Qorxmadan təhlükənin üzərinə gedənlər - MÜSAHİBƏ

Mehman Qədiməliyev: “İstehkamçı öz həyatını təhlükəyə ataraq, həm özünün, həm də başqalarının həyatını xilas edir. Ona görə də istehkamçı səbirli, savadlı, bacarıqlı, dözümlü, təcrübəli, fiziki və mənəvi baxımdan sağlam olmalıdır”.
Bu ilin ilk aylarında Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmələr keçirilib. Haaqadakı Sülh Sarayında hakim Coan Donohyunun sədrliyi ilə baş tutan prosesdə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov da iştirak edib. Nazir müavini dinləmələrdə çıxış edərək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi əməliyyatı üçün 30 ilə qədər vaxt lazım olduğunu bildirib. Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov o zaman Bakıda jurnalistlərə açıqlamasında deyib ki, Vətən müharibəsi bitəndən indiyədək 282 insan minaya düşüb. Onlardan 46-sı həlak olub, 236 nəfər xəsarət alıb. Hazırda isə minaya düşən insanların sayı 288 nəfəri təşkil edir ki, onların da 50-si həyatını itirib. Göründüyü kimi, müharibə bitsə də, düşmən məğlub edilsə də, gözə görünməyən düşmən - mina təhlükəsi tam sovuşmayıb. İşğal dövründə Ermənistanın hərbi birləşmələri tərəfindən ərazilərimizin kütləvi minalanması Azərbaycan hökumətinin başlatdığı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə də ciddi şəkildə mane olur. Mina təhlükəsi, minatəmizləmə prosesini ləngidən səbəblər və digər məsələlərlə bağlı Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun baş müəllimi, Silahlı Qüvvələrin sabiq mühəndis xidməti rəisi, ehtiyatda olan istehkamçı polkovnik, birinci Qarabağ müharibəsi iştirakçısı Mehman Qədiməliyev “Kaspi” qəzetinin suallarını cavablandırıb.
- İşğaldan azad olunmuş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işi indi hansı səviyyədədir?
- Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işi planlaşdırılmış qaydada, dövlət səviyyəsində qəbul olunmuş proqramlara uyğun olaraq aparılır. Qarabağa qayıdış planına uyğun olaraq, ilk növbədə infrastrukturun qurulması, yəni yolların çəkilməsi, qaz, su, işıq xətlərinin çəkilməsi üçün lazım olan ərazilərimiz təmizlənib. Bunun ardınca digər ərazilərdə təmizləmə işləri aparılır. Bir mütəxəssis kimi işin gedişatını müsbət dəyərləndirirəm. Ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işi çox ciddi, böyük vaxt aparan, olduqca məsuliyyətli və cavabdehlik tələb edən bir işdir. Minatəmizləmə işinin çətinliyi və özəlliyi ondan ibarətdir ki, mənfur düşmənlərimiz ərazilərimizdə çoxlu sayda, özü də kütləvi şəkildə piyada əleyhinə və tank əleyhinə minalar basdırıb, əldəqayırma partlayıcı qurğular quraşdırıblar. Üstəlik, ərazinin quruluşu, təbii relyefi, hava şəraiti, mina sahələrinin qeyri nizamlı qurulması və sair məsələlər işlərin sürətlə aparılmasına mənfi təsir göstərə biləcək amillərdir.
- Bu çətinlik və maneələrlə rastlaşan istehkamçılardan başlıca olaraq nə tələb olunur?
- Döyüş vaxtı bütün növ döyüşçülər, ərazinin relyefindən, səngərlərdən, qayadan-daşdan, ağacdan, texnikadan istifadə edərək özünü qoruya bilirlər. Hər bir hərbçi daldalanaraq güllədən, partlayışdan yayınır, təhlükə gələn yeri nəyinsə arxasından, özü də uzaq məsafədən məhv etməyə çalışır. Amma istehkamçı bilə-bilə ki, ərazi minalanıb, özünə zərər vuracaq, hətta onu parça-parça edə biləcək bir təhlükənin üzərinə gedir. Basdırılmış minanı zərərsizləşdirmək üçün istehkamçı onun qarşısına uzanaraq gedirsə - başı, dizi üstdə irəliləyirsə - sinəsi və başı, ayaq üstdə gedirsə - bütün bədəni ilə yaxınlaşır. İstehkamçı özünə və döyüş yoldaşlarına təhlükə yaradan qurğunu üz-üzə, göz-gözə dayanaraq zərərsizləşdirir. Yəni faktiki olaraq istehkamçı öz həyatını təhlükəyə ataraq, həm özünün, həm də başqalarının həyatını xilas edir. Ona görə də istehkamçı səbirli, savadlı, bacarıqlı, dözümlü, təcrübəli, fiziki və mənəvi baxımdan sağlam olmalıdır. Bütün bu kimi çətinliklərə rəğmən, istehkamçılarımız həm müharibə dövründə, həm də indi koordinasiyalı şəkildə öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.
