Biz Qarabağ həqiqətlərinin bu cür bədii xronikasını yarada biləcəyikmi?
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox
sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz filologiya elmləri
doktoru, professor Bədirxan Əhmədlidir. Bədirxan müəllimin sevdiyi əsər Xalid Hüseynin "Çərpələng uçuran” romanıdır.
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Xalid Hüseynin "Çərpələng uçuran” romanı sizin sevdiyiniz əsərdir?
– Fərid, öz ədəbiyyatımızdan da müəyyən bir əsəri seçib təhlil edə bilərdik. Ancaq Asiya ədəbiyyatını seçdim, ona görə ki, Asiya xalqlarının ədəbiyyatı hələ lazımi qədər öyrənilməyib, ya da tanış deyilik. İkinci tərəfdən, bu əsəri seçməklə həm də Azərbaycan ədəbiyyatına müəyyən mesajlar vermiş oluruq. Əsərdə məni çəkən məziyyətlər çoxdur, hansı birini deyim... Öncə diqqətimi çəkən məqam, qırx ildir Əfqanıstanda gedən müharibənin anatomiyasını yaratmasıdır. Burada baş verən hadisələrin analoqu yoxdur; ölkə, xalq qırx ildən çoxdur ki, müharibə şəraitində yaşayır. Yazıçı bu müharibənin xarakterini, bədii xronikasını yazır. Bu gün ola bilsin, Əfqanıstanda gedən proseslər yaddan çıxmış olsun, ancaq müəllif bu əsərilə yenidən Əfqanıstan müharibəsini gündəmə gətirir, əfqan ağrılarını bütün dünyaya bəyan edir. Başqa tərəfdən, əsərin bədii məziyyətlərini qeyd etməmək olmaz. Yazıçının nəsr texnologiyası və nağılvari üslubu mürəkkəb əfqan həyatını və burada baş verən ictimai-siyasi, iqtisadi, hərbi, mədəni prosesləri göstərmək üçün ən uğurlu vasitədir. Fikrimcə, əsərin dünya arenasına çıxmağında bu faktorlar əsas rol oynamışdır. Bu əsər üzərində belə geniş dayanmağımın bir səbəbi də otuz ilə yaxın davam edən Qarabağ müharibəsinin yanğılarıdır. Nədənsə, beynimdə həmişə belə bir analogiya aparmalı oluram: biz Qarabağ həqiqətlərinin bu cür bədii xronikasını yarada biləcəyikmi? Bədii düşüncə ilə dünyanın diqqətini Qarabağa yönəltmək mümkündürmü? X.Hüseyni təcrübəsi göstərir ki, mümkündür...
Söhbətləşdi: Fərid Hüseyn
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Xalid Hüseynin "Çərpələng uçuran” romanı sizin sevdiyiniz əsərdir?
– Fərid, öz ədəbiyyatımızdan da müəyyən bir əsəri seçib təhlil edə bilərdik. Ancaq Asiya ədəbiyyatını seçdim, ona görə ki, Asiya xalqlarının ədəbiyyatı hələ lazımi qədər öyrənilməyib, ya da tanış deyilik. İkinci tərəfdən, bu əsəri seçməklə həm də Azərbaycan ədəbiyyatına müəyyən mesajlar vermiş oluruq. Əsərdə məni çəkən məziyyətlər çoxdur, hansı birini deyim... Öncə diqqətimi çəkən məqam, qırx ildir Əfqanıstanda gedən müharibənin anatomiyasını yaratmasıdır. Burada baş verən hadisələrin analoqu yoxdur; ölkə, xalq qırx ildən çoxdur ki, müharibə şəraitində yaşayır. Yazıçı bu müharibənin xarakterini, bədii xronikasını yazır. Bu gün ola bilsin, Əfqanıstanda gedən proseslər yaddan çıxmış olsun, ancaq müəllif bu əsərilə yenidən Əfqanıstan müharibəsini gündəmə gətirir, əfqan ağrılarını bütün dünyaya bəyan edir. Başqa tərəfdən, əsərin bədii məziyyətlərini qeyd etməmək olmaz. Yazıçının nəsr texnologiyası və nağılvari üslubu mürəkkəb əfqan həyatını və burada baş verən ictimai-siyasi, iqtisadi, hərbi, mədəni prosesləri göstərmək üçün ən uğurlu vasitədir. Fikrimcə, əsərin dünya arenasına çıxmağında bu faktorlar əsas rol oynamışdır. Bu əsər üzərində belə geniş dayanmağımın bir səbəbi də otuz ilə yaxın davam edən Qarabağ müharibəsinin yanğılarıdır. Nədənsə, beynimdə həmişə belə bir analogiya aparmalı oluram: biz Qarabağ həqiqətlərinin bu cür bədii xronikasını yarada biləcəyikmi? Bədii düşüncə ilə dünyanın diqqətini Qarabağa yönəltmək mümkündürmü? X.Hüseyni təcrübəsi göstərir ki, mümkündür...
