"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox
sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz AMEA-nın
vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru,
akademik İsa Həbibbəylidir İsa müəllimin sevdiyi əsər Cəlil Məmmədquluzadənin "Anamın kitabı”
dramıdır
– Siz Cəlil Məmmədquluzadənin
Azərbaycan ədəbiyyatı və ictimai fikrinin inkişafında yerini və rolunu nədə
görürsünüz? – Görkəmli Azərbaycan yazıçısı və böyük ictimai xadim Cəlil Məmmədquluzadə
çoxəsrlik tarixi inkişaf yoluna malik olan milli ədəbiyyatımızı yeni mərhələ səviyyəsinə
çatdırmışdır. Cəlil Məmmədquluzadə mənsub olduğu xalqın ümummilli oyanışına və
istiqlalına xidmət edən böyük ədəbiyyat yaratmaq missiyasını şərəflə yerinə
yetirmişdir. Heç tərəddüd etmədən demək olar ki, Cəlil Məmmədquluzadə Azərbaycan
milli istiqlal ədəbiyyatının sərkərdəsidir.
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanının
və "Molla Nəsrəddin” ədəbi məktəbinin banisidir.
Böyük demokrat ədibin bütün əsərləri milli oyanış və dirçəlişə, azərbaycançılıq
ideyalarına və istiqlala həsr olunmuşdur. Ədib 1894-cü ildə yazdığı "Danabaş kəndinin
əhvalatları” povesti ilə sadə, sıravi, "kiçik” insanı böyük ədəbiyyatın əsas qəhrəmanı
səviyyəsinə qaldırmışdır. O vaxta qədər "kiçik adam” ədəbiyyatda epizodik obraz
səviyyəsində təmsil olunmuşdur. Cəlil Məmmədquluzadə sadə adamların timsalında
mənsub olduğu xalqın taleyini ədəbiyyata gətirmiş, onu axıradək müdafiə
etmişdir. Yazıçı Məmmədhəsən əmi, Novruzəli, Usta Zeynal kimi insanların
yanıqlı taleyini açıb göstərmiş, onların halına ürək ağrısı ilə yanaşmış, həmvətənlərinin
hüquqlarını əlindən almış müstəmləkəçilik siyasətini tənqid etmişdir.
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük
ustadıdır. Mirzə Cəlil tragikomediya janrının yaradıcısıdır. Yazıçının "Ölülər”
və "Dəli yığıncağı” tragikomediyaları bu janrın dünya ədəbiyyatındakı ən yaxşı
nümunələrindən biri sayılmağa layiqdir. Böyük ədib "Molla Nəsrəddin” jurnalında
çap etdirdiyi məqalələrdə satirik publisistikanın əsasını qoymuşdur. Ən əsası,
Cəlil Məmmədquluzadə ədəbiyyatda azərbaycançılıq idealının və milli istiqlal
ideyasının ən qüdrətli carçısıdır. Xalqımızın müstəqil dövlətçiliyə
hazırlanmasında Cəlil Məmmədquluzadənin misilsiz xidmətləri vardır. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin
anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi haqqındakı 17 yanvar
2019-cu il tarixli Sərəncamı böyük sənətkarın Azərbaycan ədəbiyyatı və xalqımız
qarşısındakı xidmətlərinə dövlət səviyyəsində göstərilən böyük ehtiramın əməli
ifadəsidir.
– Hansı məziyyətlərinə görə
"Anamın kitabı” sizin üçün fərqli əsərdir?
– Azərbaycan ədəbiyyatında XVIII əsrdən etibarən ölkə həyatının
realist mövqedən təqdim edilməsinə başlanılmışdır. Mirzə Fətəli Axundzadə XIX əsrdə
Azərbaycan gerçəkliyinin bir sıra ciddi problemlərini ədəbiyyata gətirmişdir.
Bunlar ədəbiyyatda böyük dönüşün ifadəsi idi. Lakin Cəlil Məmmədquluzadənin
"Anamın kitabı” tragikomediyasında ilk dəfə olaraq bir ailənin timsalında Azərbaycan
cəmiyyətinin mövcud vəziyyəti bütün reallıqları ilə göstərilmiş və xalqımızın gələcək
taleyi ilə əlaqədar çıxış yolları öz əksini tapmışdır. Nə Cəlil Məmmədquluzadədən
əvvəl və nə də ondan sonra Azərbaycan xalqının milli taleyi "Anamın kitabı”ndakı
qədər öz əksini tapa bilməmişdir. Bu əsər bütün dövrlər üçün aktual ola biləcək
Azərbaycannamədir.
