• çərşənbə axşamı, 16 aprel, 14:15
  • Baku Bakı 19°C

Avropa Parlamentindəki “şifrələri” qırsaq... 

18.03.23 00:30 1749
Avropa Parlamentindəki “şifrələri” qırsaq... 

Brüsseldə qəbul edilən qətnamələr hüquqi dəyərlərə tüpürən sifarişlərin, erməni lobbisinin beyninin məhsuludur. Avropa Parlamentinin qətnamələri hüquqi qüvvəsi olmayan, real effekt verməyən kağız parçasından başqa bir şey deyil. Avropalı parlamentarilərin Azərbaycana münasibətinin xarakteri Avropanın qonşuluq siyasətinin prioritetləri ilə də üst-üstə düşmür.

Dünya siyasi sisteminin orbiti yerindən oynadıqca, Azərbaycana qarşı köhnə vərdişlərinə yeni forma verən qüvvələr də aktivləşir.  Ola bilsin ki, həmin dairələr bu aktivləşməni qlobal arenada baş verən dəyişikliklər fonunda Azərbaycana qarşı fürsət kimi qiymətləndirirlər. Ancaq Azərbaycan Rusiya-Ukrayna müharibəsinin davam etdiyi zamanda nəticə əsaslı qərarlar verərək əhəmiyyətini artırır. Bu mövqe Azərbaycanın logistika imkanlarını genişləndirir, geostrateji lövhədəki yerini möhkəmləndirir, qlobal tədarük zəncirində əsas həlqəyə çevrilməsinə şərait yaradır. Bakının mexanizmləri Rusiya ilə Qərbə istiqamətlənən xarici siyasətdəki incə balansı ayaqda saxlayır, Çinlə münasibətlərdə yeni səhifələrin vərəqlənməsinə səbəb olur. Lakin Azərbaycanı hər vəchlə strateji boşluqlara salıb öz tərəfinə çəkmək həm Qərbdə, həm də Rusiyadakı dairələrin zehniyyətində möhkəm oturub. Bunun təzahürlərini müxtəlif formalarda görürük, məsələn, Rusiyada ara-sıra Kremlin təlimatı ilə Azərbaycan əleyhinə çıxışların şahidi oluruq. Qərbdə də anti-Azərbaycan çarxın səslərini tez-tez eşidirik.

Avropa Parlamentinin nimdaşlığı

Qərb demişkən, son günlər onun bir parçası olan Avropa Parlamentinin yenidən fəallaşdığını və bu aktivliyini ənənəvi nimdaş meyarlara söykədiyini görürük. Qərb siyasi təsir vasitəsi kimi Avropa Parlamentindən gen-bol istifadə etməyə çalışır və bu orqan da əlindən gələni edir ki, Azərbaycanla münasibətlərin ruhu kölgə altına alınsın. Gah Ermənistana sonsuz sevgi, gah Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qaranlıq boşluqlara doğru itələmək üçün siyasi əsaslar yaradılması cəhdləri Avropa Parlamentinin ümdə şakəridir.

Avropa Parlamentinin daxilindəki böhran, korrupsiya qalmaqalları, qurumun erməni biznesmen Samvel Karampetyanın əlində girov olması faktları isə günbəgün siyasət kitabxanasının rəflərində damğalı arxiv kimi qalaqlanır.

Avropa Parlamentinin Azərbaycana qarşı hədyanları Bakının Qərblə münasibətlərinin kökünə zərbə vurmasa da, hansısa bir nöqtəni ləkələyir. Çünki Avropa Parlamenti alətlərini istifadə etməklə Azərbaycanın maraqlarını təhdid altında saxlamağa çalışır. 

Avropa Parlamenti bunu bacarmır, bacarmayacaq da 

Bununla da qurum çalışır ki, Azərbaycan əleyhinə qətnamələri Avropanın qanunvericilik səlahiyyətinin bir hissəsinə çevirsin və digər prosedurların tətbiqi üçün şans yaratsın. Ancaq Avropa Parlamenti bunu bacarmır, bacarmayacaq da...

Çünki qəbul etdiyi qətnamələr hüquqi dəyərlərə tüpürən sifarişlərin, erməni lobbisinin beyninin məhsuludur. Belə olan təqdirdə, Avropa Parlamentinin qətnamələri hüquqi qüvvəsi olmayan, real effekt verməyən kağız parçasından başqa bir şey deyil.

Şuşa Bəyannaməsindən sonra artan paxıllıq

Avropa Parlamentinin başqa bir dərdi Türkiyədir. Azərbaycanla Türkiyənin strateji müttəfiqliyini yeni şərtlərə uyğun şəkildə rəsmiləşdirən Şuşa Bəyannaməsindən sonra bu qurumun xüsusilə aqressivləşdiyini görməkdəyik. Beləcə, Avropa Parlamentinin qərarlarındakı “şifrələri” qırsaq, onları Azərbaycanla Türkiyənin yaxınlaşmasını təmin edən etnik-milli bağlılıq kontekstinə qarşı həmlə kimi oxuya bilərik. Bu müttəfiqlik dünyadakı mövcud ideologiyaların önünə keçir və alternativ kimi fərqli bir ideoloji xətti stimullaşdırır. Bu zəmin gələcəkdə xeyli tutarlı immunitet formasına düşəcək.

Avropa Parlamenti yeni ideologiyaya qarşı “demokratiya”, “insan hüquqları” adı altında pərdələnən, əslində isə nasist mahiyyətli tezislərlə hücuma keçir. Çünki gələcəkdə regiona təsir imkanları kimi əlində tutduqları ideoloji tezislər sıradan çıxa və uzunluğu, eni və dərinliyi böyük ölçüdə olan uçurumun içərisinə yuvarlana bilər.

Ona görə də, Qərb yaxşı olardı ki, Avropa Parlamentinin “marionetka” rolunu heçə endirsin və onu sırf Avroatlantik məkanın dəyərli hüquqi qolu kimi inkişaf etdirsin. Hərçənd ki, bu, artıq müşkülə çevrilib, ox yaydan çıxıb və Avropa Parlamentindəki bədxassəli şişlər metastaz verərək, qurumun əsl funksiyasını, qərar qəbul etmək orqanlarını dağıdıb.

Avropa Parlamenti bütövlükdə Qərb deyil

Yaxşı olar ki, Azərbaycana çağırışlar edən, ərazi bütövlüyü məsələsini Ermənistanın revanşist məqsədləri uğrundakı addımların ayağına verən Avropa Parlamenti başını qaldırıb öz dağıntılarını təmir etsin. Azərbaycan Avroatlantik məkanın hüquqi-siyasi dəyərlər sisteminə inteqrasiya etməyi məqbul sayır, üstəgəl Qərblə münasibətlərə xələl gəlməsində qəti maraqlı deyil. Onu da nəzərə almaq lazımdır ki, Avropa Parlamentinin Azərbaycana münasibətinin xarakteri Avropanın qonşuluq siyasətinin prioritetləri ilə üst-üstə düşmür. Ancaq Azərbaycan Avropa Parlamentini ümumilikdə Qərbin kompleks yanaşması kimi nəzərdən keçirən baxışa sahib deyil. Ona görə də Azərbaycanın Qərblə münasibətlərindəki xətlər gərilib qırılmaq həddinə çata bilməz.

Aqşin Kərimov

banner

Oxşar Xəbərlər