• şənbə, 11 Yanvar, 07:06
  • Baku Bakı 8°C

“Mənə artıq heç kim “gəl, kino çək” demir” - SƏNƏT

11.01.25 02:30 71
“Mənə artıq heç kim “gəl, kino çək” demir” - SƏNƏT

Yusif Əlizadə: “Hər şeyin başlanğıcı da, qurtaracağı da olur. Kinostudiyaya yolum da düşmür. Heç çağıran da yoxdur, amma çağırsalar gedərəm…” 

“Azərbaycanfilm”in istehsal etdiyi filmlərin əksəriyyətində onun əməyi var. “Arxadan vurulan zərbə”, “De ki, məni sevirsən!”, “Dantenin yubileyi”, “Bizi bağışlayın” “İstintaq”, “Yarımçıq qalmış mahnı”, “Yol əhvalatı”, “Qorxma, mən səninləyəm”, “Musiqi müəllimi”, “Avqust gələndə”, “Qara gölün cəngavərləri”, “Bircəciyim”, “Həm ziyarət, həm ticarət”, “Özgə vaxt”, “Otel otağı”, “Yalan” və s. filmlərdə rejissor assistenti, II rejissor və aktyor kimi iştirak edib. Amma Yusif Əlizadə tamaşaçıların yaddaşında daha çox bir rolla qalıb…
Bir neçə filmə çəkilməli oldum...

- Yusif müəllim, sizi oxuculara necə təqdim edək: daha çox rejissor, yoxsa aktyor kimi?

- Mən bütün ömrüm boyu kinostudiyada rejissor, rejissor assistenti, ikinci rejissor işləmişəm. Rejissor köməkçisindən başlayıb quruluşçu rejissor işinə qədər gəlmişəm. Əfsuslar olsun ki, quruluşçu rejissor kimi az - 2-3 qısametrajlı film çəkdim. Mən həm də yazıçıyam. 6-7 kitabım çap olunub. O kitablardan ikisi Qarabağ müharibəsinə həsr olunub. SSRİ dağılandan sonra öz əsərim əsasında “Qatarda son döyüş” adlı filmin ssenarisini hazırladım. Onda kinorejissor Oqtay Mirqasımov Dövlət Kinematoqrafiya İdarəsinin sədri idi. O, ssenarini təsdiqlədi. Amma SSRİ dağılanda kinostudiyaya büdcədən pul ayrılmadı, iş də olmadı, ssenari də qaldı. Ssenari Birinci Qarabağ müharibəsinə həsr olunan sənədli roman əsasında idi. Müdafiə nazirinin qəbuluna gedib döyüş səhnələri üçün texnikanın verilməsinə də razılıq almışdım. Əsər çox bəyənilmişdi. Təəssüf ki, həmin ssenari əsasında film çəkilmədi, qoymadılar...

Aktyor kimi filmlərdə isə təsadüfən çəkilmişəm. Rejissor sənətinə o qədər alışmışdım, heç çəkilmək də istəməzdim, amma bir neçə filmə çəkilməli oldum. 

“Səni göstərirdilər...”

- Dünya kinosunda da belə məqamlar çoxdur: aktyor bir neçə filmdə çəkilir, amma daha çox bir rolla tanınır və yadda qalır. Məsələn, “Yol əhvalatı”nın Fəridi kimi...

- Mən bu filmdə çəkilməklə yanaşı, həm də filmdə rejissor assistenti idim. Fəridi oynamaq üçün müğənni Elxan Əhədzadə dəvət olunmuşdu. O çəkilməli idi, paltarlarını da əvvəlcədən hazırlamışdıq. Ancaq Elxan həmin gün çəkilişə gəlmədi. Yoldaşına zəng vuranda dedi ki, o, Rəşid Behbudovun ansamblı ilə qastrola gedib. Səfər qəfil baş tutduğu üçün bunu demək imkanı da olmayıb. Buna görə də ikinci rejissor Rafiq Dadaşov dedi ki, Elxan yoxdursa, Yusif Əlizadəni çəkək. Rejissor Teymur Bəkirzadə də gülə-gülə dedi ki, dəvət etdiyi aktyor, dostu gəlmədiyinə görə sən Yusifi cərimələyirsən. Mənim də imtina etmək şansım olmadı. Çünki başqa aktyorlar da gəlmişdi, çəkiliş mütləq olmalı idi. Fotosınaq səhnələrində Səyavuş Aslan gəlib qapıdan boylanırdı:

