• cümə axşamı, 25 aprel, 12:52
  • Baku Bakı 23°C

Açıq Günəş altında qaralmaq zərərli nəticələr verə bilər

15.07.22 17:00 735
Açıq Günəş altında qaralmaq zərərli nəticələr verə bilər

Sərt qaralma dəridə problemlər yaradır, ləkələrə, qabıqlara, hətta bədxassəli şişə də səbəb ola bilər. Günəşdən qoruyucu kremlərdən, başqa sözlə desək, SPF-lərdən istifadə edilməməsi nəticəsində dəri yanır.

Kaspi.az xəbər verir ki, dermatoloq-kosmetoloq Günay Mikayılovanın dediyinə görə, açıq Günəş altında qaralmaq qəti qadağandır: “Birbaşa Günəş altında olduqda ultrabənövşəyi günəş spektri dəriyə mənfi təsir göstərir. Lakin qaralmada iştirak edən ultraaçıq və görünən spektr kölgədə də yayılır. Ona görə də Günəş altında olmadıqda, hətta ev şəraitində də SPF kremlərdən də istifadə etmək lazımdır. Həmin günəş şüaları pəncərədən də keçir, yayılır və melanin sintezinə təsirini hər yerdə göstərir. Ona görə Günəşin altında qalıb yanmaqdansa kölgədə mülayim qaralma daha faydalıdır”.

Qaralmadan əvvəl yeyilən qidalara da fikir vermək lazımdır. B5 və C vitamini olan qidaların tərkibində beta-karotin olduğuna görə dərini Günəşin zərərli təsirindən qoruyur. Həmin qidalara pomidor, yaşıl bilər, ərik, kivi, ispanaq, çiyələk və s. daxildir. Daha tez qaralmaq üçün təbii vasitələrin dəriyə çəkilməsi tövsiyə olunmur. ”Həmin vasitələrin çəkilməsi zamanı ləkə əmələ gəlmək ehtimalı yüksəkdir. Məsələn, kök yağının içində A vitamini yüksək dozada olur və dərinin Günəşə həssaslığını artıran vitamin olduğuna görə dəridə fotodermatoz əmələ gətirə bilər. Müalicə zamanı həmin vitamin təyin olunduğu təqdirdə də Günəşdən qorunmağı tövsiyə edirik”,- deyə dermatoloq-kosmetoloq bildirib.

Qaralmağa hazırlaşan zaman ən azı bir həftə pilinq, epilyasiya və bu kimi dərinin üst qatını zədələyə bilən prosedurların edilməməsi lazımdır. Unutmaq olmaz ki, qaralmaq nə qədər gözəl görünsə də, bir o qədər də ziyandır. Qaraldıqdan sonra təsirin uzun müddət qalması üçün dərini səhər və axsam nəmləndirmək lazımdır. Bundan əlavə sauna və hamamlardan imtina edilməlidir. Həmin prosedurlar qan dövranını gücləndirdiyinə görə hüceyrələrin yenilənməsini də stimullaşdırır.

banner

Oxşar Xəbərlər