"Anamın kitabı” Cəlil Məmmədquluzadənin yaradıcılığında geniş yer
tutan azərbaycançılıq və istiqlaliyyət ideyalarının möhtəşəm yekunudur. Fikrimcə,
"Anamın kitabı” dramı Azərbaycan ədəbiyyatında azərbaycançılıq məfkurəsi və milli
istiqlal idealına həsr olunmuş ən mükəmməl bədii əsərdir. "Anamın kitabı” Azərbaycan
milli istiqlal ədəbiyyatının şedevridir. "Anamın kitabı” azərbaycançılıq
ideallarının və milli istiqlal ədəbiyyatının manifestidir.
– Sizcə, bu əsərin 1919-cu ildə
yazılması hansı tarixi amillərlə bağlı idi?
– XX əsrin əvvəlləri çoxəsrlik Azərbaycan tarixində ictimai-siyasi
baxımdan, milli-mənəvi oyanış cəhətdən xüsusi mərhələdir. Bu tarixi epoxa Cəlil
Məmmədquluzadə və Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və Nəriman Nərimanov,
Hüseyn Cavid və Əlibəy Hüseynzadə kimi böyük dühaları meydana çıxarmışdır. Bizə
görə, 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin meydana çıxmasında
Azərbaycan ədəbiyyatının və ictimai fikrinin müstəsna dərəcədə böyük rolu
olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan ədəbiyyatının milli istiqlal
ideallarının həyatdakı real təzahürüdür. Ona görə də, XX əsrin əvvəllərində Azərbaycan
ədəbiyyatının yaradıcıları Xalq Cümhuriyyətinin yaradılmasına böyük tarixi
hadisə kimi, ürəkdən yanaşmışlar. O cümlədən, Cəlil Məmmədquluzadə də Azərbaycan
Xalq Cümhuriyyətinin qurulmasını rəğbətlə qarşılamışdır. Cəlil Məmmədquluzadə
Azərbaycan Xalq Cümhuriyyətinin işində iştirak etməyə cəlb olunmamışdır. O,
Qarabağla bağlı Hindarx layihəsi haqqında "Azərbaycan” qəzetinə yazmaqla
Cümhuriyyətin işində iştirak etməyə cəhd göstərmişdir. Cümhuriyyət qurucuları
da Cəlil Məmmədquluzadənin əsərləri, "Molla Nəsrəddin” jurnalının fəaliyyəti ilə
yaxından tanış idilər. Baş vermiş mürəkkəb hadisələr onların Cəlil Məmmədquluzadəyə
diqqət yetirmələrinə maneçilik törətmişdir. Buna bir qədər zaman lazım idi.
Ümumiyyətlə, Cəlil Məmmədquluzadə siyasi baxışlarına görə azərbaycançı
və cümhuriyyətçi idi. Onun məşhur "Azərbaycan” məqaləsi azərbaycançılığın,
"Cümhuriyyət” məqaləsi isə cümhuriyyət tipli milli dövlət quruluşunun nizamnaməsidir.
Azərbaycan Xalq Cümhuriyyətində təmsil olunmasa da, o, müstəqil respublikanın fəaliyyətini
dəstəkləmişdir. Hesab edirəm ki, Cəlil Məmmədquluzadənin Azərbaycan Xalq
Cümhuriyyətini qəbul etməməsi haqqındakı fikirlər sovet dövrünün diktə etdiyi
ideoloji tələblərdən doğmuşdur. Ümumiyyətlə, 1919-cu ildə, aradan çox az bir
vaxt keçməmiş Azərbaycan Xalq Cümhuriyyətinin dövlət olaraq itirilmək təhlükəsinin
hiss olunması Cəlil Məmmədquluzadəni narahat etmişdir. Cəlil Məmmədquluzadə
"Anamın kitabı” dramını yazmaqla Azərbaycan xalqına ölkədəki mürəkkəb
ictimai-siyasi şəraiti və mənasız qütbləşmənin vəziyyətini çatdırmaq istəmiş,
bütün çətinliklərə baxmayaraq, müstəqil dövlətçiliyi qorumağın zəruriliyini diktə
etmişdir.