“Bunu çəkin, bunu...” deyirdi. Rolum çox yaxşı alındı, rejissor razı qaldı. İndi hamının baxıb güldüyü film əslində böyük zəhmət və əziyyət hesabına başa gəlib. Rejissor Teymur Bəkirzadənin istəyi ilə Mustafa roluna ”İlk baxışdan məhəbbət” filmində baş rolu oynayan Vaxtanq Pançiludzeni Gürcüstandan dəvət etmişdik. Vaxtanqı şəxsən özüm Gürcüstana gedərək yuxudan oyadıb filmə dəvət etmişəm. Qatara minib Gürcüstana yollandım. Səhər qatardan düşüb yeməyə nəsə almaq istəyirdim, bir də gördüm diplomatımı bir nəfər götürüb gedir. İçində konyak və şokolad vardı. Arxadan çatıb diplomatımı geri aldım. O adamı da yolun kənarında dayanan qara “Volqa” maşını gözləyirdi. Orada oğrular çox idi. Vaxtanqın evi xarabalıqların arasında idi. Evini tapıb onu yuxudan oyatdım, “səni gözləyirik” dedim. Vaxtanqın boyu Zümrüd roluna çəkilən Həmidə Ömərovadan qısa idi. Çəkiliş zamanı bəzi yerlərdə onun ayağının altına daş qoyurduq ki, fərqi bilinməsin. Arada onunla mübahisəm də düşdü.

Qəbiristanlıq çəkilişləri İkinci Fəxri Xiyaban tərəfdəki məzarlıqda baş tutdu. İyulun axırı, avqustun əvvəlləri idi, dəhşətli istilər vardı. İşləmək çox çətin idi. Biz qəbiristanlıq işçilərinin emalatxanasının içərisində 60 dərəcə istidə işləyirdik. Bizim laboratoriya təmirdə olduğundan çəkilən lentləri Ukraynaya göndərirdik. Teleqram gəldi ki, çəkməyin, plyonka “brak”dır. Bizim ikinci operator əslən erməni olan Robert Silanyan idi. Sən demə, o bizə ”brak” plyonka gətiribmiş. Onun hərəkəti ucbatından film demək olar ki, iki dəfəyə çəkildi. 

Doğulan uşaqlara Fərid adını qoyurdular

- Film 1981-ci ildə ekranlara çıxıb. Sizcə, bu günə qədər ekranlardan düşməməsinin sirri rejissor işi ilə bağlıdır, yoxsa aktyor oyunu ilə?

- Kino ilk növbədə stol arxasında alınır. Dramaturq ssenarini yazanda alınmasa, demək heç nə alınmayacaq. Ssenarini Asim Cəlilov rus dilində yazmışdı. Rejissor Teymur Bəkirzadə əsasən dokumentalist idi. Ancaq bu filmə qədər “Çətirimiz buludlardır” filmini çəkmişdi. Teymur aktyorlarla dost kimi işləyirdi. Ümumiyyətlə, filmdə ansambl yaxşı idi. Görün bu filmdə necə aktyorlar çəkilib… Siyavuş Aslan, Hacı İsmayılov, Yaşar Nuri üçlüyünün, Eldəniz Zeynalovun, eyni zamanda Paşa rolunun ifaçısı Kamil Məhərrəmovun filmin maraqlı alınmasında böyük rolu oldu. Teymur Bəkirzadənin bircə mimikası onlara bəs edirdi ki, rejissorun nə demək istədiyini tutsunlar. Buna görə də film çox uğurlu alınıb. Film az qala hər həftə telekanallarda təkrar-təkrar göstərilir. Qonşular məni görəndə “səni göstərirdilər” deyirlər. “Yol əhvalatı” ekranlara çıxandan sonra yeni doğulan uşaqlara Fərid adını qoyurdular. Bundan gözəl nə ola bilər?

“Sən böyük adam imişsən…”

- Bəs filmin taleyi rejissor assistentindən nə qədər asılıdır? Bəzən deyirlər ki, ikinci rejissorun işi quruluşçu rejissordan daha ağırdır… 

- Rejissor ümumi çəkiliş qrupuna cavabdehdir. Filmin necə hazırlanmasının sxemini o əvvəlcə beynində qurur, sonra çəkir. Hər bir rejissorun öz xarakterinə uyğun komandası olur. Başqa sahələrdə bu, olmaya bilər, amma bu sahədə belədir. Rejissorun ətrafında onu başa düşən adamlar olmalıdır. Mən rejissor Arif Babayevlə də işləmişəm. Bir gün ikinci rejissor Əşrəf Mamayev dedi ki, Yusif, sən demə, sən böyük adam imişsən. Arif Babayev deyir ki, mən kinostudiyada Yusifdən başqa heç bir assistent tanımıram. Dedim ki, hazırda əlimdə işim var, bir ay çəkər. Onda “Arxadan vurulan zərbə” filmini çəkirdik. Əşrəf “gözləyərik” dedi. Mən taleyimdən razıyam. İşlədiyim rejissorlar və aktyor ansamblı ilə səmimi və dost mühitində işləmişik. Bir-birimizdən öyrənmişik, bir-birimizə kömək etmişik.

“Bu epizod heç vaxt yadımdan çıxmaz”

- Siz Adil İsgəndərovun kino kursunu bitirmisiniz. Yəqin bu kurs həyatınızda mühüm rol oynayıb…

- Kinostudiyada Adil müəllimin “Kinoaktyorların teatr studiyası” adlı 3 illik kursu vardı. Orada Kamil Rüstəmbəyov, Əbdül Mahmudov, Elxan Qasımov dərs deyirdilər. Mən Lampa zavodunda işləyirdim. Axşamlar həmin kursa gəlirdim. Müəllimim rejissor Kamil Rüstəmbəyov idi. Adil müəllim imtahanlarda gəlib oturur, hansısa əsərləri səhnələşdirəndə baxırdı. Onun kinostudiyanın inkişafında rolu böyük olub. O vaxt demək olar ki, kinostudiyanın intibah dövrü idi. Kinomuzun ən yaxşı filmləri o dövrdə çəkilirdi. Kinostudiyanın divarları da, döşəməsi də parıldayırdı, indi onlardan əsər-əlamət yoxdur. Amma Adil müəllim haqqında “yuxarılara” yazırdılar. Onu işdən çıxaranda ətrafındakı yaradıcı insanları da ixtisara saldılar. Mən də ixtisara düşdüm. Adil müəllim işdən çıxmamışdan əvvəl onun kabinetinə getdim. “Mən heç nə edə bimərəm” dedi: “Görürsən, mənim başıma nə oyun gətirdilər. Teatrda o qədər işlər gördüm, burada nələr elədim, amma indi məndən yazırlar”, - deyə gözləri doldu. Çox gənc idim, amma o, bu şeyləri mənə danışdı. Bu epizod heç vaxt yadımdan çıxmaz…

- Daha hansı rejissorlarla işlədiniz?

- Ənvər Əblucla “Qara gölün cəngavərləri” filmində işlədim. O filmi çəkərkən dövlət arxivindən çıxmır, klişelər gətirirdim. Aktyorları neftin içinə salırdım, onların bir gününə iki günün pulunu yazırdım. Belə əziyyətli səhnələrə görə filmə qiymət verilir. Sonuncu işim Ənvər Əblucla İranla birgə çəkdiyimiz “Tərsinə çevrilmiş dünya” filmi oldu. Bu, İranla ilk birgə layihə idi. Onların şərtinə görə baş rola iranlı aktyor Məhəmmədrza Forutənı çəkdik. 

- İşlədiyiniz görkəmli aktyorlar və rejissorlardan sonra kinoda dərin boşluq yarandı…

- İndinin özündə də boşluqdur… O başqa məktəb idi. Biz “Stanislaviskinin nəzəriyyəsi”ni keçərdik. O vaxt o nəzəriyyənin aşiqləri çox idi. Bizim məktəb də belə idi. İndi pul bölməyə meyl çoxdur, nəinki yaradıcılığa. Yaxşı kino üçün əsas ssenari lazımdır. Bu olmasa, kino alınmayacaq. İndi adam aktyorların oyununa da baxmaq istəmir. Yaxşı kino biz çəkən vaxtlarda idi…

- O zaman hər yerdə, o cümlədən Bakıda kino mühiti vardı. İndi mühit bir yana, zaman, dövr dəyişib. Bəlkə kino dövrü deyil artıq…

- “Moskva göz yaşlarına inanmır” filminə baxmısınız yəqin. Teleoperator Yuri Vasilyevin belə bir fikri var: “Vaxt gələcək, heç nə olmayacaq, nə kino, nə teatr, ancaq televiziya olacaq”. Bəlkə də elədir. Dövr dəyişib, televiziya ilə çəkiliş tez başa gəlir. Plyonka sistemi başqa idi. Televiziya bütün bu prosesləri üstələdi. Kino elə şeydir ki, bir filmi bitirirsən, başqasına keçirsən. Bu ansambl ayrılır, başqa qrup ora girə bilmir, sanki başqaları yad adamdır. Kinonun əsas maraqlı cəhəti ondadır ki, yaradıcı heyət bütün sahələrlə təmasdadır. Teatrdan tutmuş, zavod-fabrikə qədər… Bizim işlədiyimiz o boyda kino ordusu keçmişdə qaldı, öz adamları ilə birlikdə, mən də o cümlədən…

“Çağırsalar gedərəm…”

- Kinodan sonra yazıçılığa necə başladınız?

- Yox, 70-ci illərdən başlamışdım... Onda yazırdım, kənara qoyurdum, çap elətdirmirdim. Təqaüdə çıxandan sonra yazdıqlarıma əl gəzdirməyə başladım, onlara yeni fikirlə baxdım. Elə bir dövr oldu ki, beynim çox qarışmışdı. Yaxşı ki, qurtuldum… Əsas odur ki, kitablarımı oxuyurlar.

- Yeni bir film çəkmək istəyirsiniz?

- Nə bilim… Versələr köməkləşib çəkərik. Kimsə kitabım əsasında çəkmək istəsə, özüm də kömək edərəm. Amma deyən yoxdur…

- İndi sizə “gəlin, kino çəkin” demirlər. Bəlkə artıq sizi yeni nəsil əvəzləyib, ona görə…

- Hər şeyin başlanğıcı da, qurtaracağı da olur. Bəlkə orada elə adamlar var ki, bir-birlərinə alışıblar və bir-birlərinin işini bəyənirlər. Mənə artıq heç kim “gəl, kino çək” demir. Kinostudiyaya yolum da düşmür. Heç çağıran da yoxdur, amma çağırsalar gedərəm… 
 
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər