32 ildən sonra eşidilən “Vağzalı” sədası - MÜSAHİBƏ

Niyam Şirinov: “Tarixi filmlər həmişə maraqlı olur. İstər “Troya”, istər “Sparta” olsun. Eləcə də Qarabağ haqqında filmlər maraqlıdır. Biz indi qələbəyə fokuslanaraq, müharibəmizdə qazanılan zəfərdən ilhamlanaraq bütün dünyaya nümayiş etdirmək üçün filmlər çəkməliyik”.
Yusif Ələkbərzadə: “Qırxdan çox Xocalı sakini filmin sayəsində Xocalıya gəldi. Onların yaşadıqları hissləri filmdə vermişik: biri ağlayır, biri gülməyə başlayır... Bizim bəy-gəlinin qız övladı Bakıda doğulub. O, ilk dəfə idi Xocalını görürdü. Elə ağlayırdı ki... Hiss edirsən ki, o ağrı 32 il bunların ailəsinə dağ çəkib...”
Azərbaycan xalqının Xocalı faciəsi kimi yaddaşlardan silinməyəcək bir dərdi var. Bu günlərdə təqdimatı keçirilən “Global Media Group”un və “Report”un ərsəyə gətirdiyi “Xocalı. Son toy” ekran əsəri həmin dəhşətli hadisələri unutmamaq və gələcəyə baxış üçün ibrət dərsidir.
Filmin ssenari müəllifi Niyam Şirinov və rejissoru Yusif Ələkbərzadə “Kaspi”yə müsahibələrində ekran əsəri haqqında maraqlı məlumatlar verdilər.
- Müharibə, tarix haqqında kinoları çəkmək asan deyil. Xüsusən, əgər bu süjet real faktlar əsasındadırsa... Niyə məhz bu gün də əks-sədasını yaşadığımız Xocalı hadisəsini ekrana gətirdiniz?
Niyam Şirinov: Xocalı ilə bağlı bir çox görüntülər var. Bunların içərisində ən məşhuru “Son toy” fotosudur. Bu fotonun taleyi naməlum idi. Bəziləri deyirdi ki, “son toy” adı ilə paylaşırlar. Həmin toyda kimlərin iştirak etməsi haqqında heç bir məlumat yox idi. “Bəylə gəlin şəhərdə olub”, “qonaqların hamısı şəhərdə olub” və ya “əsir götürülüblər” kimi fikirlər vardı. 2020-ci ilin 26 fevralında Xocalının son toyunun gəlinini - Dürdanə xanımı tapdım və ondan aldığım müsahibəni yayımladım. “Bu söhbətimizin davamını Xocalı alınandan sonra doğma yurdunuzda davam etdirərik”, - deyə sözləşdik. Həmin ilin sentyabrında müharibə başlandı, torpaqlarımız geri alındı. Mən həmin müsahibəni unutmadım. Maraqlananda məlum oldu ki, Xocalının son toyunun bəy və gəlini, toyda iştirak edənlərin əksəriyyəti sağdır. Həmin adamları axtarıb tapdıq. Filmi çəkərkən fotodakı - toyda iştirak edən həmin qonaqların çoxunu, musiqiçiləri, yemək bişirənləri yenidən Xocalıya apardıq. Onların yarımçıq kəsilən “Vağzalı”sı 32 il sonra Xocalıda çalındı...
Yusif Ələkbərzadə: Biz əslində işə başlayanda bu qədər geniş miqyaslı film olacağını nəzərdə tutmamışdıq. Niyamla dörd ilə yaxın davam edən söhbətlərimizdə “söz vermişəm, onlara bir toy etməliyəm”, - deyirdi. İlkin olaraq “Youtube” və ya sosial platformalar üçün müsahibə formatında nəzərdə tuturduq. Amma "Global Media Group"un rəhbəri Elnur Abdullayev və “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyevə fikrimizi deyəndə bizi dəstəkləyib “bu ideyanı filmə çevirək, bədii-sənədli film çəkək” dedilər. İş böyüdükcə proses də çətinləşdi: toyda iştirak edənləri tapmaq, dünyadan köçənləri araşdırmaq... Sağ olanların hamısını bir-bir redaksiyaya dəvət edib görüşdük. İki aya yaxın hazırlıq prosesi getdi, onların hekayələrini ssenariləşdirməyə başladıq. İkinci rejissorumuz Ülvi Əsgərov da daxil olmaqla üçümüz yola çıxdıq. Yaradıcı heyətə ən yaxşılarını topladıq. Filmin birinci hissəsi Xocalıda, ikinci bədii hissəsi Ağsuda çəkilib. Mən əslində Xocalıda çəkilən hissədən qorxmurdum. Bu, filmin real hissəsidir. Real insanları, olmuş hadisələri çəkəcəyimiz üçün nə duyğu vardısa onu götürəcəkdik. Ən çətini bədii hissəsi idi: qəhrəmanların danışığına əsasən o vaxtkı dövrü qurmaq lazım idi...
İlk dəfə ekrana çıxan kadrlar
- Belə bir fikir var ki, filmin ilk təqdimatının əks-sədası onun taleyini həll edir. Təəssüratlar necədir?