– Əsərdə Gülbahar sandıqdan
anasından qalma bir kitab çıxarıb oxuyur. Sizcə, bu kitab simvolunun arxasında
Cəlil Məmmədquluzadə nəyi nəzərdə tuturdu?
– "Anamın kitabı”nda Gülbahar obrazı yeni Azərbaycanın simasıdır.
Gülbaharın açıb oxuduğu kitab rəmzi mənada Azərbaycanın birlik və istiqlaliyyət
kitabıdır. Ümumiyyətlə, "Anamın kitabı” – Azərbaycan istiqlaliyyətinin şah əsəridir.
Cəlil Məmmədquluzadə bu əsərində bütün gücü ilə Azərbaycanın ideallarının
qorunub saxlanılmasına və yaşadılmasına, davam etdirilməsinə çağırış edir.
"Anamın kitabı”ndakı Gülbaharın monoloqu Azərbaycanın müstəqillik uvertürası
kimi səslənir: "Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl
axır Günün başına dolanırlar. Çünki bunlar hamısı qədim əzəldə Gündən qopub
ayrılmış parçalardır.
Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı dolansalar,
genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar. Çünki ay və ulduz Şəmsin
parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin
halına ki, təbiətin həmin qanununu pozmaq istəyə. Onun insafı və vicdanı ona
müdamül-həyat əziyyət edəcək. Nə qədər canında nəfəs var, peşman olacaq”.
"Anamın kitabı” əsərindəki Zəhra Ana obrazı – Vətənin, Gülbahar –
milli istiqlalın rəmzidir. Ananın kitabı isə Azərbaycanın tale kitabıdır.
Əsərdəki digər məsləkayrı
qardaşların taleyini də Cəlil Məmmədquluzadə onların yazıb-oxuduqları
kitablarla üzvi əlaqədə açıb göstərmişdir. Rüstəm bəy – rus lüğətinə, Mirzə Məmmədəli
– Xüsuf-Küsuf dualarına, Səməd Vahid Osmanlı elmi-qafiyə, vəzmi-şeir
kitablarına etiqad etdikləri üçün fərqli baxışlara malikdirlər. Əsərdə hər
kitab bir əqidənin, bir ölkənin mahiyyətini ifadə edir. Cəlil Məmmədquluzadə fərqli
məsləklərə malik olan üç qardaşın simasında Azərbaycanı əhatə edən daxili və
xarici güclərin yad niyyətlərin, özgə ölkələrin əsiri olmağın miskin simasını mənalandırmışdır.
– Cəlil Məmmədquluzadənin əsərlərinin
sosial-siyasi yönü ilə yanaşı, fəlsəfi alt qatı da olur. Sizcə, "Anamın kitabı”
pyesinin fəlsəfi əsasında hansı ideya dayanır?
– Cəlil Məmmədquluzadənin əsərlərində XX əsrin əvvəllərinin
ictimai-siyasi çağırışları ilə səsləşən ümummilli ideyalar və müasirləşmə
meyilləri ifadə olunmuşdur. Cəlil Məmmədquluzadənin bədii əsərlərinin baş qəhrəmanı
Azərbaycandır. Onun yaradıcılıq fəlsəfəsinin əsas hərəkətverici qüvvəsi azərbaycançılıqdır.
"Anamın kitabı” adlanan əsərdə
yazıçının sosial-siyasi mövqeyi kimi, müəllifin alt qatda olan fikirləri də
kitab səhifələri kimi açıqdır. Cəlil Məmmədquluzadənin "Anamın kitabı” əsəri
böyük tərbiyəvi əhəmiyyətə malik olan milli-mənəvi özünüdərk, vətənçilik,
birlik və müstəqillik dərsliyidir. "Anamın kitabı” – Azərbaycanın təkcə XX əsrin
əvvəllərindəki deyil, həm də həmin yüzilliyin sonlarındakı tale kitabıdır. Əsər
çox güclü müasirlik imkanlarına malikdir. Vətən, millət, ölkə təhlükə
qarşısında olanda əsil vətəndaş yazıçının örtülü eyhamlarla danışmağa mənəvi
haqqı yoxdur. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti çox çətin dövrünü
yaşayırdı. Xüsusən, bolşevik-daşnak birləşmələrinin törətdiyi 1918-ci ilin mart
qırğınlarından sonra ölkədə dərin bir daxili gərginlik var idi. Cəlil Məmmədquluzadə
"Anamın kitabı”nı yazmaqla açıq-aşkar ölkədə birlik və sabitliyi qorumağa, nəticə
etibarilə mövcud dövləti möhkəmləndirməyə çağırış etmişdir.
