Bədii texnika ədəbi dürüstlüyün sınağıdır

Amerikalı şair-tənqidçi, modernist hərəkatın aparıcı simalarından
Ezra Paund 1885-ci ildə Hayleydə anadan olub. Homer Pundla İzabel Uestonun
ailəsində dünyaya göz açan Ezranın ailəsinin həyatı anasının Haylidən köçməsi
ilə dəyişir. İzabel 1887-ci ildə 18 aylıq körpəsi ilə Nyu-Yorka köçür. Onu
qərarından daşındıra bilməyən Homer də ailəsinin arxasınca gəlir. Bundan sonra
isə ailənin daimi köç həyatı başlayır. Bir yerdə qərar tuta bilməyən Pundların
yolu 1893-cü ildə Pensilvaniyaya düşür. Digər yerlərə nisbətən burda uzun qalan
ailə 1901-ci ildə Ezranın universitetə qəbul olması ilə burada kök salır.
Universiteti bitirdikdən (1908) sonrakı 12 il (1908-1920) ərzində Ezra ədəbi
çevrədə daimi axtarışlar axınına düşür. Paundun həyatının ən məhsuldar illəri
1924-45-ci illər hesab olunur. Eliot, Ceyms Coys, Robert Frost, Ernest
Heminquey kimi ədiblərlə olduqca sıx dostluq münasibətləri olub. Müəllifin
"Paris Review” jurnalının 28-ci sayında dərc olunmuş müsahibəsini təqdim
edirik.
İtaliyaya qayıtdıqdan sonra Ezra Paund zamanının çoxunu Tirolda
Brunnenbörq malikanəsində xanımı, qızı Mari, kürəkəni şahzadə Boris de Raçuiltz
və nəvələri ilə ilə keçirir. Baxmayaraq ki, Merano yaxınlığındakı bu yerlər
dağlıq ərazi olduğu üçün qışları çox sərt keçir, lakin günəşsevən Paund
buralardan ayrılmır. Artıq Meranoya yola düşməyə hazırlaşan müxbir fevralın
sonunda aldığı bir teleqramla bütün planları dəyişdi: "Merano donub. Romaya
gəlin”.
Paund Romaya tək gəlmiş və Uqo Dadone adlı köhnə dostunun evini "zəbt
etmişdi”. Martın əvvəlləri idi, istisna sayılsa da hava mülayim, ilıq idi. Paund
divanın yanındakı kresloda yerini rahatlayarkən müxbir də geniş kresloya
əyləşir. Otaqda Paunda aid iki çamadan və üç kitab var.
Yaşından gənc görünən bu adamı böyük papağı, sərt şəkildə
yönləndirdiyi əsası, sarı şarfı, uzun şux paltosu ilə tanımaq olar. Avropanın
Latın Bölgəsinin pələngi. Söhbət əsnasında gözləmədiyiniz anda insanı valeh
edən mimika istedadı qabarar və gülüşləri saqqalını oynadar. Üç gün günorta
saatlarında baş tutmuş müsahibədə ədib diqqətlə ətraflı danışma çalışır,
yorulanda ötəri cavab verdiyi sualları səhəri gün dəyişirdi. Ezra Paund ilə
"Paris Review” jurnalından Donald Halın söhbəti.
- 1916-cı ildə yazdığınız bir məktubda Andreas Divusun "Gəmiçi”
("Seafarer”) əsərindəki ritmlər üzərində özünüzü sınamaq istədiyinizi
demişdiniz. Belə görünürdü ki, qitə şəklində bir şey yazmaq istəyirdiniz.
"Qitələr”-ə başladınızmı?
- Hələ 1904-cü ildən başlamışdım yanılmıramsa. Əlimdə çoxlu yazı
formulları var idi. Formanı alındırmaq problem idi, qərar verə bilmirdim.
Lazımı material olmadan alınmayan elastik bir şeydir forma. Onun heç nəyi
kənarda qoymayan forması olmalıdır, əks halda şeir yerinə oturmur.
