• şənbə, 20 Aprel, 02:07
  • Baku Bakı 15°C

20 ölkədə yerləşən 62 nüfuzlu ali təhsil müəssisəsində oxumaq imkanı - MÜSAHİBƏ

19.02.22 10:15 1542
20 ölkədə yerləşən 62 nüfuzlu ali təhsil müəssisəsində oxumaq imkanı - MÜSAHİBƏ
"2019-2023 Dövlət Proqramı” İdarə Qrupunun rəhbəri Turan Topalova "Kaspi”yə müsahibəsində proqramın icrasından, indiyədək görülən işlərdən, atılan addımlardan danışıb, gələcəklə bağlı gözləntilərini açıqlayıb

Xaricdə doktorantura təhsili və beynəlxalq ikili diplom proqramı üzrə Dövlət Proqramı (DP) azərbaycanlı gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində tədqiqatlar aparmalarına, beynəlxalq təcrübəni öyrənmələrinə yönəlib.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” gənclərin bu arzularını reallaşdırmasına yol açıb. DP-nın icrası "2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu tərəfindən, maliyyələşdirilməsi isə Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.
"2019-2023 Dövlət Proqramı” İdarə Qrupunun rəhbəri Turan Topalova "Kaspi”yə müsahibəsində proqramın icrasından danışıb:

Yaxşı nəticələr
- "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində hansı işlər görülüb? İntellektual potensialın gücləndirilməsinə qoyulan investisiya öz bəhrəsini verirmi?
- "2019-2023 Dövlət Proqramı”nın icrasında əsas məqsəd ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması, ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsidir. Sərəncamda əsas iki istiqamət vurğulanıb: dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə yerli ali təhsil müəssisələri (ATM) arasında ikili dövlət proqramlarının həyata keçirilməsi və yüksək tədqiqat bacarıqlarının inkişaf etdirilməsi üçün xaricdə doktorantura təhsili.
Uğurlarımızdan danışsaq, hər iki komponent üzrə yaxşı nəticələr var. Hədəf olaraq 5 ikili diplom proqramının təsis olunması nəzərdə tutulmuşdu. Biz hazırda çox uğurlu nəticə əldə edərək 4 proqramın icrasına nail olmuşuq. 5-ci proqramın icrası ilə bağlı müəyyən danışıqlar gedir və ümidimiz var ki, 2022-ci ildə bu proqramı da təsis edək.
- İkili diplom proqramları hansı yerli ali məktəblərimizdə həyata keçirilir? Tərəfdaş ali məktəblər hansılardır? Ümumiyyətlə, bu proqramın iştirakçıları hansı avantajı qazanırlar?
- Beynəlxalq ikili proqramların təsis olunması respublikamızda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilərək yerli ali təhsil müəssisələrinə tətbiqi və proqramda təhsil alan tələbələrimizə hər iki ölkənin təcrübəsindən istifadə edə bilmək imkanlarını təmin edir. Biz gələcəkdə insan kapitalının formalaşmasından və zənginləşməsindən danışırıq. Bu təhsilin nəticəsi olaraq cəmiyyətimiz üçün artıq formalaşmış və müvafiq kompetensiyalara layiq namizədlər və kadrların formalaşdırılmasıdır. Hazırda dünyanın 3 nüfuzlu ali təhsil müəssisəsi ilə 4 yerli ali təhsil müəssisəmiz arasında ikili diplom proqramları təsis etmişik. ABŞ-ın Corc Vaşinqton Universiteti ilə bizim iki təhsil müəssisəsi - ADA Universiteti və Azərbaycan Pedaqoji Universiteti arasında, Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İnha ali təhsil müəssisəsi, Azərbaycan Dövlət Aqrar Universitet ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı təsis edilib.