Fikrimcə, "Anamın kitabı” – milli ədəbiyyatımızın ən mükəmməl azərbaycannaməsidir.
Cəlil Məmmədquluzadə bu əsərlə həm də Azərbaycan ədəbiyyatında azərbaycançılıq
ideyasının əsas yaradıcılarından olduğunu isbat etmişdir. Bütün bunlar görə,
"Anamın kitabı” dramı Azərbaycan ədəbiyyatının ən möhtəşəm azərbaycançılıq abidəsidir.
Bu əsər Azərbaycan ədəbiyyatının sonrakı inkişafına çox təsir göstərmiş, bədii
düşüncədə və ictimai fikirdə azərbaycançılığın genişlənməsində mühüm rol
oynamışdır. "Anamın kitabı”ndan Azərbaycan ədəbiyyatına gur işıq düşmüşdür.
– Bu fikirlə razısınızmı ki,
müəllifin digər əsərləri ilə müqayisədə "Anamın kitabı”ndakı obrazlar canlı
insanlar olmaqdan daha çox, müəyyən bir ideyanın təcəssümüdürlər və bu cəhətdən
əsərə bir sxematizm gətirir?
– Cəlil Məmmədquluzadə ideyalı yazıçıdır. "Anamın kitabı”ndakı
obrazlar da konkret ideyanın daşıyıcılarıdırlar. Lakin yazıçı əsərdəki məsləkayrı
qardaşları ideoloq kimi yox, siyasi və mənəvi cəhətdən çökmüş bir ideyanın əsirinə
çevrilmiş canlı insanlar kimi təsvir etmişdir. Bu əsərlə Cəlil Məmmədquluzadə
özgə ideyalara, yad məmləkətlərə xidmət edən adamların faciəsini təsvir
etmişdir. Seçilmiş həyat materialının canlı, təbii vasitələrlə təqdim edilməsi əsərə
sxematizm gətirməsinə imkan verməmişdir. Yazıçı hər qardaşı təkcə öz qiyafəsində
yox, həm də özünəməxsus həyat tərzində təqdim etmişdir. Hər birinin ayrı yad
kitaba sitayiş etməsi onların bənzərliyi yox, fərqidir. Gülbahar obrazı da həyəcanları
və davranışı ilə təbii alınmışdır.
Əsərdə həyatilik, təbiilik, süjetin dinamik inkişafı sxematizmə yer
qoymamışdır. Vətəndaş yazıçının çağırışları əsərin məntiqindən doğan və yekun
monoloqda ifadə olunan mətləblər vasitəsilə ifadə edilmişdir.
– Cəlil Məmmədquluzadənin
yaradıcılığı ilk əsərlərindən etibarən xalq ədəbiyyatı ilə qırılmaz tellərlə
bağlıdır. Sizə görə, "Anamın kitabı” pyesində ədib özünün xalq yaradıcılığı ilə
əlaqə mənasında ənənəsinə sadiqdirmi?
– "Cəlil Məmmədquluzadə və xalq ədəbiyyatı” məsələsi geniş həcmə
malik ciddi bir elmi-tədqiqat işinin mövzusudur. Canlı xalq danışıq dili və
xalq ədəbiyyatı, folklordan yaradıcı istifadə Cəlil Məmmədquluzadənin
yaradıcılığının əsas dayaqlarıdır. Cəlil Məmmədquluzadənin yaradıcılığı milli
ruhu, sadəliyi və təbiiliyi ilə yazılı ədəbiyyatın folkloru təəssüratı yaradır.
"Molla Nəsrəddin” jurnalının adı və materialları da xalq müdrikliyinin,
folklordakı lətifə janrının yazılı ədəbiyyatdakı və mətbuatdakı əks-sədasıdır.
