cümə, 07 Oktyabr, 09:11

Baku Bakı 19°C

Artımın olması gözlənilən idi

icon 1731 icon 25 iyun 2022 | 03:30 Artımın olması gözlənilən idi

Həkimlər deyir ki, koronavirusa yoluxmada artımlar olsa da, əvvəllər olduğu kimi kütləvi ölümlər olmayacaq. İlk növbədə ona görə ki, virus özü də zəifləyib, digər tərəfdən isə əlimizdə effektiv dərman preparatları da var. 

Son iki ayda koronovirusla bağlı təlaş, demək olar ki, yox səviyyəsində idi. Hər gün açıqlanan statistika da ürəyimizə su səpirdi. 4 rəqəmli yoluxma sayından tək rəqəmliyə düşdük, hətta “Azərbaycanda koronavirus infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, vəfat edən olmayıb” kimi faktları da tarixə yazdıq. Elə rahat nəfəs alırdıq ki, son günlər xəstə sayının artımla davam etməsi bizi narahat etdi. COVID-19-la bağlı ikinci gözlənilməz xəbər isə İsraildən gəldi. Sözügedən ölkənin Səhiyyə Nazirliyi ölkədə koronavirusun yeddinci dalğasının başladığını rəsmən elan edib. Bəs bu artım nə ilə bağlıdır? Təşvişə əsas varmı?

“Yayda infeksion xəstəliklərlə daha çox rastlaşırıq”

Pulmonoloq Əsəd Beydullayev deyir ki, artımın olması gözlənilən idi. Amma bu artım indi deyil, payız ayları üçün proqnozlaşdırılırdı: “Bu, gözlənilən idi, çünki pandemiya hələ bitməyib. Öz təcrübəmdən deyə bilərəm ki, yay aylarında infeksion xəstəliklərlə daha çox rastlaşırıq. Səbəb odur ki, havalar qızanda insanlar kondisionerlərdən, soyuq sulardan istifadə edir. Bununla da soyuqdəymə, pnevmoniyaların sayı avtomatik olaraq artır. Havalar mülayim keçdiyi üçün biz bununla rastlaşmadıq. İstilər başlayan kimi artım da özünü göstərir”.

“Səyahətlər yoluxma sayını ortaya çıxarır”

Həkimin sözlərinə görə, artımın müşahidə edilməsinin ikinci səbəbi xaricə səyahətlərlə bağlı testlərin daha çox edilməsidir: “İnsanlar istirahətə gedirlər və məcburi test verirlər. Əksər insanlar simptomsuz keçirir və xəstəlik yalnız test verdikdə aşkar olunur. O da real yoluxma sayının ortaya çıxmasına səbəb ola bilər”.

“Bu artım siqnaldır”

Həmsöhbətimizə görə, artımın üçüncü səbəbi isə insanların həssaslığının azalmasıdır: “İnsanlarda arxayınlaşma, rahatçılıq yaranıb. Pandemiyanı tam bitmiş hesab edirlər. Bu da artıma öz təsirini göstərir. Hər bir halda bu, bizə siqnaldır ki, bu məsələ tam sona çatmayıb və qığılcımlar qalır. Ən qorxduğumuz aylar sentyabr, oktyabrdır. Yanaşı olaraq, COVID-19 virusu aradan götürülməsə və yeni ştammlar yaransa, bu, bizi yora bilər. Sevindirici hal ondan ibarətdir ki, 2 illik təcrübədən sonra insanlarımız bu işdə səriştə əldə ediblər. Yəni deyilərsə ki, maska taxılsın, bu, insanlara çətin gəlməyəcək. Hamı alışıb, bilir və məlumatlıdırlar”.

“Düşünməyin ki, yoluxma sayı azdır, biz yoluxmarıq”

Mütəxəssis vurğulayır ki, əvvəllər olduğu kimi kütləvi ölüm, ciddi xəstəliklər, böyük ehtimal ki, görməyəcəyik: “Artım payızda daha çox olsa belə, ona qarşı tədbirləri hamı bilir, həkimlər məlumatlıdır. Bu səbəbdən əvvəlki kimi ağır gedişatın olacağını düşünmürəm. İnsanlar ilk növbədə ayıq-sayıqlığı əldən verməsinlər. Qızdırma, öskürək, nəfəs darlığı olarsa, həkimə müraciət etsinlər. Düşünməsinlər ki, yoluxma sayı azdır, biz yoluxmarıq. Məsələn, mən 2 ay yarımdır ki, ağır COVID xəstəsi görmürdüm. Amma 3 gün bundan öncə bir xəstə müraciət etdi. Kompüter tomoqrafiyada klassik korona görüntüsü ilə yenidən rastlaşdım. Ehtiyat tədbirlərini əldən vermək olmaz. Əslində, bunlar bizim daimi həyatımızda olmalıdır. Əllərin yuyulması, sosial məsafənin saxlanması, el-obanın ən sevimli məşğuliyyətindən biri olan, xüsusilə xeyir, şər məclislərində öpüşməkdən uzaqlaşmaq lazımdır. Bu, tək koronavirusun yox, digər infeksion xəstəliklərin də yayılmasının qarşısını alır”.

İnfeksion xəstəliklərin dalğavarı gedişatı

Almaniyada çalışan azərbaycanlı həkim Elvin Hüseynov deyir ki, omikronun artması bir çox mütəxəssislərə görə gözlənilən idi: “Əhalinin tam hissəsi hələ də peyvənd olunmayıb. Peyvənd olunsalar belə, 6 ay keçdikdən sonra qanda qoruyucu anticisimlərin miqdarı azalır, ona görə də yeni yoluxma ehtimalı yüksəlir. Digər məsələ, infeksion xəstəliklərin dalğavarı gedişatıdır. Müəyyən zamandan sonra yoluxmaların həddi maksimal saya çatır və sonra azalmağa doğru gedir. Azalmadan sonra yumşalmalar olur və yoluxma sayı artır. İndi üstünlük təşkil edən ştamm omikrondur. Omikron daha yüngül kliniki gedişə səbəb olur və dərman preparatı da mövcuddur”.

“Xəstəlik ilk vaxtlardakı kimi dəhşətli deyil”

Həkim deyir ki, narahatçılığa və təşvişə əsas yoxdur. Artıq xəstəlik ilk vaxtlardakı kimi dəhşətli deyil: “Yoluxmanın qarşısını almaq üçün yenə də peyvənddən istifadə etmək lazımdır. Zənnimcə, ümumi olaraq narahatçılığa səbəb yoxdur. Çünki həm əlimizdə təsir göstərən dərman preparatı mövcuddur, həm də öz-özlüyündə xəstəlik daha yüngül formada keçir. Digər baxımdan da əhalinin müəyyən qismində immunitet mövcuddur”.

“Bizi nələrin gözlədiyindən xəbərsizik”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı da insanları diqqətli olmağa çağırıb: “Keçən il yay mövsümündə azalan yoluxma sayı payız aylarında artmışdı. Ona görə də diqqətli olmaq lazımdır. ÜST hər zaman virusun növlərini, yeni ştammları nəzarətdə saxlayır. Nəzərə alaq ki, bu gün də omikron ştammının yeni variantları meydana çıxır. Bütün bunlar da müşahidələrimiz altındadır. Bilməliyik ki, pandemiya hələ də davam edir. Payız mövsümündə bizi nələrin gözlədiyindən xəbərsizik. Bu səbəbdən iki il ərzində əldə etdiyimiz, qazandığımız qoruyucu tədbirlərə yenə də əməl etməliyik”.

Aygün ƏZİZ