7 ixtisasdan 6-sı

- Xaricdə doktorantura proqramının icrası istiqamətində hansı nəticələr əldə edilib?
-Xaricdə doktorantura proqramına 2019-cu ildən başlamışıq. Hazırda proqramda 20 ölkə təmsil olunur. 127 doktorant 6 prioritet istiqamət üzrə təhsil almaqdadır. Proqrama dünyanın top 500 universitetindən (beynəlxalq reytinq cədvəllərinin "Times Higher Education World University Rankings”, "Academic Ranking of World Universities”) doktoranturaya qəbul sənədi əldə edən namizədlər müraciət edir. Əsas ölkənin iqtisadiyyatı üçün önəmli olan 7 prioritet ixtisas istiqaməti üzrə qəbulun həyata keçirilməsidir. Ən vacib məsələlərdən biri yerli ali təhsil müəssisələrimizin də bu prosesdə sıx iştirak etməsidir. Hazırda bizim 18 ali təhsil müəssisəsi tərəfdaş olaraq prosesdə iştirak edir.
Hər iki ölkənin təcrübəsi

- Növbəti tədris ili üzrə doktorantura hazırlığı üzrə sənəd qəbulu artıq başlayıb. İlk növbədə kimlər bu seçimdən yararlana biləcək? Tələbələrin müraciətinə baxılması proseduru necə həyata keçirilir?
- Proqrama müraciət etmək istəyən tələbələr elektron qaydada dp.edu.az saytına daxil olaraq elektron kabinet yaradır və qeydiyyatdan keçirlər. Namizədlərin seçimi iki mərhələdən ibarətdir. İlk mərhələdə rəsmi veb-səhifə üzərindən elektron ərizə doldurulmalı və tələb olunan sənədlər əlavə edilərək elektron ərizə təsdiq olunmalıdır. İlkin mərhələdə mütəxəssislər tərəfindən sənədlərin ekspertizası aparılaraq namizədlərə sənədlərin düzgünlüyü barədə məlumat verilir. Birinci mərhələni uğurla başa vuran namizədlər bilik və bacarıqlarının qiymətləndirilməsi üçün komissiya üzvlərinin iştirak etdiyi müsahibə mərhələsinə dəvət olunur. Bu vacib mərhələ 3 ekspertin iştirakı ilə keçirilir. Müsahibədə həm Dövlət Neft Fondunun, həm Təhsil Nazirliyinin nümayəndəsi, eyni zamanda müvafiq ixtisas istiqaməti üzrə ekspert iştirak edir. Bu mərhələni də uğurla başa vurmuş namizədlər ekspertlərin rəyləri nəticəsində formalaşan keçid balı ilə "2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili almaq hüququ qazanırlar. Sonra namizədlərlə üçtərəfli müqavilə imzalanır. Bununla da həm yerli təhsil müəssisəsi, həm də doktorant üzərində bir öhdəlik formalaşır. Belə ki, doktorantlar təhsil aldıqları müddətdə yerli təhsil müəssisəsi ilə sıx əməkdaşlıq edir, oxuduqları müddətdə tədrisə cəlb olunur, kurikulumların beynəlxalq standartlara uyğunlaşdırılmasında iştirak edir, eyni zamanda onlayn şəkildə mühazirələr deyirlər. Tədrisləri bitdikdən sonra öhdəlik olaraq təhsil müəssisənə qayıdıb 5 il fasiləsiz çalışmaqla töhfələrini vermiş olurlar.
- Hazırda proqram üzrə təhsil alan doktorantların sayı nə qədərdir?
- Hazırda proqram üzrə 127 doktorant təhsil alır. 2022-ci il üzrə növbəti qəbulumuz artıq fevralın 1-dən başlayıb və aprelin 1-dək davam edəcək. Böyük həvəslə yeni namizədləri gözləyirik. Hər il müvafiq qaydalar çərçivəsində iki dəfə qəbul həyata keçiririk. Növbəti qəbulu iyul ayında keçirməyi nəzərdə tuturuq. Qəbulda namizədlərə kifayət qədər vaxt veririk ki, bu imkandan yararlana bilsinlər. Bu müddətdə həm xaricdəki təhsil müəssisəsindən prioritet ixtisas istiqamətləri üzrə əldə edilmiş qəbul sənədi, həm yerli təhsil müəssisəsindən razılıq məktubu əldə etmiş olsunlar və digər əlaqələndirici sənədləri toplayıb müvafiq vaxt çərçivəsində təqdim etsinlər.