"Anamın kitabı”ndakı Çoban obrazları ilə əlaqədar hadisələr Cəlil Məmmədquluzadənin
xalq həyatı, milli folklor mühiti ilə dərin bağlılığının təzahürüdür. Əsərdə
çobanların dilindən verilmiş "Biz çobanıq, dağdı-daşdı yerimiz” misrası ilə
başlayan şeir parçaları Cəlil Məmmədquluzadənin müasiri Abdulla Şaiqin xalq ədəbiyyatı
motivləri əsasında qələmə aldığı poetik örnəkləri diqqət mərkəzinə çəkməsi deməkdir:
Biz çobanıq, dağdı-daşdı yerimiz,
Yoldaşımız qoyun-quzu sürümüz,
Dərs almayıb, haqdı ki, heç birimiz,
Amma zövqü səfalıdı çobanlar,
Qardaşlıqda vəfalıdı çobanlar.
Bu şeirdəki "qardaşlıqda vəfalı” ifadəsi "Anamın kitabı”ndakı nəinki
xalqına, hətta bir-birinə yad olan qardaşlardan fərqli olaraq, cəmiyyətdəki və
ailədəki birliyi önə çəkməyə xidmət edir. "Anamın kitabı” məsləkayrı
qardaşlarla "qardaşlıqda vəfalı” olan qardaşlığın dayaqları üzərində ucaldılmış
birlik abidəsi təəssüratı doğurur. "Qardaşlıqda vəfalı” olmaq "Anamın
kitabı”nın ideya əsasıdır. Ümumiyyətlə, Cəlil Məmmədquluzadə xalq ədəbiyyatından
yaradıcı istifadə ənənəsinə həmişə sadiq qalmışdır. Yazıçı "qardaşlıqda vəfalı”
olmağı milli birliyin əsas şərti kimi irəli sürmüşdür. Qardaşların yad
baxışları "qardaşlıqda vəfalı” olmamağın faciəsi, çobanların arasındakı dərin mənəvi
bağlılıq isə əsil birliyin təsdiqidir.
– Ədibin əvvəlki pyesləri –
"Ölülər”, "Dəli yığıncağı” ilə müqayisədə "Anamın kitabı”nda komizm bir qədər zəifləyir.
Bunun səbəbini nədə görürsünüz? Sizcə, yazıçı özünün sevimli komediya janrından
nə üçün imtina edib? "Anamın kitabı”nın janr özünəməxsusluğu nə ilə əlaqədardır?
– Nəzərə almaq lazımdır ki, Mirzə Fətəli Axundzadənin komediyaları
drama, Cəlil Məmmədquluzadənin komediyaları isə faciəyə yaxındır. Təkcə Cəlil Məmmədquluzadənin
deyil, geniş mənada Azərbaycan və dünya ədəbiyyatının qiymətli nümunələrindən
biri olan məşhur "Ölülər” əsəri janr baxımından ibrətamiz bir tragikomediyadır.
"Ölülər” – kütlənin faciəsi, Şeyx Nəsrullahın komediyası, Kefli İsgəndərin
dramıdır. "Dəli yığıncağı” da tragikomediya janrında yazılmış orijinal dram əsəridir.
Bu, tarixi mövzu əsasında yazılsa da, mövcud cəmiyyətin faciəsini açıb göstərən
ibrətamiz bir tragikomediyadır.
Ümumiyyətlə, Cəlil Məmmədquluzadənin sırf komediya janrında yazılmış
dram əsəri yoxdur. Hətta cəmi bir səhifədən ibarət olan və heç bir sözü olmayan
"Lal” pontomim pyesində də tragik və komik məqamlar vardır. Onun pyeslərini
komediya adlandırmaq yanlışdır. Cəlil Məmmədquluzadənin dramaturgiyası ilə XX əsrin
əvvəlləri Azərbaycan ədəbiyyatında tragikomediya mərhələsi yaradılmışdır. Bu mənada
"Anamın kitabı” əsəri cəmiyyətdə komediya ilə faciənin üz-üzə dayanmasının,
birinin digərini tamamlamasının mükəmməl təzahürüdür. "Anamın kitabı” – əsərdəki
üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramıdır.
– "Anamın kitabı” pyesi özündən
sonrakı Azərbaycan ədəbiyyatına ciddi təsir göstərən əsərlərdən biridir. Səməd
Vurğunun "Vaqif” dramındakı "Bir yandan Türkiyə, bir yandan İran, Ordan da
Rusiya göndərir fərman” misralarında Cəlil Məmmədquluzadə ilə həmrəylik
görürsünüzmü?
– Cəlil Məmmədquluzadənin "Anamın kitabı” tragikomediyası sonrakı
dövrlərdə Azərbaycanın istiqlalı, azərbaycançılıq ideyaları, milli-mənəvi
birlik ruhunda yazılmış əsərlərin meydana çıxmasına gur işıq salmışdır. Səməd
Vurğunun "Vaqif” pyesindən misal gətirdiyiniz şeir parçasında da xalq şairinin
ölkəmizə münasibətdə məntiqi mənada "Anamın kitabı”nın müəllifi ilə həmrəyliyi
ifadə olunmuşdur. Bütövlükdə isə sovet rejimi zamanı yazıçı və şairlərin Vətən
və istiqlalçılıq mövzusunda "Anamın kitabı”nda olduğu kimi açıq və sərt əsərlər
yazmaları mümkün deyildi. Ona görə də Səməd Vurğunun yaradıcılığında Azərbaycanın
tərənnümünə, vəsf edilməsinə üstünlük verilmişdir. Lakin Səməd Vurğunun təqdim
etdiyi dərin vətənpərvərlik ruhu mahiyyət etibarilə "Anamın kitabı”ndan
çıxarılan nəticə ilə onu təkrar etmədən səsləşir.
XX əsrin əllinci illərindən sonra cəmiyyətin siyasi mühitində yaranan
yumşaq iqlim ədəbiyyatda "Anamın kitabı” motivlərinin yenidən qüvvətləndirilməsinə
şərait yaratmışdır. Bəxtiyar Vahabzadənin "İstiqlal” və "Gülüstan” poemaları,
ana dilinin qorunmasına həsr edilmiş şeirləri yeni dövrün "Anamın kitabı” hesab
oluna bilər. Məmməd Arazın "Atamın kitabı” poeması da "Anamın kitabı”nın
notları üstündə kökləmiş yeni məzmunlu əsərdir.
– Xalq yazıçısı Anar "Ağ qoç,
qara qoç” əsərində Bakını üç yerə bölünmüş şəhər kimi təsvir edir: Bolşevizm,
islam həyat tərzi və Amerika yolu. Anarın Azərbaycanı ideoloji cəhətdən əsarətdə
saxlamağa çalışan üç tərəfdən biri kimi Türkiyəni Amerika ilə əvəz etməsi nədən
irəli gəlir?
– Ümumiyyətlə, xalq yazıçısı Anar dünyabaxışı etibarilə böyük azərbaycançıdır.
Anarın yaradıcılığı Cəlil Məmmədquluzadənin azərbaycançılıq ideallarının yeni
tarixi şəraitdəki yaradıcı davamıdır. Anar müasir dövrün Molla Nəsrəddinidir.
O, Cəlil Məmmədquluzadəni qətiyyən təkrar etmədən ölkənin və xalqın taleyinə
münasibətdə fərqli üsullarla Cəlil Məmmədquluzadə ilə həmrəylik nümayiş
etdirir. Daha doğrusu, Cəlil Məmmədquluzadənin gəlib çatdığı nöqtədən Anarın
yaradıcılığı başlayır. "Ağ qoç, qar qoç” əsərində Azərbaycanın XX əsrin əvvəllərindəki
yox, XXI əsrin başlanğıcındakı taleyindən bəhs olunur.
"Anamın kitabı” əsərindəki Səməd Vahid obrazı isə Cəlil Məmmədquluzadənin
Türkiyə dövlətinə münasibətini ifadə etmir. XX əsrin əvvəllərində Azərbaycan
üçün Türkiyə tərəfdən xüsusi bir təhlükə yox idi. Cəlil Məmmədquluzadə Səməd
Vahid obrazı ilə Türkiyə üçün də başağrısı olan, şeirbazlıq, elmi-qafiyə kimi mənasız
işlərlə məşğul olub, ölkəsinin və xalqının siyasi taleyindən uzaqda dayanan,
milli təəssübkeşliyini itirmiş yarımçıq ziyalılara tənqidi münasibətini
bildirmişdir.
– Əsərdəki Zəhra ananın həyat
yoldaşı yoxdur, övladları isə Ananın təəssübünü çəkəcək halda deyildirlər.
Doğrudanmı Cəlil Məmmədquluzadəyə elə gəlirdi ki, o dövrdə ana vətəni xilas edəcək
bir kişi yox idi?
– Fikrimcə, "Anamın kitabı”ndakı Gülbahar obrazına yalnız Azərbaycan
qadınlarının nümayəndəsi kimi baxmaq tamamilə yanlışdır. Gülbahar – qadınların
və ya kişilərin yox, Azərbaycan xalqının yeni nəslinin ümumiləşmiş obrazıdır.
