• cümə, 26 Aprel, 19:55
  • Baku Bakı 22°C

Yazıçı görüşü

08.01.18 15:40 1224
Yazıçı görüşü
Bəzi yazarlar ənənələr əsasında işləyir. Bəziləri isə bir dünyanı yenidən yaradır. Yeni bir dünya yarada bilənlərin sayı elə də çox deyil, Corc Sonders isə azlıqda qalanlardan biridir. Amerika ədəbiyyatındakı üslublardan yaradıcılığı üçün təməl tökən yazarın hamını güldürən və düşündürən bir dillə qurduğu məxsusi bir Corc Sonders Torpaqlarını əhatə edən materiki var. Əgər bu adam sadəcə mərhəmətsiz satiric olsaydı, yenə də bu qədər böyük zövqlə oxunardı. Amma asana qaçmayaraq, qaranlığın qəlbinə enməklə kifayətlənməyib, oradan çıxış yollarını göstərməyə də könüllü olub. Sayı çox olanlar isə nədənsə belə şeylərə cəsarət etmir. Bir dəfə Corcun satira haqqında verdiyi tərifi eşitmişdim: "Yaxşı şeylərin tərs təsviri”.
Corc 20 illik karyerasını dilin gücünün, görünən dünyanın əzəmətinin, elmlə maariflənmənin müsbət nəticələrinin isbatına sərf edib. Bütün bu səfeh paradlarının, sosial şəbəkə idiotizminin, təbəssümlü demaqoqların, erroziyaya uğramış çevrənin təzyiqi altında 20 ildir ki öz qeyri-adi qabiliyyəti ilə zövqümüzü oxşayır.
Amma, zənnimcə, "Linkoln Bardoda” ("Lincoln in the Bardo”) romanında nəsə bütün bunlardan daha artığı var. Daha çox hərəkət, daha yüksək sürət, daha çox ədəbilik. Sizə xoş qiraət arzulayıram. Roman yazmadığı üçün mənə janrımla bağlı bir nümunə, yol göstərə bilməsə də, Sondersi həmişə çağdaş Amerika ədəbiyyatının ən yaxşısı hesab etmişəm. Bugün isə onunla həmsöhbətik.
- Bir az gərginəm. Haradan başlayacağımı qətiləşdirə bilmirəm.
- Əslində mən də təşviş içindəyəm. Sənə çox dərin simpatiyam var. Səfehləmək istəmirəm. Görsən ki, nəsə gəvəzələyirəm, mane ol.
- Dərhal müdaxilə edəcəm. (Gülüş). Kitabını birinci dəfə oxuyanda səhifələr arasında hətta bir bağ da tapa bilmədim. O qədər səhifəni bir rezinə keçirib göndərmişdin.
- Özüm oxumağı sevdiyim kimi. Yoxlama üçün ən ideal variant budur. Sıra ilə olanda insan hekayəyə qapılır.
- Hə elə mən də o ağırlıqda şeyi özümə yük eləməmək üçün oxuduqca həmin səhifəni çıxarıb, zibilə atırdım. (Sonders gülür). Nəhayət ki, romanı oxuyub qurtardım. Elə nəhəng duyğu uçqununun altında qalmışdım ki, zəng vurub sənə nə düşündüyümü belə deyə bilmədim. Hətta Nikə (Zadi Smitsin həyat yoldaşı – red.) belə fikirlərimi izah edə bilmədim, heç romanınla maraqlanan dostlara da. Elə bil heç roman oxumamışam, yuxu görmüşəm. Belə hala düşmək məndə çox uzaq illərdə yaşadığım təcrübəni yenilədi.
- Əladır ki.
- Sanki yan-yörəmdəki hər şey qiraət zamanı buxarlanıb, yoxa çıxırdı. Oxuyub qurtarandan sonra "Goodreads”-ə göz gəzdirdim ki, görüm romanı oxuyan başqa kimsə varmı, nəsə rəy yazılıbmı. Onda cəmi 9-10 nəfərin şərhi var idi, onlar da şərhlərindən belə anlaşılırdı ki, mənim kimi duyğu yarğanındadır. Normal hallarda hər kitabı rəzil-rüsvay edən azı 30 istifadəçi tapılır bu cür saytlarda. Amma "Likoln Bardoda”-nın rəy bölməsi müzakirə yerindən çox, kilsə toplantısını xatırladırdı. Sənin oxucu auditoriyan da əməlli-başlı intellektualdır. Rəyləri oxuduqca oxumaq istəyirsən. Adama elə gəlir ki, ədəbi tənqidçilər müzakirəyə oturub. Bütün rəyləri bir-bir oxuyub qurtarandan sonra mən də bu intellektual cəmiyyətə qoşuldum.
