“47 yaşım var, amma indi də döyüşürəm” - MƏKTƏBDƏ

"Ağ canavar” ləqəbli Eduard Məmmədov: “Sağlam bədəndə də sağlam ruh olur. Qalib gəlmək üçün həm də dərs oxumalısınız. Yadınızda qalsın, ağıllı idmançını udmaq olmur”.
“Çempion olmaq gözəl hissdir. Amma bunun üçün əziyyət çəkməlisən, həmişə özünə inanmalısan. Birdən-birə heç kim çempion olmur. Əzilə də, yorula da bilərsən. Əsl idmançı odur ki, axıra qədər dözsün və çempion olsun...” Kikboksinq üzrə 28 qat dünya, 11 qat Avropa çempionu, Əməkdar idman ustası və Əməkdar məşqçi, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədovun bu fikirləri paytaxtdakı 292 nömrəli tam orta məktəbdə şagirdlərlə keçirilən görüşündə əsl motivasiya kimi səsləndi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə reallaşdırdığı “Məktəbdə” layihəsinin qonağı şagirdlərə həyat yolundan, uğur qazanmağın sirlərindən danışdı.
“Yadınızda qalsın, ağıllı idmançını udmaq olmur”
“Mütləq deyil idmanla çempion olmaq üçün məşğul olasan. İdman sağlamlıq deməkdir. Sağlam bədəndə də sağlam ruh olur. Qalib gəlmək üçün həm də dərs oxumalısınız. Yadınızda qalsın, ağıllı idmançını udmaq olmur. Nə qədər çox savadlı olsan, rəqibin bir o qədər səni uda bilməz”, - deyə idmançı kikboksinqə həvəsinin necə yaranmasından danışdı: “Mən çox idman növlərinə getmişəm, amma seçə bilmirdim. 1995-ci ildə bizim ölkəmizdə Kikboksinq Federasiyası yaranmağa başladı. Hələ onda bu idman növünün qaydalarını tam bilmirdilər. Mən bu idman növü ilə məşğul olmağa başladım. O vaxtdan bu günə qədər döyüşürəm. İlk dəfə kikboksinqə gedəndə “görəsən məndə alınacaqmı?”- deyə düşünürdüm. Amma özümə inanırdım. Orada yaxşı dostlar qazandım. Başa düşdüm ki, idmançı üçün ən böyük motivasiya udmaqdır. Nə qədər çox uğur qazanırsan, o qədər motivasiya çoxalır. Motivasiyanı özünüz özünüzdən almalısınız. Mən 4-5 il kikboksinqlə məşğul olandan sonra ilk uğurumu qazandım. Onda 16 yaşım vardı. Özümdən böyük idmançını udub Azərbaycan çempionu oldum.
Hansı idman növündə olsaydım, çempion olacaqdım. Çünki zəhmətkeş idmançıyam. Yalnız əziyyət çəkəndə qalib gəlmək olur. Kikboksinqlə ən çox oğlan uşaqları məşğul olur. Amma son vaxtlar qızlar da məşğul olmağa başlayıb. Bu idman növü xarakteri möhkəmləndirir, özünə inamı artırır. Yeniyetmə vaxtlarda kinoya baxıb Jan Klod Vandam, Brus Li kimi aktyorları özümə kumir seçirdim. Onlar idmançı deyildilər, sadəcə aktyor idilər. Ancaq indi idmanda göz önündə olan dünya çempionları var. Siz onlardan məsləhət ala bilərsiniz. İdmanda Messi, Ronaldo kimi idmançılar var. Siz onları özünüzə kumir seçin. Mütləq kumiriniz olsun. Yarışda himnimiz səslənəndə, bayrağımız qalxanda özünü çox xoşbəxt hiss edirsən. İdmançı üçün bundan gözəl an yoxdur”.
15 saniyə ərzində qələbə
E.Məmmədov ona verilən “Ağ canavar” ləqəbindən də danışdı: “Bu ləqəbi mənə müəllimim verib. Dedi ki, sən necə ildir ağ canavar kimi məşq edir, canavar kimi döyüşürsən. Yenə də yarışda ağ canavar kimi döyüşüb qalib gəlməlisən. Gərək ləqəbi idmançıya müəllimi versin. Sən isə çalışıb bu ləqəbi doğrultmalısan. Xoşbəxtəm ki, müəllimimin verdiyi ləqəbi doğrulda bildim”.
