• şənbə, 11 Yanvar, 11:10
  • Baku Bakı 8°C

Aydın və konkret konturlar

11.01.25 05:14 107
Aydın və konkret konturlar

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində maraqlı açıqlamalar verib. O, Azərbaycanın xarici siyasəti, regional vəziyyət və ayrı-ayrı ölkələrlə bağlı ikitərəfli münasibətlərə dair mühüm məqamlara aydınlıq gətirib. 

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın xarici siyasəti, regional vəziyyət və ayrı-ayrı ölkələrlə bağlı ikitərəfli münasibətlərə dair bir çox mühüm məqamlara aydınlıq gətirib. Dövlət başçısının rəsmi Bakının ABŞ, Fransa və İranla qarşılıqlı münasibətlərə dair səsləndirdiyi fikirlər daha çox diqqət çəkir. Bu dövlətlərlə son illərdə yaşanan gərginliklər əslində heç kimə sirr deyil. Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsində yaşanan çətinliklərin əsas qaynaqlarının elə bu üç ölkədən yönləndirildiyini söyləyə bilərik. İstər Parislə Vaşinqtonun, istərsə də Tehranın Azərbaycanın tarixi qələbəsindən sonra sərgilədikləri mövqe dediklərimizi açıq şəkildə isbatlayır. Bununla belə, dövlət başçısının son müsahibəsində toxunduğu məqamlar bu ölkələrin Azərbaycanla münasibətdə, o cümlədən bütövlükdə Cənubi Qafqazda praqmatik siyasəti üçün yol xəritəsi də sayıla bilər. 

Paris dialoq istəyir

Təbii ki, Azərbaycana qarşı aparılan anti-təbliğatın əsas mərkəzlərindən biri Makron Fransasıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əgər fransız siyasi səhnəsində konsensus varsa, həmin konsensus yalnız azərbaycanofobiya zəminində olur. Təəssüf ki, təkcə hazırkı hakimiyyət deyil, hakimiyyətə iddialı olanlar da bir-birindən o qədər də fərqlənmirlər: “Bir çoxları və zənnimcə, hakim zümrənin rəhbərləri 2020-ci ildə bizim Qələbəmizi özlərinin məğlubiyyəti kimi qəbul etdilər. Hərçənd belə düşünmək üçün heç bir əsas yox idi. Amma nədənsə, bunu məhz belə şəxsi planda qəbul edirdilər”. 

Lakin rəsmi Bakının praqmatik, milli maraqlara əsaslanan xarici siyasəti, duruşu və qətiyyəti hətta Makron Fransasını da mövcud reallıqları qəbul etməyə vadar edir. Prezidentin müsahibəsindəki bir məqama diqqət edək: “Mən prinsipcə heç vaxt danışmadığımız bir məsələni də çatdırmaq istəyirəm, zənnimcə, bu, hər hansı şəkildə böhrandan çıxmağa kömək edəcək. Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, mənim yaddaşımda onların sayı üç və ya dörddür. Müxtəlif şəxslərdən bizim müxtəlif nümayəndələrə müraciətlər daxil olub və həmişə cavab verilib: “Biz hazırıq”. Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür”. 

Azərbaycanın bu məsələdəki tələbləri dəyişməz olaraq qalır. Dövlət başçısının da vurğuladığı kimi, bizim işlərimizə qarışmasınlar, Cənubi Qafqazla bağlı məsələlərə müdaxilə etməsinlər. Göründüyü kimi, Azərbaycan nə qədər çətin durum olursa-olsun, dialoq qapısını hər zaman açıq saxlayır. 

İran rəhbərliyi verdiyi sözləri tutmur

Azərbaycan Cənubi Qafqazdakı problemlərin məhz bölgə dövlətləri çərçivəsində həllini istəyir. Lakin rəsmi Bakının bu çağırışı bəzi ölkələr, xüsusilə də cənub qonşumuz İran tərəfindən bir çox hallarda sui-istifadə edilir. Tehranın ölkəmizə qarşı siyasi müstəvidə sərgilədiyi mövqe bəzən ciddi suallar doğurub. İndi Bakı Tehranla münasibətlərin normallaşdırılması ilə bağlı gözləmə mövqeyindədir desək, yanılmarıq. Prezidentin də vurğuladığı kimi, bu barədə danışmaq bir qədər tezdir: “Çünki hazırkı İran rəhbərliyi ilə bizim elə ciddi təmaslarımız olmayıb. Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi. O məsələlər, hansı ki, prinsipcə bizdə siyasi gündəlikdən ayrıdır və biz heç vaxt bunları qarışdırmamışıq”. Dövlət başçısı səfirliyimizdə terror aktı törədən şəxslə bağlı çıxarılan hökmün hələ də yerinə yetirilməməsi, son günlərdə əyalət mollasının hədyanları ilə bağlı faktları xatırladaraq bildirib ki, İran rəhbərliyi verdiyi sözləri tutmur. 

Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi

Bütün dünyanın yanvarın 20-ni səbrsizliklə gözlədiyi bir vaxtda Azərbaycan Prezidentinin ABŞ-nin hazırkı administrasiyası zamanında və başlamasına sayılı günlər qalmış Donald Tramp dönəmində Bakı-Vaşinqton münasibətləri ilə bağlı söylədikləri də maraqlıdır. Onun sözlərinə görə, Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, ABŞ-Azərbaycan münasibətləri ABŞ-Ermənistan münasibətlərinin qurbanına çevirilib: “Bayden administrasiyasının səhvlərindən biri də o idi ki, Amerikaya olan inamı böyük dərəcədə sarsıtdı, özü öz əməlləri ilə. Məsələn, elə Əfqanıstan məsələsinə qayıtsaq, Azərbaycan birinci ölkələrdən idi ki, Əfqanıstandakı missiyaya qoşulmuşdu və həm hərbi kontingent göndərmişdi və dəfələrlə onu artırmışdı, həm də Amerika üçün çox vacib olan nəqliyyat-logistika məsələlərini də həll etmişdi. Biz onlara lazım olana qədər 907-ci düzəliş - sanksiya qaldırılırdı, biz ki, lazım olmadıq, tətbiq etdilər. Yəni, bu nədir? Bunun bir adı var: nankorluq”. 

Trampa ümidlər böyükdür

Tramp dönəminə gəldikdə isə, Azərbaycan bu məsələdə nikbindir. Bu nikbinlik dövlət başçısının mövqeyində də açıq şəkildə hiss edilir və xüsusi olaraq vurğulanır. “Cənab Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir və onun birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadı. Əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə biz irəliləyişə nail ola bilmişdik”, - Prezident deyib. Onun sözlərinə görə, Tramp öz açıqlamaları ilə çox aydın, açıq mesajlar göndərir: “İndi bunların bəlkə də hamısını təhlil etmək mümkün deyil. Amma deyə bilərəm ki, onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni, ona görə ümidlər böyükdür. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”.

Göründüyü kimi, Azərbaycan bütün tərəflərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətlərin normallaşdırılmasına hazırdır. Lakin bu məsələdə ölkəmizin milli maraqları, mövcud reallıqlar nəzərə alınmalı, bölgəmizlə bağlı siyasətdə Bakının əsas aparıcı qüvvə olduğu unudulmamalıdır. 

Azad Əliyev

 

banner

Oxşar Xəbərlər