– Bir çox oxucular hesab edilər
ki, əsərdə amerikalılar "mələk", ruslar isə "vəhşi” kimi təsvir
olunub. Sizcə, bu, belədir?
– Mən deməzdim ki, belədir. Yəni yazıçının üslubu nağılvari olsa da,
hadisələrin təsvirində reallığı gözləyib. Sovetlərin Əfqanıstanda törətdiyi vəhşiliklər
təkcə bu əsərdə göstərilmir ki, onlarla bədii və memuar ədəbiyyatında öz əksini
tapıb. Əfqanıstan müharibəsinin iştirakçısı, mərhum yazıçı Zakir Sadatlının
"Əfqanıstan uçurumu" xatirə-romanında da həmin vəhşiliklər təsvir
olunur. O ki qaldı Amerikaya, məncə, burada da reallıq gözlənilib. Sovetlərin
Əfqanıstanı tərk etməsindən sonra Amerikanın buradakı iştirakı, silah paylaması
və s. məsələlərə yer verilib. Əfqan qaçqınlarının çoxu Amerikada sığınacaq
tapmışdı. Ancaq onların Amerika haqqında fikirlərində müxtəliflik var. Əmir
ağanın atası Babanın Amerikaya olan münasibəti bir qədər fərqlidir. Əgər əvvəllər
oğluna "Əmir, dünyada üç əsl kişi var" və bu kişilərdən birinin
Amerika, birinin Britaniya, digərinin isə İsrail olduğunu deyirdisə, 80-ci illərdəki
qaçqınlıq dövründə fikri dəyişmişdi. O, Amerikanı xilaskar rolunda görürdüsə,
prezident Karteri "yekədiş, kəmağıl" adlandırırdı. Onun fikrincə,
Karter kommunizmə Brejnevdən çox xidmət edib. Amerikanın 1980-ci ildə
olimpiadanı boykot etməsini nəzərdə tutaraq " –Vah, vah! Brejnev əfqanları
qırır, bu qozsındıranın da "sizin hovuzunuzda çimmirəm" deməkdən
başqa çarəsi yoxdur", – deyə etirazını bildirirdi. Xilaskar Amerika,
Babanın düşüncəsində Reyqanın simasında gəlib çıxır, televiziyada sovetləri
"Zülm imperiyası" adlandırmasından sonra kral Zahir şahla əl verib
görüşdüyü ağ-qara fotosunu başı üstündən asır. Lakin romandan da göründüyü
kimi, Sovetlərin oradan çıxmasından sonra həyat yenə axarına düşmür, vətəndaş
müharibəsi, terrorlar, aclıq, səfalət davam edir ki, burada Amerikanın rolu heç
də az deyil. Bir sözlə, romandakı hadisələr əlli illik bir dövrü əks
etdirdiyindən, bu ölkələrə münasibət də hadisələrin xarakterinə uyğun olaraq dəyişir.
Ayrıca, Əfqanıstana Sovetlər tankla girmiş, amerikanlar isə humanitar yardımla.
Bu da əsərdə özünü göstərməyə bilməz.– Bəzilərinin fikrincə, bu əsər
Amerikanın sifarişi ilə qələmə alınıb. Siz bu barədə nə düşünürsünüz?
- Bunu demək çətindir, belə
bir sifariş olmuşdurmu? Ancaq görünən odur ki, belə bir sifariş yazıçının
özünün və əfqan xalqının mövcud durumundan irəli gəlmişdir. Amerikada mühacir həyatı
yaşayan yazıçı, əfqan xalqını düşünmüş, onun düşdüyü bu vəziyyəti, burada baş
verən hadisələrin anatomiyasını yaratmaq istəmişdir. Həm yazıçının özünün
Amerikada yaşaması, həm də böyük bir qaçqın kütləsinin burada özünə yeni həyat
qurmasının özü də yazıçı üçün sifariş ola bilərdi. – Adətən, bu kitab üçün
"birnəfəsə oxunan kitab" deyirlər. Bəzilərisə hesab edirlər ki, kitab
bu qədər sadə dildə yazılmamalıdır. Əsərin dili barədə fikirləriniz necədir?
– Məncə, yazıçı əsərin üslubunu və dilini düzgün seçib. Ona görə ki,
romanın böyük bir hissəsi Əmir ağanın müşahidələri ilə verilir. Bir ölkədə
yarım əsrə yaxın davam edən müharibə həqiqətlərini yalnız bu yolla anlatmaq
olardı. "Nağıl dili yüyürək olar” deyiblər. Yazıçının seçdiyi bu üslub, fikrimcə,
demək istədikləri həqiqətləri ifadə etmək üçün uğurludur. Həm də hər bir əsər
oxunmaq üçündür. Əgər müəllif tarixi roman janrına aid bir üslub seçsəydi, bəlkə
də, bu qədər uğur qazanmayacaqdı. Ancaq X.Hüseyni Əmir ağa ilə Söhrabın uşaqlıq
münasibətləri və taleyi üzərindən Əfqanıstan gerçəkliklərini anladır. Eyni dil
və üslub müəllifin "Min möhtəşəm günəş" və "Və dağlardan səda gəldi..."
romanlarında da davam edir. Maraqlıdır ki, yazıçı bu əsərlərini də Əfqanıstan
gerçəklikləri üzərində qurur. Lakin nə dil, nə üslub, nə də mövzu yaxınlığı bu əsərləri
bədii cəhətdən zəiflətmir, bəlkə də, bir-birini tamamlamasına gətirib çıxarır.
Bu yolla, bəlkə, yazıçı əfqan həyatına həsr olunmuş bir neçə əsər yaza bilər.– Müəllif əsər boyu, sanki müəlliflikdən
çıxır və bəzi obrazlara haqq qazandırır. Sonra yenə gözdən itir. Bu cür məqamlar
barədə, konkretləşdirərək, siz nə deyə bilərsiniz?
– Dediyiniz tendensiya X.Hüseyninin digər romanlarında da var, sanki
hadisələr arasında bir qırıqlıq yaranır. Müəllif gah görünür, gah da görünməz
olur. Ancaq müəllif açıq tendensiya ilə bunu etmir, yalnız hadisələrin alt
qatında bunu sezmək olur. Bir qədər diqqətlə baxsaq, bunu yazıçının üslubu kimi
yozmaq, məncə, daha doğru olardı.– Müəllifin digər romanı olan
"Min möhtəşəm günəş!" bir çox oxucuların, fikrincə, "Çərpələng
uçuran"dan daha obyektiv yazılmış əsərdir. Sizcə, bu qənaətin formalaşması
əsaslıdırmı və əsaslıdırsa nəyə görə?
– Fikrimcə, yazıçı "Çərpələng uçuran"da deyə bilmədiklərini
"Min möhtəşəm günəş!" romanında demək istəyib. Yazıçının diqqəti
hadisələrdən daha çox, insan talelərinə yönəlib. Yazıçı demək istəyir ki,
müharibə gedən ölkədə xalqın gənc övladlarının arzuları yarıda qırılır,
imkanlarını reallaşdıra bilmirlər, elə ailələr olmur ki, bədbəxtlik meyvəsini
dadmamış olsun. Müharibə insanların gələcəyini məhv edir, onların arzularını əllərindən
alır. Yazıçı burada müharibə içində müharibəni göstərir. Yazıçı bunu şəxsi
azadlıqları əllərindən alınan Məryəm və Leyla obrazları ilə verir. Onlar Rəşidin
əsarətindən qurtularaq azadlıqlarına nail olurlar. Müəllif demək istəyir ki,
azadlığı ancaq mübarizə və birlik yolu ilə əldə etmək olar. Məryəm azadlığın
simvolu olaraq verilir. Nə zamansa əfqan xalqı da bu həqiqəti başa düşəcək və
öz azadlığını əldə etməli olacaq. Yazıçı bunu əsərin sonunda belə ifadə edir:
"Biz Kabilin yamyaşıl şəhər olmasını istəyirik".– Əsərdə sizə xüsusi təsir
bağışlayan, detal, dialoq və ya məqam hansıdır?
– Romanda mənə ən çox təsir bağışlayan hissə Kabilin zənginlərinin
oranı tərk etməsidir. Görünür ki, burada da vətəni qoruyanlar cəmiyyətin kasıb
təbəqələridir. Şəhərin varlılarından olan Baba da Sovetlərin gəlməsi ilə vətəni
tərk edir. Bu zaman onların qulluqçuları Əli və oğlu Həsən qırx il xidmət göstərdikləri
bu ailədən məhz Əmir ağa ucbatından ayrılmışdılar. Bütün bunlara rəğmən, illər
sonra Rəhim xan Həsənə Kabilə qayıtmağı, Əmir ağagilin evində yaşamağı təklif
edəndə, buna razılıq verir. Əslində, o, kənddə sakit həyat sürürdü. Kabilə gəlməklə,
yenidən talibançıların diqqət mərkəzinə düşür. Evi qorumağa çalışan Həsən
talibançılar tərəfindən öldürülür, oğlu Söhrab isə aparılır. Yazıçı bununla həzəraların
vətənə, dosta sədaqətini, onun uğrunda ölümə belə getməsini göstərmək istəmişdir.
Həsənin "Səndən ötrü min yol!.." deyimi söz olaraq qalmır, həm də əməllə
təsdiq olunur.– Əsərin nağılvarı təhkiyəsi
sizcə, onun oxunaqlılığına nə qazandırır və müasir nəsr dili üçün bu cür nəqletmə
nə qədər maraqlıdır?
–Çağdaş bədii nəsrin ən böyük problemi oxucu problemidir. Əsərin
nağılvari üslubu ilə müəllif bunu həll etmişdir. Ancaq mən düşünmürəm ki,
yazıçı bunu əsərin oxunması üçün etmişdir. Hadisələrin ağırlığını, mürəkkəbliyini,
ziddiyyətliliyini bəlli bir zaman, müxtəlif məkan kontekstində anlatmanın ən
asan yolu kimi bu üslub seçilə bilər. Hər halda, hər üç romanında eyni zaman və
məkan kontekstində baş verən hadisələri, insan talelərini bütün reallığı ilə təsvir
etməsi mövcud üslubun dinamikliyini göstərir. – Romanın süjetinin sondan əvvələ
doğru getməsi danışılan hadisələrin xarakterinə, mahiyyətinə nə dərəcədə
uyğundur və yazıçıya ideyalarını ifadə etmək üçün hansı imkanları açır?
– Əsərdə hadisələr sondan əvvələ gedir; Amerikanın San-Fransisko şəhərində
yaşayan dörd roman müəllifi (həqiqətən X.Hüseyninin dörd romanı vardır) Əmir
ağa uşaqlıq illərini, qulluqçularının oğlu "dovşandodaq" Həsənlə çərpələng
uçurmalarını və Həsənin quşatanla necə dəqiq vurmasını xatırlayır. Onların
taleləri də fərqli olur. Uşaq vaxtı hər ikisinin falına baxan falçı, Həsənin
taleyində qaranlıq gördüyü üçün üzünə qara kölgə düşmüş, Həsənin rupisini geri
qaytarmışdı. Roman boyu bu ehtimal təsdiq edilir. Əsərin ideyası da burada
yaranır. Əmir ağanın keçmişinə görə çəkdiyi xəcalətin xronikası və özünü təsdiq
etmək yolunda atdığı addımlar təsvir olunur. Əgər hadisələr əvvəldən sona getməsəydi,
romanın ideyası da bu şəkildə qoyula bilməzdi. Uşaqlıqda baş verən hadisədən
çox illər keçib, ancaq Əmir ağa dostu Həsəni tək qoyduğu günü heç cür unuda
bilmir. Bu hadisə həm də romanın psixoloji qatını müəyyən edir. Əmir ağanın
indiyədək həyatdan aldığı dərs bundan ibarətdir ki, keçmişi unutmaq, onu gömmək
mümkün deyil, keçmiş hər zaman səninlədir. Məhz bu düşüncə ilə Əmir ağa özündə
güc taparaq uşaqlıq dostu Həsənin oğlu Söhrabı talibançıların əlindən qurtarır.– Əmir Ağa, Həsən onların
uşaqlığı – bütün bunlar yəni xatırlanan hadisələrin çoxluğu əsərin hansı
qatlarının açılmasına xidmət edir?