Cəlil Məmmədquluzadə 1930-cu ildə yazdığı "Ər” pyesində "Gülbahar
işi”ni dərinləşdirmiş və inkişaf etdirmişdir. Böyük yazıçı bu fikirdə idi ki,
xalqı "Dəli yığıncağı” əsərindəki yad məmləkətlərdən gəlmiş Lal Byuz kimi həkimlər
deyil, ölkənin öz içərisindən çıxmış ərlər xilas edəcək. Cəlil Məmmədquluzadə "Ər
seçimi” adı altında özünün ölkəsində rəhbərlik edə biləcək, xalqın seçdiyi
lider axtarışlarını ifadə etmişdir. Demokrat yazıçı bu qərara gəlmişdi ki, "evlənmək
təklifi – rəhbər seçmək haqqı – azad əsrin,
azad iqrarın azad rəftara münasibətinin adi şəkli” olmalıdır. Ər – xalqın içərisində
yetişmiş, onu başa düşən və irəli aparan bir şəxs olmalıdır. Əsərdə deyildiyi
kimi, bu şəxs Türküstan şahzadəsi və ya özgə məmləkətin nümayəndəsi Lal Byuz
yox, heç Qalxan bəy olmasın, qoy rəiyyət olsun, ...kəndli olsun, ancaq Ər olsun.
Ölkəsində Sergey Kirovun, Mirzoyanların hakimiyyətdə olub, xalqa zülm
etdiyi bir dövrdə Cəlil Məmmədquluzadənin xalqa rəhbərlik edə biləcək və onun
öz içindən çıxmış Ər – lider axtarışı ideyasını gündəmə gətirməsi böyük vətəndaşlıq
cəsarəti tələb edən məsələ idi. Fikrimizcə, Cəlil Məmmədquluzadənin uğrunda
mübarizə apardığı azərbaycançılıq və istiqlalçılıq işini XX əsrin yetmişinci
illərindən Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər
Əliyev həyata keçirmişdir. Məhz Heydər Əliyev – xalqın içərisində yetişib
formalaşmış, ümummilli ideallar məqamına yüksəlmiş Cəlil Məmmədquluzadənin arzu
etdiyi bütün ali dəyərlərə malik Ər idi.
– Cəlil Məmmədquluzadə "Anamın
kitabı”nın əvvəlində iştirakçılar haqqında məlumat verərkən üç qardaşdan əlavə
Aslan bəy, Mirzə Baxşəli və Hüseyn Şahidi təqdim edərkən onların da qardaşlara
bənzədiyini qeyd edir. Sizə görə bunlar zahiri oxşarlıqlardır, yoxsa seçilmiş
yol?
– Təkcə "Anamın kitabı”nın əvvəlində yox, pyesin müxtəlif yerlərində
də Cəlil Məmmədquluzadə xalqının başına gətirilən fəlakətlərin, meydana çıxan təhlükənin
vahid bir məqsədi – Azərbaycanın istiqlalını hədəfə aldığını göstərmişdir. Azərbaycanın
milli istiqlalına qarşı olmaq baxımından müxtəlif qüvvələrin birləşmək meylinin
hər zaman mümkün ola biləcəyi "Anamın kitabı”nın diktə etdiyi obyektiv
reallıqdır. Əsərdəki digər obrazlardan hərəsinin bir qardaşa bənzədiyini göstərməklə
yazıçı onlardan hər birinin cəmiyyətdə fərdi yox, müəyyən bir qütbü təmsil
etdiyini göstərmişdir. Qütbləşmə isə Azərbaycan idealının qarşısındakı ən böyük
maneə idi. Cəlil Məmmədquluzadə Azərbaycanın birliyi və istiqlalına çatmaq üçün
həmin qütbləri aşmaq zərurətini diqqət mərkəzinə çəkmişdir. Deməli, fərdlər
arasındakı oxşarlıqlar zahiri bənzərliyin yox, qrup mənafelərinin ifadəsidir.
– "Anamın kitabı”nda Çar
Rusiyasının və ya bolşeviklərin Azərbaycana qarşı müstəmləkəçilik siyasəti
hansı məqamlarda ifadə olunub?