- Səni məyus etmək istəməzdim, ümumiyyətlə səni məyus edəndə özümdən zəhləm gedir, amma o şərh yazanların yeddisi mənim qardaşımdır. (Hər ikisi qəhqəhə çəkir).
- Elə ilk sualım romanın sonluğu ilə bağlıdır. Kitabın son səhifəsi - əvvəlindən çox da uzaqlaşmadan – sanki kimisə kiməsə daxil olmağa sövq edir. Seksual yolla yox təbii ki. Bu bəlkə də sənin hər zaman nəzərdə tutduğun sadə həyat tərzidir, bir-birimizin daxili dünyasında olmağa, bir-birimizin duyğularını qarşılıqlı şəkildə iç-içə keçməklə daha dərindən duymağa çalışmaq. Qarşı tərəfin yaşadığı təcrübələrdən keçərək, nə hiss etdiyini özümüz də yaşayaraq, anlamaq kimi. Hekayələr və romanlar bəlkə də buna görə belə həlledicidir – həyatda dərk etmədiyimiz sadə şeyləri anlamağımıza bir pilləkən rolu oynayırlar. Çünki bəzi şeyləri başqa cür çatdırmaq olmur – reklamlar, TV şoular, siyasi çıxışlar bu sadə şeyləri o qədər çeynəyirlər ki.
- Həqiqəti demək başqa şeydir, onun necə reallaşmasının yollarını göstərərək çatdırmaq tamamilə başqa şeydir. Bir də insanı inandırmaq məsələsi var. Bəli, ədəbiyyat insanı inandıra bilir. Amma insanlar niyəsə birinciyə - sadəcə həqiqəti deməyə meyillidir, bununla da missiyanı bitmiş hesab edirlər. Mən romanın müsbət təsirləri haqqında bir neçə nəzəriyyənin müddəalarını izləyirəm. Amma onlardan uzaq durmağa çalışıram, çünki…
- Çünki onlar həqiqətən də dəbdən düşüb.
- Bəli, eynilə. Ötən gecə dünyanın yaşadığı immiqrant böhranı haqqında sənədli filmə baxdıq. Səhnəyə hər dəfə çıxıb, anlamayan adamlara hekayənin gücündən danışmaq adamı əsəbləşdirir. Bu kitabı başlayanda ilk hədəfim bir sənədli film dadı verməyən hekayə işləmək idi, planlaşdırmadan, süni duyğular cücərtmədən yazacağımla bağlı özümə söz verdim. Həqiqətən də inandığım şeyləri bədiiləşdirməyə çalışdım. Və görünür bu qədər insanda dərin duyğular oyandırdığına görə hədəfə çatmışam.
- Yəqin ki, roman forma olaraq, sənə səndən daha ağıllı olduğunu öyrətdi. Roman səni başqa heç cür gedə bilməyəcəyin yerlərə apara bilir. Yanlış anlama, Corc, demirəm ki, sən axmaqsan.
-(Gülür). Yox, haqqın var. Bu da romanın aşıladığı məmnuniyyət hissidir. Niyə belə olduğu ilə bağlı bir ideyam var, amma mən sənin nə düşündüyünü eşitmək istəyirəm.
- Fikrim dəyişib. Gənc olanda bu məsələlərlə bağlı çox texniki düşünürdüm. Yazdıqlarımla aramızda intim bir əlaqənin olduğunu qəbul etməyi xoşlamırdım.(Gülürlər). Amma indi mənə elə gəlir ki, özümüzdən asılı olmadan meydana çıxan strukturlar uşaqlığımızda təməli qoyulanlardır. Məsələn, ailə ayrılıqları, ailədən ayrılma ilə bağlı yazanda səhnələr daxili dünyamdan ayrılıb, gəlir. Bəs, sənin dərin strukturların necə yaranır? Səncə, hardan qidalanırlar?
-Məndə ən yaxşı struktura yoxlama prosesi nəticəsində yaranır. Xüsusilə də tematik, konseptual ideyalar haqqında yazmıramsa, həyat verdiyim səsləri daha aktiv, daha enerjili görmək istəyirəmsə, təkrar yoxlama işini daha diqqətli icra edirəm. Yazının əhəmiyyətli suallarını yoxlama zamanı verirəm – "Nə nəyin qarşısında dayana bilər? Hansı keçid daha bədii alınır? Bu üç sətri çıxarsam, monoloqun ümumi məğzində nəsə azalarmı, dəyişərmi?