İdmançı ən çox qürur duyduğu yarışını da xatırladı: “Mənim ən tez qalib gəldiyim yarış erməni idmançı üzərində qələbəm olub. Ona 15 saniyə ərzində qalib gəldim. O, yerdə uzanmışdı, mən bayrağımızı götürüb onun başı üzərində durdum. Bütün dünyaya göstərdim ki, biz həqiqətən güclüyük. Bizim yumruqlarımız möhkəmdir”.
Güclü rəqibə qalib gəlməyin sirri
Dünya çempionu yarış zamanı güclü rəqibə qalib gəlməyin sirrini də açıqladı: “Hər idmançıya hörmətlə yanaşırsan. Elə idmançılar var ki, səni gözü və ya mimikası ilə qorxutmağa çalışır. Mən həmişə arenaya gülüşlə çıxıram. Bu, rəqibə “onsuz da səndən heç nə alınmayacaq” deməkdir. Hansısa psixoloji məqamda rəqibi özündən çıxarırsan. Döyüşdə fiziki gücdən başqa, elə bir taktikan olmalıdır ki, rəqibi udasan. Ümumiyyətlə, asan döyüş olmur. Döyüşdə rəqibinin zəif yerini hiss etməlisən. Onu hiss edirsənsə, demək qabaqcadan döyüşə hazır olursan”.
Nizam-intizam, həvəs və özünə inam
Dünya çempionu tələbələrinin uğurları ilə öyündüyünü dedi: “Mənim 47 yaşım var, amma indi də döyüşürəm. Tələbələrimə deyirəm ki, əgər sizin müəlliminiz döyüşür və çempion olursa, siz də döyüşməli və udmalısınız. Tələbələrim beynəlxalq arenalarda yarışır və çempion olurlar. Onlarla qürur duyuram. Hər kəs mənim tələbəm ola bilər. Lazım deyil ki, mənim yanıma mütləq çempion gəlsin. Əsas odur ki, tələbənin nizam-intizamı, həvəsi və özünə inamı olsun. Elə olub ki, özümdən güclü idmançıları udmuşam. Çünki özümə inamım olub. Bunlar olsa, mütləq çempion olacaqsan”.
E.Məmmədov layiq görüldüyü mükafatlardan da danışdı: “Mən idmançı olmağımla qürur duyuram. İndiyə qədər çox mükafatlar qazanmışam. Bunların içərisində mənim üçün ən qiymətli mükafat “Vətən uğrunda” medalıdır. Bir neçə gün öncə Kikboksinq Federasiyasına vitse-prezident təyin olunmuşam. Bu, mənim üzərimə məsuliyyət qoyur. Fəaliyyətimlə mənə verilən mükafatlara layiq olmağa çalışıram”.
E.Məmmədov bildirdi ki, 2027-ci ildə kikboksinq üzrə Avropa Çempionatının Bakıda keçirilməsi nəzərdə tutulur: “Sonuncu dəfə 2010-cu ildə çempionat Bakıda keçirilib. Sevindirici hadisədir ki, 17 ildən sonra yenidən Azərbaycanda keçiriləcək. Bu cür mötəbər yarışların ölkəmizdə keçirilməsi dövlətimizin uğurudur”.
Qonaq şagirdlərə növündən asılı olmayaraq idmanla məşğul olmağı məsləhət gördü: “İdman ilk növbədə sizin sağlamlığınızdır. İndi narkomaniya çoxalıb, zərərli vərdişlərlə məşğul olanlar çoxdur. Siz belə insanları görəndə onları düzgün yola dəvət edin, pis yoldan çəkindirin, onlara inam verin. Hansı peşəni seçirsinizsə, orada uğur qazanmağa, lider olmağa çalışın. Siz Azərbaycanın gələcəyisiniz. Çalışın, ölkəmizin fəxri olun!”
Təranə Məhərrəmova