Niyam Şirinov: Reaksiyalar düşündüyümüzdən də yaxşıdır. Bu, bədii-sənədli film olduğu üçün iştirakçıların hekayəsindən yola çıxmışıq. Zaldakı insanların çoxunun gözü dolmuşdu, ağlayanlar da az deyildi. Filmin nümayişindən sonra səslənən fikirlər də müsbət oldu. Müəyyən səhvlərimiz ola bilər, amma əksər fikirlər yaxşıdır: həm faciəyə toxunulub, həm milli toy adət-ənənələri yer alıb, ən əsası, pozitiv notlar - 32 ildən sonra toyla Xocalıya qayıdış var.
Yusif Ələkbərzadə: Xocalı haqqında çox film çəkilib, bundan sonra da çəkiləcək. Bizim məqsədimiz faciəni göstərməklə yanaşı, qayıdış mövzusunu da ekrana gətirməkdir. Biz artıq Xocalıya qayıtmışıq, amma keçmiş günləri də unutmamışıq. Məncə bu, uğurlu alındı. Filmin sənədli hissəsində həmin hadisələr barədə indiyə qədər heç yerdə göstərilməyən videokadrlar da yer alıb. Xocalı hadisələrini o dövrdə iki operatorumuz - Çingiz Mustafayev və Seyidağa Mövsümlü lentə almışdı. Filmi çəkəndə məlum oldu ki, Xocalı sakinlərindən birinin - Şakir Məmmədovun kamerası olub. Uzun araşdırmalardan sonra o adamı tapdıq. O, öz imkanları hesabına aldığı kamerası ilə dost-tanışının xeyir-şərini çəkirmiş. Faciə başlayanda da kadrlar çəkməyə başlayıb. Onda heç bir yerdə olmayan kadrlar vardı. Sağ olsun, arxivini bizim üçün açdı və filmdə insanların ilk dəfə görə biləcəyi kadrlardan istifadə olundu. “Bu kadrlardan istifadə etməyə yalnız sizə icazə verirəm, başqa yerdə istifadə olunmasın” dedi. İzləyicilər o kadrlara baxanda həmin anları daha yaxşı xatırlayacaqlar. Orada 25 fevralda baş verənlərə aid kadrlar var.
35 dərəcə isti, buşlat, papaq, uzunboğaz çəkmə...
- Filmin bədii hissəsi üçün niyə məhz Ağsunu seçdiniz?
Niyam Şirinov: Bir neçə rayonu gəzdik, kəndlərə baxdıq. Səhnə rəssamımızla bəzi yerlərin şəkillərini nəzərdən keçirdik. Biz filmi yayda - iyun-iyul aylarında çəkirdik. Qış fəslini canlandırmaq bir az çətin idi: quraqlıq, ağac, su olmayan yer lazım idi.
Köhnə ab-havanı yaratmaq üçün hamı evdən qədim əşyaları gətirirdi.
Yusif Ələkbərzadə: Ağsunun Ləngəviz kəndini seçdik. Bu kənd modernlikdən bir az uzaq, qədimliyi özündə saxlayan yaşayış məskənidir. Yayda aktyorların əynində buşlat, başlarında papaq, ayaqlarında uzunboğaz çəkmə vardı. 35 dərəcə istidə çəkilirdilər, heç yerdə ağac yox idi ki, kölgəsində dayansınlar. Filmi çəkəndə məşhur aktyorları dəvət etmədik. Təkcə Sumqayıt Dövlət Dram Teatrının aktyoru Mətləb Səfərovu çəkdik. Bəyin atasına oxşadığı üçün seçimi onun üzərində saxladıq. Əsas məqsədimiz o idi ki, aktyor heyətimiz şəkildə olanlara bənzəsinlər və bu, toyda iştirak edən Xocalı sakinlərinə də sürpriz olsun. Təbii ki, burada qrimin də rolu oldu. Həmçinin “Report”un iki əməkdaşı - Tuncay Türbəndəzadə və Gülər Seymurqızı da fotodakı insanlara oxşadıqları üçün filmdə əsas rollarda – bəy və gəlin rollarında çəkildilər.
İnsanlara ötürülən mesaj
- Hər bir ədəbiyyat, incəsənət nümunəsinin və ya ekran əsərinin auditoriyaya bir mesajı olur. Sizin demək istədiyiniz nədir?
Niyam Şirinov: Belə bir fikir var: keçmişini unudanın gələcəyi olmur. Biz keçmişimizi unutsaq, gələcəyə necə ümidlə baxa bilərik? Biz keçmişdən ilhamlanaraq, bir növ gələcəyimizi qururuq. Tarixi filmlər həmişə maraqlı olur. İstər “Troya”, istər “Sparta” olsun. Eləcə də Qarabağ haqqında filmlər maraqlıdır. Biz indi qələbəyə fokuslanaraq, müharibəmizdə qazanılan zəfərdən ilhamlanaraq, bütün dünyaya nümayiş etdirmək üçün filmlər çəkməliyik.
