AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

""ASAN”ın uğurları davamlı olacaq"

Cəmiyyət
06 İyun 2020, 21:38 307
"Azərbaycan gənc dövlət kimi dünyaya hansı nümunələri bəxş edə bilib - sualına cavab axtarsaq, ilk ağlımıza gələn "ASAN xidmət” modeli olacaq. O sadə səbəbdən ki, bu xidmət zamanın sınağından üzüağ çıxdı, yarandığından ötən müddət ərzində burada neqativ hallara rast gəlinmədi, korrupsiya, rüşvətxorluq buraya yol tapa bilmədi. "ASAN xidmət” öz adına, nüfuzuna xələl gətirmədi".
 
Bunu Kaspi.az-a Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaranan "ASAN xidmət” ötən zaman kəsiyində daha da inkişaf etdi, özünün xidmət arealını genişləndirdi, eyni zamanda, inkişaf etməkdə olan əksər ölkələr üçün nümunə rolunu qoruyub saxlamaqdadır: "Bu gün "ASAN xidmət”in fəaliyyətini vətəndaşların bəyənmə dərəcəsi 99,4 faizə çatırsa, əlavə nəsə deməyə ehtiyac qalmır. Hər bir vətəndaş problemsiz, ən rahat xidmət ünvanı kimi "ASAN”ı qəbul edib və etməkdədir. Bura ayaq qoyan vətəndaşın öz işini hansısa başqa xoşagəlməz yollarla həll etmək ağlına belə gəlmir. Bunun üçün mexanizm, yol da yoxdur. Azərbaycan vətəndaşı təbii olaraq ən şəffaf qurum kimi "ASAN”ı qəbul edib. Bunun kökündə "ASAN”ın tutduğu yoldan çıxmaması, vətəndaş məmnunluğunu özünün fəaliyyətinin əsas qayəsinə çevirməsi dayanır.

"ASAN xidmət” təkcə əhaliyə şəffaq, rahat xidmət nümunəsi kimi rol oynamayıb. Eyni zamanda, digər dövlət qurumları üçün örnək rolunda çıxış edib, onların öz fəaliyyətlərini bu meyarlara uyğun qurması üçün nümunə olub. Təsadüfi deyil ki, bu gün hər bir dövlət qurumunda yeni-yeni elektron xidmətlər fəaliyyətə başlayıb; "ASAN xidmət”in kiçik modelləri fəaliyyət göstərməkdədir. Ümumilkidə, "ASAN xidmət”in timsalında ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər yaşandı, xidmət ölkəmizdə innovasiyaların inkişafına da çox böyük təkan verdi.

"ASAN”ın uğurlarının kökündə Prezidentin bu quruma verdiyi dəstək xüsusi çəkiyə malikdir. Prezident İlham Əliyev özünün təşəbbüsü olan "ASAN”ın qarşıya qoyduğu hədəfləri doğruldan kollektivə dəstəyini, inamını hər dəfə nümayiş etdirib, bu modelin müasir dünyamız üçün brendə çevrilməsi üçün əlindən gələni əsirgəməyib.

Bu günlərdə Ağcabədidə "ASAN” ailəsinə daha biri də qoşuldu. Prezident İlham Əliyev bu rayonda "ASAN Həyat” kompleksinin açılışını etdi. Bununla da Azərbaycanda qısa müddət ərzində 19 "ASAN xidmət” mərkəzi istifadəyə verilmiş oldu. Açıqlanan məlumatlara əsasən, daha səkkiz mərkəzin tikintisi planlaşdırılır.

"ASAN Həyat” Mərkəzinin açılışında çıxış edən prezident İlham Əliyev bir sıra önəmli rəqəmlər də açıqladı. Məlum oldu ki:

- "ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən indiyə qədər təxminən 38 milyon müraciət olub;

- "ASAN xidmət” fəaliyyətə başlayanda xidmətlərin sayı100-ə qədər idi, indi isə 320-dir;

- Bununla yanaşı, "ASAN xidmət”in 10 səyyar avtobusu fəaliyyət göstərir;

- Növbəti 2-3 il ərzində "ASAN xidmət” ölkəmizin bütün bölgələrini əhatə edəcək.

Fəxr duyulası göstəricilərdir. Azərbaycan vətəndaşının məmnunluq ünvanı olan "ASAN xidmət” milli brendimiz kimi nüfuz qazanıb. Ölkəmizin intellektual məhsulu olan bu xidmətin bir neçə digər ölkələrdə yaradılması ilə bağlı müqavilələr imzalanıb. BMT "ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək dəyərləndirib, xüsusi mükafat təqdim edib və s.

Azərbaycan vətəndaşı bu gün "ASAN xidmət”lə haqlı olaraq fəxr edir. Vətəndaş ictimai xidmətlər sahəsində onu rüşvətxorluqdan, korrupsiyadan qoruyan "ASAN”a öz məmnunluğunu hər addımda ifadə etməkdədir. Prezidentin vurğuladığı kimi, "ASAN xidmət”, sadəcə bir xidmət mərkəzi deyil, tamamilə yeni bir təfəkkürün ortaya qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsidir. "ASAN Xidmət” ölkəmizin müasir inkişafı ilə tam uzlaşan bir təşəbbüsdür.

"ASAN xidmət” Azərbaycan hakimiyyətinin müasir yanaşmasını nümayiş etdirməklə ilk növbədə nələri isbat edib?

1. Korrupsiya, rüşvətxorluqla nəinki mübarizə aparmaq, hətta bu istiqamətdə müvəffəqiyyət qazanmaq da mümkündür;

2. Sistem xarakterli institusional tədbirlərlə korrupsiyanın, kölgə iqtisadiyyatının meydanını daraltmaq mümkündür.

"ASAN xidmət” ötən dövrdə bir xidmət olaraq sfearsını genişləndirməklə yanaşı, bir sıra yeniliklərə də imza atıb. Azərbaycanda könüllülər hərəkatı "ASAN xidmət”dən başlayıb və bu gün böyük bir hərəkata çevrilib. Beynəlxalq yarışlarda böyük xidmətləri ilə yadda qalan könüllülər sabahın rəhbərləri kimi formalaşmaqda, uğur qazanmaqdadırlar.

Digər tərəfdən, ABAD ailə təsərrüfatlarının inkişafı ilə əlaqədar dövlət dəstəyi sahəsində xüsusi rol oynayır. Belə ki, ABAD xətti ilə yaradılan kiçik istehsal sahələri özünüməşğulluq proqramına böyük dəstəkdir. Bu gün Azərbaycanın müxtəlif yerlərində fəaliyyət göstərən ailə təsərrüfatları öz məhsullarını artıq bazara çıxarır, eyni zamanda, ixrac etməyə başlayırlar.

Bir sözlə, "ASAN”ın uğurları davamlı olacaq. O sadə səbəbdən ki, Azərbaycan Prezidentinin birmənalı dəstəyini qazanan "ASAN” korrupsiya, rüşvətxorluqla mübarizəyə çox böyük töhfələr verməkdədir".