- 30-35 ildir ki, indi əlləşdiyiniz formadan tamamilə fərqli formalar
üzərində işləmisiniz. Niyə?
- Təsadüfi parıltılı titrəyişlər insanda bir fikir nüvəsi, cərəyan
zonası yaradır. Bu zaman zehnimdə yarananları elə deməliyəm ki, hər şey ümumi
sxemə uysun. O zamanlar bu sxem fərqli idi.
- Gənclik illərinizdə sizin poetik yaradıcılığınızda forma üzərində
mərkəzləşdiyiniz qabarıq hiss olunurdu. Bütün professionallığınızı və ədəbi
fədakarlığınızı şeirin yazı texnikasına yönəltmişdiniz. Sanki Paundun texnikası
ilə məşhurlaşmışdınız. Son 30 ildə önümüzə gələn poetik əsərlərinizdə isə sanki
maraq mərkəziniz dəyişib. Daha çox məzmuna, ideyaya önəm verirsiniz. Bu
dəyişiklik prinsipial olaraq atılmış addımdır?
- Məncə, mən bütün prosesi əhatə edirəm. Bədii texnika ədəbi
dürüstlüyün sınağıdır. Texniki baxımdan peşəkarlaşmamış ədəbi məhsulu dəyərli
adlandırmaq olmur, sonrakı dövrlərdə isə onun dəyəri layiq olduğu qədər – aşağı
olur. Bütün bunlar bir tapşırıq, məşq kimi qəbul edilməlidir. Rixterin
"Harmoniya haqqında elmi tezislər” əsərində baxın nə deyilir: "Bunlar
harmoniyanın, tamamlanmış işin prinsipləri və kontrapunktudur. Onların, əslində,
yekundakı işlə bir əlaqəsi yoxdur, texnika və prinsiplərlə işləmək işin öz
mahiyyətindən tamamilə fərqli fəaliyyətdir". Kiminsə dilə gətirdiyi
ifadəni tamamilə başqa formada sənin istifadə edə bilməyəcəyin də tamamilə
yanlışdır. Hə bu nə dərəcədə məsləhət bilinəndir, ümumiyyətlə, məsləhətlidirmi,
bu artıq başqa məsələdir. O ki qaldı, qeyd etdiyiniz dəyişməyə. Mən bunun,
ümumiyyətlə, fərqində deyiləm. Sadəcə dediyiniz zamanlarda mənim ədəbi
zövqümün, bacarığımın prinsiplər və texnika ilə sınanması lazım idi.
Ümumiyyətlə, ədəbi yaradıcılığımın hansısa dövrdə formadan, hansısa dövrdə
texnik baxımdan geri qaldığını qəbul etmirəm. Dəyişkənlik isə həyata maraq
göstərən, onun tempinə uyğunlaşan hamının keçdiyi yoldur.
- Sizcə, sərbəst şeir yalnız amerikan ədəbiyyatına xas formadır?
Məsələn, məncə Uilyam Karlos Uilyam belə düşünür və hətta soruşsaq, deyərdi ki,
iambiklər (biri qısa, biri uzun hecalardan ibarət şeirlər – red.) də İngilis
ədəbiyyatına aiddir.
- Eliotun bu fikrini misal çəkəcəm: "Mükəmməl bir nümunə yaratmaq
istəyən adam üçün heç bir forma sərbəst deyil”. Düşünürəm ki, istənilən sərbəst
şeir nümunəsini belə yaradarkən insan kəmiyyət ölçüləri qorumağa cəhd edir,
meyarlar olmadan alına bilməz nəsə.
- Yaradıcılığınızda ən az forma baxımından mükəmməl olanlar qədər
böyük təcrübə və sınaq cəhdi olan nümunələr də var. Sizcə, şairin sahib olduğu
ən böyük keyfiyyət nədir? Formallıq üstünlük təşkil edir, yoxsa düşüncə
keyfiyyəti?
- Açığı hansı sifariş olunmuş kimi mənimsənilən keyfiyyətləri nəzərdə
tutursunuz, bilmirəm. Amma şairdə, ədəbiyyat adamında daimi maraq olmalıdır. Bu
maraq onu yaxşı yazıçı etməyəcək, amma maraq olmasa, o öləcək. Ədəbi gücün
ölməməsi bu davamlı enerji axınından asılıdır. Aqassis ( Yerin təbii enerji
tarixini araşdıran isveç-amerikan əsilli bioloq-geoloq alim – red.) kimi
adamlar heç vaxt darıxmır, yorulmur. Daxili stimulun şüurlu dərk olunması və
onun ləngidilmədən yazıya, əməyə, səsə yönəldilməsi ömürlük dövri enerjinin
mənbəyidir.
- Gənclik illərinizdə ədəbi üslubunuz tez-tez dəyişirdi. Sanki məzmun baxımından
harasa yapışıb qala bilmirdiniz. Şüurlu şəkildə üslubunuzun sərhədlərini
genişləndirmək istəyirdiniz? Sizcə, incəsənət adamının bu daimi hərəkətə bu
qədərmi ehtiyacı var?
- Məncə, rəssam mütləq daimi hərəkətdə, axtarışda olmalıdır. Sən
insanlara həyatı oxuyarkən əsla sıxılmayacaqları, dönə-dönə oxumaq
istəyəcəkləri yollarla göstərməyə çalışırsan, gördüyünün sözlərlə şəklini
çəkirsən, sizcə, eyni yoldan gedərək, fərqli üslublar yaratmaq olarmı...
- Hər zaman gənclərə verdiyiniz məsləhətlərlə tanınmısınız. Onlara
məsləhət gördüyünüz xüsusi bir məsələ varmı?
- Maraq dairələrini inkişaf etdirsinlər və əsla təqlidə, saxtalığa üz
tutmasınlar. Amma məsələ ədəbiyyatdırsa, bu tək başına kifayət deyil. Xüsusi
diqqət edilməli çox şey var. Pensilvaniya Universitetində oxuyan tələbələr bu
fikri motto (şüar – red.) kimi qəbul edirlər: "Yalnız məzlum səfehlərin spontan
olmaq haqqı var”.
- Bir dəfə yazmısınız ki, Tomas Hardi, Uilyam Butler Yits, Ford
Madoks Ford və Robert Brics kimi şairlərin ədəbi həyatlarından əlinizdə
işəyarar rituallar var. Nə kimi rituallar idi?
- Ən sadəsi Bricsinkidir. Bricsin yaradıcılığı homofonlara (eynisəsli
sözlərin yan-yana gəlməsi – red) düşməndir. Hardi üslubdan, tərzdən çox mövzu
üzərində mərkəzləşirdi, hətta mövzuya onun qədər əhəmiyyət verən ikinci bir
çağdaşı olmayıb. Ford dilin yenilənməsi prosesinin özü idi. Onun hər yeni
yazısında əvvəl heç rast gəlmədiyimiz bir ifadə, bir təsvir olur. Gəldik Yitsə.
Yits 1908-ci ildən olduqca sadə lirik nümunələr yazıb, heç birində sözlərin
təbii sıralanmasından uzaqlaşmayıb.
-1913-14-cü illərdə Yitsin katibi işləmisiniz. Onun xidmətində nə
kimi işlər görürdünüz?
- Adətən yüksək səslə qiraət edirdim onunçün. "Britaniyada gün
batımı” kimi əsərləri oxuyurdum. Onun öz yaradıcılığındakı qarşıdurmalar
səbəbsiz deyildi. İrlandlar ziddiyyəti sevirlər. Gülməli də görünsə, 45 yaşında
özünümüdafiə öyrənirdi. Üzünü folqa ilə təmizlətdirərdi, balina dərisi kimi
olardı. Hərdən elə davranırdı, məndən də idiot kimi görünürdü.