– Məncə, bu təfərrüat romanın əsas ideyasının açılmasına xidmət edir.
Əmir ağanın uşaqlığı qulluqçularının oğlu "dovşandodaq" Həsənlə bir
keçir. Həsən onu bir dəfə şəhərin zənginlərindən biri Asifin əlindən qurtarır. Həsən
quşatanla dəqiq vururdu. Onlar bir yerdə çərpələng uçurma yarışında qalib gəlirlər.
Bir-birinə çox bağlı olurlar. Bir gün onlar fala baxdırırlar. Falçı Həsənin
taleyində qaranlıq gördüyü üçün üzünə qara kölgə düşmüş, Həsənin rupisini geri
qaytarmışdı. Roman boyu bu ehtimal təsdiq edilir. Maraqlıdır ki, sonda Əmir ağa
Həsənin oğlu Söhrabı azad etdiyi kimi, Söhrab da atası kimi Əmir ağanı
talibançılara qoşulan Asifin əlindən ikinci dəfə quşatanla xilas edir. – Müəllif həzaralar
tayfasından da geniş söz açır. Əlavə olaraq əsrdə geniş yer alan bu tayfa
haqqında nə deyə bilərsiniz?
– Həsən obrazı ilə həzəraların son dərəcə zəhmətkeş, namuslu, güclü,
qüvvətli, dostluğa sədaqətli, ancaq oxumayan, daha çox ağır işlərdə işləyən,
qulluqçuluq edən bir etnos kimi təsvir edir və Əfqanıstanda baş verən etnik təmizləməyə
qarşı çıxır. Romanda əvvəldən axıra puştunlar tərəfindən aşağılanan etnik tayfa
həzəralara qarşı müəllif simpatiyası aydın hiss olunur. Yazıçı X.Hüseyni
romanda verdiyi qeyddə həzəraları xəzərlər, yaxud xəzərlilərlə eyniləşdirir və
şiə məzhəbli türksoylu köçəri xalq olduğunu bildirir. Həsənin atası Əlini həzəralara
məxsus "yastıburun" monqoloid üz cizgiləri ilə göstərir. Elmi ədəbiyyatlarda
da həzəralar və xəzərlər eyni mənşəli hesab olunur. Həzəralar Əfqanıstanın əsasən
mərkəzi dağlıq hissəsində Kabil və Herat arasında (buraya Həzarıstan da
deyilir) yaşayan monqol-türk mənşəli xalqlardandır. Romanda təsvir olunan hadisələr
zamanı onlara qarşı təzyiqlər güclənmiş, "Əfqanıstan yalnız puştunlar
üçündür!" şüarı səslənmişdir.– Asif və Davud bir zamanlar
Sovet ordusunun Əfqanıstana girməsinə, sonra isə Sovet ordusunun çıxarılıb ölkənin
talibançıların əlinə keçməsinə sevinirlər. Qəribədir deyilmi?
– X.Hüseyni Asif obrazı ilə yalnız öz şəxsi mənfəətlərini düşünən
insanları təsvir etmək istəmişdir. Asif kimi adamların talibançıların başında
durması onların iç üzünü açır. Halbuki, Asif elə Davud xanın hakimiyyətdən
salınmasına, sovetlərin gəlməsinə də eyni dərəcədə sevinmişdi. Nəticədə,
talibançılar ölkədə zorakılıq aktlarını çoxaltdı, bütün azadlıqları məhdudlaşdırdı,
insanları cinsi istismara məruz qoydu, din adı altında insanları
sorğusuz-sualsız güllələdilər. Onların idarəetməsində gerilik, xurafat,
zorakılıq başlıca yer tuturdu. Molla rejiminin qurbanları yalnız həzəralar
olmur, cəmiyyətin bütün üzvləri onun qoyduğu qanunlardan əziyyət çəkdiyindən,
ölkədən baş götürüb gedirdi. – Sizcə, müəllif Amerikanın xilaskar imici üzərinə həddən artıq çox
fokuslanmayıb?