Yusif Ələkbərzadə: Xocalı və müharibələr haqqında kitablar, məqalələr yazılıb və yazılacaq. Bunları oxuyan insan sadəcə olmuş hadisələrin xronikasını öyrənə bilər. Filmlərdə bu mesaj fərqlidir. Bədii-sənədli filmlərdə biz yazılı məlumatları tamaşaçılar üçün görsəl olaraq da canlanıdırırıq və onların təfəkküründə həmin hadisələri reallaşdırmağa çalışırıq.
Xocalı ilə görüş anı
- Toyda çəkilən ağ-qara foto yenidən zəfər bayrağı sancılmış azad Xocalıda rənglənmiş variantda canlandırılır. Bu epizod nəyi tərənnüm edir?
Niyam Şirinov: Biz filmi çəkəndə aradan 32 il keçmişdi. Şəkildə olanların 11 nəfərindən 5 nəfəri toyda iştirak edirdi. Qalanları itkin düşüb, şəhid olublar. Biz şəklin rəngli versiyasını canlandıranda sağ qalanların qohumları 32 il sonra necə idisə, o şəkildə geri qayıtmışdılar.
Yusif Ələkbərzadə: Qırxdan çox Xocalı sakini filmin sayəsində Xocalıya gəldilər. Onların yaşadıqları hissləri filmdə vermişik: biri ağlayır, biri gülməyə başlayır... Bizim bəy-gəlinin qız övladı Bakıda doğulub. O, ilk dəfə idi Xocalını görürdü. Elə ağlayırdı ki... Hiss edirsən ki, o ağrı 32 il bunların ailəsinə dağ çəkib...
Muğamlar, “Vağzalı”, alətlər...
- Filmlərdə musiqi sadəcə bir film üçün fon deyil, onun əsas elementidir. Bu filmdə də musiqi vizual obrazlar və süjetlə qarşılıqlı əlaqədədir, tamaşaçı ruhuna nüfuz edir...
Niyam Şirinov: Bəli, filmin belə təsirli alınmasında musiqi tərtibatının böyük rolu oldu. “Xəzri Production” Mərkəzi film üçün xüsusi musiqi parçalar hazırlayıb. Mərkəzin rəhbəri Fuad Hilalovun filmin üzərində bizim qədər əməyi var. Muğamlar, balaban, klarnet, tar və udda ifa olunan kompozisiyalar - hamısı bizim film üçün yazılıb.
Günümüzün “Vağzalı”sıdır, amma keçmiş tərzdə çalınır. Avroviziya Mahnı Müsabiqəsinin iştirakçısı Nadir Rüstəmli və müğənni Azad Şabanovun ifasında səslənən saundtrek sırf filmə aid yazılıb. O mahnı filmi tamamlayan qayıdışa çevrilir.
“Filmi maksimum təbliğ etməyə çalışacağıq”
- Filmin daha geniş auditoriyaya çıxması üçün hansı planlar var?
Niyam Şirinov: Biz filmi maksimum təbliğ etməyə çalışacağıq. Aprelin 17-dən 24-dək film kinoteatrlarda pulsuz nümayiş olunacaq. Apreldə Naxçıvanda da təqdimatı planlaşdırılır. Fikrimiz budur ki, filmi böyük şəhərlərdə, işğaldan azad olunmuş ərazilərimizdə təqdim edək. Film artıq ingilis dillənə tərcümə olunub, bu, xarici tamaşaçıların Xocalı soyqırımı barədə daha da çox məlumat alması üçün edilib.
Ən başlıcası, sülh...
- Sizcə, bu cür ekran işləri xalqları döyüşə sövq etməlidir, yoxsa bəşəriyyəti dialoqa dəvət etməlidir?
Niyam Şirinov: Ən başlıcası, sülh lazımdır. Sülh hər şeyin açarıdır. Ali baş Komandanımız da sülh uğrunda mübarizə apardı. Bu illər ərzində biz sülh yolu ilə torpaqlarımızı qaytarmaq istədik. Amma kimsə torpaqları işğal edibsə və geri qaytarmaq istəmirsə, onda müharibə qaçılmaz olur. Biz də 30 il sonra – Ali Baş Komandanımız İlham Əliyevin də qətiyyəti, xalqımızın və ordumuzun birliyi ilə torpaqlarımızı geri aldıq.
Yusif Ələkbərzadə: Bizim çəkdiyimiz, ümumiyyətlə dünyada çəkilən filmlərin əsas qayəsi belədir: “Ola bilər, siz müharibəni görməmisiniz. Biz sizə müharibənin necə olduğunu göstəririk”. Müharibədə itki ikitərəfli olur, qələbə qazanan tərəf də əslində saysız-hesabsız can verir. Biz bu fəlakəti göstəririk. Ümid edirik ki, çəkdiyimiz film Xocalıdakı və digər azad olunmuş ərazilərimizdə çalınan yeni “Vağzalı”ların carçısı olacaq və yeni toylara çığır açacaq. Çəkilən fotolar da yalnız xoş xatirə kimi qalacaq.
Təranə Məhərrəmova