Proqramda regionların iştirakı

- Proqramda regionların iştirakı hansı səviyyədədir?
- Biz maarifləndirmə, təşviqatla bağlı işlərimizi daha öncədən planlaşdırmışıq. Belə ki, müvafiq qurumlarla, yerli ali təhsil müəssisələri ilə görüşlər keçirmişik. Regionlardan bizə müraciət edənlər var. Gəncə şəhəri daha çox üstünlük təşkil edir. Gəncədən iki doktorantımız hazırda təhsil alır. Amma biz hesab edirik ki, bütün regionlar proqramda iştirak etməlidir. Bu baxımdan ilk səfərimiz Mingəçevir və Gəncə şəhərlərinə oldu. Növbəti səfərimiz Lənkəran şəhərinə nəzərdə tutulub. Regionlara silsilə səfərlərimiz il ərzində həyata keçiriləcək. Məlumatlılıq nə qədər çox olsa, müraciət sayımız da o qədər çox olacaq. Yaxşı xəbər ondan ibarətdir ki, xaricdə doktorantura üzrə hər hansı kvota mövcud deyil. Ölkənin bu imkanından nə qədər çox gəncimiz yararlansa, gələcəkdə həm özləri, həm ölkəmiz üçün böyük faydası olacaq. Hesab edirəm ki, bu imkandan hər bir gənc azərbaycanlı yararlanmalıdır.

Yaş limiti yoxdur

- Bu sualın cavabı sırf proqrama müraciət etmək istəyənlər üçün maraqlıdır: Dövlət Proqramı çərçivəsində təhsilalanların hansı xərcləri qarşılanır və müraciət üçün yaş limiti varmı?
- Sualın yaşla bağlı hissəsindən başlamaq istərdim: yaşla bağlı heç bir məhdudiyyətimiz yoxdur. İstənilən şəxs müraciət edə bilər. Onlar ölkəmizdə və xaricdə yaşayan azərbaycanlılar da ola bilər. Proqrama nəinki oxumaq niyyətində olan, hazırda təhsil alanlar da müraciət edə bilərlər. Artıq 1 və 2-ci kurslarda oxuyan namizədlərimiz, həmçinin 3-cü kursdan qoşulan doktorantlarımız var. Ölkədən-ölkəyə təhsil müddəti dəyişir. Xərclərə gəlincə, ümumiyyətlə təhsillə əlaqəli nə xərclər varsa, hamısı proqram çərçivəsində qarşılanır. Əsasən 5 istiqamət üzrə - təhsil, təqaüd, viza, sığorta və ildə bir dəfə beynəlxalq nəqliyyat xərcləri üzrə ödəmələr həyata keçirilir.

- Dövlət Proqramının iştirakçısı olmaqla bir dəfə pulsuz təhsil almaq şansından çoxları yararlanmaq istəyir. Bu da təbiidir. Bir dəfə dövlət hesabına oxuyan şəxs yenidən bu proqrama qoşula bilərmi?
- Bu, bizə çox ünvanlanan suallardan biridir. Təəssüf ki, dövlət sifarişli təhsil alan doktorantlarımız bu proqramdan yararlana bilmirlər. Proqramda yalnız hazırda proqrama qatılan, xaricdə təhsil alan və oxumaq niyyətində olan doktorantlarımız iştirak edə bilirlər.

7 ixtisasdan 6-sı

- Proqramda nəzərdə tutulan 7 prioritet ixtisas istiqamətini qeyd etdiniz. Hazırkı dünyada əmək bazarının tələbləri dəyişir. Doktorantlar, əsasən, hansı ixtisaslara üstünlük verirlər?
- Nazirlər Kabinetinin qərarı ilə proqram çərçivəsində maliyyələşmə 7 prioritet ixtisas istiqaməti üzrə müəyyən edilib. Bunlar: Təhsil və təbiət, Kənd təsərrüfatı, Səhiyyə və rifah, Texniki və texnoloji, İqtisadiyyat və idarəetmə, Humanitar və sosial elmlər istiqamətləridir. Təəssüf ki, Kənd təsərrüfatı ixtisası istiqaməti üzrə hər hansı bir namizədimiz hələ mövcud deyil. Daha çox üstünlük təşkil edən prioritet ixtisas istiqamətinin 6-sı üzrə qəbul mövcuddur. Kənd təsərrüfatı ixtisas istiqamətinə müraciət olsa da, uğurlu nəticəmiz hələ yoxdur. Ümid edirik ki, bu il prioritet sahə olan kənd təsərrüfatı istiqaməti üzrə də qəbul həyata keçirə biləcəyik.

20 ölkə, 62 ali təhsil müəssisəsi

- Dünyanın top universitetlərinə toxundunuz. Doktorantlarımız, əsasən, hansı ölkələrin ali təhsil müəssisələrində təhsillərini davam etdirirlər?
- Hazırda doktorantlarımız 20 ölkədə, dünyanın nüfuzlu 62 ali təhsil müəssisəsində təhsil alır. Bu o deməkdir ki, 62 təhsil müəssisəsinin təcrübəsi azərbaycanlı gənc alim və tədqiqatçılarımız tərəfindən mənimsənilməkdədir. Təcrübənin bizim ali təhsil müəssisələrinə daşınması, doktorantların tədrisi ilə yanaşı, onların ali təhsil müəssisələrində müvafiq proseslərə cəlb edilməsi də həyata keçirilir. Üstünlük təşkil edən ölkələr Türkiyə, Böyük Britaniya, ABŞ və Fransadır. Tədris üzrə sıralamada reytinq cədvəlində ilk beşyüzlükdə yer alan universitetlər əsas götürülür. Reytinq cədvəllərinin tənzimlənməsində isə artıq onların öz meyarları var. Ola bilər ki, hansısa universitet daha öncəki tədris ilində yer alsın, amma sonrakı tədris ili üçün sıradan çıxmış olsun. Bu baxımdan, ali təhsil müəssisəsi dünya reytinq cədvəllərində ilk beşyüzlükdə yer almalı və müvafiq 7 prioritet istiqamətindən biri olaraq qəbul sənədi əldə olunmalıdır.

Ölkəyə fayda vermə

- Gələcəkdə ixtisas istiqamətlərinin dəyişməsi, artırılması və ya azalması da gözlənilirmi?
- Gələcək haqda proqnoz vermək çətindir. Amma onu deyə bilərəm ki, bizə jurnalistika, media, rejissura, arxitektura və s. ixtisaslarla bağlı müraciətlər olur. Bu ixtisaslar üzrə də qəbulun olması arzuolunandır. "2019-2023 Dövlət Proqramı” Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunan müvafiq qaydalarla tənzimlənir. Hələ ki, 7 prioritet ixtisas istiqamətidir. Ancaq 2023-cü ildən sonra necə olacaq, Proqramın davamlılığı hansı şəkildə həyata keçiriləcək - bunu indidən demək real deyil. Biz bunu zamana buraxmalıyıq.
- İcra etdiyiniz Proqramın bilik iqtisadiyyatının formalaşmasında hansı töhfəsi var və bundan sonraya proqnozlarınız necədir?
- Bilirsiniz ki, iqtisadiyyatın inkişafında rol oynayan komponentlərdən biri də təhsildir. Təhsil istiqamətində əsas məqsəd gənclərimizin ən yaxşı təhsillə yaxşı təhsillənmələri, gələcəkdə ölkəyə fayda vermələridir. Bu fayda nə ilə ümumiləşir? Müvafiq kompetensiyaları özündə ehtiva edən kadr olmaları ilə. Bu nöqteyi-nəzərdən hər iki icra istiqamətimiz üzrə hədəflər buna yönləndirilib. Nəticəmiz də bunun əsasındadır. Hər iki proqram üzrə hər il tələbələr qəbul olunur. Bu imkanlardan qaynaqlanaraq gözləntimiz odur ki, zəngin potensiala, müvafiq kompetensiyalara malik kadrların formalaşması ən son nöqtəmizdir. Bu məqsəd ikili diplom proqramlarında da, xaricdə doktorantura təhsilində də özünü göstərir.

Təranə Məhərrəmova

Foto-Kərim Abbasov / GLOBAL MEDIA GROUP


banner

Oxşar Xəbərlər