AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avropa adından danışmaq hüququnu mənimsəyiblər

Avropa adından danışmaq hüququnu mənimsəyiblər

Cəmiyyət
06 İyun 2020, 22:00 289
Prezident İlham Əliyevin iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı səsləndirdiyi fikirlərdən biri Avropa Şurasının beynəlxalq müstəvidə nüfuzunun və əhəmiyyətinin aşağı düşməsi ilə bağlıdır. Dövlət başçısı bunu Avropa Şurasını daxildən tanıyan, vaxtilə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı, AŞPA sədrinin müavini və Büro üzvü olan bir insan kimi söyləyir. Biz səmimi söyləməliyik ki, 1990-cı illərin sonu 2000-ci illərin əvvəli olan Avropa Şurası ilə indi gördüyümüz Avropa Şurası iki müxtəlif qurumdur. Hazırkı dövrdə Avropa Şurasının nüfuzu xeyli aşağı düşüb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

"Mən AŞPA-da Azərbaycan nümayəndə heyətinin yeni üzvü olaraq hesab edirəm ki, həm ölkələr, həm nümayəndə heyətləri, həm də ayrı-ayrı deputatlar bu nüfuzu qaytarmağa çalışmalıdırlar. Lakin bunu etmək üçün gərək Avropa Şurası Avropanın səsi olsun və bu kollegial forum böyük diskussiya və kompromislər platforması kimi çalışsın. Təəssüf ki, son illər Avropanın öz daxilindəki problemlərə başı o qədər qarışıb ki, hazırda ölkəmiz və regionumuzla bağlı heç bir plan və ya strategiyası yoxdur. Nəticədə, şəxsi maraqları olan, üçüncü tərəflər üçün çalışan, müxtəlif marginal funksiyanı daşıyan şəxslər Avropa adından danışmaq hüququnu mənimsəyiblər və bu platforma müxtəlif siyasi spektrdən regional, konyunktural və ksenofobik motivlərdən olan marginal funksiyanı daşıyan insanlar üçün bir müstəviyə çevrilib. Bunun nəticəsində Azərbaycan bəzən bu insanların intriqalarının obyektinə çevrilir”, - deyə N.Arpadarai bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Avropa ölkələrini və xalqlarını ortaq dəyərlər ətrafında bir araya gətirməyə çağırır. Bu dəyərlərin əsasını insan hüquqları, plüralist demokratiya və qanunun aliliyi təşkil edir. Cari mandat Varşavada 2005-ci ildə qəbul edilmiş və ayrı-seçkilik, ksenofobiya, dözümsüzlük, ətraf mühitin çirklənməsi, uşaqlara qarşı sui-istifadə, terrorizm, korrupsiya və mütəşəkkil cinayətkarlıq ilə mübarizə və s. kimi vəzifələri özündə cəmləşdirmişdir. Lakin 2005-ci ildən cəmi bir neçə il keçməsinə baxmayaraq, dünya köklü şəkildə dəyişdi və Avropanın qarşısında duran bir sıra vəzifələr yeni bir yanaşma tələb edir.

"Qarşımızda duran əsas məqsədlərdən biri də Avropa Şurasının qəbul etdiyi missiyanın yenilənərək, gündəmimizin tələblərinə cavab verməsidir. İndi dünyada dəyişikliklər sürətlə baş verir, onunla ayaqlaşmaq mütləqdir. Beynəlxalq təşkilatlar da eyni yerdə durmamalıdır. Biz də bu istiqamətdə çalışmalıyıq”, - deyə deputat qeyd edib.