2016-cı ilin Aprel döyüşləri ermənilərə vurulan ciddi zərbə oldu
Ermənistanın danışıqlar prosesində sərgilədiyi riyakar mövqe vasitəçiləri də artıq bezdirmişdi. Çünki Ermənistan və onun rəhbərliyi beynəlxalq vasitəçiləri də aldatmağa çalışırdı. Elə şərtlər qoyurdu ki, bəri başdan hər kəs bilirdi, bu şərtlər qəbuledilməzdir.
Kaspi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki nitqində bildirib.
"Mən demişdim, heç vaxt imkan verə bilmərik ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb. Bunu indi bütün dünya bilir, tarixçilər bilir. Deyirdim ki, əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, bunu öz ərazisində yaratsın, Azərbaycanın ərazisində yox. Bu mövqe tarixi ədalətə əsaslanırdı, biz bunu bəyan edirdik və Ermənistana şans verirdik. Ancaq onlar bu şansdan istifadə etmədilər”, - deyə dövlətimizin başçısı qeyd edib.
2016-cı ilin Aprel döyüşlərinin ermənilərə vurulan ciddi zərbə olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: "Düzdür, ondan sonra onlar bəyan etməyə çalışırdılar ki, guya Aprel döyüşlərində qalib gəldilər. Mən isə o vaxt sual verirdim ki, biz onların qazdıqları səngərlərdə oturmuşuq, biz onların tutduqları yüksəklikləri ələ keçirmişik. Necə ola bilər ki, onlar qalib gəldilər? Yəni, bu, növbəti yalanın təzahürü idi”.
Prezident İlham Əliyev deyib ki, biz Aprel döyüşlərindən sonra "Böyük Qayıdış”ın ilk təzahürü olan Cocuq Mərcanlı kəndini bərpa etdik: "Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edərkən və onu açarkən mən deyirdim ki, gün gələcək, biz Şuşada bax bu Gövhərağa məscidini bərpa edəcəyik”.