– Fikrimcə, "Anamın kitabı” başdan-başa xalqın əsarət altında
saxlanılmasına, müstəmləkəçilik siyasətinə qarşı yazılmış ciddi, kəskin və əhəmiyyətli
bir əsərdir. Cəlil Məmmədquluzadə ümumiyyətlə bütün yaradıcılığı boyu və
"Anamın kitabı”nda Azərbaycanı əhatə edən dövlətlərin ölkəmizə və xalqımıza
qarşı yaratdıqları və ya törədə biləcəyi gərginlikləri diqqət mərkəzinə çəkmişdir.
Lakin əsərin üçüncü məclisində məsləkayrı qardaşların fəaliyyətindən şübhələnərək
onların evində təftiş aparmaq üçün polis işçiləri ilə gəlmiş Senzor Mirzə Cəfərin
aşağıdakı sözlərində Rusiya dövlətinin Azərbaycana müstəmləkəçi münasibəti öz əksini
tapmışdır: "Xub, sizdən gərək pünhan olmaya kimi, sizin bir para bədxahlarınız
hökümət nəzərində sizi belə qələmə veriblər ki, siz üç qardaş söz bir və həmfikir
olmuşsunuz ki, əvvəla, Rusiya islamlarını Türkiyə dövlətinə tərəf çəkib,
ittihadi-müslümlər cəmiyyətində iştirak edəsiniz. Saniyən, axır zamanlarda Azərbaycanda
əmələ gələn "Hübbi-Vətən” və "Ədəmi-mərkəziyyət” fiqəsinin amalı yolunda
çalışmaqdasınız ki, bir tərəfdən Qafqaz Azərbaycanını, digər tərəfdən isə İran
Azərbaycanını – ki, ...bu vilayətləri bir-birinə ilhaq edib, müstəqil Azərbaycan
hökuməti əmələ gətirəsiniz. Vəsilən bu fikirdən də uzaq deyilsiniz ki, müsavat
və hürriyyət əsaslarını kəndli və əhli-kəsəbə içində müntəşir edirsiniz ki, min il yuxuda olan camaat hökumətin
əsarət zəncirini qırıb, özləri üçün nicat yolu tapsınlar və həmin niyyətlərinizi
əmələ gətirmək yolunda lazımi mətbuat cəm eləyib, qələm ilə çalışmaqdasınız.”
Bu sözlər Cəlil Məmmədquluzadənin doğma xalqının və məmləkətinin gələcəyi
haqqındakı arzularının ifadəsidir. Göründüyü kimi, Cəlil Məmmədquluzadə müstəqil
Azərbaycan dövlətinin tam tərəfdarı və böyük ideoloqu olmuşdur. Yuxarıda ifadə
olunan mətləblər Cəlil Məmmədquluzadənin Azərbaycanda yaradılmış müstəqil dövlətə
– Xalq Cümhuriyyətinə və hakimiyyətdə olan siyasi partiyalara anlaşıqlı münasibətini
və hətta rəğbət bəslədiyini nümayiş etdirir. 1919-cu ildə yazılmış "Anamın
kitabı” pyesindəki bu səhnə ilə Cəlil Məmmədquluzadə Azərbaycan Xalq Cümhuriyyəti
üçün Rusiya-bolşevik təhlükəsinin mövcudluğu barədə xəbərdarlığını nəzərə
çatdırmışdır. Bu, bəzi tədqiqatçıların və media nümayəndələrinin Cəlil Məmmədquluzadə
ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında ziddiyyətlərin mövcud olması, yaxud
da yazıçının bu dövləti bəyənmədiyi haqqındakı mülahizələrin yanlış olduğunu
bir daha təsdiq edir. Cümhuriyyətin əsas ideoloqu Məmməd Əmin Rəsulzadənin əsərlərində
Cəlil Məmmədquluzadənin yaradıcılığına və "Molla Nəsrəddin” jurnalının fəaliyyətinə
verilmiş yüksək qiymət də ədibin Azərbaycan Xalq Cümhuriyyəti ilə qarşılıqlı
münasibətlərinə aydınlıq gətirir. Nəzərə almaq lazımdır ki, hələ 1905-ci ildə Məmməd
Əmin Rəsulzadə Cəlil Məmmədquluzadənin "Bakinskiy raboçiy listok” qəzetində rus
dilində çap olunmuş "Binəsiblər” və "Xeyir-dua” məqalələrini Azərbaycan dilinə
tərcümə etmişdir.