– Deməzdim ki, Amerikanın
xilaskar obrazına daha çox yer ayrılıb. Olsun ki, Əmir ağanın Amerikada məskunlaşması,
Söhrabı talibançılardan azad edib Amerikaya aparması belə bir təsəvvür yaratmış
olsun. Ancaq burada Amerikanın əvəzində hər hansı bir ölkə ola bilməzdi. Çünki
reallıq budur ki, Amerika 2000-ci illərdən sonra Əfqanıstana bir sabitlik gətirib.
Əfqanıstan qaçqınlarının da burada məskunlaşması hadisələrin məntiqindən
doğurdu.– "Çərpələng uçurmaq” – bu simvolu müxtəlif cür yozurlar. Siz bu simvolu
necə mənalandırırsınız?
– Çərpələng uçurmaq uşaqlıq
dövrünün ən maraqlı hadisələrindən, əyləncələrindən biridir. Bu, uşaqlığın,
arzuların simvoludur. Əsərin ideyası da məhz bu hadisə ətrafında cərəyan edir.
Məncə, yazıçıya burada simvoldan daha çox, çərpələng uçurmanın funksionallığı
lazım olmuşdur.– Həzaralar və puştunlar arasındakı kəskin münasibət göz önündədir. Bu
münasibətlərin kəskinləşməsindəki "gizli əl” əsərdə məncə, gərəyincə açılmır.
Sizcə, bunun səbəbi nədir?
– Bəli, əsərdə açıq şəkildə
göstərilməsə də, bu gizli əl var. Bunu kim bilməsə də, Azərbaycan xalqı yaxşı
bilir. Vaxtilə Qafqazı qarışdıran əl burada da var. Davud xanın hakimiyyətə gəlməsi
ilə Əfqanıstanda siyasi hadisələr daxili mübarizə xarakteri almağa başlayır.
Kommunistlər bu daxili çəkişməni bir qədər də qızışdırır. Ölkədə faşistyönlü
çağırışlar səslənir. Anası alman, atası əfqan olan Asif Əmir ağa ilə söhbətində
Davud xanın onlarda qonaq olduğu ilə fəxr edir və ona Hitlerin başladığı işi
sona çatdırmasını tövsiyə edəcəyini bildirir. Əmir ağanın yanında həzəra Həsəni
gəzdirməsi Asifi rahatsız edir. O, "Əfqanıstan puştunların torpağıdır. Həmişə
belə olub, həmişə belə olacaq" deyir. Özünü "əsl əfqan", "təmiz
əfqan" hesab edən Asif "Mən deyirəm ki, Əfqanıstan puştunlar
üçündür" şüarını səsləndirir və belə hesab edirdi ki, bunun əsas günahı
Əmir ağanın atası Baba xandadır. Davud xanın hakimiyyəti zamanı da,
talibançılıq adı altında da bunu edirdi.– Qəhrəmanın dostunun oğlunu xilas etmək motivini bəzi tənqidçilər süni
hesab edirlər, bu barədə siz nə düşünürsünüz?
– X.Hüseyni Əmir ağanı ziddiyyətli verir; o Həsənlə
dost olsa da, Asif ona "Sən axı ona necə dostum deyə bilərsən?" deyəndə
"O mənim dostum deyil, qulluqçumdur!” fikrini beynindən keçirir. Bəzən də
onunla qulluqçu kimi davranırdı. O, Həsən kimi qoçaq deyildi. Həsən onun
yolunda hər şeyə hazır olduğu halda, Əmir ağada qarşılıqlı səmimiyyət və cəsarət
yox idi. Bir neçə dəfə Həsən üçün Asifə və onun dostlarına cavab verə bilməmişdi.
Həmin gecə isə Əmir ağa gizləndiyi yerdən çıxmamış, sadəcə, kənardan tamaşa
etmişdi. Ancaq bu hadisə ona həmişə əzab verirdi, bundan əziyyət çəkir, səhvini
düzəltmək üçün fürsət gözləyirdi. Ona görə də Rəhim xanın Söhrabı qurtarmaq təklifini
eşidərkən, artıq belə bir zamanın gəldiyini yəqin edir və Söhrabın dalınca
Kabilə gedir. Əslində, onun Kabilə getməsi real görünür, lakin talibançıların,
Asifin əlindən Əmir ağanı Söhrabın quşatanı sayəsində qurtulması o qədər də
real görünmür. Amma məntiqidir və əsərin ideyasını tamamlayır. Söhbətləşdi: Fərid Hüseyn