- Avropaya gəlməzdən əvvəlki dövrdə, həyatınızın Amerikadakı
illərində nə kimi ədəbi fəaliyyətlə məşğul olduğunuz haqqında danışaq.
Amerikaya nə zaman gəldiniz?
- 1898-ci ildə, 12 yaşımda, xalamla.
- Onda artıq fransız poeziyasını oxuyurdunuz?
- Yox, onda hələ amerikan ədəbiyyatı ilə kifayətlənirdim. Ora
gedəndən bir il sonra latın dilini öyrənməyə başladım.
- Necə şair oldunuz?
- Babam regional bank prezidentinin katibi idi. Nənəm isə uzaqda
qalan qardaşları ilə yazışa-yazışa oxuyub-yazmağı öyrənmiş, böyük ədəbi zövq
formalaşdırmışdı. O dövr üçün oxuyub-yazan adamlarla əhatə olunmaq böyük fürsət
idi.
- Universitet bilikləriniz sizə şair kimi necəsə kömək etdi? Deyəsən,
7-8 illik tələbəlik həyatınız olub.
- Altı illik. Altı il dörd aylıq. Bütün günü yazırdım, xüsusilə də
buraxılış ilində. İlk ilimdə tamamilə ağ vərəq idim. Məni kollecə də sırf latın
dilini bildiyim üçün qəbul etmişdilər. Bir də artıq 15 yaşımda yaxşı araşdırma
mexanizmi formalaşdırmışdım. Sanki beynim kimin nə zaman harada nə etdiyini
araşdırıb, tapmağa, analoji halları birləşdirib, nəticə əldə etməyə
istiqamətlənmişdi.
- Sizinlə eyni illərdə oxuyanlar Amerika Universitetlərində
müəllimdirlər. Sizcə, müəllimliklə yazarlıq arasında bir əlaqə varmı? Və ya
yazarlıq öyrədilə bilərmi?
- Burda sadəcə iqtisadi faktorlar var. Adam necəsə yaşayışını təmin
etməlidir.
- Deyəsən haradasa oxumuşdum
ki, bir dəfə roman yazmağa cəhd etmisiniz. Onu hardasa saxlayırsınız?
- Xoşbəxtlikdən Lanqamdakı evdə yandı. Əslində, iki dəfə cəhd
etmişəm. İkincidən sonra başa düşdüm ki, roman nədir, necə olmalıdır. Sonra bir
də cəhd etmədim.
- 20-30 il İngiltərənin aparıcı şairləri, dövrün məşhur rəssamları,
heykəltəraşları, bəstəkarları ilə yaradıcı münasibətləriniz olub.Bu adamlardan
kimlər incəsənət əhli kimi sizə daha çox stimul verib.
- Bu cəhəti ən çox Fordda və Qodierdə görürdüm. Onlarla tanışlıqda
haqqında yazdığım adamların əslində nə qədər əhəmiyyətli olduğunu daha dərindən
anladım. Mənim yaradıcılığım xüsusi intellektual insanların xüsusi
keyfiyyətləri üzərində mərkəzləşməklə məhdudlaşırdı. Lakin ətrafımdakı
dostların o qədər təsvir ediləsi keyfiyyətləri var idi ki, bunu görməzdən
gəlmişdim.
- Ceyms (Ceyms Coys) necə? O, Londonun intelligent təbəqəsi arasında
xüsusi hesab oluna bilərdimi sizin üçün?
- Ahhh. O vəfat edəndə mənə elə gəldi ki, artıq dünyada nəsə haqqında
sual veriləcək heç kim qalmadı. Onu tanıyan hamının içində sözün əsl mənasında
yeni bir şəxsiyyət tanımaq, yeni bir şey kəşf etmək hissi olurdu. 65 yaşımda
başa düşdüm ki, mən onu tanıyanda özümü ondan daha yaşlıymış kimi hiss
edirmişəm.
Tərcümə etdi: Elcan Salmanqızı
"Paris Review” jurnalından