- İndiyə kimi nə qədər ərazi təmizlənib? Bu barədə dəqiq məlumat varmı?
- Biləsiniz ki, minatəmizləmə işi Ali Baş Komandan İlham Əliyevin bilavasitə nəzarəti altında sürətlə həyata keçirilir. Görülən işlər barədə mütəmadi olaraq media vasitəsilə cəmiyyətə məlumatlar verilir. Minatəmizləmə üçün tələb olunan zəruri və ən müasir texnikalar, avadanlıqlar müvafiq qurumlar tərəfindən alınaraq respublikamıza gətirilib. Bu texnika və avadanlıqları lazımi qaydada istismar etmək üçün mütəxəssislərimiz, peşəkar hərbçilərimiz, yetərli canlı qüvvəmiz var. Minatəmizləmə Agentliyinin bu barədə açıqladığı son məlumata görə, indiyə qədər bir çox strateji layihələr başa çatdırılıb. Misal üçün, 2021-ci ildə Zəfər yolu, Ağdam-Bərdə dəmir yolu xətti ilə bağlı işlərin icrası başa çatdırılıb. 2022-ci il ərzində çox mühüm layihə olan Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə əsas xəttin, o cümlədən Horadiz-Ağbənd avtomobil yolunun təmizlənməsi başa çatdırılıb. Ümumiyyətlə, Vətən müharibəsi başa çatandan indiyə qədər 75 min hektardan çox ərazi minalardan təmizlənib. Sözügedən dövrdə 85 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zəzərsizləşdirirb.
- İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi əməliyyatı üçün 30 ilə qədər vaxt lazım olduğu bildirilir. Bu 30 ildən sonra vətəndaşlarımız o ərazilərdə tam rahat, təhlükəsiz şəkildə yaşaya biləcəklərmi?
- İşğaldan azad olunmuş bütün ərazilərdə yaşayış yerlərinin, həmçinin digər infrastrukturun tikintisindən əvvəl həmin ərazilər minalardan və partlamamış döyüş sursatlarından tamamilə təmizlənir. Vətəndaşlarımızın bu ərazilərə qayıdışı və təhlükəsiz yaşayışı aidiyyəti dövlət qurumları tərəfindən təmin olunacaq. Azərbaycan dövləti minatəmizləmə işini maksimum sürətlə və keyfiyyətli şəkildə həyata keçirir, öz vətəndaşlarının təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməyə çalışır. Amma bir tarixi məqamı unutmayaq ki, İkinci Dünya müharibəsi dövründə Hitler Almaniyası Danimarka sahillərində milyonlarla mina basdırmışdı. Bu amilə görə bəzən Danimarkanı minalar ölkəsi də adlandırırdılar. Hətta bu mövzuda çoxsaylı sənədli və bədii filmlər çəkilib. Müharibədən sonra həmin ərazilərin təmizlənməsinə Avropanın ən qabaqcıl şirkətləri, mütəxəssisləri cəlb olunublar. Üstündən 70 ildən çox vaxt keçsə də, yenə xarici mediadan oxuyuruq ki, Danimarka ərazisində İkinci Dünya müharibəsi dövründən qalma mina, yaxud döyüş sursatı tapılıb. O baxımdan Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də gələcəkdə belə arzuolunmaz təsadüflərə rast gəlmək istisna edilmir.
- Bəs bu halda vətəndaşlarımız öz təhlükəsizliklərinin təmin olunması üçün nə etməlidirlər?
- Nəzərə almaylıyıq ki, işğalçı Ermənistanın silahlı birləşmələri 30 il ərzində ərazilərimizdə yüz minlərlə, milyonlarla mina basdırıblar. İkinci Qarabağ savaşında məğlub olandan sonra bu minalı ərazilərin xəritələrini əvvəlcə bizə verməkdən imtina ediblər. Sonradan verdikləri xəritələrin də kiçik faizi işə yarayıb. Digər tərəfdən, 44 günlük Vətən Müharibəsində hər gün mövqe itirən düşmən geri çəkilərkən kortəbii şəkildə minaları bütün əraziyə səpələyib. Bu kimi amilləri nəzərə alan mühəndis istehkamçılarımız hər kvadratmetri çox böyük diqqət və həssaslıqla yoxlayır, aşkar olunan minaları və partlamamış döyüş sursatlarını zərərsizləşdirirlər. Bu işlə paralel olaraq işğaldan azad olunan ərazilərimizə gələcəkdə köçürülən, yaxud qonaq gələcək hər bir kəs maarifləndirilməlidir. Elə etməliyik ki, vaxtilə minalar ölkəsi adlandırılan Danimarkada illər sonra hansısa mina üzə çıxanda vətəndaşlar təhlükəsizlik qaydalarına riayət etdikləri kimi, bizim insanlarımız da məlumatlı və hazırlıqlı olsunlar, düzgün davranaraq özlərinin və ətrafdakıların təhlükəsizliyinin təmin olunmasına dəstək olsunlar.
Rufik İSMAYILOV