- Kitabın arxasında xırda bir intervü var. Burada roman müəllifinin rolu haqqında fikirlərini bölüşmüsən. Bir kurator kimi bu romanda üzləşdiyin hallardan danışmısan. Məncə, burada sadaladıqların roman müəlliflərinin həmişə etdikləri şeylərdir. Amma sən bu romanı nəsə xüsusi, ehtişamlı bir yolla cəmləmisən.
- Müxtəlif tarixi mənbələrdən götürülmüş hissələri dəfələrlə oxuyub, hadisələri mətnin bədii ruhuna uyğunlaşdırmağa çalışmışam. Başda bir kişiyə xas qürurlu təkidim var idi – hər şeyi təxəyyülümün hesabına qurmaq. Amma bu çox uşaqcasına və gülməli ideya idi. Hər cümləsində ədəbiyyat parlayan, peşəkarlıq at oynadan bir romanı başdan-sona təxəyyül hesabına yazmaq mümkün deyildi.
- Bir tarixi dönəmdə belə bir dəb vardı ki, burjuaziya onların düşüncə və duyğularını dəyişdirməyəcək kitabları oxuyurdu. Bu qədər çox mütaliə etməyinə baxmayaraq, sən də onlar kimi dəyişmirsən. Məsələn, "Milad Karolu” ("A Christmas Carol”) romanını oxuyursan və heç cür dəyişmirsən.
- Bəli, bəzi kitablar var ki, onlar elə məhz oxucuya dəyişməməyə kömək edir.
- Amma "Linkoln Bardoda” mənim daxilimdə, düşüncələrimdə, hətta monoloq işləmə mexanizmimdə belə dəyişiklik etdi. Yazmağa başlayan oxucunun daxili dünyasında bir dəyişiklik etmək ideyası olur?
- Belə deyək. Birinci, Kratçitin olduqca sevimli və mükəmməl olmasına baxmayaraq, "Milad Karolu” mənə həmişə sıxıcı gəlib. Mən qəhrəmanları mükəmməl yox, canlı, həyati görməyi üstün tuturam. Romana başlayanda yaradacağım qəhrəmanları düşünürəm – mənəvi keyfiyyətlərin kompleksi kimi yanaşıram. Onu müxtəlif xüsusiyyətlərdən fraqmentlər yerləşdirirəm. Sanki hər obrazın içində 10000 obraz var. Qəhrəmanın hansısa bir keyfiyyətini qabartdıqca bu 10000 obrazdan bir neçəsi də canlanır.
- Deyəsən, biz bu duyğuları yazıçı kimi yox, oxucu kimi daha dəqiq mənimsəyirik.
- Bəli, tamamilə düzdür. "Ən mavi göz” ("The bluest eye”) romanını oxuduğum illəri xatırlayıram. Gənc valideyn idim. İçimdə sanki bir göz açıldı, inan ki, bunu hiss etdim. Bəziləri isə içimdəki o 10000 obrazın hamısını birdən oyandırıb. Elə roman olub ki, elə bir təsvir oxumuşam ki, elə oradaca dayanmışam: "Lənətə gəlsin, bu niyə bu qədər yaxşıdır”.
- Sən, Corc Sonders, sıradan bir vətəndaş kimi həqiqətən də ölümdən sonra şüurlu oyanışın mümkünlüyünə inanırsanmı?
- Bəli. Hansısa xüsusi bir səbəbdən qaynaqlanmır bu, mən bilmirəm necə baş verir, nə qədər davam edir. Amma inanıram. Bəs, sən, vətəndaş Zadi Smits?
- İnanmıram. Mənim nəzərimdə sənin romanının gücü də bunda yox, əzab probleminə verdiyin yeni təsvirlərindədir.Bir müsahibəndə belə bir fikir səsləndirmisən: "Daxilində baş qaldıran şeyi mübarizə meydanına çəkib, onunla savaşsan, xilas olacaqsan. Əgər onu ört-basdır etməyə çalışsan, səni məhv edəcək”. Bunun haqqında çox düşündüm...
- Şüurun vərdişidir bu. Mən xüsusi bir kəşf etməmişəm. Mən qorxularımı idarə edən və müdafiəçi adamam. Eqomanyakam. Həyatım bu tip mübarizələrlə keçir.
Mənbə: "interviewmagazine”
Söhbətləşdi: Zadi Smits
Müsahibəni ingilis dilindən ixtisarla tərcümə edən: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər