq, bəlkə də xilasdır.
– Şərif Ağayar "Xürrəm” hekayəsində yazır ki, "Məncə, insan bədəninin ən
yazıq əzası ayaqlardır. Ürəkdən də yazıq. Ürəyi şairlər şişirdir, inan mənə! Ürək
vəfasız qadınlar kimidir. Amma ayaqlar... Ayaqlarıma baxanda kədərlənirəm”.
Düşünürəm, Elşad Ərşadoğlu şair olsa da, ürəyi şişirtmir. Onu bütün həsrətlərin,
ayrılıqların açarı bilib, hətta unutmağın, "mayası getməkdən yoğurulan
ayaqlardan başladığını” hesab edir. Maraqlıdır, bəs sizin üçün ürək nədir?
–
Mənim üçün ürəklə ruhun sərhədlərini müəyyənləşdirmək çətin olsa da,
ruh mənə görə ürəkdən daha qiymətlidir. Təəssüf ki, müasir dövrümüzdə ruhun, ürəyin
rolu o qədər azalıb ki, hər tərəf demək olar düşünən robotlardan ibarətdir. Ürəyinin
yerini bilməyən adamlar ciblərinin yerini əzbər bilirlər. Ən dəhşətlisi isə ürəksiz
adamların arasında ürəklə yaşamaqdır. Bu, çox çətindir...
– Misralardakı "tale”yinizə
baxdıqda "Bəxtinizə leş kimi düşən adamlarla qarşılaşırıq”. Hər zərərdə bir xeyir, hər yaramazda bir hikmət var bəlkə də...
– Əslində, bəxtimizə leş kimi düşən adamlar bizi çox
da incitmir. Çünki onların bir çoxu bizim üçün o qədər də önəm kəsb etmirlər.
Bizə ən çox əzab verən misal çəkdiyiniz şeirin digər hissəsində yazdığım
"gözümüzdən yaş kimi düşən adamlar”dır...
Söhbətləşdi: Aysu Kərimova,
Aytac Quliyeva
