• cümə, 22 Noyabr, 03:04
  • Baku Bakı 14°C

105 il əvvəlki dəhşət - ANIM

01.04.23 00:00 1932
105 il əvvəlki dəhşət - ANIM

1918-ci ilin 31 mart soyqırımı qan yaddaşımızda erməni vəhşiliyinin daha bir sübutu olaraq qalır. Minlərlə əliyalın azərbaycanlının qətlə yetirilməsinə dünya səviyyəsində hələ də ədalətli hüquqi qiymət verilməyib. 

Erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi Mart soyqırımından 105 il keçir. 1918-ci il 31 mart - 3 aprel tarixində Bakıda, Şamaxıda, Qarabağda, Qubada və digər ərazilərdə minlərlə azərbaycanlı qətlə yetirilib. Sovetlər dönəmində bu soyqırımı gizlədilsə də, xalqın yaddaşında yaşadı və Azərbaycan müstəqillik qazandıqdan sonra dünyaya bəyan edildi. 

“Qırğınlar qəddarlıqla həyata keçirildi”

AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı bildirdi ki, ilk olaraq soyqırımının törədilməsi ərəfəsindəki şəraitə diqqət etmək lazımdır: “O dövrdə mülki türk, müsəlman əhaliyə qarşı Şərqi Anadoluda törətdikləri qırğınları erməni silahlı dəstələri 1917-ci ilin payızından etibarən tarixi Azərbaycan torpağı olan İrəvan quberniyası - indiki Ermənistan, Cənubi Azərbaycan, indiki Azərbaycan Respublikası və Tiflis quberniyası ərazilərində törətdilər. Erməni silahlı qüvvələrinin mülki azərbaycanlı əhaliyə qarşı törətdikləri kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Qırğın qəddarlıqla həyata keçirildi. Öldürmək üçün türk, müsəlman olmaq kifayət edirdi”.

“Xalqın iradəsini qırmaq mümkün olmadı”

Millət vəkili vurğuladı ki, martda Bakıda törədilən soyqırımında çoxlu itkilər verilsə də, Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmadı, dövlət müstəqilliyinin elanı yubadılsa da, dayandırılmadı: “Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə respublika üsul-idarəsini qurdu. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan xalqı taleyinin sahibi oldu. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin təhqiqinə xüsusi diqqət yetirildi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. 31 mart tarixi iki dəfə - 1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bundan sonra həmin tarixin daha dərindən araşdırılması istiqamətində geniş işlər görüldü”.

“O zaman güclü Azərbaycan dövləti olsaydı…”

M.Qasımlı bildirdi ki, Mart soyqırımından alınacaq bir sıra dərslər var: “Bu hadisə insanlığa qarşı cinayətdir və bir daha təkrarlanmamalıdır. Azərbaycan xalqı 1905-1906-cı illərin hadisələrini bilsəydi, ondan nəticə çıxarsaydı, bu soyqırımı və bundan sonrakı hadisələr baş verməzdi. 1918-1920-ci illərdə daşnak Ermənistanında soyqırımı, terror dövlət siyasətinə çevrildi. 1948-1953-cü illərdə azərbaycanlılar zorla deportasiya edildilər. Onların evlərinə xaricdən gətirilən ermənilər yerləşdirildi. 1988-ci ildən etibarən sonuncu azərbaycanlılar da qovuldular. Minlərlə adam həlak oldu. 1992-ci ilin fevralında Ermənistan Xocalıda bəşəriyyətə və sivilizasiyaya qarşı soyqırımı törətdi. O zaman güclü Azərbaycan dövləti olsaydı, bu qırğınların qarşısını almaq mümkün idi. Deməli, xalqımız daim güclü Azərbaycan dövlətinin mövcudiyyətində maraqlı olmalıdır”.

“Bu hadisələrin kökü Kürəkçay müqaviləsinə dayanır”

Tarixçi alim Zaur Əliyev bildirdi ki, bu hadisələrin kökü ermənilərin Azərbaycana köçürülməsini sürətləndirən və Rusiya ilə Qarabağ xanlığı arasında imzalanmış Kürəkçay müqaviləsinə dayanır. Həmin müqavilə və daha sonra 1813-cü il Gülüstan və 1828-ci ildə imzalanan Türkmənçay müqavilələrindən sonra ermənilərin regiona kütləvi şəkildə köçürülməsinə başlanıldı: “Onlar hissə-hissə Azərbaycan ərazilərində məskunlaşdıqca, azərbaycanlıları qətlə yetirməklə yanaşı evlərini qarət edirdilər. Daşnaklar “Böyük Ermənistan” qurmaq arzusu ilə Azərbaycanda yaşayan bütün xalqların qətlini nəzərdə tutan sənəd hazırlamışdılar. 1905-1906-ci illərdəki hadisələr daha böyük qətliama hazırlıq idi və bu, 1918-ci ilin 31 martında həyata keçirildi. Bu tarixə qədər İrandan və Rusiyadan alınan silahlar Bakıdakı erməni kilsəsində saxlanılıb, soyqırımı günü bütün ermənilərə paylanılıb. Hər yerdə ermənilərin öldürdüyü azərbaycanlıların kütləvi şəkildə dəfn edilməsi faktları var. Bu onu göstərir ki, biz Azərbaycan ərazisində ciddi şəkildə araşdırma aparmalıyıq və soyqırımını isbat edəcək sübutları ortaya çıxarmalıyıq. Ermənilər insan qırğını ilə kifayətlənməyib. O dövrün qızıl pulu ilə Azərbaycandan 400 milyon dəyərində daş-qaş, qızıl kimi qiymətli əşyalar talan edilib. Faktlar onu deyir ki, Azərbaycan türkləri ilə yanaşı 3 mindən çox talış, tat, kürd, ləzgi, yəhudi də qətlə yetirilib”.

“Soyqırımın tanınması üçün…”

Z.Əliyevin sözlərinə görə, ermənilərin bu soyqırımını qəbul edib və bizdən üzr istəmələrini hədəf kimi qarşımıza qoymalıyıq: “Elə bir sistem qurmalıyıq ki, soyqırımı beynəlxalq hüquqi aspektdə özünün təsdiqini tapsın. Əlimizdə olan sənədlər, şahid ifadələri, Avropa, rus, türk mənbələri göstərir ki, 31 mart soyqırımının Beynəlxalq Cinayət Məhkəməsinin təsbit etdiyi maddələrlə uyğunluğu var. Bunun tanınması üçün təbliğatını qurmalı, filmlər çəkməli, kütləvi məzarlıqları tapmalıyıq, həmin dövrün kartoqrafik xəritəsini çıxarmalıyıq, nə qədər insanın qətl edilməsi ilə bağlı kameral təsviri yaratmalıyıq”.

Bəxtiyar Məmmədli

banner

Oxşar Xəbərlər